Məhkəmə qərarları › İş №2-1(112)-2721/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2721/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2721/2024 19.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, iddiaçı Həsənova (Məmmədova) Gülər Həsən qızı, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X1) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2001-ci il tarixdə iddiaçılar nikahda olmuş, cehiz əşyaları Qaradağ r, Səngəçal qəs, 1-ci massiv, 24B ünvanında yerləşən yaşayış sahəsinə köçürülmüşdür. İddiaçılar bildirir ki, birinci övladları anadan olduqdan sonra bildirilmişdir ki, ev həmin uşağın adına sənədləşdiriləcəkdir. Ümumiyyətlə, həmin ev özbaşına tikili olmuş, sonradan iddiaçı G.Məmmədovanın keçmiş həyat yoldaşı evi atasının adına özəlləşdirmişdir. Hal-hazırda evin özəlləşdirilməsindən istifadə edən həyat yoldaşının yaxınları evin vərəsəlik qaydasında bölüşdürülməsini və payların müəyyən edilməsini tələb edirlər. Bu isə onların və övladlarının hüquqlarının kobud pozuntusu deməkdir. Halbuki, evin özəlləşdirilməsi ilə əlaqədar razılıq alınmalı idi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı2 notariat məktubu, Texniki pasport təqdim edilməklə çıxarışla ilkin qeydiyyat aparılmış, qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi X2 xüsusi mülkiyyətindədir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, iddiaçılar arasında nikah pozulmuşdur. 25 saylı Notariat Kontorunun məktubundan görünür ki, İddiaçı2 sənədlər təqdim etməklə vəfat etmiş X2 adına vərəsəlik işi açmışdır. Sorğunu təqdim edən həmin şəxs vasitəsi ilə adıçəkilən məktubda da qeyd edildiyi kimi X2 adına çıxarış verilməsi üçün həmin sorğunun əmlak orqanına təqdim edilməsi müəyyən edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportdan görünür ki, əmlak X.Məmmədovun adına olmuşdur. İmtina məktubundan görünür ki, cavabdeh çıxarışın ləğv edilməsindən 07 noyabr 2023-cü il tarixli məktubla imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş İddiaçı1 da evə köçürülməsi qət edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə isə, hesab edir ki, hazırkı iddia üzrə iddiaçıların çıxarışların ləğv edilməsi ilə əlaqədar qaldırdığı iddia üzrə hüquqi marağın mövcudluğundan söhbət gedə bilməz. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçılardan İddiaçı2 şəxsən atasının adına vərəsəlik işi açdırmaqla mübahisəli əmlaka dair çıxarışın alınmasına nail olmuş, həmin çıxarış verilərkən də yuxarıda istinad olunan sənədlər, o cümlədən iddiaçının müraciəti, notariusun məktubu, vəfat etmiş şəxsin adına olan SSR Kommunal Nazirliyi tərəfindən verilmiş pasport nəzərə alınmış, evin çıxarış veriləndən illər sonra isə iddiaçılar əmlaka çıxarış veriləcəyi halda ölmüş şəxsin əmlakının vərəsəlik yolu ilə digər qohumlara da keçə biləcəyi ehtimalını müəyyən edərək, həmin hal, yəni vərəsəlik qaydasında əmlakın bölünməsi baş verməməsi üçün ümumiyyətlə çıxarışın ləğvinə dair iddia irəli sürmüşdür ki, məhkəmə hesab edir ki, həmin faktiki marağın mövcudluğu, hazırkı iddiaya baxılmasına imkan verən hüquqi maraqla əhatələnmədiyindən iddianın mümkünlüyü də istisna edilməlidir. Halbuki, prosessual qanunvericiliyin aşkar tələbindən də göründüyü kimi məhz qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edilməli, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmalı, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub müəyyən edilməlidir. Məhkəmə isə hesab edir ki, şəxsin atasının adına müvafiq sənədlər tərtib edilməklə çıxarışın alınması realizə edildikdən sonra gələcəkdə vərəsəliklə bağlı ehtimal olunan mübahisələrin mövcud ola biləcəyinə istinadla, əmlaka dair dövlət təminatını mümkün edən mülkiyyət hüququna dair qeydin ümumiyyətlə ləğvinə yönələn iddianın verilməsi, iddiaçıların faktiki marağına aid edilsə də, məhkəmə hesab edir ki, qanunla qorunan hüquq və mənafelərin pozuntusundan, qanunla qorunan hüquqi marağın müdafiə zərurətinin mövcudluğundan söhbət gedə bilməz. Qeyd olunur ki, hazırkı iddiaya baxılması, iddiaçıların çıxarışın verilməsinə əsas olmuş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüquqi ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportun da mübahisələndirilməsi kimi hüquqların mövcudluğunun məhkəmə tərəfindən tanınmasına xidmət edər ki, məhkəmə hesab edir ki, istər çıxarış, istər ilkin hüquqmüəyyənedici sənədlərin verilməsində hər hansı pozuntu halı mövcud olsa belə, həmin pozuntunun hüquqmüəyyənedici sənədin ümumiyyətlə ləğv edilməsi yolu ilə aradan qaldırılmasında iddiaçıların faktiki maraq çərçivəsindən kənara çıxmayan marağı inzibati məhkəmə icraatı qaydasında iddianın verilməsini mümkün edən qanunla qorunan marağı anlayışını ehtiva etmir. Məhkəmə hesab edir ki, hüquqmüəyyənedici sənədi mövcud olan əmlakın vərəsəlik və digər yolla bölünməsi və s kimi mülki mübahisələrin həlli yolu kimi, mülki mübahisələrin həlli mülki mübahisəyə baxan məhkəmələr tərəfindən həll edilməlidir ki, əmlak bölgüsü, əmlakla bağlı payların müəyyən edilməsi və s kimi iddialar üzrə mübahisələrin həlli üsulu kimi mülkiyyət hüquqlarına dair qeydlərin, eləcə də həmin qeydlərin verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin ləğvinə nail olmasına istiqamətlənmiş iddiaların inzibati məhkəmə icraatı qaydasında qiymətləndirilməsi yolverilməzdir. Hazırkı iş üzrə isə ümumiyyətlə vərəsəlik qaydasında hər hansı mübahisənin olması halı da müəyyən edilməmişdir ki, əmlakın bölünməsinə əsaslanma halının ehtimal çərçivəsində mövcudluğu məhkəmə hesab edir ki, hər bir halda hazırkı iddianın mahiyyəti üzrə qiymətləndirilməsini istisna edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar