Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2717/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, “ƏDV-nin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 27 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası” (bundan sonra – Qayda) təsdiq edilmişdir. X3 (bundan sonra – iddiaçı) 16 noyabr 2022-ci il tarixli Mənzil Alqı-Satqısına dair müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 77633,5 (yetmiş yeddi min altı yüz otuz üç manat, əlli qəpik) manat dəyərində ünvan 1 ünvanında yerləşən 1 (bir) otaqdan ibarət olan 63 saylı mənzili almışdır. İddiaçı həmin qaydalara əsasən əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli qərarla əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Qərarda qeyd edilmişdir ki, “...Qaydaların 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir”. Mədaxil qəbzinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə iddiaçı mənzilin dəyərini tam şəkildə ödəyib başa çatdırmışdır. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək yaşayış sahəsinə görə ödədiyi əlavə dəyər vergisinin qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar tam əsassız və qanunsuzdur. Ona məlum olan anda da göstərilən qaydada müraciət etmiş və bu günə kimi müsbət nəticə verməmişdir. Hesab edir ki, ödədiyi ƏDV-nin ona geri qaytarılması ilə bağlə məhkəmə müddəti bərpa edə bilər. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizələrə ÇP/6-50 nömrəli mənzil alqı-satqısına dair müqavilə, DKM/025N14A01814622 nömrəli kredit müqaviləsi və bank mədaxil sənədi əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli ÇP/6-50 nömrəli “Alqı-satqı” müqaviləsinə əsasən alıcı İddiaçı "xxxx" MMC-dən Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 1 otaqdan ibarət 63 saylı mənzilin dəyərini müqavilə şərtlərinə əsasən ödəməyi, İcraçı "xxxx" MMC isə mənzilin tikintisi tam başa çatdıqdan sonra alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli DKM/025N14A01814622 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 264 ay müddətinə 47.600 manat məbləğinə, kreditdən istifadəyə görə illik 9% ödənilməsi şərtilə kredit verməyi, Borcalan isə müqaviləyə uyğun şəkildə krediti qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının “müddətin bərpa edilməsi barədə” ərizəsinə münasibətdə bildiririk ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2022-ci il tarixdə ödəmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək 90 günlük müddəti ötürmüşdür. Qaydaların Keçid müddəlarında 165.6-cı maddənin qüvvəyə mindiyi xx.xx.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək ödənilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDV-nin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Həmçinin göstərilən müddət iddia müddəti deyil, iddiaçının hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı mənzilin alqı-satqısı ilə bağlı ödədiyi pul məbləği üzrə ƏDV-nin geri qaytarılmasını xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh ƏDV-in geri qyatarılmasından imtina edir ki, bu imtina iddiaçıya ƏDV məbləğinin alınmasını məhdudlaşdırır ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etdiyinə görə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2022-ci il tarixli Mənzil Alqı- Satqısına dair müqaviləsinə əsasən dəyəri 77633,5 (yetmiş yeddi min altı yüz otuz üç manat, əlli qəpik) manat olan mənzilin dəyərini pul ödəyərək almışdır. İddiaçı hazırda həmin mənzillə bağlı ödədiyi pulun 30% həcmində ƏDV-nin alınmasından imtina barədə cavabdehin hərəkətini mübahisələndirir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin əsaslılığı həmin qanuni əsasın dispozisiya şərtləri əsasında yoxlanılmalıdır. Tələbin qanuni əsasını Vergi Məcəlləsinin 165.6-cı maddəsi və həmin maddə ilə bağlı qəbul edilən Qaydalar təşkil edir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İddiaçı həmin normanın və Qaydaların tələblərinə əsaslanaraq xx.xx.2023-cü il tarixdə portal vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənildiyini, həmçinin iddiaçının ƏDV məbləğini geri qaytarılması üçün 90 günlük müddəti ötürməsini göstərmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir”. Qaydaların 6.1-ci bəndinə görə (keçid müddəları), Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin hallarından və sadalanan normalardan göründüyü kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2022-ci il tarixdə ödəmiş, lakin ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 90 günlük müddəti ötürmüşdür. Qaydaların Keçid müddəlarında 165.6-cı maddənin qüvvəyə mindiyi 1.01.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək ödənilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDV-nin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, göstərilən müddət iddia müddəti deyil, hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2717/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2717/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver