Məhkəmə qərarları › İş №2-1(112)-2695/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2695/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2695/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, doğumu xx.xx.1974-cü ildə Yasamal rayon Qeydiyyat Şöbəsində qeydə alınmış, müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. O, 1981-ci ildə Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin 1-ci sinfinə daixil olmuş, 1989-cu ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Həmçinin iddiaçının valideynləri - atası Qərib Xəlilov və anası Nina Xəlilova Azərbaycan Respublikasının vətəndaşlarıdır. İddiaçı Rusiya Federasiyasmda yaşamağa başlamış və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Lakin o, heç vaxt Azərbaycan Respublikasının vətəndaşlığından çıxmamışdır. İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin inzibati orqan qəbul etdiyi xx.xx.2022 il tarixli ******* saylı qərar ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış, əsas kimi iddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində (etirazında) bildirmişdir ki, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı hazırkı iddiasının heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının sorğusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11 və 4.4-cü bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli, ******* saylı qərar qəbul edilmişdir. Cavabeh hesab edir ki, sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1974-cü ildə Azərbaycan Respublikasında anadan olsa da, sonradan Rusiya Federasiyasına getmiş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir. Qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın qaydaların 3.4.3-ci bəndi, 4.1.1-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. İddiaçı adı çəkilən Qanunun qüvvəyə mindiyi günədək, xx.xx.1998-ci il tarixinədək ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə nəticələnmişdir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o, yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək -1998-ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV№535951 saylı, 10 aprel 1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 28 yanvar 1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası X3. - AA seriyalı, ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1952ci il təvəllüdlüdür. - AZE seriyalı, 01365298 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1948-ci ildə Ermənistanın Amasiya rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası El və Təhsil Nazirliyi Gəncə Daşkəsən Regional Təhsil İdarəsi Nizami Gəncəvi adına 11 №li tam ota Məktəbi tərəfindən verilən xx.xx.2022-ci il tarili 301 №li arayışdan görünür ki, arayış xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən 1981-ci il tarixində N.Gəncəvi adına 11 №li tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1989-cu ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. - “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarın surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Belə ki, iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olmadığı müəyyən edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası ərazisində qeydiyyata alınması ilə bağlı məlumatın aşkar edilməmişdir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Həmin maddənin dördüncü bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir (5-ci bənd). Göründüyü kimi, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbinə əsasən sözügedən Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün həmin Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.2.1-ci yarımbəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin «Qaydalar»ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəaların tələbini hazırkı münasibətə tətbiq edərkən müəyyən edilir ki, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün hər hansı məhdudiyyət qoymadan əsas qaydanın şəxsin özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinin olmasını tələb edir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda və bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Lakin iş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılan zaman, həm də hazırkı iddia tələbi üzrə məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının yuxarıda adıçəkilən Qaydaların 2.2.1-ci maddəsində göstərilən Azərbaycan SSR-in vətəndaşı kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, iddia təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, hazırkı mübahisə üzrə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi onu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) göstərilən əsaslarla Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar