Məhkəmə qərarları › İş №2-1(112)-2712/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2712/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2712/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2, Cavabdeh2 Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2 BOKT MMC-yə qarşı «kredit borcunun restrukturizasiya edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2 BOKT MMC-yə qarşı «kredit borcunun restrukturizasiya edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı Cavabdeh2 BOKT İsmayıllı Filialı ilə 7 mart 2014cü il tarixli KAİsm 113585/14 saylı kredit müqaviləsi bağlayaraq, illik 24% dərəcəsi ilə 13.000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı kimi İsmayıllı şəhərində yerləşən 0,5 ha torpaq sahəsində yerləşən birmərtəbəli 77,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi girov qoyulmaqla ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı kreditin borcunun hissəsini ödəmiş, sonradan maddi vıziyyəti ilə əlaqədar ödənişi davam etdirə bilməmişdir. Əslində həmin borcun cüzi hissəsinin qaldığını düşünmüş, lakin Cavabdeh2 BOKT verdiyi hesabat üzrə əsas borc üzrə qalıq məbləğ 4.062 manat təşkil etmişdir. Kredit işi problemli kreditlər kateqoriyasına aid olduğundan, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşmüşdür. Kompensasiyanın sorğulanması zamanı portaldan çıxarılmış sənədə əsasən ona 371,53 manat kompensasiya hesablanaraq borcdan çıxılmış (bu barədə ona yaxın zamanlarda bildirilmişdir), qalıq borc məbləğinin güzəştli kredit müqaviləsi imzalanmaqla restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin bank tərəfindən bu prosedur həyata keçirilməmiş, ona istər rəsmi, istərsə də şifahi heç bir məlumat verilməmişdir. İddiaçı hesab etmişdir ki, qalıq borcun tam silinməsi həyata keçirilmişdir. Bu səbəbdən də o, gözləmə mövqeyində olmuşdur. Yaxın zamanlarda Cavabdeh2 BOKT İsmayıllı Filialı tərəfindən ona qarşı fərqli münasibət formalaşmağa başlanılmış, qalıq kredit borcu şişirdilərək ondan israrla tələb olunmuşdur. İpotekaya qoyulmuş fərdi yaşayış evinin borc əvəzinə balansa götürülməsi ilə əlaqədar tədbirlər görülməkdədir. Bundan da bəlli olmuşdur ki, Cavabdeh2 BOKT-un məqsədi əslində kredit borcunun ödənilməsi və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası deyil, digər maraqlardır. Bundan sonra iddiaçı cavabdehlərə müraciət edərək, həmin Fərmanın müddəalarının onun borcuna da tətbiq olunmasını xahiş etmişdir. Lakin Cavabdeh2 BOKT müxtılif bəhanələrlə restrukturizasiyadan imtina etmişdir. Göstərilənlərə əsaslanaraq, qalıq borcun restrukturizasiya edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 7 dekabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN OYNA75D) ilə Cavabdeh2 BOKT QSC arasında 7 mart 2014-cü il tarixdə bağlanmış 13.000 manat dəyərində kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Sözgedən kredit müqaviləsinin statusu həmin Fırmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən, 1 mart 2019-cu il tarixə vaxtı keçmiş əsas kredit borcu 3.690,13 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmişdir. Eyni zamanda, göstərilən məlumatlar Mərkəzi Bank tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə Mərkəzi Bank həmin Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi üzrə borc restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması Fərmanın 6-cı bəndinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu barədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edilir ki, hazırkı iş üzrə İddiaçı cavabdeh Mərkəzi Banka qarşı ipoteka borcunun restrukturizasiya edilməsinə dair iddia tələbi mümkün sayılmasın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh AR Mərkəzi Bankının nümayəndəsi X4 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi X5 iddianın əsassız olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, hazırkı İddiaçı «kredit borcunun restrukturizasiya edilməsi» tələbini iki cavabdehə – AR Mərkəzi Bankına və Cavabdeh2 BOKT MMC-yə qarşı irəli sürür və cavabdehlərdən yalnız biri (AR Mərkəzi Bankı) inzibati orqandır. Cavabdeh inzibati orqan AR Mərkəzi Bankı isə, hazırkı iddiaçıya münasibəıtdə onun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə qaldırılan iddia tələbi üzrə inzibati mübahisənin mövcud olmadığı müəyyən edilir və cavabdeh AR Mərkəzi Banka qarşı hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Digər cavabdeh "xxxx" BOKT MMC-yə münasibətdə isə mübahisə publik deyil, mülki xarakterli olduğundan, həmin cavabdehə qarşı iddiaya da inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar