Məhkəmə qərarları › İş №2-1(112)-2715/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2715/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2715/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində göstərilməklə hərbi xidmətə göndərilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə (bundan sonra mətndə SHXÇDX-nin Binəqədi rayon idarəsi) qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra mətndə SHXÇDX) üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətli həqiqi hərbi xidmətə cəlb olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Tibbi müayinədən keçərkən onda qan xəstəliyi aşkar olunmuş və xx.xx.2016-cı il tarixdə SHXÇDX-nin Binəqədi HHK tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 11a maddəsinə əsasən (AR NK-nin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı) həm dinc dövrdə, hə də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. O, hal hazırda tam sağlamdır (qan xəstəliyinin olmaması barədə sənədlər əlavə olunur) və vətənə olan borcunu yerinə yetirmək istəyir. O, ilkin hərbi qeydiyyata alınarkən sağlam olmuşdur. Müddətli həqiqi hərbi xidmətə çağırılmağı ilə bağlı SHXÇDX-nin Binəqədi rayon idarəsinə müraciət etmişdir. Həmin idarənin xx.xx.2022-ci il tarixli 1446 saylı məktubuna əsasən ona bildirmişlər ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilir və bu kateqoriyadan olan şəxslərin yenidən tibbi müayinəsi və ya hərbi xidmətə göndərilməsi nəzərdə tutulmamışdır. Qanunvericilikdə “həm dinc dövrdə, hə də müharibə dövründə hərbi xidmətə yararsız” hesab olunmuş vətəndaşların yenidən tibbi müayinəsi və ya hərbi xidmətə göndərilməsi nəzərdə tutulmasa da, o, sağlamdır və cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh SHXÇDX-nin Binəqədi rayon idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair 1845 №-li, xx.xx.2022-ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı rayon çağırış komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İ qrafasının 11a maddəsinə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Həmin Əsasnamənin Vİ fəslinin 6.2-ci bəndinə əsasən, yalnız hərbi xidmətə çağırış zamanı “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşların 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilməsi nəzərdə tutulmuşdur. İddiaçı “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edildiyi üçün təkrar məcburi tibbi şəhadətləndirilməyə cəlb edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Üçüncü şəxs SHXÇDX-nin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı xx.xx.1994-cü il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: - AA ******* №-li şəxsiyyət vəsiqəsinin və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AR SHXÇDX-nin Binəqədi rayon İdarəsi tərəfindən verilmiş SX ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.11994-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı ildə SHXÇDX-nin Binəqədi HHK tərəfindən xəstəliklər cədvəlinin 1-ci qrafasının 11C maddəsinə əsasən (AR NK-nin xx.xx.2008-ci il tarixli 59 №-li qərarı) həm dinc dövrdə, həmdə müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 1446 №-li, xx.xx.2022-ci il tarixli məktubda, rayon çağırış komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin Xəstəliklər cədvəlinin İ qrafasının 11-ci maddəsinin “a” bəndinə əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilməklə, hərbi uçotdan çıxarılaraq istefaya keçirildiyi, “’Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” sayılmış vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edildiyi və bu kateqoriyadan olan şəxslərin yenidən tibbi müayinəsinin və ya hərbi xidmətə göndərilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 3299 №-li, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı "İrsi hemoqlobinopaiya. Heteroziqot Beta talassemiya geninin daşıyıcısı” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin “Xəstəlilkər cədvəli”nin 80ç maddəsinin İ qrafasına əsasən "Hərbi xidmətə yararlıdır. A-3” hesab edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş K/321 saylı rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, İddiaçı hazırkı məhkəmə-tibbi ekspertizası zamanı (xx.xx.2022) onda “İrsi hemaqlobinopatiya. Heteroziqot Beta talassemiya geninin daşıyıcısı” diaqnozlu xəstəlik aşkar edildi. İddiaçı bu diaqnozla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80ç maddəsinin İ qrafasına və ƏTC-yə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilir. Hazırda İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsində göstərilən xəstəliklər üzrə “a” bəndində qeyd olunan “funksiyaların mühüm dərəcədə pozulması ilə tez proqressivləşən”, qanaxmalarla, qansızmalarla müşayiət olunan hərhansı bir xəstəlik müəyyən olunmur. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8.3-cü bəndinə əsasən “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: 8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. “A”-hərbi xidmətə yararlıdır; “B”sıradankənar hərbi xidmətə yararlıdır; “C”-sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç”-hərbi xidmətə müvəqqəti yararsızdır; “D”-həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. Həmin Əsasnamənin “Xəstəliklər cədvəli”nin 11-ci bəndində aşağıdakılar qeyd olunmuşdur: Qan və qanyaradıcı orqanların xəstəlikləri, immunçatışmazlığı halları: a) funksiyaların mühüm dərəcədə pozulması ilə tez proqressivləşən; b) b) qanın tərkibinin mühüm dəyişiklikləri və periodik kəskinləşmələrlə, tədricən proqressivləşən; c) qanyaradıcı sistemin funksiyalarının mülayim dərəcədə pozulması və nadir kəskinləşmələrlə tədricən proqressivləşən; ç) qanın qeyri-sistem xəstəliklərindən sonrakı müvəqqəti funksional pozulmalar. “a” bəndinə qanaxmalarla, qansızmalarla müşayiət olunan, ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş hipoplastik və ya aplastik anemiyalar, trombositopatiyaların irsi formaları, hemofiliyalar, talassemiyalar, koaqulopatiyalar aiddir. Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular remissiyaya yalnız qlükokortikoid terapiyası ilə nail olunduqda “c” bəndi, yaxşı nəticə ilə splenektomiya keçirənlər “b” bəndi, aparılmış müalicənin səmərəsi olmadıqda isə “a” bəndi üzrə şəhadətləndirilirlər. Autoimmun trombositopenik purpuranın epizodunu keçirmiş, “Xəstəliklər cədvəli”nin İİİ qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular qlükokortikoid terapiyanın və ya splenektomiyanın yaxşı səmərəsi olduqda “ç” bəndi üzrə şəhadətləndirilirlər. Hemorragik təzahürlər olmadan, xroniki, tədricən proqressivləşən gedişə malik, mülayim dərəcədə ifadə olunmuş trombositopeniya zamanı və əvəzedici hormonal terapiyaya (splenektomiyadan sonra və ya onsuz) ehtiyac olmadıqda, şəhadətləndirilmə “c” bəndi üzrə, splenektomiyanın səmərəsi cüzi olduqda və ya olmadıqda, “a” bəndi üzrə keçirilir. Villebrand xəstəliyi olduqda, şəhadətləndirilmə funksiyaların pozulma dərəcəsindən və xəstəliyin gedişindən asılı olaraq “a”, “b” və ya “c” bəndi üzrə keçirilir. Hemorragik vaskulitlərin dəri və oynaq formalarını keçirmiş hərbi qulluqçulara məzuniyyət verilir, xəstəliyin təkrar kəskinləşməsi zamanı funksiyaların pozulma dərəcəsindən və xəstəliyin gedişindən asılı olaraq, şəhadətləndirilmə “b” və ya “c” bəndi üzrə keçirilir. Hemorragik vaskulitlərin digər formaları ilə xəstəliyin gedişindən asılı olmayaraq, funksiyaların pozulma dərəcəsindən asılı olaraq şəhadətləndirilmə “b” və ya “c” bəndi üzrə keçirilir. İnfeksion fəsadlaşmaların tez-tez residivləri ilə müşayiət olunan qazanılmış və ya anadangəlmə davamlı immunçatışmazlığı hallarında (insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəlikdən başqa) şəhadətləndirilmə “a” bəndi üzrə keçirilir. Digər immunçatışmazlığı hallarında, qanyaradıcı sistemin digər orqanların patoloji dəyişiklikləri ilə müşayiət olunan sarkoidozunda hərbi xidmətə və hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası zədələnmiş orqanın və ya orqanlar sisteminin funksiyalarının pozulma dərəcələrindən asılı olaraq, “Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə təyin edilir. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşlar 3 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Əmək qabiliyyətinin tam bərpa olunması və hematoloji göstəricilərin normallaşması məqsədi ilə hərbi qulluqçulara xəstəliyin orta ağır formalarından sonra 15 gün, ağır formalarından sonra isə 30 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin üzərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11 “a” maddəsinin əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş İddiaçı təkrar tibbi müayinədən keçirilməklə, sonuncunun müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin üzərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11 “a” maddəsinə əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş İddiaçı təkrar tibbi müayinədən keçirilməklə, müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar