Məhkəmə qərarları › İş №2-1(112)-2699/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2699/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2699/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ona ayrılmış ümümi sahəsi 0.05 ha olan Z-3 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X14 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci tarixli, 16/358 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində "Gəmitəmiri və Gəmiqayırma" İstehsalat Birliyinin "Gəmitəmirçisi" bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. O, həmin bağçılığın üzvüdür. Bağçılıq yoldaşlıq idarə heyətinin 05 aprel 1993-cü il tarixli protokolundan görünür ki, X12 bağçılıq yoldaşlığı üzvlüyündən öz ərizəsinə əsasən çıxmış və onun bağçılıq yoldaşlığına üzvlüklə bağlı müraciəti təmin edilmişdir. İddiaçı ümümi sahəsi 0.05 ha olan Z-3 saylı bağ sahəsi verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün o cavabdeh orqan DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh orqan DƏDRX-nın 1 saylı Bakı şəhər Ərazi İdarəsi 21 Fevral 2021 tarixli **********08 saylı və 24 avqust 2021 il tarixli **********86 saylı məktubları ilə onun xahişini təmin etməkdən imtina etmişdir. Həmin məktubda ona bildirilmişdir ki, bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələr, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Halbuki bütün sənədlər qaydasındadır və lazımi qaydada cavabdeh orqana təqdim edilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfindən lazımi təsdiq olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz (mülahizə) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********40 №li 23.11.2021-ci il tarixli iddia ilə bağlı yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Gəmi Təmirçisi" bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyəti ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6288/21 saylı, 04.06.2021-ci il tarixli bildirişi daxil olmuşdur. Lakin qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bununla bağlı İddiaçı **********08 qeydiyyat nömrəli 21.02.2020-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X10 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs “Gəmitəmirçisi” bağçılıq-yoldaşlıq cəmiyyətinin nümayəndəsi X15 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Həmin Məcllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı ona məxsus torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin olunmamışdır. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə məxsus torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus “ASAN 2” tərəfindən 09.10.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Gürcüstan Bolnisi rayonunda doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş “Qeyri-Kommersiya Hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında” Şəhadətnamənin surətindən müəyyən olunur ki, “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti 02 noyabr 2017-ci il tarixdə 1117-QK7- 0052 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02.11.2017-ci il tarixdə verilmiş “X1 Reyestrindən Çıxarış”ın surətindən müəyyən olunur ki, “Gəmi təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin fəaliyyət ərazisi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y; fəaliyyət predmeti və məqsədi isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nın ərazisində üzvlərə ayrılan torpaq sahələrində bağçılığın inkişafını təmin etməkdən ibarətdir, qanuni təmsilçi X7r. - “Gəmi Təmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən BY-68A №-li 11.07.2021ci il tarixli çıxarışla verilmiş “Gəmi Təmirçisi” bağçılıq yoldaşlığının idarə heyətinin 05.04.1993-ci il tarixli protokolundan çıxarışından müəyyən olunur ki, Bağçılıq Yoldaşlığının üzvü X5 bağçılıq yoldaşlığı üzvlüyündən çıxarılması barədə ərizəsinə və İddiaçı “Gəmitəmirçisi” BY-na üzv qəbul edilməsi məsələsinə baxılaraq aşağıdakılar qərara alınmışdır; X5 ərizəsinə əsasən “Gəmitəmirçisi” BY-nin üzvlüyündən çıxarılsın və bağ sahəsinin üzərində olan bütün hüquqları etibarsız hesab edilsin. İddiaçı ərizəsinə əsasən “Bağçılıq Yoldaşlığına üzv qəbul edilsin və Z-3 (0,05 ha) saylı bağ sahəsi onun istifadəsinə verilsin. - “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş “Bağçının üzvlük kitabçası”nın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Həsənov X8yoldaşlıq Cəmiyyətinə üzv qəbul olmuş və ona Hövsan qəsəbəsində sahəsi 0,05 ha olan Z-3 saylı bağ torpaq sahəsi ayrılmışdır. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının sağ tərəf bağ sahələrinin situasiya planının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Gəmitəmirçisi” BYC-nin sahəsində yerlşən Z-3 saylı bağ sahəsinin istifadəçisidir. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə aşağıdakı: DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən Z-3 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 01.02.2020-ci il tarixli ərizəyə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin "Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı ilə bağlı İdarəyə daxil olmuş Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 25.06.2019-cu il tarixli qərardadından 09.07.2019-cu il tarixdə şikayət verilmişdir və qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı barədə məlumat yoxdur. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 24.08.2021-ci il tarixli **********86 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan bağ massivi ünvanında yerləşən Z-3 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 20.08.2021-ci il tarixli ********** nömrəli müraciətinə təkrar baxılmışdır. Qeyd edilən məsələ ilə bağlı müraciətinə 21.02.2021-ci il tarixli **********08 nömrəli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan irad aradan qaldırılmamışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli 2(004)- 7723/2018 saylı və 29.11.2021-ci il tarixli 2(004)-7723/2018 saylı məktubları ilə məhkəməyə təqdim olunmuş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.06.2019-cu il tarixli 2(004)- 7723/2018 saylı qərardadı ilə, şikayətin qismən təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 nömrəli, 23.01.2019- cu il tarixli qərardadının dəyişdirilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 nömrəli, 03.10.2018- ci il tarixli qətnaməsinə aşağıdakı kimi izah verilməsi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 nömrəli, 03.10.2018ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi" bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən "Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi qət edildiyindən, həmin hissədə qətnamənin icrası ilə bağlı Hövsan qəsəbəsi “Gəmitəmirçisi" bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərinin qəbul edilməsi zamanı bütün dövlət qurumları (orqanları) və eləcə də, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yalnız Dövlət qeydiyyatından keçən "Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənmiş sənədlərin etibarlı sayılaraq qəbul edilməsi başa düşülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli 2-(103)-6288/2021 saylı qətnaməsi ilə, “Gəmitəmirçisi" bağçılıq yoldaşlıq cəmiyyətinin sədri X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini və X13 üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh X11 qarşı “29.01.2010-cu il tarixli protokolun ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 03 oktyabr 2018ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X2 apellyasiya şikayətinə əsasən işə baxılaraq, maraqlarına toxunan şəxs X2 apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.01.2022-ci il tarixli **********41 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində 0,05 hektar torpaq sahəsi olan Z-3 saylı bağ sahəsinin ayrılmasına dair sənəd, həmçinin 05.04.1993-cü il tarixli protokol arxiv qovluğunda aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq ‘Gəmitəmirçisi” bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda mövcud olan siyahının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.01.2022-ci il tarixli **********41 saylı məktubu ilə təqdim olunmuş b\y birliyinə aid siyahıda X5 adı 93-cü sırada qeyd olunmuşdur. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Cavabdeh inzibati orqanın dəlillərinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: - cavabdeh inzibati orqanın bildirdiyi kimi 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmasa da, adı çəkilən İdarə tərəfindən məhkəməyə təqdim olunmuş “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçıya ayrılmış torpaq sahəsinin əvvəlki sahibi olan və daha sonra həmin torpaq sahəsinin iddiaçıya ayrılması ilə əlaqədar bağçılıq yoldaşlıq təsərrüfatının üzvülüyündən çıxarılmış X5 adının qeyd olunduğu müəyyən olunmuşdur. - Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, 25.06.2019-cu il tarixli qərardadına gəldikdə isə məhkımə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı qeyd olunan iş üzrə mübahisənin qanuni əsaslarla iddiaçıya ayrılmış bağ torpaq sahəsinin qeydiyyata alınmasına heç bir aidiyyatı yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının idarə heyətinin 05.04.1993-cü il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivində yerləşən və ümumi sahəsi 0,05 ha olan İddiaçı ayrılmış Z-3 bağ torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar