Məhkəmə qərarları › İş №2-1(112)-2711/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2711/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2711/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi) qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının 22 aprel 2021-ci il tarixli 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarının ləğv edilməsi, iddiaçının səhhətində olan problemlərə görə ikinci dərəcəli əlilliyin və onun əsasında verilən pensiyanın yenidən bərpa olunaraq ödənilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı 22 aprel 2021-ci il tarixli, 05 nömrəli qərarın ləğv edilməsi üçün 2021-ci ilin may ayında Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, ona bildirmişlər ki, əvvəlcə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməli və oradan imtina cavabı verildiyi təqdirdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmalıdır. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmiş və Agentlik tərəfindən xx.xx.2021-ci il tarixli, **********0 saylı imtina cavabını xx.xx.2021-ci il tarixdə aldıqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışdır. Həmin məktubda göstərilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Səhiyyə Nazirliyinin arayışından görünür ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin X6 xx.xx.2018- xx.xx.2018-ci il tarixlərdə müayinə və müalicə olunmuşdur. Sumqayıt şəhər Səhiyyə şöbəsinin 3 saylı şəhər xəstəxanasının “xəstənin stasionar tibbi kartasından” çıxarışdan görünür ki, xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə müalicə olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Tibb idarəsinin göndərişi əsasında qəbul edilmiş 25 fevral 2018-ci il tarixli qərara əsasən ümumi xəstəlik səbəbi ilə iddiaçıya 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Əgər iddiaçının əlil olması ilə bağlı şübhə var idisə, onda tibbi-sosial ekspert komissiyasından keçməklə müəyyən etmək olardı ki, iddiaçıya 2-ci qrup ümumi səbəbdən əlillik dərəcəsi təyin edilməsi qanuni olmuşdur və ya yox. İddiaçının xəbəri olmadan və iştirakı olmadan əlilliyinin ləğv edilməsi qanunsuz olmaqla, onun Konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli 4110003AAC6P saylı göndərişi əsasında baxılmış və “X1: 9-cu sinif –Qan dövranı sistemi xəstəlikləri= 120-125- Ürəyin işemik xəstəlikləri = 120 – Stenokardiya (döş inağı) = 120.0 – Qeyri stabil stenokardiya; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası FS - 3, tez-tez tutmalarla. Aterosklerotik kardioskleroz. Sol mədəciyin xroniki anevrizması. Hidroperikard. Hipertonoya xəstəliyi, ən yüksək risk. ÜÇ, mədəcik ekstrasistoliyası Hipertonoya xəstəliyi, ən yüksək risk. Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz. Mədəcik ekstrasistoliyası. Hidroperikard. Ürək çatmamazlığı. ÜÇ. Sol mədəciyin xroniki anevrizması. Virus mənşəli xroniki C hepatiti, tez-tez kəskinləşən virus “C” mənşəli, xroniki aktiv hepatit, sirroza keçid dövr. Xroniki qaraciyər çatmamazlığı 2-ci mərhələ, portal hipertoniya. Assit. Həzm funksiyasının əhəmiyyətli dərəcədə pozulması .; Mərkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan ağırlaşması qeyd edilməyib. Stasionar şəraitdə müayinə və müalicənin davam etdirilməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2018-ci il tarixli 029-3652-1218/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 66 nəfərə aid göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (38-ci sıra), “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı Regional Ərazi Filialının 22 aprel 2021-ci il tarixli 05 nömrəli “artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması” haqqında qərarının ləğv edilməsi və əlilliyə görə pensiyanın yenidən bərpa olunaraq ödənilməsi hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı onun barəsində cavabdeh tərəfindən edilmiş faktiki xarakterli hərəkətin hüququnu pozduğunu iddia edərək bu iddiaya cavab verməli orqana qarşı hazırkı iddianı qaldırmış, öhdəliyin icrası haqqında hazırkı iddianın qaldırılması üçün onun subyektiv hüququ olmuş, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsininxx.xx.2018-ci il tarixli göndərişi əsasında iddiaçıya xx.xx.2018-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə əlillik vəziyyəti (Diaqnoz: Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası FS İİİ, teztez tutmalarla. Aterosklerotik kardioskleroz. Sol mədəciyin xroniki anevrizması. Hidroperikard. Hipertonoya xəstəliyi, ən yüksək risk. ÜÇ İİİ, mədəcik ekstrasistoliyası. Ürək anevrizması, Sol mədəciyin xroniki anevrizması. Ürək ritminin digər pozğunluqları, Mədəcik ekstrasistoliyası. Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz. Plevranın digər zədələnmələri, Hidrotoraks. Hidroperikard. Ürək çatmamazlığı, ÜÇ İİİ) qiymətləndirilmiş və iddiaçıya xx.xx.2023-cü il tarixədək 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 029-3652-1218/5 nömrəli məktubdan görünür ki, Nazirliyin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərin (Forma 88) əsaslılığının araşdırılması ilə əlaqədar müraciətinə baxılmış, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan 75 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığından onlara Nazirliyin tibb müəssisələri tərəfindən verilən göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi bildirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş Siyahıda İddiaçı adı 38-cı sırada qeyd edilmişdir. İşdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunu əsas götürən cavabdeh Əlillik altsistemində İddiaçı əlilliyin qiymətləndirilməsini xx.xx.2018-ci il tarixdən etibarsız hesab etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi bildirmişdir ki, DİN-in Tibb idarəsinə bilavasitə tabe olan poliklinikaların X2 tərəfindən göndərişlər poliklinikalarda tibbi qeydiyyatda duran və nazirliyin Xüsusi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikalarda tibbi qeydiyyatda durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib olunmuş göndərişlər etibarsız hesab edilmiş və bu barədə ƏƏSMN-nə məlumat verilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik dərəcəsi Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Növbəti müayinə tarixi xx.xx.2023-cü il olmasına baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2018-ci məktubu ilə həmin İdarə tərəfindən 75 nəfər barəsində, o cümlədən iddiaçının adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə məlumat cavabdehə təqdim edildikdən sonra cavabdeh iddiaçıya təyin olunmuş əlillik təyinatını “Əlillik” altsistemində xx.xx.2018-ci il tarixdə etibarsız hesab etmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və dövlət səhiyyə müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və göndəriş rəsmiləşdiriləcəyi tədirdə onun tələbinin qiymətləndiriləcəyi bildirilmişdir. Buna görə də iddiaçı cavabdehin bu hərəkətini mübahisələndirərək əlillik dərəcəsinin bərpa olunması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Cavabdehin hərəkətinin qanuna uyğun olmasının yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. -1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. -4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. -4.3-cü bəndinə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. -4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. -4.9-1-ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. -4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. -4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. -5.3-cü bəndinə əsasən əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: -5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; -5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; -5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; -5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını mübahisələndirmiş, bununla bağlı göndəriş verən orqana məlumat vermiş, daha sonra isə həmin orqanın məktubu əsasında iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, onun barəsində qəbul edilmiş inzibati aktın nəticəsini şübhə altına almaqla onun nəticələrini ləğv edərkən, iddiaçının dinlənilmə hüququnu təmin etməmiş, ayrıca akt formasında qərar qəbul etməmişdir. Bununla cavabdeh eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur. Çünki inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə və bununla bağlı ayrıca inzibati akt qəbul etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-159/2022 qərarı). İşin yuxarıda sadalana hallarında cavabdehin bu normalara əməl etməsi müəyyən edilmir ki, bu da hazırkı iddianın əsaslı olması qənaətinə gəlmək üçün kifayətdir (bununla bağlı oxşar mövqe yuxarı instasiya məhkəmələrinin qərarlarında da təsbit edilmişdir). İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2018-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar