Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2709/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı- X1 cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş aylıq pensiya məbləğlərinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Quba rayonunda doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 16.07.1973-cü il tarixdən əmək fəaliyyətinə başlamış, hərbi xidmətdə olmuş və müxtəlif məsul vəzifələrdə çalışmışdır. Onun müraciətinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)1061/2018 saylı 02 fevral 2018-ci il tarixli qərarı ilə ona 04 dekabr 2006-cı il tarixdən 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-cı il tarixinə qədər olan müddət üçün əmək pensiyası məbləğinin və həmçinin 04 dekabr 2011-cı il tarixdən hazırki vaxtadək ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-779/2018 saylı 16 mart 2018-ci il tarixli qərarı ilə DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1061/2018 saylı 02 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş 15/3656 saylı 11.07.2018-ci il tarixli arayışdan görünür ki, o, DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin kompyuter bazasının məlumatına əsasən yaşa görə ayda 3167,63 manat pensiya alır. Pensiyanın müddəti ömürlük təyin edilmişdir. Arayış H.Əliyev adına Dərin Özüllər zavoduna təqdim etmək üçün verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd edilən qərarı 16 aprel 2018-ci il tarixdən qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilərək, 01 iyun 2021-ci il tarixədək iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hər ay ödənilmişdir. Lakin bu ilin iyun ayından iddiaçının aylıq əmək pensiyasının ödənişi qanunsuz və əsassız olaraq dayandırılmış və cavabdeh tərəfindən onun yaşayış ünvanına 01 iyun 2021-ci il tarixli **********3 saylı məktub göndərilmişdir. Həmin məktubda göstərilir: “Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan X4 Fondu tərəfindən mütamadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8.3-cü maddəsinə əsasən dayandırılır. Qeyd olunanlarla əlaqədar, qanunvericiliyin tələblərinə uğun olaraq ona müvafiq növə görə əmək pensiyası hüququ yaradan zəruri sənədlərin üzləşdirilərək araşdırılması məqsədi ilə onların əsillərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfindən təqdim edilməsi xahiş olunur. Araşdırmanın nəticəsindən asılı olaraq ondan əmək pensiyası hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidən baxılacaqdır.” Cavabdehin bu xahişi əmək pensiyası qanunvericiliyinin tələblərinə zidd olsa da, səhhətindəki ciddi xəstəliklərə və çətinliklə hərəkət etməsinə baxmayaraq, əvvəllər işlədiyi aidiyyəti idarələrdən bütün sənədləri toplayaraq cavabdehin müvafiq şöbəsinin işçisinə bu ilin iyun ayında təqdim etmişdir. Bundan sonra cavabdehin müvafiq şöbəsinin işçisi ilə dəfələrlə əlaqə saxlasa da, ona araşdırmanın hələ davam etdiyi bildirilmişdir. Cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya işi № 153625) ödənişinin bu ilin iyun ayından (artıq 3- cü aydır) dayandırılması səbəbi və bununla bağlı aparılan araşdırmanın nəticəsi barədə müvafiq məlumat verilməsi” barədə 12.08.2021 -ci il tarixli 294 saylı vəkil sorğusu göndərilmiş, sorğuya DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 sentyabr 2021-ci il tarixli **********3 saylı məktubu ilə cavab verilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütamadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8.3-cü maddəsinə əsasən dayandırılır. Bununla əlaqədar olaraq, vaxtı ilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tləblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədi ilə adı çəkilən şəxsə əmək pensiyasının ödənişi 01.06.2021-ci il tarixindən dayandırılmışdır. Pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hər hansı məlumat daxil olmamışdır. Onun aylıq əmək pensiyası hazırki vaxtadək (bu ilin iyun, iyul, avqust və sentyabr ayları) cavabdeh tərəfindən ödənilməmişdir. Onun artıq 67 yaşı vardır, səhhətində yaranmış xəstəliklərlə bağlı mütamadi olaraq müalicələr alır, həkim nəzarəti altındadır, ciddi cərrahi əməliyyata ehtiyacı vardır və hazırda aylıq pensiyasının verilməməsi səbəbindən nəinki, müalicə xərclərini, hətta gündəlik dolanışıq xərclərini ödəyə bilmir. Odur ki, ağır maddi, mənəvi və psixolji sarsıntılar keçirir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya dair yazılı etirazı məhkəmə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı- X2 və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Bakı-Nizami RPİ tərəfindən 05.03.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 04.12.954-cü ildə Quba rayonu, Susay kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.02.2018-ci il tarixli 2-1(82)-1061/2018 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “04 dekabr 2006-cı il tarixdən ona 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-ci il tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin 04 dekabr 2011-ci il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.02.2018-ci il tarixli 2-1(82)-1061/2018 saylı qərarı ilə İddiaçı 04 dekabr 2006-cı il tarixdən 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-ci il tarixinə qədər olan müddət ücün əmək pensiyasının məbləğinin və həmçinin 04 dekabr 2011-ci il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Nizami rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2018-ci il tarixli 2-1(112)-779/2018 saylı qərarının surətindən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.02.2018-ci il tarixli 2-1(82)-1061/2018 saylı qərarından narazı qalan cavabdeh DSMF Nizami rayon şöbəsinin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2-1(82)- 1061/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 11.07.2018-ci il tarixli 15/3656 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı DSMF Nizami rayon şöbəsinin kompyuter bazasının məlumatına əsasən yaşa görə 3.167,63 manat pensiya alır. İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciətinə cavab olaraq; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 01 iyun 2021-ci il tarixli **********3 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və ya şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılır. Qeyd olunanlarla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq ona müvafiq növə görə əmək pensiyası hüququ yaradan zəruri sənədlərin üzləşdirilərək araşdırılması məqsədi ilə onların əsillərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfindən təqdim edilməsi xahiş olunmuşdur. Araşdırmanın nəticəsindən asılı olaraq onun əmək pensiyası hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidən baxılacaqdır. - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01.09.2021-ci il tarixli **********3 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, müraciətçinin vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 01.06.2021-ci il tarixindən dayandırılmışdır. Müraciətçinin pensiya ödənişinin bərpa edilməsi barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Hazırda iddiaçı təyin olunmuş pensiyanın ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəindinə əsasən isə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi 01.06.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçıya təyin olunmuş pensiyanın dayandırılması barədə cavabdeh inzibati orqan tərəfindən müvafiq qərarın qəbul edilib-edilməməsi ilə bağlı heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-İddiaçı yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyanın dayandırılmasına dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və dayandırılmış pensiya ödənişinin dayandırıldığı 01.06.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2709/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2709/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver