Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2716/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-205149/2023 saylı məktub ilə iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ona xx.xx.2017-ci il tarixindən Fondun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası güzəştli iş stajının olmaması səbəbindən xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Həmin dövrlərdə artıq ödənilmiş pul vəsaiti haqqında ona 3 mart 2021-ci il tarixli **********7 nömrəli və 19 may 2021-ci il tarixli **********6 nömrəli məktublarla ətraflı məlumat verilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona ümumilikdə 7966,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixindən ona güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin xx.xx.2020-ci il tarixindən dayandırılması və artıq ödənilmə hesab edilən 7966,77 manat vəsaitin büdcəyə bərpa edilməsi barədə xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə- 205149/2023 saylı cavab məktubunun əsassız hesab edilməsi və xx.xx.2021-ci il tarixindən ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyamın ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin xx.xx.2020-ci il tarixdən dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********4 saylı qərarın ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin davam etdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixində anadan olmuşdur. xx.xx.2006-cı il tarixinə kimi kimi 22 il 03 ay ümumi, 10 il 02 ay güzəştli iş stajı olduğuna görə 52 yaşı tamam olan gündən, yəni xx.xx.2017-ci il tarixindən ona DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2020-ci tarixinə kimi ödənilmişdir. Ona təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyamın hansı səbəbdən dayandırılması barədə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəfələrlə müraciət etməsinə baxmayaraq ona ətraflı məlumat verilməmişdir. Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 336 saylı arayışdan da göründüyü kimi, o həqiqətən xx.xx.1993-cü il tarixindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetində təssərüfat bacısı vəzifəsinə işə qəbul edilmişdir. Halhazıradək həmin şöbədə sanitar qadın kimi zərərli iş şəralində tam iş günü ərzində fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işçilərinin vəzifələri üzrə tarif ixtisas xüsusiyyətlərində sanitar qadın vəzifəsi kiçik tibb heyyətinə daxil edilmişdir. Ona görə də arayışda qeyd edilir ki, onun Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə (Bölmə 19, Səhiyyə və Sosial təminat idarələri, ə-bəndi: Onkoloji idarələrin kimya terapeya bölmələrində və kabinetlərində; həkimlər, orta və kiçik tibb heyyəti) güzəştli şərtlərlə pensiya hüququ vardır. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il trixinə kimi olan dövr ərzində Milli Onkologiya Mərkəzinin rentgen-diaqnostika kabinetində sanitar işləməyini əsas götürərək pensiyanın ödənişini dayandırmışdır. NK-nin "Azərbaycan Respublikasının büdcədən maliyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş təlimatın 2.2.1 (“Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə) bəndinə uyğun olaraq hər ay vəzifə (tarif) maaşının 15% miqdarında əlavə əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli 8 nömrəli Kollegiya qərarı ilə “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin vahid tarif X2” təsdiq edilmişdir. Həmin qərarla səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş diapazonu cədvəlinin İV Bölməsində sanitar qadın (sanitar)- kiçik tibb heyyətinə daxil edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) onkoloji idarələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində bəndində (ə) rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları nəzərdə tutulmuşdur. Araşdırma zamanı iddiaçıya dair 27 sentyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Milli Onkologiya Mərkəzinin rentgen diaqnostika kabinetində sanitar vəzifəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi vəzifə isə yuxarıda qeyd olunan rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göründüyü kimi, iddiaçıya xx.xx.2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya ümumilikdə 7966,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşdən görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət edərək, ona pensiya təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 05.2018-ci il tarixli, 860 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən ömürlük 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir. Cavabdehin əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixlli, **********4 nömrəli qərarından görünür ki, DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubuna əsasən xx.xx.2017-ci il tarixdən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. Qərardan görünür ki, sonuncu pensiya məbləğinin ödənildiyi tarix xx.xx.2020-ci il olaraq göstərilmişdir. İddiaçı hazırda bu qərarın ləğv edilməsini və ona ödənilmiş pensiya məbləğinin ödənişinin bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Deməli, hazırkı halda aydınlaşdırılmalı hal inzibati orqan tərəfindən mübahisəli qərar qəbul ediləkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsidir. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı həm maddi, həm də prosessual tələbləri pozmuşdur. Belə ki, ƏPQ-nin 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, cavabdeh may 2018-ci il tarixdə xx.xx.2017-ci ildən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, həmin akt iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMF-nin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində Filial öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar, yaxud dayandırma barədə inzibati akt qəbul etmədən xx.xx.2020ci il tarixdə İddiaçı təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə Filial yalnız daha sonra, xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Məhkəmə yuxarıda istinad olunan normaları nəzərə alaraq hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə, cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması isə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1798/2021 qərarı). İş materiallarından görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, prosessual normaların pozulmasına yol verməklə qüvvədə olan aktını ləğv etmədən pensiya ödənişini dayandırmış, daha sonra isə iddiaçının dinlənilmə hüququnu təmin etmədən əsaslandırılmamış inzibati akt qəbul etmiş, bununla da əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə İddiaçı hüquqlarının pozulmasına yol vermişdir. İşdən görünür ki, iddiaçı “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli qərarı qəbul edərkən həm də maddi hüquq normalarını pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajının olmadığına istinad edərək, ona pensiya təyin edilməsinin qanunsuz olduğunu bildirir. Əsas kimi isə göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) onkoloji idarələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində bəndində (ə) rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları nəzərdə tutulmuşdur. Araşdırma zamanı 27 sentyabr 1983cü il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1993-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Milli Onkologiya Mərkəzinin rentgen diaqnostika kabinetində sanitar vəzifəsində işlədiyi müəyyən edilmişdir. Həmin əzifə isə yuxarıda qeyd olunan rentgen bölmələ (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının pensiya hüququ yarandığı xx.xx.1017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşdən görünür ki, cavabdeh iddiaçının xx.xx.2017-ci il tarixə 20 il ümumi iş stajının olmasını mübahisələndirmir. Buna görə də məhkəmə həmin dövrün yoxlanılmasına zərurət görmür. İddiaçının həmin tarixə 10 il güzəştli iş stajının olmasına gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 335 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1993-cü ildən (əmr 69-k xx.xx.2007-ci il) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetinə təsərrüfat bacısı vəzifəsinə qəbul edilmişdir. Hal-hazıradək həmin şöbədə sanitar qadın (xadimə) zərərli iş şəraitində tam iş günü ərzində fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işçilərinin vəzifələri üzrə tariff ixtisas xüsusiyyətlərində sanitar qadın (xadimə) vəzifəsi kiçik tibb heyətinə daxil edilmişdir. Buna görə də İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li Qərarı ilə (Bölmə 19, Səhiyyə və Sosial təminat idarələri, ə-bəndi onkoloji idarələrin kimya terapiya bölmələrində və kabinetlərində; həkimlər, orta və kiçik tibb heyəti) güzəştli şərtlərlə pensiya hüququ qazanır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, 198 nömrəli aydınlaşdırıcı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1993-cü ildən (əmr 69-k xx.xx.2007-ci il) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetinə təsərrüfat bacısı vəzifəsinə qəbul edilmişdir. Hal-hazıradək həmin şöbədə sanitar qadın (xadimə) zərərli iş şəraitində tam iş günü ərzində fəaliyyət göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işçilərinin vəzifələri üzrə tarif ixtisas xüsusiyyətlərində sanitar qadın (xadimə) vəzifəsi kiçik tibb heyətinə daxil edilmişdir. Buna görə də İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li Qərarı ilə (Bölmə 19, Səhiyyə və Sosial təminat idarələri, ə-bəndi onkoloji idarələrin kimya terapiya bölmələrində və kabinetlərində; həkimlər, orta və kiçik tibb heyəti) güzəştli şərtlərlə pensiya hüququ qazanır. İddiaçı 1989-cu il tarixdən 1991-cı il tarixədək indiki Milli Onkologiya Mərkəzi adlanan Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun nəzdində olan Vivari şöbəsində çalışmışdır və 2 (iki) il birbaşa kimyəvi zərərli maddələr ilə təmasda olmuşdur. 2003-cü ildən hal-hazıradək Milli Onkologiya Mərkəzinin rentgen şöbəsində fəaliyyət göstərir. 35 illik iş müddəti ərzində səhhəti ilə bağlı problemlər yaranıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2024-cü il tarixli, 199 nömrəli arayışda isə göstərilmişdir ki, İddiaçı 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetinə təsərrüfat bacısı vəzifəsinə qəbul olunmuşdur. Hal-hazırda İddiaçı kimya terapiya bölməsində kiçik tibb işçisi kimi fəaliyyət göstərmir. Rentgen diaqnostikası şöbəsində sanitar qadın (xadimə) vəzifəsində çalışır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən: ə) onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində: həkimlər, orta və kiçik tibb heyəti rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”Na əsasən Sanitar qadın (sanitar) kiçik tibb heyətinə daxil edilmişdir. İşdən görünür ki, işəgötürən də məhz iddiaçının işlədiyi sanitar qadın (xadimə) vəzifəsinin onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində işləyən kiçik tibb heyətinə daxil olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının rentgen bölməsində (kabinetində) deyil, şüa diaqnostika şöbəsinin rentgen-diaqnostika kabinetində işləməsi, işlədiyi vəzifənin isə kiçik tibb bacısı deyil, kiçik tibb heyətinə aid olması işin mübahisəsiz halıdır. Belə olan halda cavabdehin hansı əsasla iddiaçının işlədiyi vəzifənin onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində kiçik tibb heyəti deyil, rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacılsı vəzifəsi ilə müqayisə etməsi başa düşülən deyil. Cavabdeh bununla bağlı hər hansı bir əsaslandırmanı nə qəbul etdiyi qərarda, nə də məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, Milli Onkologiya Mərkəzi Azərbaycanda bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan böyük aparıcı ixtisaslaşmış elmi-tədqiqat müəssisədir və həmin müəssisə öz sahəsində ixtisaslaşmış qurum kimi hansı vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə aid olmasını müstəqil müəyyən etmək imkanına malikdir. Buna görə də əgər cavabdeh onun verdiyi arayışı şübhə altına alırsa, bu zaman mülahizəyə deyil, təkzibolunmaz sübutlara istinad etməlidir, hansı ki, hazırkı iş üzrə belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə cavabdehin iddiaçının güzəştli iş stajının olmaması barədə dəlilini qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli "əmək pensiyasının dayandırılması haqqında" qərarı qanunsuz olduğundan ləğv edilməli, iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi dayandırıldığı tarixdən bərpa olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********4 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2716/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2716/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver