Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-272/2022 11.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçıya mənzil verilməsi» nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı «iddiaçıya mənzil verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının əri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda zabit heyətində xidmət etmiş və şəhid olmuşdur. Onun övladı 18 yaşına çatmamış əlil olmuş şəxsdir, hazırda ikinci qrup ömürlük “əlillik” və “şəhid ailəsi” statuslarına malikdir, ailəlidir, iki övladı var. İddiaçının özü də ikinci qrup əlildir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə görə iddiaçının övladına 18 yaşdan sonrakı dövrdə də əlil olduğundan, “şəhid ailəsi” statusu verilmişdir. 1 mart 2002-ci il tarixdən mənzil uçotuna götürülərək növbə gözləmişdir. Bakı şəhəri ünvan 1i Rayon İcra Hakimiyyətində 19 il növbədən sonra Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq, 3 otaqlı mənzil olduğu və iddiaçının növbəsi 19 il təşkil etdiyi, ailədə iki “şəhid ailəsi” iki uşaq, həyat yoldaşı olduğu halda, 2 otaqlı mənzil verilməsinə qərar vermişdir. Məhkəmədən iddiaçıya həmin binada boş 3 otaqlı mənzilin və ya əlavə 1 otaqlı mənzilin verilməsi barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı 1 mart 2000-ci il tarixdə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Nəsimi Rayon İcra Hakimiyyətində növbəyə götürülmüşdür. 2019-cu ildə o, Bakı şəhəri, ünvan 1i rayonu, Çobanzadə küçəsi, 2399-cu məhəllədə Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli binadan ikiotaqlı mənzillə təmin olunmuşdur. Lakin vətəndaş ona verilən mənzilin otaq sayından sonradan narazı qalaraq məhkəmədə iddia qaldırmışdır. Hesab edilir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən iddiaya etiraz bildirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında həmin Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Vətəndaş aztəminatlı hesab olunduğundan Dövlət Mənzil Fondunun ehtiyatları hesabına mənzillə təmin olunmuşdur. 1) Aztəminatlı vətəndaşların sosial kirayə müqaviləsi əsasında mənzillə təmin olunma səviyyəsi Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı qərarına əsasən müəyyənləşir. Nazirlər Kabinetinin 459 saylı qərarına görə sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m müəyyən edilmişdir. Bu normadan göründüyü kimi, mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kv.m-dir. Hazırkı iş üzrə isə vətəndaşın ailə tərkibi 4 nəfərdən ibarət olmasına baxmayaraq, ona 64 kv.m deyil, normadan çox sahədə – 84 kv.m yaşayış sahəsi verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərtilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Hazırkı iş üzrə isə vətəndaşa adambaşına düşən yaşayış sahəsi normasından artıq birotaqlı mənzil verilməli olduğu halda ona güzəşt edilərək ikiotaqlı mənzil təmin edilmişdir. 2) Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən Dövlət Mənzil Fonduna münasibətdə vətəndaşların sosial mənzillərlə təmin olunması səviyyəsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı qərarına əsasən sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m müəyyən edilmişdir. Normadan göründüyü kimi yaşayış sahəsiylə təmin edərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliliyidir. Vətəndaşın yaşadığı məhəllədə Qarabağ əlilləri üçün ayrılmış binalarda 3 otaqlı mənzil kifayət qədər az olduğu üçün onlar ailə tərkibi daha geniş olan ailələr üçün nəzərdə tutulmuşdur. Buna görə də vətəndaşın tələbini təmin etmək mümkün deyildir. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli Qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Sosial kirayə müqavilələri əsasında mənzillər Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər müxtəlif kateqoriyalardan olan minlərlə vətəndaşa təmin olunur və onların bir çoxu geniş ailə tərkibinə malikdir. Belə olan halda ailə tərkibi 5 nəəfərdən ibarət olan və normadan artıq ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa 3 otaqlı mənzilin verilməsi qanuni əsassız olmaqla yanaşı həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi müvafiq sorğuya cavab olaraq məhkəməyə aşağıdakı məzmunda 10 sentyabr 2020-ci il tarixli məktub ünvanlamışdır: - ünvan 1i RİH-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş mənzil növbəsinə alınmış imtiyazlı şəxslər barədə 2014-cü il 3 mart tarixli 03 123 nömrəli məktubda 2002-ci il 1 mart tarixdən mənzil növbəsinə dayandığı qeyd edilən İddiaçı Nazirlik tərəfindən qanunvericiliyə uyğun 26 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, ünvan 1i rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında mənzil nömrə 12, mərtəbə 4, giriş 1, otaq sayı 2 olan 83,03 kv.m-lik mənzil təhvil verilmişdir. 36 ədəd 1 otaqlı mənzil, 48 ədəd 2 otaqlı mənzil və 12 ədəd 3 otaqlı mənzildən ibarət olan 95 mənzillik binanın hər bir mənzili imtiyazlı şəxslərə təqdim olunmuşdur. Qeyd olunan yaşayış binasında mövcud olan 2 otaqlı mənzillərin ümumi sahəsi 84,17 kv.m, 83,03 kv.m, 91,03 kv.m, 81,92 kv.m, 3 otaqlı mənzillərin ümumi sahəsi isə müvafiq olaraq 105 kv.m, 110,91 kv.m, 111,07 kv.m, 121,73 kv.m-dir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarı ilə yaşayış sahəsinin ayrılma norması 16 kv.m müəyyən edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və əls olmayan cavabdeh DSMF-nin əsl cavabdeh Sosial Xidmətlər Agentliyi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin dəyişdirilməsini qəbul etmişdir. İPM-in 54.1-ci maddəsinə görə 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə yenidən ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «bir otaqlı mənzilin verilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati mübahisəyə 25 noyabr 2020-ci il tarixdə baxılmış və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5117/2020 saylı iş üzrə həmin tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1239/2021 saylı iş üzrə 14 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5117/2020 saylı iş üzrə 25 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadda məhkəmə kollegiyası vurğulamışdır ki, iddiaçının mənzillə təmin olunma barədə müraciətinə cavabdeh tərəfindən baxılıb münasibət bildirildiyi üçün işə birinci instansiya qaydasında yenidən baxılarkən həmin müraciətlə bağlı cavabdehin imtinasının qanuniliyi və əsaslılığı yoxlanılmalı və iddiaya mahiyyəti üzrə baxılıb qiymət verilməlidir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, püşkatmada iştirak etsə də, eləcə də ona verilmiş 2 otaqlı mənzili təhsil alsa da, həmin bölgü prosesi düzgün aparılmamışdır, Bakı şəhəri, ünvan 1i rayonu, B.Çobanzadə küçəsində inşa edilmiş müvafiq binada başqa şəxslərə 3 otaqlı mənzillər verilmişdir, hətta həmin şəxslər o mənzillərdə yaşamırlar. Cavabdeh orqan hamıya eyni dərəcədə yanaşmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz etdiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. O, qeyd etdi ki, mübahisənin barışıqıla tamamlanması üçün iddiaçıya Bakı şəhərinin Sabunçu rayonunda Ramana qəsəbəsi ərazisində başqa 3 otasqlı mənzil təklif edilmiş, lakin o, bununla razılaşmamışdır. ünvan 1i rayonu ərazisində yerləşən binada isə, mənzillər bölüşdürülmüşdür, 3 otaqlı mənzillərin sahəsi isə, normaya uyğun gələndən artıqdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv.m müəyyən edilmişdir. İşin məhkəmə araşdırılmasıl ilə məlum olur ki, hazırkı iddiaçı Bakı şəhəri ünvan 1i RİH-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs” kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilmiş və ona 2019-cu ildə Bakı şəhəri, ünvan 1i rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli 96 mənzilli yaşayış binasından iki otaqdan ibarət 83,03 kv.m sahəsi olan mənzil ayrılmışdır. İddiaçı mənzillərin bölüşdürülməsi üzrə müvafiq püşkatma tədbirində iştirak etmiş (aydındır ki, otaqların sayına görə püşkatmalar ayrılıqda keçirilir) və ona verilən iki otaqlı mənzilin açarlarını təhvil almış, sözügedən mənzildə həmin ərəfədən də başlayaraq yaşayır. İddiaçı ona ayrılan mənzilin sahəsinin müvafiq yaşayış sahəsinin ayrılma normasından az olmasını əsas gətirərək, əlavə bir otaqlı mənzilin də verilməsini tələb edir. Həmin binada olan üç otaqlı mənzillərin sahəsi 105 kv.m, 110,91 kv.m, 111.07 kv.m və 121.73 kv.m-dir. İddiaçıya hazırkı iş apellyasiya instansiyası məhkəməsinin icraatında dövrdə Bakı şəhərinin başqa rayonunun (Sabunçu rayonu) ərazisində 3 otaqlı mənzil təklif olunsa da, o, bununıa razılaşmamışdır. Göründüyü kimi, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla ayrılma normasını 16 kv.m müəyyən edərək yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsi və digər amillərlə şərtləndirir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq ünvanda olan çoxmərtəbəli yaşayış binasında mövcud olan üç otaqlı mənzilin ayrılması üçün onun ailə üzvlərinin sayının 5 olması kifayət etmir. Çünki, binadakı üç otaqlı mənzillərdən ən kiçiyinin sahəsi 105 kv.m-dir. Ona ayrılmış iki otaqlı mənzilin sahəsi 83,03 kv.m olsa da, köməkçi sahələr (dəhliz və s.) nəzərə alındıqda, bu mənzil də 5 nəfər ailə üzvü üçün (hər birinə 16 kv.m olmaqla) nəzərdə tutulan yaşayış sahəsindən müəyyən qədər azdır. Lakin sözügedən binadakı iki və üç otaqlı mənzillərin normaya münasibətdə fərqlərini və digər şəxslərin də maraqları gözlənilməklə ümumi binanın yaşayış sahəsi ayrılma imkanlarını, habelə ayrılan mənzil iki otaqlı olduğundan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.2-ci maddəsində göstərilən halın yaşayış sahəsi verilməsində hazırkı iddiaçıya münasibətdə tətbiqinin yolverilən olmamasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçıya Bakı şəhəri, ünvan 1i rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli binada iki otaqlı 83,03 kv.m ölçüdə mənzilin verilməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib qiymətləndirilir və ona əlavə olaraq bir otaqlı mənzilin verilməsi üçün qanuni əsas mövcud deyil. Nəzərə alınmalıdır ki, iddiaçı əldə etdiyi 2 otaqlı mənzili təhvil verməklə Bakının başqa rayonunun ərazisində ona 3 otaqlı mənzilin verilməsi təklifini qəbul etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan Azərbaycan Respublikası Əəmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin imtinası qanuna zidd və iddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçıya mənzil verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçıya mənzil verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-272/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-272/2022
11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver