Məhkəmə qərarları › İş №2-1(112)-2706/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2706/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2706/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydində düzəliş olunması və yeni doğum haqqında şəhadətnamə verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1975-ci ildə tərtib edilmiş 180 saylı doğum haqqında akt qeydində adının “Günay” adından “Günel” adına dəyişdirilməsi barədə doğum akt qeydində düzəliş olunmasını və adının dəyişdirilməsi ilə bağlı yeni doğum haqqında şəhadətnamə verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 09 oktyabr 2020-ci il tarixində təkrar doğum haqqında şəhadətnamənin istənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, şəxsiyyət vəsiqəsində adı "Günel" - göstərildiyi halda Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən 180 saylı aktla 04.02.1975-ci ildə tərtib olunmuş doğum haqqında akt qeydində adı “Günay” yazılmışdır. Doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə ilə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydində düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə biləcəyi, eləcə də doğum haqqında akt qeydində ziddiyət onun tərəfindən aradan qaldırıldıqdan sonra müvafiq şəhadətnamə ilə təmin oluna biləcəyi qeyd edilmişdir. Bundan sonra 30 oktyabr 2020-ci il tarixdə zəruri sənədləri təqdim etməklə bu barədə ərizə ilə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə akt qeydində düzəliş edilməsinə və yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə müraciət etmişdir. Cavabdehin 31 oktyabr 2020-ci il tarixli cavab məktubunda doğum haqqında akt qeydində düzəliş və ya əlavə olunması üçün onun əsaslı sənədləri olmadığına görə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina məktubu əsassızdır. Belə ki, təqdim olunan imtina məktubunda onun tərəfindən akt qeydində düzəliş edilməsinə dair əsaslı sənədlərin olmadığı göstərilmişdir. Onun 04 fevral 1975-ci il tarixdə verilmiş ЖГ № 347 000 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, şəhadətnamədə adı “Günel” yazılmışdır. 08 iyun 2017-ci il tarixdə “ASAN 1” tərəfindən verilmiş AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, vəsiqədə adı “Günel” yazılmışdır. 07 sentyabr 1998ci il tarixdə Azərbaycan Dövlət İqtisad İnstitutu tərəfindən verilmiş AB-İ №061928 saylı diplomunun notarial təsdiq olunmuş surətindən görünür ki, diplomda adı “Günel” yazılmışdır. 22 avqust 2014-cü il tarixdə Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş AZ-1 №973956 nömrəli nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, nikah şəhadətnaməsində adı “Günel” yazılmışdır. 01 noyabr 2006cı il tarixli, ******* nömrəli əmək kitabçasının notarial təsdiq olunmuş surətindən görünür ki, əmək kitabçasında adı “Günel” yazılmışdır. Yuxarıda adları çəkilən bu sənədlərin hamısı qoşma olaraq cavabdehə ünvanlanmış müraciətinə əlavə edilmişdir. Lakin qeyd etdiyi sənədlər cavabdeh tərəfindən akt qeydində düzəliş edilməsi üçün kifayət etməmişdir. Göründüyü kimi onun bütün səndələrində adı “Günel” qeyd edilmişdir, heç bir sənədində adı “Günay” olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, 26 Bakı Komissarları adına VVAQ Şöbəsi tərəfindən verilmiş 04 fevral 1975-ci il tarixli, İİİ-ЖГ 347000 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İsmayılov Mahmud Nadir oğlu, anası X1 olan X6 xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Dövlət İqtisad İnstitutu tərəfindən verilmiş 07.09.1998-ci il tarixli, AB-İ № 061928 saylı diplomun notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X6 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuş və 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Mühasibat uçotu, nəzarət və T.F.T” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 27 iyun 1997-ci il tarixli qərarı ilə ona “iqtisadçı” ixtisası verilmişdir. - Bakı şəhəri, “Səadət” sarayı tərəfindən verilmiş AZ-İ 973956 №-li, 22.08.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 09.06.1970-ci ildə Bakı şəhərində anadan olmuş X13 ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş X6 arasında 01.07.2000-ci il tarixdə nikah bağlanmışdır. Nikah qeyd ediləndən sonra ərə Hüseynov, arvada Hüseynova familyası verilmişdir. - Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ataları X13, anaları İddiaçı olan X14 29.01.2008-ci ildə, X8 02.03.2010-cu ildə, X9 01.08.2014-cü ildə, X10 01.08.2014-cü ildə Bakı şəhərində doğulmuşlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/Q-517/21 №-lı, 10.10.2020-ci il tarixli məktubun surətindən görünür ki, təkrar doğum haqqında şəhadətnamənin istənilməsi barədə 09.10.2020-ci il tarixli ərizəsi ilə bağlı müraciətinə baxılmışdır. Bildirilir ki, şəxsiyyət vəsiqəsində adı “Günel” göstərildiyi halda Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 180 saylı aktla 04.02.1975-ci ildə tərtib olunmuş doğum haqqında akt qeydində adı “Günay” yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Belə ki, o doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri sənədlər təqdim etməklə bu barədə ərizə ilə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydində düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilər. Doğum haqqında akt qeydində ziddiyyət aradan qaldırıldıqdan sonra o müvafiq şəhadətnamə ilə təmin oluna bilər. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/Q-976/21 №-li, 31.10.2020-ci il tarixli məktubun surətindən görünür ki, onun doğum haqqında akt qeydində adının “Günay”dan “Günel”ə dəyişdirilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Republıkası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiqlənmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər qaydasının 1-bəndındə göstərildiyi kimi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi , ona dəyişikliklər və əlavələr edilməsi kifayət qədər əsaslar olduqda, təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən düzəliş və ya əlavə edilir. Doğum haqqında akt qeydində düzəliş və ya əlavə olunması üçün əsaslı sənədləri olmadığına görə məhkəməyə müraciət edə bilər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 21.12.2020-ci il tarixli, 05/2-7636/13 №-li və 05/2-8106/13 №-li, 29.12.2020-ci il tarixli məktublardan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən 1975-ci ildə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən valideynləri İsmayılov Mahmud Nadir oğlu və X2 olan X3 deyil, X4 adına doğum haqqında akt qeydinin tərtib olunduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, qeydiyyat aparılan dövrdə qüvvədə olan “WAQQ orqanlarının sənədlərinin saxlanma müddətini göstərən Siyahı”nın 4.3-cü bəndinə uyğun olaraq doğum haqqında akt qeydinin tərtib olunmasına əsas olan sənədlər qeydiyyat şöbələrinin arxivində 1 il saxlanıldıqdan sonra məhv edilirdi. Bu qəbildən olan sənədlərin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılması isə qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin akt qeydinin tərtib edilməsinə əsas olan sənədlərin surətlərinin göndərilməsi mümkün deyildir. - Həmin məktublara əlavə edilmiş 180 №, 04.02.1975-ci il tarixli doğum haqqında akt qeyddən görünür ki, atası İsmayılov Mahmud Nadir oğlu, anası X1 qeyd edilmiş X7 xx xxxxxx 1975-ci ildə Bakı şəhərinda doğulmuşdur. - Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi müstəntiqi tərəfindən qəbul edilmiş 10.11.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, 09.09.2020-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş İsmayılov X15 RPİ-nə ərizə ilə müraciət edərək bacısı “Günay” Hüseynova tərəfindən doğum haqqında şəhadətnamədə adının “Günay” olduğu halda dəyişdirilərək “Günel” kimi yazmasını bildirmişdir. Material üzrə təyin edilmiş sənədlərin məhkəmə texniki ekspertizası «Sənədlərin rekvizitlərin tədqiqi» ekspertizasının 14.10.2020-ci il tarixli, 5/659 nömrəli rəyində tədqiqata təqdim edilmiş X3 adına İİİ-ЖГ 347000 nömrəli doğum haqqında şəhadətnaməsinin "adı, atasının adı" qrafasındakı «Гюнел» sözünün yerində əvvəl "Гюнай" sözü olub, sonradan üzərində mexaniki üsulla pozma aparılaraq və əlavə cizgi artırılaraq indiki sözə dəyişdirmişdir. Araşdırma zamanı 14.10.2020-ci il tarixli 5/659 nömrəli ekspert rəyindən görünür ki, 1992-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən 347000 nömrəli doğum haqqında şəhadətnaməni saxtalaşdıraraq «Günay» sözünü «Günel» sözü ilə əvəz etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı məxsus doğum haqqında şəhadətnamədə adının dəyişdirilməsindən məlumatı olmadan ondan istifadə etmişdir. Ona görə də İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin tərkib hissə olmadığından barəsində cinayət təqibinə xitam verilməli, İsmayılov Nadir Mahmud oğlunun ərizəsi əsasında topanmış material üzrə cinayət işi başlanması rədd edilməlidir. İddiaçı hazırki vaxtda istifadəsində olan doğum şəhadətnaməsi və ümumvətəndaş pasportunun fəaliyyətsizləşdirilməsi üçün qərarın surəti icra edilməsindən ötrü 2 saylı Asan Xidmətə göndərilməlidir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 33/1309 №-li, 23.04.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında 25.06.2019-cu ildə çıxış və 01.07.2019-cu ildə giriş məlumatları qeydə alınmışdır. - Bakı şəhəri Səbail rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 065- 10373-1221 №-li, 12.04.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində İddiaçı və X5 adına heç bir məlumat yoxdur. - Məhkəmə qərarlarının surətlərindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2164/2020 nömrəli, 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı İsmayılov Nadir Mahmud oğlunun cavabdeh İddiaçı qarşı Bakı şəhəri 12 saylı notariat kontorundan 12/2018 saylı vərəsəlik işi üzrə 27.03.2018-ci il tarixdə verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin və 02.05.2018-ci il tarixdə verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 0,03 ha torpaq sahəsinə, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində olan 10 saylı yaşayış evinə, Bakı şəhəri, Xəzər rayon, Qala qəsəbəsi sahə 126D ünvanında ümumi sahəsi 0,12 ha torpaq sahəsinə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayış evi üzrə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1772/2021 nömrəli, 03.03.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı İsmayılov Nadir Mahmud oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2164/2020 nömrəli, 03 noyabr 2020-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4661/2021 nömrəli, 07.09.2021-ci il tarixli qərarı ilə iddiaçı İsmayılov Nadir Mahmud oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1772/2021 nömrəli, 03.03.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. - Həmin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçının doğma bacısı olması və onların mənşəyinin, yəni valideynlərinin eyni olması mülki iş materialları ilə tam təsdiq olunur. İddiaçı özü də bu faktı mübahisələndirmir. Bu baxımdan cavabdehin doğum haqqında akt qeydi kitabında adının “Günay”, “doğum haqqında şəhadətnamə”də isə “Günel” kimi qeyd edilməsi, sonradan aparılmış bu dəyişikliyin qeydiyyat orqanında qeydə alınmaması onun başqa şəxs olması anlamına gəlmir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara hüquqi məsələlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 180 saylı aktla 04.02.1975-ci ildə tərtib olunmuş doğum haqqında akt qeydində adı “Günay” kimi yazılsa da Bakı şəhəri, 26 Bakı Komissarları adına VVAQ Şöbəsi tərəfindən verilmiş 04 fevral 1975-ci il tarixli, İİİ-ЖГ 347000 №-li doğum haqqında şəhadətnamədə adı “Günel” kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə qeyd edilmiş “Günay” adının “Günel” adına düzəliş edilməsi ekspert rəyi ilə öz təsdiqini tapsa da həmin düzəlişin kim tərəfindən edilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı Bakı şəhəri, 26 Bakı Komissarları adına VVAQ Şöbəsi tərəfindən verilmiş 04 fevral 1975-ci il tarixli, İİİ-ЖГ 347000 №-li doğum haqqında şəhadətnaməyə əsasən şəxsiyyət vəsiqəsi ümumvətəndaşlıq pasportu, diplom almış, nikaha daxil olmuş, uşaqlarına doğum haqqında şəhadətnamələr verilmişdir. Hazırda iddiaçı doğum haqqında akt qeydində olan “Günay” adının “Günel” kimi dəyişdirilməsini və bu barədə doğum haqqında şəhadətnamənin verilməsi ilə cavabdehə müraciət etsə də sonuncu doğum haqqında akt qeydində düzəliş və ya əlavə olunması üçün əsaslı sənədləri olmamasını əsas gətirərək müraciəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. - 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. -189-cu maddəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. - 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində VVADQ orqanları və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirdikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; qanunvericilikdə müəyyən edilən digər hallarda edilir. Məhkəmə qeyd edir ki, iddiaçının doğum akt qeydində adı “Günay” kimi qeyd edilsə də doğum haqqında şəhadətnamədə adı naməlum şəxs tərəfindən düzəliş edilərək “Günel” kimi qeyd edilmişdir. Bu faktın iddiaçının iradəsindən asılı olmayan hal olması 10.11.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla da öz təsdiqini tapır. İddiaçı Hüseynova (İsmayılova) Günel Mahmud qızı ona verilmiş doğum haqqında şəhadətnamədən istifadə edərək hüquq müəyyənedici sənədlər əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 180 №, 04.02.1975-ci il tarixli doğum haqqında akt qeydində düzəliş edilməli, "Günay" adı “Günel” adına dəyişdirilməli, yeni doğum haqqında şəhadətnamə veriməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, 26 Bakı Komissarları VVAQ Şöbəsi (hazırda Səbail rayon Qeydiyyat Şöbəsi) tərəfindən tərtib olunmuş 04.02.1975-ci il tarixli, 180 №-li doğum haqqında akt qeydində qeydə alınmış “Günay” adının “Günel” adına düzəliş edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, 26 Bakı Komissarları VVAQ Şöbəsi (hazırda Səbail rayon Qeydiyyat Şöbəsi) tərəfindən tərtib olunmuş 04.02.1975-ci il tarixli, 180 №-li doğum haqqında akt qeydində qeydə alınmış “Günay” adının “Günel” adına düzəliş edilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar