Məhkəmə qərarları › İş №2-1(112)-2703/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2703/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2703/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, xidmət etdiyi dövrlərdə ona ödənilməmiş təminatların ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini cavablandırmamışdır. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2015-ci ilin növbəti məzuniyyətindən 40 gün və 2018-ci ilin növbəti məzuniyyətindən 18 gün istifadə etmədiyindən həmin günlərin kompensasiya əvəzinin; 2019-cu ilin fevral ayının 25dən 2019-cu ilin iyun ayının 5-nə kimi, xidmət dövründə X6 Divizyasının 2-ci Sərhəd Komendatlığının 37-ci sərhəd döyüş məntəqəsində döyüş mövqelərinə baxış keçirərkən yıxılaraq sol bazu oynağından aldığı xəsarətlə əlaqədar keçirmiş olduğu əməliyyat və əməliyyatdan sonrakı müalicə və müayinə səbəbindən məzuniyyətdə olduğu dövr üzrə ödənilməli olan əlavə (yəni, əmək haqqının ikiqat ödənilməsi) pul təminatının; xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə verilməli olan kompensasiyanın; Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən ona verilməli olan 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ölkənin müxtəlif bölgələrində 27 il xidmət keçərək polkovnik-leytenant rütbəsinə yiyələnmiş, 2020-ci ilin yanvar ayının 16-da səhhətində yaranmış problemlə əlaqədar yazılı müraciəti əsasında 19 may 2021-ci il tarixli əmrlə təqaüdə buraxılmışdır. O, 2015-ci ilin növbəti məzuniyyətdən 40 gün və 2018-ci ilin növbəti məzuniyyətdən isə 18 gün istifadə etmədiyindən həmin günlərin kompensasiya əvəzi ona ödənilməli olduğu halda ödənilməmişdir. 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi, xidmət dövründə X6 Divizyasının 2-ci Sərhəd Komendatlığının 37-ci sərhəd döyüş məntəqəsində döyüş mövqelərinə baxış keçirərkən yıxılaraq sol bazu oynağından aldığı xəsarətlə əlaqədar keçirmiş olduğu əməliyyat və əməliyyatdan sonrakı müalicə və müayinə səbəbindən məzuniyyətdə olması ilə əlaqədar əlavə (yəni, əmək haqqının ikiqat ödənilməsi) pul təminatı ödənilməmişdir. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.12-ci madddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. İddiaçı 11 oktyabr 2017-ci il tarixindən 12 oktyabr 2018-ci il tarixinədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissənin 1-ci sərhəd Komendatlığının (Lerik rayonu) Komendantı vəzifəsində xidmət keçmiş, 12 oktyabr 2018ci il tarixindən - 05 aprel 2019-cu il tarixinədək N saylı hərbi hissənin 2-ci Sərhəd Komendatlığının (Qazax rayonu) Komendantı vəzifəsində xidmət keçmiş, 05 apel 2019-cu il tarixindən-19 may 2021-ci il tarixinədək isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissənin 1-ci sərhəd Komendatlığının (Lerik rayonu) Komendantı vəzifəsində xidmət keçmişdir. Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən dövlət sərhəd xidmətinin bütün hərbi qulluqçularına vəzifə və rütbə maaşlarının 2 (iki) mislinin ödənilməsinin təmin edilməsi qeyd olunmuşdur. Lakin 13-cü əmək haqqı iddiaçıya ödənilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazında iddianın təmin edilməməsini və mümkünsüz sayılmasını xahiş etmiş və göstərmişdir ki, məhkəməyə təqdim edilmiş müvafiq əmrlərin surətindən görünür ki, İddiaçı 2018-ci il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətdən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixdək 1 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 4 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixdək 3 gün istifadə etmiş və 2018-ci ildə istifadə etmədiyi məzuniyyət günlərini xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək 37 gün olmaqla istifadə etmişdir. Azərbayacan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında əsasnaməsinin 4.62-ci bəndinə əsasən pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissədən gedən hərbi qulluqçulara bu Əsasnamənin 4.63-cü bəndində göstərilən hallar və əmsallar tətbiq olunan hərbi hissələr istisna olmaqla bütün hallarda (məzuniyyət, ezamiyyət, müalicə, təhsil, həbs və s.) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırılır. Həmin Əsasnamənin 4.63-cü bəndinə əsasən döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanmış və ya xəsarət almış hərbi qulluqçulara pul təminatı müalicədə və müalicə ilə bağlı məzuniyyətdə olduqları bütün dövr üçün, lakin bir ildən çox olmamaqla hərbi hissəsi üçün müəyyən edilmiş əmsallar saxlanılmaq şərti ilə ödənilir. İddiaçı xəstəliklə bağlı məzuniyyətə göndərilmiş və nəzərdə tutulmuş pul təminatından tam olaraq istifadə etmiş və məhkəmə iclasında bunu təsdiqləmişdir. İddiaçı heç bir döyüş əməliyyatları zamanı, habelə döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanmamış və ya xəsarət almamışdır. Sabiq hərbi qulluqçu xidmət zamanı xəsarət aldığını qeyd etsə də, hərbi hissənin tibb məntəqəsinə qeyd olunan xəsarət alması ilə bağlı müraciət etməmiş və qeyd olunan xəsarət tibb məntəqəsində qeydə alınmamışdır. Belə ki, hərbi qulluqçu 2019-cu ilin hesabına növbəti məzuniyyətdə olduğu vaxt DSX-nin hərbi hospitalına müraciət etmişdir. 2020-ci ilin yekunlarına görə hərbi qulluqçulara birdəfəlik pul mükafatı verilərkən İddiaçı xidməti vəzifə borclarının icrasına səhlənkar yanaşdığı, hərbi və ximət intizamını kobud şəkildə pozduğu üçün hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri ilə qeyd olunan pul mükafatına layiq görülməmişdir. Ümumiyyətlə iddiaçının iddia etdiyi Dövlət Sərhəd Xidməti rəisinin (zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmri mövcud deyil və iddia tələbinin bu hissəsi də mümkünsüz sayılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddianın mümkünlük şərtlərini yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçı ilə xidmət keçdiyi orqan arasında yaranmış hazırkı mübahisə inzibati mühakimə icraatı qaydasında baxılmalı olan iddiadır. İddiaçı hazırkı iddanı qaldırmaq üçün subyektiv hüquqa malikdir. İddiaçı müvafiq tələblə məhkəməyə qədər cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini cavablandırmadığından müraciət etdiyi tarixdən 35 gündən çox, 2 ay müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddia tələbi dörd hissədən ibarətdir:

1. 2015-ci ilin növbəti məzuniyyətindən 40 gün və 2018-ci ilin növbəti məzuniyyətindən 18 gün istifadə etmədiyindən həmin günlərin kompensasiya əvəzinin;

2. 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi, xidmət dövründə X6 Divizyasının 2-ci Sərhəd Komendatlığının 37-ci sərhəd döyüş məntəqəsində döyüş mövqelərinə baxış keçirərkən yıxılaraq sol bazu oynağından aldığı xəsarətlə əlaqədar keçirmiş olduğu əməliyyat və əməliyyatdan sonrakı müalicə və müayinə səbəbindən məzuniyyətdə olması ilə əlaqədar əlavə (yəni əmək haqqının ikiqat ödənilməsi) pul təminatının;

3. xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə verilməli olan kompensasiyanın;

4. Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən ona verilməli olan 13-cü əmək haqqının ödənilməsi. İ tələbə münasibətdə Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə əsasən: - Maddə 114. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyət; - maddə 115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. - Maddə 120. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. İşdə olan İddiaçı məxsus 000558 nömrəli Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş vəsiqədən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli 338 ş/h nömrəli əmr ilə “polkovnikleytenant” hərbi rütbəsi verilmişdir. Əsasnamənin 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər). Əsasnamənin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 217 saylı qərarının 1-ci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Hazırda iddiaçı zabit heyətinə daxil olan hərbi qulluqçu kimi ona 45 gün məzuniyyət verilməli olduğu halda 2015-ci ilin növbəti məzuniyyətindən 40 gün və 2018-ci ilin növbəti məzuniyyətindən 18 gün istifadə etmədiyini bildirir. Məsələ ilə bağlı məhkəmə sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdə istifadə etdiyi məzuniyyət günləri aşağıdakı kimidir: xx.xx.2015-ci ildən - xx.xx.2015-ci ilədək - 5 gün xx.xx.2016-cı ildən - xx.xx.2016-cı ilədək - 25 gün xx.xx.2016-cı ildən - xx.xx.2017-ci ilədək - 20 gün xx.xx.2017-ci ildən -xx.xx.2018-ci ilədək - 45 gün xx.xx.2018-ci ildən - xx.xx.2018-ci ilədək - 1 gün xx.xx.2018-ci İldən - xx.xx.2018-ci ilədək -4 gün xx.xx.2018-ci ildən - xx.xx.2018-ci ilədək - 3 gün xx.xx.2019-cu ildən - xx.xx.2019-cu ilədək - 37 gün xx.xx.2019-cu ildən - xx.xx.2019-cu ilədək - 60 gün xx.xx.2019-cu ildən - xx.xx.2019-cu ilədək - 30 gün xx.xx.2019-cu ildən - xx.xx.2019-cu ilədək - 25 gün xx.xx.2019-cu ildən - xx.xx.2019-cu ilədək - 20 gün xx.xx.2020-ci ildən - xx.xx.2020-ci ilədək - 20 gün xx.xx.2020-ci ildən - xx.xx.2020-ci ilədək - 25 gün Həmçinin işdə olan Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin Nizami hissə üzrə: - 0247 nömrəli xx.xx.2015-cı il tarixli əmrindən çıxarışdan görünür ki, 2-ci sərhəd komendantlığı komendantının 1-ci müavini-qərargah rəisi mayor İddiaçı Qax şəhərində keçirməklə 5 gün müddətinə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək növbəti məzuniyyətə getmiş hesab edilmışdır. -0199 nömrəli xx.xx.2016-cı il tarixli əmrindən çıxarışdan görünür ki, 2-ci sərhəd komendantlığı komendantının 1-ci müavini-qərargah rəisi mayor İddiaçı Qax şəhərində keçirməklə 25 gün müddətinə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək növbəti məzuniyyətə getmiş hesab edilmişdir. -0296 nömrəli xx.xx.2016-cı il tarixli əmrindən çıxarışdan görünür ki, 2-ci sərhəd komendantlığı komendantının 1-ci müavini-qərargah rəisi mayor İddiaçı Lerik rayonunda keçirməklə 20 gün müddətinə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək növbəti məzuniyyətə getmiş hesab edilmişdir. -0277 nömrəli xx.xx.2017-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 1-ci sərhəd komendantlığı komendantı mayor İddiaçı Lerik rayonunda keçirməklə 45 gün müddətinə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək növbəti məzuniyyətə getmiş hesab edilmişdir. -048 nömrəli xx.xx.2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 1-ci sərhəd komendantlığı komendantı mayor İddiaçı Lerik rayonunda keçirməklə 1 gün müddətinə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək növbəti məzuniyyətə getmiş hesab edilmişdir. -099 nömrəli 28-29 aprel 2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, 1-ci sərhəd komendantlığı komendantı mayor İddiaçı Bakı şəhərində keçirməklə 4 gün müddətinə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək növbəti məzuniyyətə getmiş hesab edilmişdir. - -Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissənin komandirinin N nömrəli 02/03 fevral 2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, 2-ci sərhəd komendantlığı komendantı polkovnik-leytenant İddiaçı Bakı şəhərində keçirməklə 37 gün müddətinə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək növbəti məzuniyyətə getmiş hesab edilmişdir. Beləliklə, istinad olunan normalara və sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı 2015-ci il üzrə cəmi 5 gün növbəti məzuniyyətdən istifadə etdiyindən onun 40 gün istifadə edilməmiş növbəti məzuniyyət günü qalmışdır. 2018-ci ilə gəldikdə işdən görünür ki, iddiaçıya 2018-ci il üzrə növbəti məzuniyyət xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək - 1 gün, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək -4 gün, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinə uyğun olaraq 2018ci ilin istifadə edilməmiş məzuniyyətinə görə 2019-cü ilin birinci rübündə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək - 37 gün verilmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 127-ci madəsinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ərzində xəstələnərlərsə, onlar sağaldıqdan sonra məzuniyyətin müddəti istifadə edilməmiş günlərin sayı qədər artırılır. Bu halda məzuniyyətin müddəti onu verən rəis tərəfindən uzadılır. Əsasnamənin 130-cu maddəsinə əsasən xəstəliyə görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. İşdə olan 498 nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, iddiaçı DSX Hərbi Hospitalının Cərrahiyyə şöbəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müalicədə olmuşdur. Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissənin komandirinin N nömrəli xx.xx.2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olmuş və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 60 gün müddətinə xəstəlik məzuniyyəti verilmişdir. Belə olan halda aydın olur ki, iddiaçıya 2018-ci il üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək 37 gün məzuniyyət verilsə də, o, artıq xx.xx.2019-cu il tarixdən müalicədə, daha sonra isə xəstəlik məzuniyyətində olmuş, bununla da 37 gün növbəti məzuniyyətdən 22 gün istifadə etmişdir. Deməli, iddiaçı 2018-ci il üzrə cəmi 27 gün növbəti məzuniyyətdən istifadə etdiyindən onun 18 gün istifadə edilməmiş növbəti məzuniyyət günü qalmışdır. Cavabdeh iddiaçının xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək istifadə etdiyi məzuniyyəti 2018-ci il üzrə növbəti məzuniyyətə aid etsə də, işdə olan Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissənin komandirinin N nömrəli xx.xx.2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş polkovnik-leytenant İddiaçı 3 gün müddətinə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ailə vəziyyətinə görə qısamüddətli məzuniyyətə buraxılmış hesab edilmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 129-cu maddəsinə əsasən 10 günədək qısa müddətli məzuniyyətlər dinc və müharibə dövründə hərbi qulluqçulara həvəsləndirmə qaydasında (dinc dövrdə yalnız müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) və ailə vəziyyətinə görə verilir. Qısa müddətli məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. İddiaçıya xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək 3 gün müddətinə verilən məzuniyyət ailə vəziyyətinə görə qısamüddətli məzuniyyət olduğundan və qanunverici həmin müddəti növbəti məzuniyyətin müddətinə daxil etmədiyindən məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsaslı sayıla bilməz. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi hissəsində əsaslıdır. İİ tələbə münasibətdə İddiaçı 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi, xidmət dövründə X6 Divizyasının 2-ci Sərhəd Komendatlığının 37-ci sərhəd döyüş məntəqəsində döyüş mövqelərinə baxış keçirərkən yıxılaraq sol bazu oynağından aldığı xəsarətlə əlaqədar keçirmiş olduğu əməliyyat və əməliyyatdan sonrakı müalicə və müayinə səbəbindən məzuniyyətdə olması ilə əlaqədar əlavə (yəni əmək haqqının ikiqat ödənilməsi) pul təminatı ödənilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin Nizami hissə üzrə 0279 nömrəli xx.xx.2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2018-ci il tarixli 1461 ş/h nömrəli əmri əsasında polkovnik-leytenant İddiaçı 4-cü sərhəd dəstəsi 1-ci sərhəd komendantlığının komendantı vəzifəsindən azad olunmaqla 9cu sərhəd dəstəsi 2-ci sərhəd komendantlığının komendantı vəzifəsinə təyin olunmuşdur. İşdən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə sərhəd məntəqəsinin döyüş mövqelərinə baxış keçirərkən hava yağışlı olduğundan ayağı sürüşərək sol çiyninin üstünə yıxılmış və “sol bazu oynağının supraspinatus əzələsinin qopması” xəsarətini almışdır. İşdə olan 1024 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı “sol bazu oynağının supraspinatus əzələsinin qopması (noyabr, 2018) görə xx.xx.2019-cu il tarixə “Əzələ bərpası” əməliyyatından sonrakı bazu oynağının kəskin keçici kontrakturası, funksiyaların müvəqqəti pozulması ilə” diaqnozu ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində DSX HHK tərəfindən şəhadətləndirilmiş, “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Daha sonra N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.2019-cu il tarixli k/16/1125 nömrəli qərarı ilə iddiaçının bədənində xəsarət olması halını müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X2 861 nömrəli ekspert rəyindən görünür ki, N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.2019-cu il tarixli k/16/1125 nömrəli qərarı ilə İddiaçı ekspertizadan keçirilmiş, ekspertiza xx.xx.2019-cu il tarixdə başlamış, xx.xx.2019-cu il tarixdə başa çatmış və müəyyən edilmişdir ki, polkovnik-leytenant İddiaçı bədənində olmuş xəsarət, sol bazu oynağının supraspinatus (kürəküstü) əzələsinin qopması küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, müxtəlif, o cümlədən müayinə olunanın dediyi vaxtda və şəraitdə də əmələ gəlməsi istisna olunmur. Sağlamlığın uzun müddətə pozulmasına səbəb az ağır zərər vurmaya aiddir. Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 668 nömrəli arayışından görünür ki, İddiaçı diaqnozu kimi 1) Sol bazu oynağının Rotator əzələsinin qopmasına görə (2018-ci il, noyabr) xx.xx.2019-cu il tarixdə aparılmış “Əzələnin bərpası" əməliyyatından sonrakı bazu əzələsinin atrofiyası, funksiyaların cüzi dərəcədə pozulması ilə; 2) Mülayim dərəcədə ifadə olunmuş kardial tip neyrosirkulyator asteniya. İkinci dərəcəli alimentar piylənmə. Hepatosteatoz. Funksiyaların cuzi dərəcədə pozulması ilə xroniki daşlı xolesistit. Sağ böyrəyin sadə sisti. müəyyən edilmiş və Sıradankənar hərbi xidmətə yararlı olmaqla Xəstəliyin (travmanın) səbəbli əlaqəsi: 1) Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. 2) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. kimi şəhadətləndirilmişdir. 498 nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, iddiaçı DSX Hərbi Hospitalının Cərrahiyyə şöbəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müalicədə olmuşdur. Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissənin komandirinin N nömrəli xx.xx.2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı 60 gün müddətinə xəstəlik məzuniyyətinə Bakı şəhərində keçirməklə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək getmiş hesab edilmişdir. N nömrəli hərbi hissənin komandirinin N nömrəli xx.xx.2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, ki, 2-ci sərhəd komendantlığı komendantı polkovnik-leytenant İddiaçı Füzuli rayonunda keçirməklə 30 gün müddətinə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək növbəti məzuniyyətə getmiş hesab edilmişdir. İddiaçı hazırda onun müalicə və xəstəliyə görə məzuniyyətdə olduğu dövrdə pul təminatının iki qat verilmədiyini iddia edərək həmin dövr üzrə ödənilməyən məbləğin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbayacan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.59-cu bəndinə əsasən döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak edən, habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara xidmət dövrü üçün pul təminatının əmsallarla ödənilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqında” Qanunun 10.2-ci maddəsinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. İşdə olan Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin Nizami hissə üzrə 0279 nömrəli xx.xx.2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2018-ci il tarixli 1461 ş/h nömrəli əmri əsasında polkovnik-leytenant İddiaçı 4-cü sərhəd dəstəsi 1-ci sərhəd komendantlığının komendantı vəzifəsindən azad olunmaqla 9-cu sərhəd dəstəsi 2-ci sərhəd komendantlığının komendantı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin Nizami hissə üzrə 0158 nömrəli xx.xx.2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2019-cu il tarixli 302 ş/h nömrəli əmri əsasında 9cu sərhəd dəstəsi 2-ci sərhəd komendantlığının komendantı polkovnik-leytenant İddiaçı vəzifəsindən azad olunmaqla 4-cü sərhəd dəstəsinə 1-ci sərhəd komendantlığının komendantı vəzifəsinə təyin olunduğu üçün xx.xx.2019-cu il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil olunmuş hesab edilmişdir. İddiaçı xx.xx.2018-xx.xx.2019-cu il tarixlərdə ezam olunduğu N saylı hərbi hissənin xidmət keçdiyi bölməsinin “Azərbayacan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.59-cu bəndində nəzərdə tutulmuş hərbi hissəyə aid oluğunu, xidmət dövrünbdə pul təminatını ikiqat aldığını, lakin müalicə və xəstəliyə görə məzuniyyətdə olduğu müddətdə pul təminantının ikiqat deyil, birqat ödənildiyini iddia edir. Cavavdeh iddiaçıya ezamiyyətdə olarkən pul təminanın ikiqat ödənilməsini, dolayısı ilə iddiaçının həmin dövrdə xidmət etdiyi hərbi hissənin “Azərbayacan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.59-cu bəndində nəzərdə tutulmuş hərbi hissəyə aid olmasını inkar etmir. Cavabdeh Əsasnamənin 4.62-ci bəndinə istinad edərək iddiaçının heç bir döyüş əməliyyatları zamanı, habelə döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanmadığını və xəsarət almadığını bildirərək iddia tələbini qəbul etmir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, istinad edilən Əsasnamənin 4.62-ci bəndinə əsasən pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissədən gedən hərbi qulluqçulara bu Əsasnamənin 4.63-cü bəndində göstərilən hallar və əmsallar tətbiq olunan hərbi hissələr istisna olmaqla bütün hallarda (məzuniyyət, ezamiyyət, müalicə, təhsil, həbs və s.) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırılır. Həmin Əsasnamənin 4.63-cü bəndinə əsasən döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanmış və ya xəsarət almış hərbi qulluqçulara pul təminatı müalicədə və müalicə ilə bağlı məzuniyyətdə olduqları bütün dövr üçün, lakin bir ildən çox olmamaqla hərbi hissəsi üçün müəyyən edilmiş əmsallar saxlanılmaq şərti ilə ödənilir. İşin yuxarıda salanan hallarından görünür iddiaçının ezamiyyətdə olduğu və ikiqat pul təminatı hesablanan hərbi hissədə xidmətdə olarkən aldığı xəsarət Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; İddiaçının döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak edən, habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçu kimi ikiqat pul təminatı aldığından və həmin dövrdə aldığı xəsarətin səbəb əlaqəsi barəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul edildiyindən məhkəmə hesab edir ki, iddiaçının 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi ödənilməmiş əlavə pul təminatının ödənilməsi hissəsində əsaslı olmuşdur. İİİ tələbə münasibətdə İddiaçı xidməti vəzifələrinin icrası zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə verilməli olan kompensasiyanın ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 3 avqust 2004-cü il tarixli 104 nömrəli Fərmanın 2.3cü bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Həmin Qaydaların 2.3-cü bəndinə görə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir. Həmin Qaydaların 3.6-cı bəndinə görə xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildikdə aşağıdakı sənədlər kompensasiyanın təyin edilməsi üçün əsas götürülür: -kompensasiya ödənilməsi üçün əməkdaşın ərizəsi; -xidmətinin davam etdirilməsini istisna edən xəsarətin xidməti vəzifələrinin icrası ilə səbəb əlaqəsi barədə hərbi-həkim komisssiyasının qərarı (4 nömrəli əlavə); -əməkdaşın pul təminatı barədə maliyyə struktur bölməsinin arayışı. Həmin Qaydaların 3.9-cu bəndinə görə bu qaydalarla müəyyən edilmiş kompensasiya əməkdaşa və ya onun ailə üzvlərinə xidmətdən ehtiyata və ya istefaya buraxılarkən ödənilmiş birdəfəlik pul təminatından, təyin edilmiş pensiyadan və ya sığorta ödənişindən asılı olmayaraq ödənilir. Beləliklə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşına aşağıdakı hallarda kompensasiya ödənilir: -Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı travma (xəsarət) almalı; -Xəsarət əməkdaşın xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alınmalı; -Xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir. İddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olması və xəsarəti xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alması iş materialları ilə tam sübuta yetirilir. Lakin işdən Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin Nizami hissə üzrə 036 nömrəli xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissədə keçirilmiş attestasiya komissiyası iclasının xx.xx.2021ci il tarixli 01 nömrəli protokolu əsasında, xidmətində buraxdığı ciddi nöqsanlara görə 1-ci sərhəd komendantlığının komendantı polkovnik-leytenant İddiaçı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülmüşdür. Göründüyü kimi, iddiaçı qeyd edilən xəsarəti 2018-ci ilin noyabr ayında xidməti vəzifələrinin icrası zamanı almış olsa da, bu xəsarətdən sonra xidmətini davam etdirmiş, yalnız 2021-cı il tarixdə xidmətində buraxdığı ciddi nöqsanlara görə tutduğu vəzifədən azad eidlmişdir. Beləliklə, iddiaçıya müvafiq kompensasiyanın ödənilməsi üçün tələb olunan üçüncü şərt - xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir - şərti iddiaçıya münasibətdə ödənilmir. Buna görə də iddia həmin hissədə əsaslı hesab olunmur. İV tələbə münasibətdə İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən ona verilməli olan 13-cü əmək haqqının ödənilməsini xahiş edir. İşdə olan Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Zəfər günü münasibəti ilə əlaqədar olaraq hərbi qulluqçulara mükafatın verilməsi barədə hər hansı bir əmr mövcud deyildir. İşdə olan Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli telefonoqramından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli qərarına müvafiq olaraq 2020-ci ilin yekunlarına görə hərbi qulluqçulara birdəfəlik pul mükafatının aşağıdakı qaydada ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur:

1. Vəzifə borclarını layiqincə yerinə yetirən və xidməti fəaliyyətində yüksək nəticələrə nail olan hərbi qulluqçulara vəzifə və rütbə maaşının iki misli (100%) həcmində ödənilməsi;

2. Qüsursuz xidmət edən hərbi qulluqçulara vəzifə və rütbə maaşının 1.5 misli (75%) həmində ödənilməsi;

3. Xidməti fəaliyətində yüksək nəticələrə nail ola bilməyən və vəzifə borclarınımn icrası amanı müəyyən nöqsanlara yol verən hərbi qulluqçulara vəzifə və rütbə maaşının bir misli (50%) həcmində ödənilməsi;

4. Xidməti vəzifə borclarının yerinə yetirilməsinə səhlənkar yanaşan, hərbi xidmət intizamını kobud şəkildə pozan hərbi qulluqçulara vəzifə və rütbə maaşının 0.5 misli (25%) həcmində ödənilməsi və ya tam həcmdə mərhum edilməsi. İş materiallarında olan Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2020-ci il tarixli mükafatlandırma haqqında əmrindən görünür ki, polkovnik-leytenant İddiaçı xidməti vəzifə borclarının yerinə yetirilməsinə səhlənkar yanaşan, hərbi xidmət intizamını kobud şəkildə pozan hərbi qulluqçu kimi birdəfəlik pul mükafatından məhrum edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə birdəfəlik pul mükafatından məhrum edilmişdir. Həmin əmr ləğv edilməmişdir, hazırda qüvvədədir. Belə olan halda iddiaçının dördüncü tələbinin təmin olunması üçün də əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı :

İddia qismən təmin edilsin. İddiaçı 2015-ci ilin üzrə 40 gün və 2018-ci il üzrə 18 gün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın və 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi müalicə və xəsətlik məzuniyyətində olduğu dövrdə ödənilməyən pul təminatının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar