Məhkəmə qərarları › İş №2-1(112)-2696/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2696/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2696/2023 13.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə qarşı “sosial evlə təmin edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2008-ci ildən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin mənzil şöbəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xidməti vəzifələri yerinə yetirərkən 2-ci qrup Müharibə əlili kimi mənzil növbəsinə durmağı nəzərə alınaraq, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının 1-ci və 1.1-ci bəndlərinin təblərinə əsasən sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhərində mənzillə təmin olunması öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətləri Agentliyinə həvaiə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 ildir ki, 2008-ci ilin oktyabr ayından Yasamal rayonundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xidməti vəzifələri yerinə yetirərkən 2-ci qrup Müharibə əlili olaraq Qarabağ qazisi kimi mənzil növbəsinə durmuş, həmin vaxtdan növbədə 27-ci olmuş, halhazırda 8-ci sıradadır. Lakin bu vaxtadək həmin kateqoriyadan olan şəxslər 10.000-dən artıq mənzillə təmin olunmalarına baxmayaraq, o, Sosial Xidmət Agentliyi tərəfindən mənzillə təmin olunmamışdır. 2-ci qrup Müharibə əlili kimi Qarabağ qazisi olduğu üçün 350 manat Prezident təqaüdü alır və ona ƏƏSMN tərəfindən Qarabağ əlili kimi “Nazlifan” markalı dövlət hesabına avtomobil də verilmişdir. 14 il müddət ərzində ƏƏSMN yanında Sosial Xidmət Agentliyinə yazılı və şifahi müraciətlər etsə də, müraciəti nəticəsiz qalmışdır. Uzun illərdir 35 kv m sahəsi olan mənzildə 8 nəfərlə birgə yaşayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia tam əsassızdır. Belə ki, İddiaçı əlilliyi müəyyənləşdirilərkən TSEK arayışında səbəb kimi “hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” göstərilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Sözügedən sərəncamla hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi əldə etmiş şəxslər əhatə olunmur. Bu səbəbdən İddiaçı mənzillə təmin olunması ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış etmir. Əlavə olaraq o da qeyd edilir ki, İddiaçı iddia ərizəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına istinad edir. Lakin iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi 2008-ci il tarixindən uçota alındığından onun mənzil məsələsinə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı çərçivəsində baxılmışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, müvafiq Sərəncam ona da şamil olunmalıdır. Çünki o da həmin Sərəncamda göstərildiyi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxsdir. Sərəncamda habelə uçota alınma tarixindən asılı olmayaraq hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyası da nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətinə cavabdeh tərəfindən baxılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli, 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yasamal rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 2014-cü il 04 mart tarixli 188/d nömrəli məktubda Sizin 10 oktyabr 2008-ci il tarixdən mənzil növbəsinə dayandığınız qeyd edilmişdir. Həmin məktub və növbəlik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Sizin sosial-məişət şəraitinizin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaqdır. - Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş 2-ci qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli mənzil uçot siyahısından görünür ki, iddiaçı özü ilə birlikdə 4 nəfərdən ibarət ailə tərkibi ilə xx.xx.2008-ci il tarixdən mənzil növbəsinə götürülmüş və adı siyahıda 8-ci yerdədir. - Bakı şəhəri Yasamal RHK tərəfindən tərtib olunaraq təsdiq edilən xx.xx.2008-ci il tarixli M\V №077176 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi və Yasamal rayon Hərbi Komissarlığı tərəfindən verilən xx.xx.2009 və xx.xx.2019-cu il tarixli eyni məzmunlu arayışlardan görünür ki, ehtiyatda olan ədliyyə kapitanı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və 2-ci qrup Qarabağ əlilidir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Azərbaycn Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən təkrar müayinədən keçən əlillər üçün SER TSE-01 seriyalı xx.xx.2013-cü il tarixli TSEK arayışından görünür ki, ona hərbi xidmət vəzifəsini yerinə yetirərkən aldığı hərbi travma nəticəsində İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən iddiaçıya verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, arayış İddiaçı ondan otrü verilmişdir ki, həqiqətən o, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir və müharibə veteranıdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı DOST Mərkəzi tərəfindən iddiaçıya verilən xx.xx.2020-ci il, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli eyni məzmunlu arayışların mətnindən müəyyən edilir ki, arayışlar İddiaçı ondan otrü verilmişdir ki, İddiaçı mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabelliyində DSMF-nun Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə əvvəllər 230 manat, sonradan 350 manat, hazırda isə 400 manat məbləğində Prezident təqaüdü alır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2013-cü il tarixdə qiymətləndirilmiş və “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyinatı aparılmışdır. Həmin məktuba əlavə edilmiş TSEK müayinələrinə dair Əlillik altsistemindən məlumatlardan görünür ki, 16 saylı Şəhər Poliklinikası tərəfindən verilən xx.xx.2013-cü il tarixli göndəriş əsasında xx.xx.2013-cü il tarixdə qiymətləndirilmə aparılaraq “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik: X2: XİX Sinif-Travmalar, əhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=>S70-S79-Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları=>S76-Bud-çanaq oynağı və bud nahiyəsinin.; Diaqnozun mətni: Sol bud çanaq oynağının ankilozu ağrı sindromu ilə sol aşağı ətrafda 4 sm qalınlığı; Meyar: 2.2 ikinci dərəcə müddətsiz əlillik (səbəbi- Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik) dərəcəsi verilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2013-cü ildən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbi ilə müddətsiz əlillik dərəcəsi təyin edilmiş şəxsdir. 2008-ci ildən Yasamal Rayon Məhkəməsində mənzil növbəsindədir. Hazırkı iddia ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına istinad edərək Bakı şəhərində mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydalan”nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; Göründüyü kimi, qeyd olunan Sərəncamlar yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qisimdə mənzil növbəsinə götürülmüş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə şamil olunur. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, iddiaçıya 09 yanvar 2013-cü il tarixdə sol bud çanaq oynağının ankilozu ağrı sindromu ilə sol aşağı ətrafın 4 sm qısalığı diaqnozu ilə müddətsiz İİ dərəcə əlillik verilmişdir. Səbəb kimi isə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar göstərilmişdir. Məhkəmə iddiaçının Sərəncamda hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasının da nəzərdə tutulması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, Sərəncamın 1.1-ci bəndində “Çernobıl AES-də qəzanın ləğvi" ifadəsindən sonra mötərizədə verilmiş “o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi” ifadəsi ilə yalnız Çernobıl AES-də hərbi-xidməti vəzifələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri ehtiva edir. Buna görə də digər şəraitdə hərbi xidmət vəzifəsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslərə Sərəncamın 1.1-ci bəndi şamil edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaətə ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmadığından və iddianın təmin edilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar