Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2695/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 25914-ci məhəllədə inşa edilmiş fərdi evləri massivinin yanında daş hasara alınmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(112)-2695/2021 saylı 18 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı 06 may 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qeyd etmişdir ki, ona məxsus torpaq sahəsinin 60 kv.m-dən imtina etmək istəmiş və Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsini iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04.07.2002-ci il tarixli 7-2263/17 saylı məktubuna istinad edərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlərin və daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsi ona X1 üzvü olduğu üçün verilmişdir. İddiaçı adı çəkilən ərazini özəlləşdirmək istəyir. Həmin torpaq sahəsini özəlləşdirmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Məktubda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş və digər fiziki şəxsin mülkiyyətindədir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair etiraz təqdim edilərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30930 saylı şəhadətnamə ilə X6 mülkiyyətində olması, Nizami rayon İHB-nın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamının 01.01.2001-ci il tarixindən sonra verilməsi məlum olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya 16.10.2020-ci il tarixli, **********15 saylı cavab ünvanlanmışdır. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia İddiaçı tələbində göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli **********15 saylı məktubda qeyd edilmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30930 saylı şəhadətnamə ilə digər fiziki şəxsin mülkiyyətində olması, Nizami rayon İHB-nın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamının 01.01.2001- ci il tarixindən sonra verilməsi səbəbindən 02.09.2016-cı il tarixli ərizəyə imtina verilmişdir. 31 aprel 2002-ci il tarixli № 0847 saylı Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqı vəsiqəsindən görünür ki, bu vəsiqə X4 verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 16 mart 1999-cu il tarixli 213 saylı “Torpaq sahəsinin alınması haqqında” sərəncamından görünür ki, Nizami rayon İcra Hakimiyyəti Başçısının 30 sentyabr 1998-ci il tarixli, 03/974 №-li məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası X3 fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 0.5 ha, Sabunçu rayonu, Şərifli küçəsindəki 2954- 57-ci məhəllənin şimalında 0.8 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 04 iyul 2002-ci il tarixli № 7-2283/17 saylı məktubundan görünür ki, X1 İdarə Heyəti Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Nizami və Sabunçu rayonlarının həmsərhəd ərazilərində, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16.03.1999-cu il tarixli, 213 saylı sərəncamına əsasən inşa edilmiş tikililərin sənədləşdirilməsini xahiş etmişdir. Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlərin və daş hasara alınmış torpaq sahələrinin mövcud fərdi yaşayış evləri massivinin yanında və 8-ci km qəsəbəsinin baş planına əsasən çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazidə yerləşdiyi nəzərə alınaraq, qeyd olunan sərəncama əlavə olaraq X1 üzvləri, veteran və müharibə əlillərinin adına rəsmiləşdirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti etiraz etməmiş və bu məsələnin rəsmiləşdirilməsi rayon icra hakimiyyətinə tapşırılmışdır. Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 29 avqust 2002-ci il tarixli № 373 saylı sərəncamından görünür ki, BŞİH-nin Başçısının 04.07.2002-ci il tarixli 7-2283/17 saylı məktubuna istinad edilərək,“Şərifli küçəsindəki fərdi yaşayış evləri massivinin yanında 2591-ci məhəllədə BŞİH tərəfindən ayrılmış ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə 600 kvm yer Çobanzadə 74, mənzil 52-də yaşayan İddiaçı adına rəsmiləşdirilmiş hesab edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 yanvar 2021-ci il tarixli **********42 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar edilməmişdir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o X2 üzvüdür, Bakı Şəhər İcra Hakimiyyətinin 16 mart 1999-cu il tarixli 213 saylı sərəncamı ilə X3 torpaq sahəsi ayrılmış, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən icra hakimiyyətinə məktub ünvanlanmış və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının 29 avqust 2002-ci il tarixli № 373 saylı sərəncamı ilə ona torpaq sahəsi ayrılmışdır. Cavabdeh inzibati orqanın imtina əsası elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30930 saylı şəhadətnamə ilə X6 mülkiyyətində olması və Nizami rayon İHBnın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamının 01.01.2001-ci il tarixindən sonra verilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdehin birinci imtina əsası məhkəmə araşdırması zamanı aradan qalxmışdır. Belə ki, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 600 kvm sahəyə deyil, 540 kvm torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdehin ikinci imtina əsası əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının (29.06.2004-cü il tarixli) Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Torpaq islahatı haqqında Qanunun 19-cu maddəsi torpaqların alqı-satqısının ümumi qaydaları və şərtlərini tənzimləyir. Həmin maddəyə əsasən: Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqısatqı müqavilələrinin predmeti ola bilər. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri qeyri-kənd təsərrüfatı ehtiyacları üçün bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararsız torpaqlarını texniki, tikinti və digər müvafiq normativlərə uyğun olaraq müəyyən edilmiş ölçüdə və qaydada satın ala bilərlər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və ya yararsız torpaqlarını öz vəsaitləri hesabına yararlı hala salmaqla kənd təsərrüfatı məhsulları istehsal etmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə torpaq sahələrinin verilməsində (satılmasında) qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər tətbiq edilir. Dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan bütün torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahələrinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaqların alqı-satqısının digər xüsusiyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Torpağa mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Qanunun keçid müddəaları adlanan 25-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Qeyd edilən qanunvericliyin müddəalarından aydın olur ki, yerli icra hakimiyyətlərinin 01.01.2001-ci ildən sonra vətəndaşlara torpaq sahəsi ayrılması ilə bağlı səlahiyyətləri olmamışdır. Bununla da aydın olur ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı 29 avqust 2002-ci il tarixində vətəndaşa torpaq sahəsi ayırmaq səlahiyyətində olmamışdır. Bundan əlavə iddiaçı Nizami Rayon İcra Hakimiyyət başçısının Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına və məktubuna istinad edərək ona torpaq sahəsi ayrıldığını iddia edir. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 mart 1999-cu il sərəncamında Azərbaycan Respublikası X3 Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 0,5 ha, Sabunçu rayonu, Şərifli küçəsindəki 2954-57-ci məhəllənin şimalında 0,8 ha torpaq sahələrinin ayrıldığı qeyd edilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi isə Nizami rayonu, Şərifli küçəsindəki 2591-cü məhəllədə yerləşir, hansı ki, Nizami Rayon İcra Hakimiyyəti onun barəsində sərəncam verən zamanı BŞİH başçısının 04.07.2002-ci il tarixli məktubuna istinad etmişdir. Hazırkı məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı münasibətdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsinin iddiaçıya ayrılmasına qanunvericiliklə müəyyən edilmiş qaydada dair heç bir hüquqmüəyyən edici sənəd nə inzibati icraatda, nə də inzibati məhkəmə icraatında təqdim olunmamışdır. Odur ki, məhkəmənin mövqeyinə görə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2695/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2695/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver