Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2713/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək DSMFnin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi fılailı publik hüquqi şəxs tərəfindən 2011, 2014, 2018 və 2022-ci illərdə hesabının yenidən yoxlanmasına dair tərtib edlmiş inzibati aktlar “Əmək pensiyaları haqqında” Qanunun və sözügedən sahəni tənzimləyən digər normativ aktların müddəalarında təsbit edilmiş pensiya təminatı hüquqlarını pozduğuna görə ləğv edilməsi; iddiaçıya pensiya təyin edildiyi gündən (xx.xx.2006-cı il) sonra işlədiyinə görə və odur ki, peniya təyin olunan gündən sonra işlədiyi dövr ərzində fərdi hesabında məcburi sığorta ödənişləri hesabına pensiya kapitalı toplandığına və beləliklə işləyən pensiyaçı kimi yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazandığı sığorta hissəsini, habelə qulluq stajına görə təyin edilmiş məbləği tam şəkildə almağa hüququ olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavənin məbləğini azaltmamaqla pensiyanın məbləğinin 2006- 2022-ci illər üzrə artan yekunla yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi; Publik hüquqi şəxsin vəzifəli işçiləri yanlış hesablama aparmaqla, yaxud texniki səhvə yol verməklə iddiaçıya artıq ödəniş (1.796 AZN) edilməsi və xx.xx.2020-ci il tarixdə pensiyanın sığorta hissəsi üzrə indeksləşmə (16.6 faiz) aparılması zamanı səhlənkarlıq edib qulluq vəzifələrini layiqincə yerinə yetirmədiklərinə görə məsuliyyətin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.2011-ci ilədək olan dövrdə 31 il 5 ay ərzində prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 25 ildən çox xidmət etməyi nəzərə alınaraq, xx.xx.2006-cı ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ona qulluq stajına görə vəzifə maaşının 45% miqdarında əlavə məbləğ hesablanıb pensiya təyin edilmiş və həmin əlavə məbləği işləyən pensiyaçı kimi Dövlət Sosial Müdafiə Fondundan vaxtlı-vaxtında almışdır. 60 yaşı tamam olduqdan sonra xidməti başa vurmağı ilə əlaqədar xx.xx.2011-ci il tarixdə yaşa görə istefaya göndərilmişdir. İstefaya göndərildikdən sonra pensiya işi üzrə yenidən hesablama aparılmaqla ona ömürlük pensiya təyin edilmişdir. 25 ildən çox qulluq illərinə görə ona xx.xx.2006-cı ildən etibarən işləyən pensiyaçı kimi müvafiq məbləğdə pensiya təyin edildikdən sonra işləməyinə baxmayaraq və eləcə də pensiya təyin edilən gündən sonra işlədiyi dövr ərzində fərdi hesabında pensiya kapitalı toplanmasına və işləyən pensiyaçı kimi yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazandığı sığorta hissəsini tam şəkildə almağa hüququ olmasına baxmayaraq, pensiya kapitalının sığorta hissəsi ona tam məbləğdə ödənilməmişdir. İstefaya göndərildikdən sonra da eyni vəziyyət 17 il ərzində davam etmiş, bu müddət ərzində pensiya işi üzrə dəfələrlə yenidən hesablamalar aparılmasına baxmayaraq, qanunsuzluğa son qoyulması üçün tədbir görülməmişdir. Belə ki, bu illər ərzində istehlak qiymətlərində yaranmış fərqə (artıma) görə tətbiq edilən indeksləşmə əməliyyatı pensiya sənədləri üzrə hesablanıb ödənilməsi üçün konkret məbləğ müəyyənləşdirilsə də, qulluq stajına görə aldığı vəsaitin məbləği həmin məbləğ qədər, yəni indeksləşmə hesablaması nəticəsində alınan məbləğ səviyyəsində azaldılmış, son nəticədə ona heç bir ödəniş edilməmiş və pensiyanın ümumi məbləği dəyişməz olaraq qalmışdır. Göstərdikləri hesablamanın yoxlanmasına dair publik hüquqi şəxs tərəfindən tərtib edilmiş inzibati aktlar, 17 il ərzində ona pensiya ödənişi edilməsi barədə aparılmış müvafiq sənədləşmələr, cavabdehin ona təqdim etdiyi xx.xx.2022-ci il tarixli 226312 096 45 nömrəli arayış və publik hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iddia tələbi üzrə keçirilən məhkəmə baxışına təqdim etdiyi rəyi ilə təsdiq edilir. Belə olan halda qeyd olunur ki, publik hüquqi şəxs tərəfindən pensiya hesablamanın yoxlanmasına dair 2011, 2014, 2018, 2022-ci illərdə tərtib edilmiş inzibati aktlar sözügedən sahəni tənzimləyən normativ aktların müddəalarında təsbit edilmiş pensiya təminatı hüquqlarını pozduğuna və bir pensiyaçı kimi sosial müdafiəsini yaxşılaşdırmaq əvəzinə ailə büdcəsinə maddi ziyan vurmaqla haqsızlıq edildiyinə görə ləğv edilməli, pensiyanın məbləği 2006- 2022-ci illər (cəmi 204 ay) üzrə yenidən hesablanıb ödənilməmiş pensiya məbləğinin ödənilməsi təmin edilməli, həmin dövr üzrə pensiyanın sığorta hissəsi indeksləşdiriləcək yenidən artan yekunla hesablanmalı və bu hesablama zamanı pensiyaya qulluq stajına görə edilmiş əlavənin məbləği azaldılmamalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sonuncu ərizəsinə uyğun olaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdeh inzibati orqanın iddiaçının pensiyasının yenidən hesablanması barədə 2022-ci ildə qəbul edilmiş qərarının ləğv edilməsi və xx.xx.2011-ci ildən 2022-ci ilin sonunadək olan dövr üzrə hər il üçün müəyyənləşdirilmiş inflyasiya faizinə uyğun olaraq pensiyanın indeksləşməsi, bu zaman qulluq stajına görə əlavə məbləğin azaldılmaması və hesablamanın artan yekunla aparılmaqla ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” formasında dəqiqləşdirilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı A.K.X2 rayon şöbəsi tərəfindən 01 yanvar 2006-cı il tarixdən prokurorluq orqanlarının əməkdaşı (işləyən) kimi yaşa görə əmək pensiyası təyin edilmiş, 03 fevral 2011-ci il tarixdən prokurorluq orqanlarından azad olması ilə əlaqədar pensiya məbləği yenidən hesablanmışdır. Daha sonra Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2- 1(82)-4060/2018 nömrəli Qərarı nəzərə alınmaqla aparılan araşdırma zamanı məlum olmuşdur ki, 03 fevral 2011-ci il tarixdə iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 819,12 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 368,60 manat, rütbəyə görə əlavəsi 127,00 manat, digər növ əlavələri 752,92 manat olmaqla orta aylıq əməkhaqqısı 2067,64 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı1 əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 31 il 4 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqısının (2067,64 manat) 80 faizi-1654,11 məbləğində müəyyən edilmişdir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına ilə əlaqədar 01 yanvar 2014-cü il tarixdən İddiaçı1 vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 943,50 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 424,58 manat, rütbəyə görə əlavəsi 127,00 manat, digər növ əlavələri 857,62 manat olmaqla orta aylıq əməkhaqqısı 2352,70 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı1 əmək pensiyası Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 31 il 4 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (2352,70 manat) 80 faizi-1882,16 məbləğində müəyyən edilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 01 mart 2018-ci il tarixdən İddiaçı1 vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1036,58 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 466,46 manat, rütbəyə görə əlavəsi 127,00 manat, digər növ əlavələri 935,95 manat olmaqla orta aylıq əməkhaqqısı-2565,99 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı1 əmək pensiyası Qanunun 20.8.2-ci maddəsinə əsasən 31 il 4 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (2565,99 manat) 80 faizi-2052,79 manat məbləğində müəyyən edilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılmasına ilə əlaqədar 01 dekabr 2022-ci il tarixdən İddiaçı1 vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1369,00 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 616,05 manat, rütbəyə görə əlavəsi 127,00 manat, digər növ əlavələri 1196,70 manat olmaqla orta aylıq əməkhaqqısı 3308,75 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı1 əmək pensiyası Qanunun 20.8.2-ci maddəsinə əsasən 31 il 04 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqısının (3308,75 manat) 80 faizi – 2647 manat məbləğində müəyyən edilib. İddiaçıya xx.xx.2011-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 319043,89 manat pensiya məbləği ödənilməli olduğu halda, 320840,70 manat ödənildi nəticədə 1796,81 manat artıq pul vəsaiti ödənilib. Cavabdehin dəqiqləşdirilmiş iddia tələbinə dair təqdim etdiyi yazılı münasibətdə bildirilmişdir ki, xx.xx.2025-ci ildə keçirilmiş məhkəmə iclasında İddiaçı1 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın 2022-ci ildə iddiaçının hesabının yenidən yoxlanmasına dair tərtib edilmiş inzibati akt “Əmək pensiyaları haqqında” Qanunun və sözügedən sənədin tənzimləyici normativ aktların müddəalarında təsbit edilmiş pensiya təminatı hüquqlarının pozduğuna əməldə 25 il xidmətdən sonra daha 6 il 5 ay işlədiyinə görə fərdi hesaba məcburi sığorta ödənişləri hesabına pensiya kapitalı toplandığına, beləlkliklə yaş pensiyası kimi yaşa görə əmək pensiyasının təyini edilməsinin məbləği tam şəkildə hüquqi olduğuna görə 2006–2022-ci illərdə hər il üçün müəyyənləşdirilmiş ödənişli faizinə əsasən həm illər üzrə yenidən hesablanmış və təyin edilmiş pensiya məbləğinin yaşa görə əlavə məbləği azaldılmaqla “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq sözügedən illər üzrə pensiya məbləğinin artan məbləğinin yenidən hesablanması və ödənilməsi pensiya hüququnun bərpası zəruriliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh orqanın vəzifəli işçilərinin pensiya qanunvericiliyini normalarını laqeydcəsinə tətbiq etmələrinə görə 5 il əvvəl iddiaçıya artıq ödəniş (1796 AZN) edilməsi epizoduna görə pozuntunun iddiaçının təqsiri üzündən baş vermədiyinin nəzərə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd olunur ki, X1 pensiya işinə dair sənədlərdə ona Fondun Xətai rayon şöbəsi tərəfindən 1 yanvar 2006-cı il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi, prokurorluq orqanlarından azad olunması ilə əlaqədar əmək pensiyasının 3 fevral 2011-ci il tarixindən yenidən hesablandığı qeyd olunub. İddiaçı1 əmək pensiyasının yenidən hesablanması zamanı həmin tarixədək topladığı pensiya kapitalı nəzərə alınıb. Eyni zamanda bildirilir ki, aparılan araşdırma zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli 2-1(103)-2815/18 nömrəli qərarı nəzərə alınmaqla İddiaçı1 pensiya məbləği 14 mart 2022-ci il tarixində qanunvericiliyə uyğunlaşdırılaraq 2348,72 manatdan 2052,79 manata azaldılmış, həmçinin ona xx.xx.2011–xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 3846,73 manat artıq ödənilmiş vəsaitin ödənildiyi müəyyən edilib. Qeyd edilənlərlə əlaqədar şəxsə 18 iyul 2022-ci il tarixli **********5 nömrəli məktubla məlumat verilib. 1 dekabr 2022-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar İddiaçı1 əmək pensiyası 2023-cü il tarixində vəzifə maaşlarının artırılması ilə əlaqədar pensiyasının tərkibinə daxil edilən məbləğlərin onun pensiyasına əlavə və maddi yardımla əmək pensiyası 25 yanvar 2023-cü il tarixindən etibarən də yenidən hesablanaraq müvafiq hesablanma nəticəsində ona ümumilikdə 1247,84 manat fərq məbləğ ödənmişdir, həmçinin İddiaçı1 1 yanvar 2023-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar pensiyası yenidən hesablanmış və həmin tarixdə 3339,72 manat məbləğində müvafiq pensiya ödənilmişdir. Həmin ona 2023-cü ilin yanvar ayı üzrə ödənilməli olan 428,02 manat pul vəsaiti hesablanıb. Bundan başqa, İddiaçı1 dövlət qulluqçusu kimi 2023-cü il fevral ayı üçün ödənilməli olan 59,44 manat əlavə hesablanıb. Həmin vəsait 2023-cü ilin fevral ayında müvafiq kart hesabına köçürülüb. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı1 pensiyası həmin tarixdə 3373,16 manat məbləğində yenidən hesablanıb. Həmin ona 2024-cü ilin yanvar ayı üzrə ödənilməli olan 374,05 manat pul vəsaiti hesablanıb. Əmək pensiyasının 1 yanvar 2025-ci il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı1 pensiyası həmin tarixdə 3101,75 manat məbləğində müəyyən edilib. Həmin ona cari ilin yanvar ayı üzrə ödənilməli olan 300,81 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən, əmək pensiyasının yenidən hesablanması və ya pensiya hüququnun yaranması nəticəsində artıq aylıq pul vəsaiti ödənildikdə, bu Qaydının 6.1.4-cü, 6.1.6-cı və 6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla keçmiş dövr üzrə artıq və artıq ödəmlər müəyyən edildikdə, həmin ödəmlər Qanunun 32.1ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı1 artıq ödənilmiş pul vəsaitinin məbləği 1 mart 2025-ci il tarixinə 1496,01 (3846,73– 1247,84–428,02–374,05–300,81) manat təşkil edir. Həmçinin, xx.xx.2022-ci il tarixindən sonra İddiaçı1 dair artqödəmə barədə hər hansı qərar qəbul olunmayıb. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə və iddianın dəyişdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazların məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növündə iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1951-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Pensiya içinin materiallarında olan AR DSMF-in Xətai rayon şöbəsinin xx.xx.2006cı il tarixli, 03/733 nömrəli qərarından görünür ki, İddiaçı1 xx.xx.2006-cı il tarixdən sabiq prokurorluq işçisi kimi xidmət illərinə görə pensiya təyin edilmişdir. -Cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətlərinə baxılmış və etirazdakı əsaslara uyğun imtina verilmişdir. -DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərarından görünür ki, İddiaçı1 yenidən hesablanmış pensiya məbləği 2052,79 manat olmuşdur. Pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi aşağıdakılardan ibarət olmuşdur: vəzifə maaşı 1036,58 manat, ixtisas dərəcəsinə görə əlavə 127 manat, qulluq stajına görə əlavə 466,46 manat, mükafatlar 120,93 manat, mükafatlar əmək haqqı 815,02 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, iş üzrə müəyyən edilmiş hallardan görünür ki, tərəflər arasında mübahisə doğurmayan məsələ ondan ibarətdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdə prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi əmək pensiyası təyin olunmuşdur. Pensiya təyin olunduğu andan etibarən iddiaçı əmək pensiyaçısı statusunu daşımış, xx.xx.2011-ci il tarixdən isə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflər xx.xx.2006–xx.xx.2011-ci il tarixlərini əhatə edən dövrdə pensiyanın hesablanmasına dair hər hansı mübahisənin mövcud olmadığını qəbul etmiş, mübahisənin yalnız xx.xx.2011-ci il tarixindən sonrakı dövrdə yarandığını bildirmişlər. Cavabdeh öz mövqeyini onunla əsaslandırır ki, iddiaçının işləməyən əmək pensiyaçısı statusuna keçməsindən sonra əmək pensiyası düzgün hesablanmamış, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü ilədək qüvvədə olmuş redaksiyasına əsasən, sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavə məbləğ həmin artım qədər azaldılmalı olduğu halda, əvvəlki illərdə həm sığorta hissəsi, həm də qulluq stajına görə əlavələr eyni zamanda artırılmışdır. Bu səbəbdən cavabdeh əvvəlki hesablamaları səhv hesab edərək, xx.xx.2022-ci il tarixli qərarla iddiaçının əmək pensiyasını yenidən hesablamışdır. Lakin məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli pensiyanın yenidən hesablanması barədə qərar əsassız olmuş və qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə iddianın mahiyyətinə keçməzdən əvvəl bildirir ki, iddiaçı öz tələbini “xx.xx.2011-ci ildən 2022-ci ilin sonunadək olan dövr üzrə hər il üçün müəyyənləşdirilmiş inflyasiya faizinə uyğun olaraq pensiyanın indeksləşməsi, bu zaman qulluq stajına görə əlavə məbləğin azaldılmaması və hesablamanın artan yekunla aparılmaqla ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” formada göstərsə də, onun həmin tələb ilə nail olmaq istədiyi məqsəd əmək pensiyasının indeksləşdirilməsi deyil, onun fərdi hesabında toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının məbləğinin yenidən hesablanmasıdır. Burada əsas hüquqi məsələ, bu hesablamaların aparılması zamanı qulluq stajına görə müəyyən edilmiş əlavənin azaldılmadan saxlanılması zərurətidir. Məhkəmə, hazırki iddianın mahiyyəti üzrə əsaslı olmasını aşağıdaki qanunvericiliyin müddəaları ilə təhlil edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; -1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşların əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatma və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı). Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, iddiaçının kateqoriyasında olan şəxslər (prokurorluq orqanlarında qulluq etmiş şəxslər) də belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla onun pensiyasına qulluq stajına görə əlavə edilir. Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017xx.xx.2022-ci il tarixinə qədər qüvvədə olan 2-ci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İşin faktiki hallarına əsasən də, iddiaçıya xx.xx.2006-cı il tarixdə pensiya təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətinə davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığmışdır. Belə olan halda, iddiaçının xx.xx.2011-ci il tarixədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmasını tələb etmək hüququ bar. Bu isə ona əsas verir ki, cavabdeh ilkin olaraq həm sığorta hissəsini, həm də qulluq stajına görə əlavələr hissəsini artırmaqda haqlı olmuş, lakin daha sonra xx.xx.2022-ci il tarixli yenidən hesablama qərarı ilə gəldiyi mövqeyi nəticəsində qulluq stajına görə əlavələri azaltmaqda haqlı olmamışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərarı ləğv edilməli, xx.xx.2011-ci il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması və ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2449/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-2145/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarında, 2-1(102)-1382/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da analoji mövqedən yanaşmış, lakin cavabdeh inzibati məhkəmə təcrübəsini nəzərə almadan müraciətin təminindən imtina etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarı ləğv edilsin. İddiaçı1 əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2011-ci il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması və ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2713/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2713/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver