Məhkəmə qərarları › İş №2-1(112)-2722/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2722/2021

12.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2722/2021 12.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Murad Mirzəyev küçəsi, 113 ünvanda 208 kv. metr torpaq sahəsində yerləşən, ümumi sahəsi S=463,8 kv. metr, həcmi V=1806 kub metr, zirzəminin sahəsi S=141,2 kv. metr təşkil edən qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu İcra hakimiyyəti başçısının 239 saylı xx xxxxxx 2017-ci il tarixli sərəncamı ilə ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış massivi 4 saylı evin yaxınlığında Bakı şəhər İcra hakimiyyəti ilə bağladığı 1280 saylı xx xxxxxx 2017-ci il tarixli torpaq icarə müqaviləsi əsasında icarəsində olan 208 kv. metr torpaq sahəsində Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/1048 saylı xx xxxxx 2017-ci il tarixli məktubla razılaşdırılmış memarlıq planlaşdırılmasının eskiz həllini, 18/03-8/2012 saylı xx xxxxxx 2017-ci il tarixli məktubla razılaşdırılmış işçi layihəsini, 18/03-8/110 saylı xx xxxxxx 2017-ci il tarixli məktubla göndərilmiş torpaq sahəsinin ölçülərinə dair cizgini, 18/03-8/1048 saylı xx xxxxx 2017-ci il tarixli məktubla razılaşdırılmış 18/03-8/509 saylı xx xxxxxx 2017-ci il tarixli məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması sənədlərini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 23888 saylı xx xxxx 2017-ci il tarixli rəyini nəzərə alaraq qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Təsdiq olunmuş layihə əsasında ümumi sahəsi S=463,8 kv. metr, həcmi V=1806 kub metr, zirzəminin sahəsi S=141,2 kv. metr olmaqla qeyri-yaşayış sahəsi inşa olunmuş, ö/003022 saylı xx xxxx 2019-cu il tarixli İstismara hazırlıq aktı ilə tikinti quraşdırma işlərinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq olunmuşdur. Ünvan reyestri tərəfindən qeyri-yaşayış sahəsinin “ünvan 2 ünvanda yerləşməsi barədə arayış verilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə cavabdehə müraciət edilərək, Bakı şəhəri, Yasamal rayonu, Murad Mirzəyev küçəsi, 113 ünvanda 208 kv. metr torpaq sahəsində yerləşən, ümumi sahəsi S=463,8 kv. metr, həcmi V=1806 kub metr, zirzəminin sahəsi S=141,2 kv. metr təşkil edən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını xahiş olunmuş və zəruri sənədlər həmin ərizəyə əlavə edilmişdir. Cavabdeh tərəfindən ərizə xx.xx.2020-ci il tarixdə alındıqdan bir neçə gün sonra, daşınmaz əmlaka baxış keçirilməsi üçün göndərilmiş səlahiyyətli nümayəndələr, əmlaka baxış keçirib, ölçmə işləri aparsalar da, müraciətə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********51 №li xx.xx.2020-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin rəyi təqdim edilməmişdir. Bundan əlavə, istismara icazə sənədi təqdim edilməmiş və obyektin tikintisinə icazə sərəncamı Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim olunan sənədlər toplusuna əlavə olunmalıdır. Bununla bağlı İdarə tərəfindən iddiaçıya **********97 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.9.-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1.-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5-ci və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 3.0.3-cü bəndinə əssən dövət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan dövlət mülkiyyətinə olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaqlarını icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb təqdim etmək, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Agentliyin vəzifələrindən biridir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh inzibati orqa qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixdə **********64 №li xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarını və Koronovirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil ediməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyyələrini nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 16.2-ci maddəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2722/2021 saylı inzibati işi üzrə xüsusi karantin rejimində İdarənin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 16.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1953-cü ildə Şuşa şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra hakimiyyəti (“İcarəyəverən”) ilə ünvan 3 ünvanında yaşayan İddiaçı (“İcarəçi”) arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1280 №li xx xxxxxx 2017-ci il tarixli torpaq icarə müqaviləsinin notarial qaydada təsdiq olumuş surətindən müəyyən olunur ki, qeyd olunan müqavilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/110 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə razılaşdırılmış, İddiaçı xx.xx.2017-ci il tarixli müraciət məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış massivində, 4 saylı evin yaxınlığında yerləşən torpaq sahəsinin icarəsinə dair bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, “İcarəyəverən” icarə əsasında sahəsi 208 (iki yüz səkkiz) kv. metr olan torpaq sahəsini “İcarəçi”yə 49 (qırx doqquz) il müddətinə istifadəsinə verir. “İcarəçi” isə onu qəbul edir. Müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, torpaq sahəsi qeyri-yaşayış obyektinin tikintisi üçün verilir. Göstərilmiş məqsəd üçün sahənin istifadə olunması qətidir və gələcəkdə “İstifadə üçün icazə” adlandırılacaq. Müqavilənin 7.1-ci bəndinə görə bu müqavilə 49 (qırx doqquz) il müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 23888 saylı xx xxxx 2017-ci il tarixli rəyi ilə “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 yaşayış massivi, 4 saylı binanın yaxınlığında qeyri-yaşayış obyekti” üzrə işçi layihəsinin bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Bakı şəhəri Yasamal rayon İcra hakimiyyəti başçısının 239 №li xx.xx.2017-ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, qeyd olunan sərəncamla Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış massivi, 4 saylı yaşayış binasının yaxınlığında yerləşən torpaq sahəsində vət. İddiaçı qeyri-yaşayış obyektnin tikintisinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət X1 xx xxx 2019-cu il tarixli 990 №li rəyinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 aşağıdakı nəticəyə gəlmişdir: Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasmal-2 yaşayış massivi, 4 saylı binanın yaxınlığında yerləşən fiziki şəxs İddiaçı məxsus 2 mərtəbəli (+texniki) qeyri-yaşayış obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində yaradılmış Təhlil Qrupunun xx.xx.2019-cu il tarixli 990 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmış “Ünvan Reyestrindən Arayış”ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, adı çəkilən İdarə tərəfindən iddiaçıya məxsus mübahisəli daşınmaz əmlaka ünvan 5 ünvanı verilmişdir. İddiaçı hazırkı tələblə bağlı xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Y/Yasamal-2, M.Mirzəyev küçəsi, 4 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin üzərində hüquqların Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********97 №li xx.xx.2020-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müvafiq icra hakimiyyətinin qərarı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin rəyi təqdim edilməmişdir. Bundan əlavə, istismara icazə sənədi təqdim edilməmiş və obyektin tikintisinə icazə sərəncamı Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Beləliklə iş materiallarından da göründüyü kimi mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyri-yaşayış obyektinin tikintisi üçün iddiaçının istifadəsinə ayrılmışdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya həmin torpaq sahəsində qeyri-yaşayış obyektnin tikintisinə icazə verilmişdir. İddiaçının qeyd olunan torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış sahəsi müvafiq orqanlar tərəfindən istismara yararlı hesab olunmaqla, daşınmaz əmlaka yeni ünvan verilmişdir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq yeni inşa edilmiş daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Yasamal rayonu, Murad Mirzəyev küçəsi, 113 ünvanda 208 kv. metr torpaq sahəsində yerləşən, ümumi sahəsi S=463,8 kv. metr, həcmi V=1806 kub metr, zirzəminin sahəsi S=141,2 kv. metr təşkil edən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Murad Mirzəyev küçəsi, 113 ünvanda 208 kv. metr torpaq sahəsində yerləşən, ümumi sahəsi S=463,8 kv. metr, həcmi V=1806 kub metr, zirzəminin sahəsi S=141,2 kv. metr təşkil edən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar