Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-272/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, 30 saylı evin, 2 saylı mənzilin onun adına özəlləşdirilməsi və Dövlət reyestindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, faktiki yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı, 30 saylı evin 2 saylı mənzili keçmiş Azərbaycan SSR Bakı şəhər X1 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1985-ci il tarixli 238507 saylı orderlə onların ailəsinə verilmişdir. Ailə başçısı kimi mərhum atası X4 adı göstərilmişdir. Atası xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Mənzilin özəlləşdirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan əsassız olaraq ərizəsinin təmin olunmasından imtina etmiş və səbəb kimi də həmin daşınmaz əmlakın dəmir yolunun mühafizə zolağında yerləşdiyini bildirmişdir. Mənzilin ayrılması zamanı, yəni 1985-ci ildə həmin ərazi dəmir yolunun mühafizə zolağına aid edilmirdi. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 09 iyun 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqan DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh inzibati orqan DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair yazılı münasibətində (etiraz) göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, vahid elektron kadastr baz məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak dəmir yolunun mühafizə zolağında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə faktiki sahəsi 41,2 kv. metr təşkil edir. Həmçinin 9,6 kv. metr əlavə sahə inşa edilmişdir və həmin sahəyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməiklərindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən, məhkəmə İPMnin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh inzibati orqanın nümayəndəsi X2 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 14 fevral 2023-cü il tarixli məktubu ilə İddiaçı verilmiş keçmiş Kirov rayonu XDS İK-nin (indiki Binəqədi RİH) xx.xx.1985-ci il tarixli 7 №li qərarından müəyyən olunur ki qeyd olunan qərarla üç nəfər ailə üzvündən ibarət X5 (özü və oğullar İddiaçı və X7) ünvan 1 ünvanında yerləşən iki otaqlı 34,92 kv. metrdən ibarət mənzilə dair orderin verilməsi və onun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Bakı şəhər X1 İcraiyyə Komitəsinin yaşayış sahələrinin qeydiyatı və bölüşdürülməsi idarəsi tərəfindən Kirov rayon XDS İK-nin 7 №li xx.xx.1985-ci il tarixli qərarına əsasən 1983-cü ildən mənzil növbəsində olmuş X5 verilmiş 238507 №li xx.xx.1985-ci il tarixli orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, həmin order sonuncuya İddiaçı və X7 ilə birlikdə Bakı şəhəri, Vağzalyanı küçəsi, 30 saylı evin, iki otaqlı 34,92 kv. metrdən ibarət 2 saylı mənzilinə köçmək üçün verilmişdir. Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 06 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 212869 №li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür. “ASAN 1” tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.1967-ci il təvəllüdlü X8 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Notarial qaydada təsdiq olunmuş **********649 №li ərizənin surətindən görünür ki, X8 ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsinə etirazının olmadığı bildirmişdir. İddiaçının hazırkı tələblə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, 30 saylı evin 2 saylı mənzilinin dəmir yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müdəəalarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanındakı mənzil Biləcəri stansiyası 14 km pk 9-da kilometr artımı istiqamətinin sol tərəfində kənar relsdən 51 metr məsafədə dəmir yolunun təhkim zolağında yerləşir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”na müvafiq olaraq tərtib edilmiş sxematik plana uyğun sözügedən ərazidə dəmir yolunun təhkim zolağının eni 145 metr təşkil edir (məktuba 2 vərəqədən ibarət sxematik plan əlavə olunmuşdur). DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 30 ünvanında yerləşən 2 saylı mənzilin texniki vəziyyətini əks etdirən müayinə aktından müəyyən olunur ki, mənzilin hüquq müəyyənedici sənəd üzrə yaşayış sahəsi, 2 otaq olmaqla 34,92 kv. metr, faktiki ümumi sahə 41,2 kv. metr, yaşayış sahəsi 2 otaq olmaqla 34,2 kv. metr təşkil edir. 9,6 kv. metr əlavə sahə inşa edilmişdir. Mənzil 1 mərtəbəli bianın 1-ci mərtəbəsində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/8493 saylı ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş suallarla bağlı (1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 30 ünvanında yerləşən, 2 saylı mənzilin faktiki ölçüləri nə qədər təşkil edir? 2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 30 ünvanında yerləşən, 2 saylı mənzildə yaşayış sahəsinin yenidən qurulması - yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərində dəyişikliklər aparılmışdırmı? 3. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 30 ünvanında yerləşən, 2 saylı mənzil dəmir yolundan hansı məsafədə yerləşir və dəmir yolunun təhkim zolağına düşürmü ? 4. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 30 ünvanında yerləşən, 2 saylı mənzilin şimal, cənub, şərq və qərb sərhədlərində yerləşən yaşayış sahələri dəmir yolundan hansı məsafədə yerləşir və dəmir yolunun təhkim zolağına düşürlərmi ? 5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 30 ünvanında yerləşən, 2 saylı mənzilin yerləşdiyi torpaq sahəsi hansı kateqoriya torpaq sahələrinə aiddir?) aşağıda qeyd olunan nəticəyə gəlmişdir: - Baxış zamanı təqdim olunan mənzilin yataq otağından, zal otağından, dəhliz otağından və mətbəx otağından ibarət olmaqla faktiki sahəsinin 50,4 kv. metr olduğu müəyyən olundu. - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 30 ünvanında yerləşən, 2 saylı mənzilə dair texniki pasport iş materiallarında mövcud olmadığından və Mərkəzə təqdim edilmədiyindən qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 13-1/2-7789/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əsasən tədqiq olunan tikilinin dəmir yolunun kənar relsindən 51 metr məsafədə dəmir yolunun mühafizə zolağında yerləşdiyi müəyyən edildi. Belə ki, məktuba əsasən həmin ərazidə dəmir yolunun mühafizə zolağının 145 mer olduğu müəyyən olunur. - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 30 ünvanında yerləşən, 2 saylı mənzilin şimal, cənub, şərq və qərb sərhədlərində yerləşən yaşayış sahələrinin dəmir yolundan 15 metr, 30 metr, 51 metr, 70 metr və s. məsafələrdə yerləşdiyi müəyyən olundu. Qeyd olunan tikililərin dəmir yolunun 145 metrlik mühafizə zolağına düşdüyü müəyyən olundu. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim olunmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. TƏTBİQ EDİLƏN HÜQUQ Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. MƏHKƏMƏNİN MÖVQEYİ. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. İşin faktiki hallarından müəyyən olunur ki, mübahisə predmeti olan daşınmaz əmlak iddiaçının mərhum atasına mənzil kimi ayrılmasına baxmayaraq faktiki olaraq 1 mərtəbəli binanın 1ci mərtəbəsində yerləşir. Bu isə onu sübut edir ki, mübahisə predmenti olan daşınmaz əmlaklar mənzil kimi ayrılmasına baxmayraq, faktiki olaraq mənzil hesab edilməyən fərdi yaşayış evidir. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması niyyətində olduğu mənzilin faktiki olaraq fərdi yaşayış evi xüsusiyyətinə malik tikilinin torpaq sahəsinin hüquqi statusuna münasibət bildirilməlidir. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Doğrudur “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsindən isə görünür ki, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması əsası qismində müəyyən edilsə də, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia olunan mənzilin yerləşdiyi torpaq sahəsinə dair iddiaçıya ayrılmış yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş inzibati akt qanunauyğun torpaq sahəsinin ayrılmasını ehtiva edən inzibati akt qismində qəbul edilə bilməz və hər hansı hüququn qeydiyyatı üçün də əsas ola bilməz. Belə ki, mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən də göründüyü kimi iddiaçıya ayrılmış mənzilin dəmir yolunun mühafizə zolağının hüdudları daxilində yerləşmə təyinatı baxımından yaşayış məntəqələri üçün nəzərdə tutulmuş torpaq sahəsində yerləşmir. İddiaçının həmin mənzildən və torpaq sahəsindən yaşayış məntəqəsi kimi istifadəsi də həmin torpaq sahəsinin təyinatının legitim dəyişikliyi mənası daşımamaqla faktiki olaraq torpaq sahəsinin təyinatı üçün istifadəsinə maneə qismində çıxış etməkdədir. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin: Maddə 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Maddə 2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin artırılmasına, torpaq ehtiyatlarının qorunmasına dair və digər təbiəti mühafizə tədbirlərinin dövlət proqramlarının hazırlanması və yerinə yetirilməsi; torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi; Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: Əvvəllər qüvvədə olmuş Torpaq Məcəlləsinin: Maddə 2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi onun əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə birlikdə Azərbaycan Respublikası ərazisində torpaq münasibətlərini nizama salır və vətəndaşların, müəssisələrin, idarələrin və təşkilatların torpaq hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına, torpaq üzərində mülkiyyətin müxtəlif formalarının tətbiqi əsasında torpaqda təsərrüfatçılığın müxtəlif növlərinin səmərəli inkişaf etdirilməsinə və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qanunçuluğun möhkəmləndirilməsinə yönəlmişdir. Maddə 5. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: 2) yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; 3) sənaye, nəqliyyat, rabitə, müdafiə ehtiyacları üçün və başqa təyinatlı Maddə 69. Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudları daxilindəki bütün torpaqlar şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin torpaqları hesab edilir və müvafiq rayon, şəhər xalq deputatları Sovetlərinin ixtiyarındadır. Maddə 81. Sənaye, nəqliyyat, rabitə və başqa təyinatlı torpaqlar Qeyri-kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına tapşırılmış vəzifələri həyata keçirmək üçün müvafiq rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən onların istifadəsinə və ya icarəsinə verilmiş torpaqlar aidiyyəti üzrə sənaye, nəqliyyat, rabitə və başqa təyinatlı torpaqlar sayılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi dövlətin, o cümlədən dövlətin səlahiyyətlərinin bir qismini icra edən inzibati orqanların torpaqlardan məqsədli istifadəsinə nəzarət etmək kimi səlahiyyəti mövcuddur. Eyni zamanda, torpaq sahəsindən məqsədli təyinatına istifadə etmək mülkiyyətçi və istifadəçi qismində fiziki şəxsin də məsuliyyət sferasına aiddir ki, həmin səlahiyyətlərin yerinə yetirilməməsi nəinki hər hansı hüququn tanınmasından imtinaya, hətta tanınmış hüquqdan məhrum edilməyə belə səbəb ola bilər. Halbuki, dəmir yol qurğularının, bina və tikililərinin və digər köməkçi obyektlər üçün nəzərdə tutulmuş torpaq sahələri sənaye təyinatlı torpaq sahəsi olmaqla məqsədli təyinatına uyğun istifadə edilməlidir ki, dövlətin müstəsna səlahiyyətində olan həmin torpaq sahələrinin kateqoriya dəyişikliyi edilmədən fiziki şəxslərə yaşayış üçün verilməsi təhlükəsizlik baxımından da qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 №-li qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın:
1. Bu Qaydalar “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan terminlər: xüsusi mühafizə zonası - uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlardır; təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır; sanitariya-mühafizə zonası - yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi rejimli mühafizə zonasıdır; dəmir yol mənzilləri - qonşu stansiyalarla, ötmə məntəqələri və ya yol postları ilə əhatə edilmiş dəmir yol xəttinin hissələridir;
4. Təhkim zolağının və sanitariya-mühafizə zonasının ölçüləri dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarına, müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun olaraq müəyyən edilir.
5. Xüsusi mühafizə zonasının ölçüləri hər bir konkret obyekt üçün ayrıca olaraq müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun müəyyən edilir.
6. Dəmir yol qurğularının, bina və tikililərinin və digər köməkçi obyektlərinin sürüşmədən, uçqunlardan, eroziyalardan, seldən, qum və qar basqınlarından və başqa təhlükəli təsirlərdən qorunması, onların möhkəmliyinin və dayanıqlığının təmin edilməsi məqsədilə xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası torpaqlarından istifadə olunmasının rejimi müəyyənləşdirilir.
13. Dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşən mühəndis kommunikasiyalarının, elektrik ötürücü, rabitə, magistral neft-qaz kəməri, rabitə xətlərinin və digər qurğuların təhlükəsiz istismarı və tikintisi zamanı texniki normativ hüquqi aktlarda nəzərdə tutulan qaydaların və texniki tələblərin pozulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
15. Xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır.
16. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.
17. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər
21. Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir.
25. Dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən şəxslər torpaq sahəsindən istifadəni dəmir yolunda qatarların hərəkət təhlükəsizliyinə və dəmir yol nəqliyyatı obyektlərinə ziyan vurmadan həyata keçirməlidirlər.
26. Şəhərlərdə və qəsəbələrdə dəmir yolunun təhkim zolağı hüdudlarında dəmir yol nəqliyyatı təyinatlı bina və tikililərin tikintisinə icazə verilir. "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın 1.2.1. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus dəmir yolları ilə, sənaye, kənd təsərrüfatı və meşə emalı müəssisələrinin xarici dalan dəmir yolları ilə, həmçinin bu dəmir yollarına bitişik dəmir yol nəqliyyatı təyinatlı tikililər, qurğular və binalarla (dəmir yolları və onların altında olan torpaq yataqları, stansiya yollan və stansiyalar, sərnişin vağzalları, dəmir yol təyinatlı süni tikililər, rabitə və enerji təchizatı, lokomotiv-vaqon, yol, yük və sərnişin təsərrüfatları üzrə bina və tikililər, dəmir yol nəqliyyatı təyinatlı su təchizatı və kanalizasiya qurğu və tikililəri ilə) tutulmuş torpaqlar; 1.2.2. dəmir yolunun xüsusi mühafizə zonasının torpaqlan; 1.2.3. dəmir yollarını qum və qar basqınından, həmçinin yarğanəmələgəlmədən və digər zərərli təsirlərdən qorumaq məqsədilə salınmış meşə zolaqları ilə tutulmuş torpaqlar; 1.2.4. dəmir yol nəqliyyatının fəaliyyətini təmin edən xidməti, yaşayış, mədəniməişət və digər təyinatlı bina və tikililərlə tutulmuş torpaqlar. 1.3. Təhkim zolağı üçün ayrılan torpaq sahələrinin eni torpaq yatağının konfiqurasiyasından (en kəsiyindən), süni qurğuların ölçülərindən, yerin relyefindən, ərazinin təbii şəraitindən (zəif özülü olan ərazilər və bataqlıqlar, müvəqqəti subasmaya məruz qalan və su anbarları ilə tutulan sahələr, yarğanəmələgəlmə və sürüşmə təhlükəsi olan ərazilər, daimi donmuş torpaq zonaları və s.), yolların qum və qar basqınından mühafizə olunması zərurətindən, yerin meşəliliyindən, riskli zonaların (qəza zamanı yükün və hərəkət tərkibinin torpaq yatağından kənara aşması təhlükəsi olan ərazilərin) mövcudluğundan və digər faktorlardan asılıdır. Təhkim zolağı hüdudlarında yerləşən torpaq sahələrinin eni qeyd edilən şərait və faktorlar nəzərə alınmaqla müəyyənləşdirilən ölçülərin maksimal göstəricisinə uyğun olmalıdır. 1.4. Yeni dəmir yol xətlərinin, əlavə baş yolların layihələndirilməsi, mövcud dəmir yollarının rekonstruksiyası, istehsalat təyinatlı bina və qurğuların, yaşayış qəsəbələrinin və digər dəmir yol obyektlərinin kənd təsərrüfatı təyinatlı torpaqlarda tikintisi zamanı maksimum iqtisadi səmərə nəzərə alınmalıdır. 1.5. Dəmir yollarının və dəmir yol obyektlərinin xüsusilə qiymətli torpaqlarda (suvarılan və ya qurudulmuş, kənd təsərrüfatına yararlı, meyvə ağacları və üzümlüklərlə və birinci qrup meşələrlə tutulmuş torpaqlarda), həmçinin mədəniyyət və elmi əhəmiyyətli xüsusi mühafizə edilən ərazilərdə yerləşdirilməsi zərurəti yarandıqda, təhkim zolağının ölçüləri maksimal iqtisadi səmərə nəzərə alınmaqla azaldıla bilər. 1.6. Dəmir yol nəqliyyatı təyinatlı rabitə və elektrik ötürücü xətlərinin və digər kommunikasiyaların təhkim zolağı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşdirilməsi tələb olunduqda onlar, bir qayda olaraq, əkin və meşə sahələrinin dəmir yolu ilə sərhəd ərazilərində yerləşdirilməlidir. 1.7. Təhkim zolağı üçün nəzərdə tutulmuş torpaq sahəsinin ölçüləri relyefdən və ərazinin xüsusi təbii şəraitindən, yaşayış məntəqələrindəki yaşayış tikililərinin ötüb keçən qatarların yaratdığı normadan artıq səslərdən mühafizə olunması zərurətindən və dəmir yol qovşaqlarının, stansiyalarının, ayrı-ayrı obyektlərin sonrakı etaplı inkişafından asılı olaraq müəyyənləşdirilir. 1.8. Təhkim zolağının təşkil edilməsi məqsədilə torpaq sahələrinin seçilməsi, ayrılması və bu zolağın hüdudlarında yerləşən torpaq sahələrindən istifadə olunması Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun həyata keçirilməlidir. Qeydlər. 1. Təhkim zolağının yaradılması məqsədilə torpaq zolaqları müddətsiz (daimi) istifadəyə verilir. Yolların tikintisi dövründə isə müvəqqəti tikililərin yerləşdirilməsi üçün torpaq sahələri və zolaqları müvəqqəti, qısamüddətli istifadəyə verilir.
2. Yeni dəmir yol xətlərinin, əlavə baş yolların tikintisi və mövcud dəmir yollarının rekonstruksiyası zamanı təhkim zolağının yaradılması məqsədilə torpaq zolaqları layihədə nəzərdə tutulmuş qaydada tikintinin ardıcıllığına uyğun olaraq sahələrə ayrılmalıdır. Göründüyü kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsustorpaq sahələri dəmir yolları ilə, sənaye, kənd təsərrüfatı və meşə emalı müəssisələrinin xarici dalan dəmir yolları ilə, həmçinin bu dəmir yollarına bitişik dəmir yol nəqliyyatı təyinatlı tikililər, qurğular və binalarla (dəmir yolları və onların altında olan torpaq yataqları, stansiya yollan və stansiyalar, sərnişin vağzalları, dəmir yol təyinatlı süni tikililər, rabitə və enerji təchizatı, lokomotiv-vaqon, yol, yük və sərnişin təsərrüfatları üzrə bina və tikililər, dəmir yol nəqliyyatı təyinatlı su təchizatı və kanalizasiya qurğu və tikililəri ilə) tutulmuş torpaq sahələridir ki, müvafiq icra hakimiyyəti (XDS) tərəfindən həmin sahə ilə bağlı qərar qəbul edilmiş, bu zaman həmin torpaq sahələri ilə bağlı hal-hazırda yaşayış məntəqələri kimi ərazinin istifadəsinə baxmayaraq mövcud ola biləcək təhlükə potensialı nəzərə alınmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı ilə əhatə olunur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmandan da göründüyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak nəqliyyat infrastrukturu obyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirdirsə bu zaman vətəndaşın Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir. Qeyd edilənlərdən çıxan nəticəyə görə, Kirov rayonu X6 tərəfindən qərarın qəbul edilməsi və orderin verilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilmədiyindən, habelə, iddiaçının bu orderlə əldə etdiyi fərz olunan əmlak hüquqları qüvvəyə minmədiyindən, onun mübahisəli daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları yaranmamışdır. Digər tərəfdən iddiaçı inzibati orqan tərəfindən bərabər rəftara məruz qalmamasına, inzibati praktikada fərqli davranmağa istinad edir ki, məhkəmə bununla bağlı xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, oxşar bir-neçə sənədlə cavabdehin mülkiyyət hüququnu dövlət qeydiyyatına alınması, hər bir halda həmin hərəkətlərin onun daimi praktikasına keçirməsi anlamına gəlməməkdədir. Digər tərəfdən hər bir halda qonşu və ətraf ərazidə mülkiyyət hüququnun oxşar sənədlə qeydiyyata alması məhkəmənin hazırkı iddianı da işin yuxarıda göstərilən mühim hallarını nəzərə almadan təmin etməsi anlamına gəlməməkdədir. Belə ki, qanunsuz inzibati praktika, həmin praktikanın məhkəmə qaydasında da davam etməsi üçün əsas deyildir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunduğundan, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçıdan tutulmalıdır. İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev