Məhkəmə qərarları › İş №2-1(112)-2711/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2711/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2711/2021 28.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, üçüncü şəxs “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” açıq səhmdar cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensassiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və “xxxx” açıq səhmdar cəmiyyətinə (bundan sonra mətndə “xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə restrukturizasiya nəticəsində onun bank müəssisəsinə olan qalıq kredit borcunun 1.689 (bir min altı yüz səksən doqquz) manat 90 (doxsan) qəpik olduğu üçün bu barədə yeni kredit müqaviləsi bağlanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “xxxx” ASC üçüncü şəxs qismində cəlb olunmaqla məhkəmədən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və onunla “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2000-ci il tarixli kredit müqaviləsinə əsasən kompensasiya hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Cəlilabad filialından kredit götürmüşdür. Krediti ödədiyi zaman dollar bahalaşması və millii valyuta olan manatın üzən məzənnəyə keçməsi ilə əlaqədar xx xxxx 2015 ci ilə əsas kredit borcu 5.876 (beş min səkkiz yüz yetmiş altı) AB dolları 90 (doxsan) sent qalmışdır. Vətəndaşların banklara olan 10.000 (on min) ABŞ dolları borcunun kompensasiya edlməsi nəticəsində borcun azaldılmasına yönəldilən məbləğ 4.187. 00 (dörd min bir yüz səksən yeddi) manat təşkil etdiyindən onun bank təşkilatına 1.689.90 (bir min altı yüz səksən doqquz) manat 90 (doxsan) qəpik borcu qalmışdır. Bu barədə rəsmi sənədi Maliyyə Bazarlarına nəzarət Palatasından internet vasitəsi ilə əldə etsə də, Bank müəssisəsi onun sənədlərini Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim etməmişdir. Bank təşkilatının qanunsuz əməlləri nəticəsində onun qanuni hüququ kobud surətdə pozulmuşdur. Məsələnin qanuni yolla həll olunması üçün dəfələrlə banka müraciət etsə də, bu barədə onlarda heç bir məlumat olmadığını bildirmişdirlər. Ödəniş müddəti keçmiş əsas borcların kompensasiya edilməsini nəzərə alaraq onun iddia tələbi məhkəmə qaydasında öz qanuni həllini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, “xxxx” ASC Cəlilabad filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2000-ci il tarixli 04 saylı kredit müqaviləsinə əsasən sonuncunun xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək banka borcunun 4.310 (dörd min üç yüz on) ABŞ dolları, xx.xx.2019-cu il tarixinə 3.457 (üç min dörd yüz əlli yeddi) ABŞ dolları olduğunun nəzərə alınaraq iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1958-ci ildə Cəlilabad rayonu, Moranlı kəndinə doğulmuş, Cəlilabad rayonu, Moranlı kəndinə qeydiyyatdadır. Üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş; - kredit müqaviləsinin surətindən ilə müəyyən olunur ki, “xxxx” ASC-nin Cəlilabad şöbəsi ilə İddiaçı (“Borcalan”) arasında xx.xx.2000-ci il tarixdə bağlanmış 04 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən “Borcalan”a illik 10 faiz olmaqla, 06 ay müddətinə 8.900 (səkkiz min doqquz yüz) ABŞ dolları kredit verilmişdir. - “xxxx” ASC-nin Cəlilabad filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışda göstərilmişdir ki, “xxxx” ASC Cəlilabad filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2000-ci il tarixli 04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək banka borcu 4.310 (dörd min üç yüz on) ABŞ dolları, xx.xx.2019-cu il tarixinə 3.457 (üç min dörd yüz əlli yeddi) ABŞ dolları olmuşdur. Gecikmə günlərinin saylı 360+(360 gündən yuxarı) olmuşdur. Azərbaycan Respublikası Maliyyə X1 Apellyasiya Komissiyası tərəfindən İddiaçı müraciətinə xx.xx.2019-cu il tarixdə verilmiş ********** №-li cavab məktubunda, Fərmanla bağlı vətəndaşların qəbulunun həyata keçirilməsi məqsədilə yaradılmış işçi qrupu tərəfindən vətənaşların problemli kreditləri ilə bağlı Apellyasiya Komissiyasına müraciətlərinin qeydiyyatının həyata keçirildiyi bildirilmiş, Apellyasiya Komissiyasına müraciət edilməsi üçün tələb olunan zəruri sənədlərlə (hesabdan çıxarış və Azərbaycan Kredit Bürosundan çıxarış) birlikdə Palatanın inzibati binasında fəaliyyət göstərən işçi qrupuna yaxınlaşması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı müraciətinə xx xxxxxx 2020-ci il tarixdə verilmiş 26-02247-2020 №-li cavab məktubunda, Fərmanla əlaqədar müraciətlərə baxılmasını təmin etmək məqsədilə “ak.cbar.az” elektron səhifəsi yaradıldığı, problemli krediti ilə bağlı müraciətinə hazırda baxıldığı, müraciətilə bağlı qəbul ediləcək qərarlarla tanış olmaq üçün mütəmadi şəkildə “ak.cbar.az” elektron səhifəsi və “pk.cbar.az” saytına daxil olmağı xahiş olunmuşdur. “Elektron informasiya sistemindən” çıxarılmış İddiaçı xx xxxxxx 2015-ci il tarixə “xxxx” ASC-də olan kredit borcu üzrə 1.601,00 manat, xx xxxxxx 2015-ci il tarixə 2.586,00 manat, xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu 5.876.90 manat, borcun azaldılmasına yönəldilən məbləğ 4.187.00 manat, qalıq borc məbləği 1.689.90 manat göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə X2 tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə X2 həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı barəsində “xxxx” ASC-nin Cəlilabad filialı tərəfindən kredit məlumatlarının Azərbaycan Respublikası Maliyyə X2 təqdim edilməməsi səbəbindən Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanı onun barəsində tətbiq edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı “xxxx” ASC-nin Cəlilabad filialı ilə bağladığı xx xxxxxx 2000-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı “xxxx” açıq səhmdar cəmiyyətinin Cəlilabad filialı ilə bağladığı xx xxxxxx 2000-ci il tarixli 04 №li kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar