Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2710/2025 17.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Əzizbəyov (indiki Xəzər) rayonu, Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 117 saylı sərancamı ilə Əzizbəyov rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 595 saylı məktubu rəhbər tutularaq Bələdiyyənin mülkiyyətində olan və Əzizbəyov rayonu, Qala qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında onun adına sənədləşdirilməsi qərara alınmışdır. Sərəncam Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə əraziləri və torpaqları haqqında" və "Torpaq islahatı haqqında" Azərbavcan Respublikası Qanunlarına və Qala Bələdiyyəsinin 47 saylı qərarına uyğun olmuşdur. Təqdim etdiyi 040249 saylı kassa mədaxil orderinin qəbzinin surətindən göründüyü kimi, xx.xx.2005-ci il tarixdə qeyd olunan torpaq sahəsinin dəyəri, yəni 5280 000 (5 milyon iki yüz səksən min) manat məbləğində pul tərəfindən Əzizbəyov rayonu Qala Bələdiyyəsinin bank hesabına ödənilmişdir. Faktiki istifadəsində olan torpaq sahəsini özəlləşdirmək mülkiyyət hüququ əldə etmək istəyir. Bu barədə ərizəsinə müvafiq sənədləri əlavə etməklə cavabdehə müraciət etmiş, lakin, cavabdeh tərəfindən əsassız olaraq ərizənin icra olunmasından imtina edilmişdir. Bu səbəbdən hesab edir ki, mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul etməlidir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Əzizbəyov (indiki Xəzər) rayonu, Qala qəsəbəsində yerləşən 1090 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********54 xaric olma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş “Torpaqların alqı-satqısına dair akt” təqdim edilməmişdir. Həmçinin alqı-satqı aktında torpaq sahəsinin ayrılması haqqında xx.xx.2005-ci il tarixli , 47 saylı qərara istinad edilməmişdir. Bundan əlavə, torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Sahənin bir hissəsi “Qəbələ” QTSC-nin adına verilmiş **********0218 nömrəli kadastr planın baza məlumatı ilə üst-üstə düşür. Bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin 302 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 117 nömrəli sərəncamına əsasən İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
7. Torpaq sahəsinin yerləşmə cizgisi, torpaqların alqı-satqısına dair akt, alqı-satqı müqaviləsi və kassa mədaxil orderi iş materiallarına əlavə edilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
9. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli 1-1/154 nömrəli məktubla bildirilmişdir ki, tərəflərindən Qala bələdiyyəsinin vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirilmiş və vətəndaş İddiaçı Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 47 saylı sərəncamına əsasən 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair 2-ci kitabın 1002 nömrəsində qeyd aşkar olundu və həmin sərəncamın təsdiq olunmuş surətləri 6 vərəqdə məktuba əlavə olunur.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 29 oktyabr 2024-cü il tarixli, 3-48-2F/2-2244/2024 nömrəli məktubla bildirilmişdir ki, Əzizbəyov rayonu Qala Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 15 aprel 2025-ci il tarixli 3- 21-3-30/2-14517/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına sözügedən torpaq sahəsinin hüquqi qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Nəzərə çatdırırlar ki, sorğuda bəhs edilən “Qəbələ” QTSC-nin adına verilmiş **********0218 nömrəli kadastr planı ilə bağlı "xxxx" MMC ilə müştərək qaydada araşdırma aparılmışdır və təqdim edilən məlumatlara əsasən Mərkəzin arxivində “Qələbə” QTSC-nin adına verilmiş **********0218 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün arxiv nüsxəsi aşkar edilməmişdir. Müvafiq qurumun arxivində saxlanılan “Qələbə” QTSC-nin adına verilmiş **********0218 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsinə əsas olmuş mövcud ilkin torpaqayırma sənədlərinin məhkəməyə təqdim edilməsi məqsədilə təsdiq olunmuş surəti təqdim edilir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 17 oktyabr 2025-ci il tarixli 3-21-3-30/2-48948/2025 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin təqribi 0.011 ha hissəsi şimal tərəfdən “Qəbələ” QTSC-nin adına verilmiş **********0218 nömrəli kadastr planın baza məlumatı ilə üst-üstə düşür. Bundan əlavə torpaq sahəsinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 02 dekabr 2025-ci il tarixli 3-21-3-30/2-57802/2025 nömrəli məktubla bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0.126 ha təşkil edir. Torpaq sahəsinin qərb sərhədi boyu 4.0 m və 4.4 m məsafədən (35 kVt-lıq) elektirik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin bir hissəsi “Qəbələ” QTSC-nin adına verilmiş **********0218 nömrəli kadastr planın baza məlumatı ilə üst-üstə düşür. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını və ortofoto görüntüsü göndərilmişdir.
15. X1 tərəfindən verilmiş 21 noyabr 2025-ci il tarixli 242 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və "Google Earth" proqramının ortofoto (müxtəlif illərin aerokosmik çəkilişləri) görüntüləri nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən, Əzizbəyov rayonu Qala Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 47 saylı qərarı ilə İddiaçı fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi müəyyən edilir: X 426286.37 426312.80 426333.70 426306.25 Y 4479645.91 479678.13 4479660.02 4479628.03. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən, Əzizbəyov rayonu Qala Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 47 saylı qərarı ilə İddiaçı fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin "yaşayış məntəqələrinin torpaqları" təyinatlı (kateqoriyalı) olduğu və bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən edilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:
1. Torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır.
2. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.
3. Sahənin bir hissəsi “Qəbələ” QTSC-nin adına verilmiş **********0218 nömrəli kadastr planın baza məlumatı ilə üst-üstə düşür.
4. Bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir.
5. Torpaq sahəsinin 302 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir.
23. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
24. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.
25. İddiaçı Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 117 saylı qərarına istinad edərək, mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbini irəli sürmüşdür.
26. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 117 saylı qərarı və ona əlavə edilmiş sənədlərin əsli iddiaçıda mövcuddur və həmin qərarla iddiaçıya torpaq sahəsinin ayrılması Bələdiyyə tərəfindən təsdiq edilmişdir.
27. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
28. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən sözügedən torpaq ayrılma barədə qərarı mötəbər qiymətləndirir.
29. Məhkəmə eləcə də, cavabdehin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı işdə olan mötəbər sənədlərlə (mütəxəssis rəyi və s.) müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X 426286.37 426312.80 426333.70 426306.25 Y 4479645.91 479678.13 4479660.02 4479628.03. Eləcə də, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən, Əzizbəyov rayonu Qala Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 47 saylı qərarı ilə İddiaçı fərdi ev tikmək üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin "yaşayış məntəqələrinin torpaqları" təyinatlı (kateqoriyalı) olduğu və bələdiyyə mülkiyyətinə aiddir.
30. Məhkəmə həmçinin cavabdehin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin cisgisində istinad, istinad məsafələrinin qeyd olunmaması da, iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, işin hallarından göründüyü kimi, sözügedən torpaq sahəsi uzun illərdir iddiaçının faktiki istifadəsindədir və mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan qərarın və həmin qərara əlavə edilmiş yerləşmə cizgisinin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir. O cümlədən, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək sahənin bir hissəsinin - “Qəbələ” QTSC-nin adına verilmiş **********0218 nömrəli kadastr planın baza məlumatı ilə üst-üstə düşən hissəsi iddia tələbindən çıxarılmışdır. Həmin hissə artıq mübahisə predmeti təşkil etmir. Bundan əlavə, torpaq sahəsinin elektrik xəttinin mühafizəsi zonasında yerləşməsi ilə bağlı artıq çoxsaylı məhkəmə təcrübəsi mövcuddur və torpaq sahəsinin mühafizə zonasında yerləşməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir.
31. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
32. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
34. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Əzizbəyov (indiki Xəzər) rayonu, Qala qəsəbəsində yerləşən 1090 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva