Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2721/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X3 üçüncü şəxs X2, üçüncü şəxsin nümayəndəsi (vəkili) X1 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə üçüncü şəxs -X5 qarşı “əmlakın hərracda satılmasına dair protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehin 19 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15 saylı bazarın hərrac yolu ilə satışının təşkil olunması haqqında tərtib olunmuş hərrac protokolunun və bunun əsasında əmlakın alqısatqısına aid müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım haqqında məktub göndərilərək iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasına dair müvafiq sübutların təqdim edilməsi təklif edilmişdir. İş materiallarında olan “Poçt göndərişlərinin izlənilməsi”ndən (SS745474875AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub və məhkəmə bildirişi İddiaçı 24.08.2021-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi, hüquqi yardım haqqında məktub və məhkəmə bildirişi İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada çatdırılsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş və müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, məhkəmə iddiaçıya hüquqi yardım haqqında məktub göndərərək və məhkəmə iclasını 23.09.2021-ci il tarixə təyin edərək, müvafiq sübutların təqdim edilməsi üçün ona kifayət qədər şərait yaratmışdır. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə hazırlıq icraatı ilə bağlı növbəti məhkəmə iclasları 26.04.2021-ci il, 28.07.2021-ci il və 23.09.2021-ci il tarixlərə təxirə salınaraq bu barədə iddiaçıya müvafiq qaydada məlumat verilsə də, iddiaçı həmin iclaslara gəlməmiş və 26.04.2021-ci il, 28.07.2021-ci il və 22.09.2021-ci il tarixli teleqramlarla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının məhkəmə iclaslarında iştirak etməməsini və müvafiq sübutları məhkəməyə təqdim etməməsini işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətməsi kimi qiymətlənidirir. Odur ki, 15.09.2021-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs və onun nümayəndəsi (vəkili) iddianın mümkün sayılmamasını xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “cavabdehin 19 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15 saylı bazarın hərrac yolu ilə satışının təşkil olunması haqqında tərtib olunmuş hərrac protokolunun və bunun əsasında əmlakın alqı-satqısına aid müqavilənin ləğv edilməsi”ni tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 19 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15 saylı bazarın hərrac yolu ilə satışının təşkil olunması haqqında tərtib olunmuş hərrac protokolunun və bunun əsasında əmlakın alqısatqısına aid müqavilənin ləğv edilməsini tələb etsə də, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 15 saylı bazara dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaçının müraciətinə cavab olaraq 20.10.2020ci il tarixli məktubla bildirmişdir: “Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 nömrəli bazarın Qızıldaş filialının hərrac vasitəsilə satılması barədə Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq qərar qəbul edilmiş və Xidmətin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emlak.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Hərrac haqqında sizə dəfələrlə məlumat verilmiş, hərracda iştirak etməyiniz tövsiyə edilmiş və bu barədə müvafiq bildiriş təqdim olunmasına baxmayaraq, bildirişi qəbul etməkdən imtina etmişsiniz. Həmin Qızıldaş filialı növbəti dəfə 19.08.2020-ci il tarixində hərraca çıxarılmış, lakin sözügedən əmlakın satışı barədə məlumatınızın olmasına baxmayaraq, keçirilən hərraclarda iştirak etmək hüququnuzdan istifadə etməmisiniz. Hərracada əmlak üzərində mülkiyyət hüququnu hərracın gedişində maksimum qiymət təklif etmiş X5 əldə etmişdir.” İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmənin sorğusuna cavab olaraq 16.04.2021-ci il tarixli məktubla müvafiq sənədlərin surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, 18.08.2020-ci il tarixli 07/01 nömrəli Hərrac protokoluna əsasən X5 hərrac vasitəsilə İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, keçmiş “Azərsutikinti” X4 Birliyinin 15 saylı bazarının Qızıldaş filialını (obyektin ümumi sahəsi 183 kv.m, obyektin yerləşdiyi torpaq sahəsi 320 kv.m) almışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X5 arasında 15 saylı bazarının Qızıldaş filialının (obyektin ümumi sahəsi 183 kv.m, obyektin yerləşdiyi torpaq sahəsi 320 kv.m) alqı-satqısına dair 19.08.2020-ci il tarixli 1 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Göründüyü kimi, İddiaçı 15 saylı bazarın Qızıldaş filialının satılmasına dair təşkil olunmuş hərracda iştirak etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Odur ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Həmçinin, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2721/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2721/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver