Məhkəmə qərarları › İş №2-1(112)-2707/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2707/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2707/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “inzibati aktın ləğv edilməsi və ƏDV məbləğinin 30%-nin geri qaytarılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “**********661700 saylı xx.xx.2022-ci il tarixli inzibati aktın ləğv edilməsi və nağdsız qaydada ödənilmiş 40 995.82 manat ƏDV məbləğinin 30 %-nin geri qaytarılması” barədə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN: **********) arasında xx.xx.2021-ci il tarixdə “K Residence Baku” CY6-072/21 saylı alğı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə uyğun olaraq, həmin müqavilənin Əlavə № 2-də geniş təsvir olunan 3506 saylı mənzil onun tərəfindən 268 750.40 manata (əlavə dəyər vergisi daxil) satın alınmışdır. Mənzilin dəyəri 268 750.40 AZN (iki yüz altmış səkkiz min yeddi yüz əlli manat qırx qəpik) (ƏDV- nin məbləği 40 995.82 AZN) onun tərəfindən tam şəkildə xx.xx.2021-ci il tarixdə nağdsız qaydada kooperativə ödənilmişdir. xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə onun tərəfindən nağdsız qaydada ödənilmiş 40 995.82 manat ƏDV məbləğinin 30 %-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.6-cı maddəsinə müvafiq olaraq geri qaytarılması üçün müraciət etmişdir. Müraciət, internet vergi idarəsinin onlayn kargüzarlıq sistemi vasitəsi ilə edilsə də, müraciətin cavabı onun onlayn kargüzarlıqdakı şəxsi kabinetinə daxil olmamışdır. Buna görə də, o, Dövlət Vergi Xidmətinin müvafiq idarəsinə yaxınlaşaraq müraciətinə verilmiş cavab məktubunu əldə etmişdir. Həmin cavab məktubuna əsasən ona ƏDV-nin qaytarılmasından imtina edilmiş, imtinanın səbəbini əsaslandırmaq üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə istinad edilərək bildirilmişdir ki, ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Nəzarət-kassa aparatının çeki qeyd edilən tələblərə cavab vermədiyindən (malın adı konkret yazılmadığından) ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması mümkün deyil. Dövlət Vergi Xidməti tərəfindən verilmiş imtina tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının keçid müddəalarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; bu Qaydanın 5.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Həmin Qaydaların 5.1.1 -ci bəndində isə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti nəzərdə tutulmuşdur. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar. İddiaçı tərəfindən ödəniş xx.xx.2021 -ci il tarixində həyata keçirildiyinə görə Qaydaların 6.1.1-ci bəndinin tələblərinə, alğı-satqı müqaviləsinin surəti müraciətə əlavə edildiyinə və ödəniş POS terminal vasitəsilə, yəni nağdsız qaydada həyata keçirildiyinə görə isə Qaydaların 6.1.2-ci bəndinin tələblərinə tam şəkildə riayət edilmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 61.1. və 61.2-ci maddələrinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi iddiaçının müraciəti məhz fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı olduğundan bu münasibət Vergi Məcəlləsinin 165.6-cı maddəsi ilə tənzimlənir. Lakin cavabdeh qeyd olunan münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və imtinasını Vergi Məcəlləsinin 165.5-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Halbuki qeyd olunan maddə tamamilə başqa bir məsələni, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılmasını nəzərdə tutur. Cavabdeh maddi hüquq normasını düzgün tətbiq etmədiyindən onun tərəfindən qəbul olunmuş inzibati akt birmənalı şəkildə qanunsuz hesab edilməlidir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd edilən tələblərə cavab vermədiyindən (malın adı konkret yazılmadığından) ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması mümkün deyil. Lakin Vergi Məcəlləsinin 165.5-ci və 165.6-cı maddələrini müqayisə etdikdə aydın şəkildə görünür ki, ödənilmiş ƏDV-nin müvafiq hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çekinin həmin Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməli olduğu 165.5-ci maddədə imperativ qaydada müəyyənləşdirilsə də, 165.6-cı maddədə belə bir tələb nəzərdə tutulmamışdır. Həm 165.6cı maddənin, həm də Qaydaların əsas tələbi ondan ibarətdir ki, ödəniş nağdsız qaydada edilmiş olsun və iddiaçı tərəfindən bu tələbə riayət edilmişdir. Bundan başqa Qaydalara nəzər saldıqda da görmək mümkündür ki, həmin Qaydalar Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə minməsindən, yəni 2020-ci yanvarın 1dən uzun müddət sonra, 2022-ci ilin mayın 25-də qəbul olunduğundan həmin müddət ərzində yaranmış qeyri-müəyyənliyi aradan qaldırmaq üçün keçid müddəaları vasitəsilə alıcılara belə bir imkan tanınmışdır. Həmin Qaydaların qüvvəyə minməsindən sonra nağdsız ödənişin hansı qaydada icra edilməli olması, ödənişdə göstərilməli olan məlumatlar Qaydaların 5.1.2-ci və 5.2-ci maddələri ilə müəyyənləşdirilir, ödəniş qaydalarının Qaydaların 5-ci maddəsi ilə müəyyənləşdirilməsi də sübut edir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin qaytarılması ilə bağlı ödəniş sənədinə dair tələblər Vergi Məcəlləsinin 50.8-ci maddəsi ilə deyil, məhz həmin Qaydalarla tənzimlənir. Həmin Qaydalar qəbul edilənədək alıcıların etdiyi nağdsız ödənişlər isə hər hansı xüsusi tələb müəyyən edilmədən onlara ƏDV-nin geri qaytarılması hüququ verir. Hətta bu məsələdə hər hansı ziddiyyət və ya uyğunsuzluq olmuş olsa belə, Vergi Məcəlləsinin 3.11 -ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Kassa-nəzarət aparatının çeki ilə bağlı tələb Vergi Məcəlləsinin 165.6-cı maddəsində nəzərdə tutulmuş olsaydı belə, nəzərə alınmalıdır ki, nəzarət-kassa aparatının çekinin tələblərə cavab verən şəkildə təqdim edilməsi alıcının deyil, məhz həmin çeki təqdim edən vergi ödəyicisinin öhdəliyidir və bu öhdəliyin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsində maliyyə sanksiyası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək cavabdeh qismində yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçının ərizəsi əsasında məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iş üzrə iddia tələbi "xxxx" Mənzil tikinti Kooperativindən Bakı şəhəri Xətai rayonu Nobel prospekti 151 ünvanındakı “K Residence” yaşayış kompleksində Kortyard 6 binasının 5-ci mərtəbəsində yerləşən 3506 saylı mənzilin və 2-ci mərtəbəsində yerləşən 38 saylı dayanacaq yerinin alınması ilə bağlı nağdsız qaydada ödənilmiş cəmi 40995,82 AZN ƏDV məbləğinin 30%-i olan 12298,74 AZN məbləğin iddiaçıya qaytarılması” öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması kimi dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulla avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50-ci maddəsinin tələblərinə cavab verməlidir. Belə ki, nəzarət kassaaparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çek vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti, yekun məbləğ, o cümlədən ƏDV-nin məbləği, gün ərzində vurulmuş çeklərin sayı və nömrə nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), malın sürətli məlumat kodu, ödənilmiş məbləğ, müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc), ödənişin forması, üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr, çekin növü (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi və geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar əldə olunmalıdır. Odur ki, nəzarət-kassa aparatının çeki qeyd edilən tələblərə cavab vermədiyindən (malın adı konkret yazılmadığından) ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində aldığı malın geri qaytarılması üçün satıcıya müraciət edə bilər. Ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün satıcı tərəfindən nəzarət-kassa aparatına müvafiq düzəliş edildikdən, təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələbinə cavab verdikdən sonra həmin şəxsdən mal almağı tövsiyə olunur. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir. Qaydanın 1.4-cü bəndinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Qaydanın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: • ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; • bu Qaydanın 5.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı (yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti), alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Qaydanın 6.2-ci bəndinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Qaydanın 5.1.2-ci maddəsinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi və ödənişin təyinatı öz əksini tapmalıdır. Halbuki, İddiaçı xx.xx.2022-ci il tarixli **********691700 nömrəli müraciətinə əlavə olunmuş nəzarət-kassa aparatının çekinə əsasən məhsulun adı (xx.xx.2021-ci il tarixli çekdə məhsulun adı sərbəst satış kimi qeyd edilmişdir) və posterminal çekində ödənişin təyinatı göstərilməmişdir. Qeyd olunanlardan göründüyü kimi alıcı tərəfindən təqdim olunan ödəniş sənədlərinin yaşayış sahəsinin əldə edilməsi ilə bağlı olmasını müəyyən etmək mümkün olmadığı üçün ƏDV-nin 30 faizinin vətəndaşa qaytarılması qanunamüvafiq hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi borcun silinməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar "xxxx" Mənzil Tikinti Kooperativi və İddiaçı arasında bağlanmış “K Residence” CY6- 072/21 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 02 saylı əlavəsində təsvir olunan (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sərəncam üzrə) / Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 151 (ünvan arayışı) limanındakı “K Residence” yaşayış kompleksində 3506 saylı mənzil Kortyard 6 binasının 5-ci mərtəbəsində yerləşən) 3506 saylı mənzilin qiyməti 242 990.40 manat və avtomobil dayanacağının qiyməti 25 760 manat olmaqla, ümumilikdə 268 750,40 manata İddiaçı satılmışdır. Knightsbridge Ağ Şəhər” Mənzil Tikinti Kooperativi VÖEN: **********, Obyektin kodu: **********-20001; Satış çeki №281 çek məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə saat 17:15:12-də, nağdsız 268750,40 manat (ƏDV 18% = 40995,82; toplam vergi =40995,82) müəyyən edilmişdir. Kassanın modeli: Verifone X990; Kassa aparatının zavod nömrəsi **********; Fiscal İD: A1fs5kTENoUB; NMQ-nun qediyyat nömrəsi:**********. Çek üzrə ƏDVnin geri qaytarılması həyata keçirilməyib. "xxxx" ASC xx.xx.2021-ci il tarixli, satıç təmassız ödəmə, çek məlumatlarında: "xxxx" VÖEN: **********-20001; Müştəri İD 0018741; Versiya: 1.2.8; RRN: **********54; Stan No: 605854; Bact No: 17; Təsdiq kodu: 359611; Tarix xx/xx/2021; Vaxt 17:14. Kart nömrəsi: 418249******6875 A**********010 VİSA DEBİT – olmaqla 268750,40 AZN əməliyyat təsdiqlənmişdir. 000910 saylı xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, CY6-072/21 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3506 F2 No38 bina CY6 İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin balansına 268 750,40 manat pul məbləği (mənzilin dəyərinin (8% endirim nəzərə almaqla) tam məbləğinin ödənişi) ödənilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 1 - ƏTPM-nin cizgisi üzrə) / ünvan 3 ünvanında yerləşən “K Residence Baku” yaşayış kompleksi "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Qeyd edilən yaşayış kompleksinin Kortyard 6 binasının 5-ci mərtəbəsində yerləşən, 3506 saylı, ümumi sahəsi 85.2 kv.m olan mənzilinin 205 924.07 manat əsas məbləği və 37 066.33 manat ƏDV (18%) məbləği nağdsız qaydada tam ödənilmişdir. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə borcu yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 1 - ƏTPM-nin cizgisi üzrə) / ünvan 3 ünvanında yerləşən “K Residence Baku” yaşayış kompleksi "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Qeyd edilən yaşayış kompleksinin Kortyard 6 binasının 2-ci mərtəbəsində yerləşən 38 saylı dayanacaq yerinin dəyəri 21 830.51 manat əsas məbləği və 3 929.49 manat ƏDV (18%) məbləği nağdsız qaydada tam ödənilmişdir. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə borcu yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y. Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 1 - ƏTPM-nin cizgisi üzrə) / ünvan 3 ünvanında yerləşən “K Residence Baku” yaşayış kompleksi "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Qeyd edilən yaşayış kompleksinin Kortyard 6 binasının 5-ci mərtəbəsində yerləşən, 3506 saylı, ümumi sahəsi 85.2 kv.m olan mənzilinin 205 924.07 manat əsas məbləği və 37 066.33 manat ƏDV (18%) məbləği və həmin binanın 2-ci mərtəbəsində yerləşən 38 saylı dayanacaq yerinin dəyəri 21 830.51 manat əsas məbləği və 3 929.49 manat ƏDV (18%) məbləği nağdsız qaydada POS terminal vasitəsi ilə tam ödənilmişdir. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə borcu yoxdur. Çek Məlumatları: VÖEN: Müştəri İD 0018741; Versiya: 1.2.8; RRN: **********54; Stan No: 605854; Bact No: 17; Təsdiq kodu: 359611; Tarix xx/xx/2021; Vaxt 17:14. VÖEN: **********, Obyektin kodu: **********-20001; Satış çeki №281; Kassanın modeli: Verifone X990; Kassa aparatının zavod nömrəsi **********; Fiscal İD: A1fs5kTENoUB; NMQ-nun qediyyat nömrəsi:**********. IV.Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən iziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Həmin Məcəllənin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Həmin Məcəllənin 50.8.ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X3); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); [348] 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının keçid müddəalarının 6.1-ci bəndinə əsasən: 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödəniş xx.xx.2021-ci il tarixində həyata keçirildiyinə görə Qaydaların 6.1.1-ci bəndinin tələblərinə, alğı-satqı müqaviləsinin surəti müraciətə əlavə edildiyinə və ödəniş POS terminal vasitəsilə, yəni nağdsız qaydada həyata keçirildiyinə görə isə Qaydaların 6.1.2-ci bəndinin tələblərinə tam şəkildə riayət edilmişdir. Göründüyü kimi iddiaçının müraciəti məhz fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı olduğundan bu münasibət Vergi Məcəlləsinin 165.6-cı maddəsi ilə tənzimlənir. Cavabdeh imtina və etirazını belə əsaslandırmışdır ki, nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd edilən tələblərə cavab vermədiyindən (malın adı konkret yazılmadığından) ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması mümkün deyil. Lakin Vergi Məcəlləsinin 165.5-ci və 165.6-cı maddələrini müqayisə etdikdə aydın şəkildə görünür ki, ödənilmiş ƏDV-nin müvafiq hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çekinin həmin Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməli olduğu 165.5-ci maddədə imperativ qaydada müəyyənləşdirilsə də, 165.6-cı maddədə belə bir tələb nəzərdə tutulmamışdır. Həm 165.6cı maddənin, həm də Qaydaların əsas tələbi ondan ibarətdir ki, ödəniş nağdsız qaydada edilmiş olsun və iddiaçı tərəfindən bu tələbə riayət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Mənzil tikinti Kooperativindən Bakı şəhəri Xətai rayonu Nobel prospekti 151 ünvanındakı “K Residence” yaşayış kompleksində Kortyard 6 binasının 5-ci mərtəbəsində yerləşən 3506 saylı mənzilin və 2-ci mərtəbəsində yerləşən 38 saylı dayanacaq yerinin alınması ilə bağlı nağdsız qaydada ödənilmiş cəmi 40995,82 AZN ƏDV məbləğinin 30%-i olan 12298,74 AZN məbləğin iddiaçıya qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar