Məhkəmə qərarları › İş №2-1(112)-270/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-270/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-270/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə qarşı “sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı olması haqqında şəhadətləndirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edərək iddiaçıda olan ağır xroniki xəstəliyə görə hərbi qulluğun keçirilməsi qeyri-mümkün olduğu üçün 14 mart 2022-ci il tarixli 1623 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi nəzərə alınmaqla sülh dövründə yarasız, müharibə dövründə məhdud yaralı olması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmiş, cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə nəzərə alınmış və iddia tələbi “sülh dövründə yararsız, müharibə dövründə yararlı olması kimi şəhadətləndirilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin mart ayında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi tərəfindən çağırılaraq hərbi kommisiyadan keçirilməsi üçün göndərilmişdir. Hərbi komissiyadan keçdikdən sonra iddiaçıya məlumat verilmişdir ki, tam olaraq sağlamdır və 14 mart 2022-ci il tarixli 1623 nömrəli qərara əsasən iddiaçı hərbi xidmətə çağırılmışdır. İddiaçı qeyd edir ki, 14 mart 2022-ci il tarixli 1623 nömrəli qərar qanuna zidd, qeyri-obyektiv və əsassızdır. Belə ki, iddiaçının uşaqlığından “yastı pəncəlik” problemi vardır. Həmin xəstəlik xronikidir və müalicə olunmur. İddiaçı dəfələrlə hərbi xidmət üçün çağırılaraq müayinədən keçdiyi zaman hərbi xidmətdən azad olunmuşdur.

5. 2014-cü il tarixdə iddiaçı hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyasından keçmiş və müayinə vərəqəsində qeyd olunmuşdur ki, iddiaçının “yastı pəncəlik” xəstəliyi olduğu üçün hərbi xidmətə yararsızdır. İddiaçı həmin xəstəlikdən əziyyət çəkdiyinə görə 2021-ci ilin may ayında Bakı şəhəri, H.Əliyev küçəsində yerləşən “Baku Clinic” özəl xəstəxanasına gedərkən müayinə zamanı həmin diaqnoz təsdiqlənmişdir və iddiaçının ayaqlarının hər iki tərəfində İİİ dərəcəli yastı pəncəlik diaqnozu verilmişdir. İddiaçı eyni zamanda bildirir ki, hal-hazırda həmin xəstəlik nəticəsində ayaqüstə çox dayana bilmir, ayaqlarında ağrılar olur. Bəzən güclü ağrılara görə məcburiyyət qarşısında qalıb təcili tibbi yardım çağırmışdır. Odur ki, iddiaçı cavabdehin imtinasının əsassız və qanunsuz olduğunu hesab edir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə iş üzrə məhkəmə tibbi ekspertizasının təyin olunması xahiş edilmişdir.

7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasından aşağıdakı məsələlər barədə mütəxəssis rəyi alınması qərara alınmışdır: - xx.xx.1992-ci il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılıq kateqoriyası.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, halhazırda məhkəmənin icraatında olan 2-1(112)-9061/2022 saylı inzibati iş üzrə iddiaçı qismindədir. Həmi iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ondan ibarət idi ki, Müdafiə Nazirliyinin Həkim Hərbi komissiyası tərəfindən onun səhhəti barəsində düzgün rəy verilməyib və iddiaçı bu səbəbdən həmin iş üzrə vəsatət verərərk məhkəmə tibbi ekspertizası təyin olunmasını xahiş etmişdir. Lakin məhkəmə iclası zamanı ekspertiza təyin edilərək yenidən Müdafiə Nazirliyinin Hərbi-Həkim Kommisiyasma göndərilməsi barəsində qərardad çıxarılmışdır. Halbuki məhkəmə iclası zamanı məlumat verilmişdir ki, məhz həmin Müdafiə Nazirliyinin Hərbi-Həkim Kommisiyası tərəfindən iddiaçının səhhəti ilə əlaqədar düzgün rəy verilməyib. Lakin bu fakta əhəmiyyət verilməmişdir. İddiaçı bildirmişdir ki, tibbi ekspertizadan keçirilmə kənar qurumdan olmalıdır. Müdafiə Nazirliyinin Hərbi-Həkim Kommisiyası bu iş üzrə cavabdeh tərəfindən maraqlı şəxsdir və iddiaçının səhhəti barəsində yalnış rəy verən də məhs bu qurum olmuşdur. Odur ki, 2-1(112)-9061/2022 saylı qərardad ləğv edilərək iddiaşının səhhəti barəsində məhkəmə tibb ekspertizasının təyin olunması və ekspertizanın keçirilməsi üçün qərardad qəbul edilməsi xahiş edilmişdir.

9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə vəsatət qismən təmin edilmiş və iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx xxxxxx 1992-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda yastıayaqlılıq və ayağın digər deformasiyaları müşahidə olunurmu? - İddiaçı müayinəsi zamanı onda yastıayaqlılıq və ayağın digər deformasiyaları müşahidə olunduğu təqdirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 68-ci maddəsində göstərilmiş hansı əlamətə uyğundur: (a) funksiyaların mühüm dərəcədə pozulması ilə, (b) funksiyaların mülayim dərəcədə pozulması ilə, (c) funksiyaların cüzi dərəcədə pozulması ilə, (ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda; - İddiaçı müayinəsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 68-ci maddəsində göstərildiyi kimi “Xəstəliklər cədvəli”nin İ — İİİ qrafalarına əsasən çalovabənzər ayaqla şəhadətləndirilə bilərmi? Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Eksperiza və X1” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş T 583/2023 nömrəli ekspert rəyində qeyd olunmuşdur:

1. İddiaçı adına təqdim olunmuş xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixlərdə çəkilmiş, hər iki ayaq pəncəsinin yük altında ayaq üstündə profil rentgenoqrammalarında solda 2-ci dərəcəli, sağda isə 3-cü dərəcəli yastıayaqlılıq müəyyən edildi.

2. Yastıayaqlılıqla əlaqədar İddiaçı “Xəstəliklər cədvəli”nin 68 c maddəsinin İ qrafasma və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”.

3. İddiaçın ayaq pəncəsinin müayinəsi zamanı çalovabənzər ayaq aşkar edilsəydi “Xəstəliklər cədvəli”nin 68 a maddəsinin İ-İİİ rafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası aqqında Əsasnamə”yə qoşma) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi şəhadətləndirilərdi.

11. Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə qarşı “sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı olması haqqında şəhadətləndirilməsi” barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

II. İddianın növü

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-1.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulmuşdur.

14. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır.

15. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

16. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi hərbi xidmətə yararsız hesab edilməsi barədə qərar qəbul edilməsidir. Odur ki, iddia məcburetmə növündə iddiadır.

17. İddia mümkündür. III.Məhkəmənin mövqeyi

18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.

19. Mübahisə iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması ilə bağlı olduğu və iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən yararlılıq barədə müvafiq qərar qəbul edilərkən normaların tətbiqi şərtləri cavabdehin qiymətləndirməsinə əsasən müəyyən olunduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz

20. Odur ki, məhkəmə hesab edir ki, işin konrket halında iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün deyildir, lakin məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə qərar qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

21. Belə ki, məhkəmə müəyyən edir ki, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə tibbi ekspertizası nəticəsində hər iki ayaq pəncəsinin yük altında ayaq üstündə profil rentgenoqrammalarında solda 2-ci dərəcəli, sağda isə 3-cü dərəcəli yastıayaqlılıq müəyyən edilmiş, yastıayaqlılıqla əlaqədar İddiaçı “Xəstəliklər cədvəli”nin 68 c maddəsinin İ qrafasma və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu qeyd edilmişdir. Həmçinin İddiaçın ayaq pəncəsinin müayinəsi zamanı çalovabənzər ayaq aşkar edilsəydi “Xəstəliklər cədvəli”nin 68 a maddəsinin İ-İİİ rafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası aqqında Əsasnamə”yə qoşma) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi şəhadətləndirilə biləcəyi bildirilmişdir. Odur ki, inzibati orqan İddiaçı münasibətdə qərar qəbul edərkən məhkəmənin mövqeyini nəzərə almalıdır.

22. Məhkəmə nəzərə alır ki, istər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, istərsə də Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyaları öz səlahiyyətləri daxilində müstəqil qurumlar olmaqla çağırışçıların (İ halda) və hərbi qulluqçuların (İİ halda) hərbi xidmətə yararlılıq kateqoriyalarını müəyyən edir. İddiaçı hazırda çağırışçıdır. Lakin müddətli həqiqi hərbi xidmətə çağırıldığı təqdirdə hərbi qulluqçu hesab ediləcəkdir. Belə olan halda müddətli həqiqi hərbi xidmətdə olan şəxsə münasibətdə səlahiyyətli olan Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyası şəxsi “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirdiyi təqdirdə (həmin şəhadətləndirmə zamanı istinad edilən müayinə və müalicələr barədə sənədlər iş materiallarına əlavə edilmişdir) çağırışçıya münasibətdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi-Həkim Komissiyası tərəfindən “hərbi xidmətə yararlı-3” kimi şəhadətləndirmə faktiki olaraq xidmətə cəlb edildikdən sonra hərbi qulluqçunun xidmətdən tərxisi ilə nəticələnmiş olacaqdır. Bu isə şəxslərin hərbi vəzifə və hərbi xidmətin yerinə yetirmələri tələbinə mütənasib deyil. Belə ki, qeyd edilən halda şəxsin hərbi xidmətə cəlb edilməsi onun sağlamlıq vəziyyətinin ağırlaşması ilə nəticələnə bilər.

23. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil.

24. Məhkəmə eyni zamanda qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 20.2-ci maddəsi sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verildiyi 3 ildən sonra sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçıların ya müddətli həqiqi hərbi xidmətə çağırılması, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılması, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilməsinə dair inzibati orqanın qiymətləndirmə azadlığı əsasında diskresion səlahiyyətlərini müəyyən etmişdir.

25. Odur ki, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının hərbi xidmətə yararlığı müəyyənləşdirilərkən Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının şəhadətləndirilməsi nəzərə alınmaqla müvafiq qiymətləndirmə aparılmalıdır.

26. İPM-dən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;

27. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

28. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının iddia tələbindəki marağını təmin edən (xeyrinə) qərar qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla hərbi xidmətə yararlılığı (hərbi xidmətə çağırılması) ilə bağlı İddiaçı xeyrinə qərar qəbul edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar