Məhkəmə qərarları › İş №2-1(112)-2720/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2720/2022

14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2720/2022 14.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Abbasov Zeynəlabidin Abbas oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 13.01.1973-cü ildə Bakı şəhərində anadan olmuş X5 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında akt qeydləri kitabında ata qrafasında X9, ana qrafasında isə X14 qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13.01.1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası isə X14 olmuşdur. Onun şəxsiyyət vəsiqəsi bugünədək olmayıb. 2018-ci il tarixdə yaşadığı mənzildə təmir işləri aparıldığından doğum haqqında şəhadətnaməsini itirmişdir. Şəhadətnamənin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də qeydiyyat şöbəsi şəxsiyyət vəsiqəsi olmadan ona doğum haqqında şəhadətnamənin verilməsinin onlar tərəfindən mümkün olmadığını və məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İddiaçı X10 14.01.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı 28.12.2021-ci il tarixli, 1152-05/75 nömrəli məktubunda məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin 15.10.2021-ci il tarixli, 779-05/76 nömrəli məktubu ilə təqdim edilmiş 13.01.1973-cü il tarixli, 54 nömrəli doğum haqqında akt qeydindən müəyyən edilir ki, X10 - doğulduğu tarix 09.12.1972, doğulduğu yer Bakı şəhəri. -Ata haqqında məlumat: Şamuratov Qaday, doğum tarixi 06.11.1939-cu il, milliyyəti özbək, -Ana haqqında məlumat: X11, doğum tarixi 03.01.1947-ci il, milliyyəti özbək. -Doğum haqqında şəhadətnamə verilmişdir: İ НН. Nömrəsi 258995. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Orçonokidze rayon İcraiyyə Komitəsinin daxili işlər şöbəsi tərəfindən verilmiş 21.06.1989-cu il tarixli, XXİİİ-ЖГ seriyalı 649512 nömrəli keçmiş SSRİ pasportunun surətinə əsasən X10, doğulduğu il və yer 09.12.1972-ci il, Bakı şəhəri, milliyyəti özbək. İş materiallarına əlavə edilmiş 12 dekabr 2006-cı il tarixdə verilmiş AZ-İ № 274635 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Hicran Hilal oğlu ilə X10 26.01.1993-cü ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 yanvar 1993-cü il tarixdə 37 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2012-ci il tarixdə verilmiş AZ-İ № 149286 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Hicran Hilal oğlunun X15 ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 21 sentyabr 2012-ci il tarixdə 236 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 23 yanvar 1993-cü il tarixdə verilmiş XVİİİ-ЖГ № 300114 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 avqust 1991-ci il tarixdə doğulmuş Ağayev Ramil Hicran oğlunun atası Ağayev Hicran Hilal oğlu, anası isə X6r. İş materiallarına əlavə edilmiş 22 yanvar 1993-cü il tarixdə verilmiş XVİİİ-ЖГ № 300115 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 noyabr 1992-ci il tarixdə doğulmuş Ağayeva Aysel Hicran qızının atası Ağayev Hicran Hilal oğlu, anası isə X6r. İş materiallarına əlavə edilmiş 28 fevral 2012-ci il tarixdə verilmiş AZ-İİ № 828312 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 iyun 1999-cu il tarixdə doğulmuş Ağayeva Nərmin Hicran qızının atası Ağayev Hicran Hilal oğlu, anası isə X12r. İş materiallarına əlavə edilmiş 26.06.1987-ci il tarixli, A № 232319 nömrəli natamam orta təhsil haqqında şəhadətnamənin surətinə əsasən 1972-ci ildə anadan olmuş X10 Bakı şəhəri Orçonokidze rayonu Məmmədov adına 101 nömrəli məktəbdə oxumuş və 1987-ci ildə natamam orta məktəbi bitirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 26.10.2021-ci il tarixli, 018-17017-1221 nömrəli məktubunda bildirilmişdir ki, 09.12.1972-ci ildə Bakı şəhərində anadan olmuş X1 Rayon Polis İdarəsindən 21.06.1989-cu il tarixdə aldığı XXİİİ-JQ seriyalı 649512 nömrəli keçmiş SSRİ pasportu ilə 20.07.1989-cu il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Oktyabr küçəsi, ev 3-də yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan pasportun verilməsinə əsas olan 1 saylı ərizə formasının kserosurətinin ünvanınıza göndərilməsi üçün tərəfimizdən Suraxanı Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Əlavə olaraq bildirilir ki, anket məlumatları X3 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan və şəxsiyyəti təsdiq edən sənədlə sənədləşdirilən digər şəxslər barədə məlumat müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin 02.12.2021-ci il tarixli, 1053-05/75 nömrəli məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi” nəzərdən keçirilərkən X4 ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13.09.2021-ci il tarixli, 1372 nömrəli arayışında qeyd edilmişdir ki, verilir X7 ondan ötrü ki, onun həqiqətən axırıncı qeydiyyat ünvanı (20.07.1989-cu il) Bakı şəhəri, ünvan 3 ünvanı olub. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.01.2022-ci il tarixli, 70 nömrəli arayışında qeyd edilmişdir ki, verilir X7 ondan ötrü ki, onun həqiqətən axırıncı qeydiyyat ünvanı (20.07.1989-cu il) Bakı şəhəri, ünvan 3 ünvanı olub. Hal-hazırda Yeni ünvan 5z yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin iddiaçıya ünvanlandığı 21.09.2021-ci il tarixli, 794-05/75 nömrəli məktubunda bildirilmişdir ki, sizin doğumunuz Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 54 saylı 13.01.1973-cü il tarixli aktla qeydə alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. Həmin qaydaların 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin həmin Qaydaların 9.7-ci maddəsinə görə yetkinlik yaşına çatmayan uşaqların doğum haqqında təkrar şəhadətnamələri və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğum haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. Həmin Qaydaların 9.8-ci maddəsinə əsasən şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Yuxarıda qeyd olunanlara əsasən şəxsiyyət vəsiqəsi olmadığından ərizənizin Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən icra olunması mümkün deyildir. Həmçinin bildirilir ki, “doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsi”nin Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin ediləcəksiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin sadalanan hallarından görünür ki, iddiaçı X10 doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7, 1.14, 9.7 və 9.8-ci bəndlərinin tələblərini rəhbər tutmaqla iddiaçının şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından müraciətin təminindən imtina etmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: -1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. -9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. -9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. İşin hallarından müəyyən olur ki, iddiaçının 13.01.1973-cü il tarixli, 54 nömrəli doğumu barədə akt qeydi, 21.06.1989-cu il tarixli, XXİİİ-ЖГ seriyalı 649512 nömrəli keçmiş SSRİ pasportu mövcuddur. Doğum haqqında akt qeydinə əsasən iddiaçı X10, 09.12.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, valideynləri X9, X8r. Akt qeydi cavabdeh tərəfindən mübahisələndirilmir. Eyni zamanda iddiaçının şəxsiyyətini eyniləşdirməyə imkan verən digər qeydiyyat sənədləri - nikah haqqında şəhadətnamə, nikahın pozulması haqqında şəhadətnamə, Ağayev Hicran Hilal oğlu ilə birgə nikahından doğulmuş uşaqların doğum haqqında şəhadətnamələrində qeydlər mövcuddur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını da nəzərə almamışdır. Belə ki, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir və yaxud iddiaçını təmsil edən şəxsə təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkündür ki, təmsil etmə üçün tələb olunan etibarnamə özü də şəxsiyyət vəsiqəsi əsasında verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X5 şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı X5 şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar