Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2722/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pul kompensasiyası tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu 19.09.1992-03.08.2005-ci il dövrlər ərzində müvafiq aylar üzrə verilməmiş əmək haqqının və pul təminatından qanunsuz tutulmuş, vəzifə maaşına üstəlik verilməli olan əlavələrin ödənilməyən hissəsinin hesablanaraq, ona qaytarılması vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, hərbi xidmətdə olduğu 19.09.1992- 03.08.2005-ci il dövrlər ərzində müvafiq aylar üzrə ona verilməmiş əmək haqqının, aylıq pul təminatından qanunsuz tutulmuş, vəzifə maaşına üstəlik verilməli olan əlavələrin, ezamiyyət pullarının və s. digər təminat təminat xərclərinin ödənilməyən hissəsinin hesablanaraq, ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19.09.1992-25.05.1993-cü illər Azərbaycan Respublikası Müdafiə nazirinin sərəncamına əsasən “Qarabağ" döyüş bölgəsinə ezam olunduğu müddətdə; 25.05.1993-25.05.1995-ci illər-310 saylı hərbi hissədə və həmin h/h-dən “Qarabağ" döyüş bölgəsinə ezam olunduğu müddətdə, eləcə də, Naxçıvan MR-da 25.05.1995-18.08.2000-ci illər-216 saylı və 18.08.2000-03.08.2005-ci illər-215 saylı h/h-lərdə xidmət etdiyi müddətlərdə, yəni 19.09.1992-25.05.1993-cü illər ərzində ümumiyyətlə ona əmək haqqı ödənilməmiş, digər vaxtlarda ödənilməli olan aylıq pul təminatı qəsdən azaldılmış, tam şəkildə ödənilməmiş, ona hər hansı məlumat vermədən əmək haqqından qanunsuz tutulmalar həyata keçirilmiş, ezamiyyət pulları və əmək haqqına əlavələr, üstəlik verilməli olan pul vəsaiti qanunvericiliyin tələbinə uyğun düzgün hesablanaraq ödənilməmiş, nəticədə ona külli miqdarlarla ölçülən maddi ziyan vurulmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş 8/998 saylı 05.11.2021-ci il tarixli yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, Müdafiə Nazirliyində saxlanılan şəxsi (pensiya) işinə əsasən İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 25.05.1993-25.05.1995-ci il tarixlərdə N nömrəli hərbi hissədə, 25.05.1995-18.08.2000-ci ilil tarixlərdə N nömrəli hərbi hissədə, 18.08.2000-03.08.2005-ci ilil tarixlərdə N nömrəli hərbi hissədə və 03.08.2005- 04.08.2011-ci il tarixlərdə N nömrəli hərbi hissədə xidmət keçmişdir. İddiaçı 19.09.1992-24.05.1993-cü il tarixlərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət etməmişdir. Bu səbəbdən də iddiaçıya həmin müddət üçün pul təminatı ödənilə bilməzdi. İddiaçı 25.05.1993-cü il tarixdən 25.05.1995-ci il tarixədək xidmət etdiyi N nömrəli hərbi hissə 25.05.1995-ci il tarixində müvafiq qaydada ləğv edilmişdir və şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrlərdə ona ödənilmiş pul təminatı barədə araşdırma aparmaq mümkün olmamışdır. Naxçıvan Muxtar Respublikasında yerləşən N və N nömrəli hərbi hissələrdə İddiaçı pul təminatının ödənilməsi barədə arxiv çıxarışlarının, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə və vəzifə (tarif) maaşlarının 1995-2019-cu illər üzrə artırılmasına əsas olan normativ-hüquqi sənədlər barədə məlumatın araşdırılması zamanı məlum olmuşdur ki, yuxarıda qeyd edilən hərbi hissələrdə xidmət etdiyi dövrlərdə İddiaçı pul təminatı həmin vaxt üçün qüvvədə olan qanunvericiliyə uyğun olaraq olaraq düzgün hesablanmış və tam həcmdə ödənilmişdir, həmçinin pul təminatından tutulmalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmışdır. İddiaçı xidmət etdiyi N və N nömrəli hərbi hissələrdə ona hesablanan və tutulan pul paylama cədvəllərindən aylar üzrə arxiv çıxarışları, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə və vəzifə (tarif) maaşlarının 1995-2019-cu illər üzrə artırılmasına əsas olan normativ-hüquqi sənədlər barədə məlumat Müdafiə Nazirliyi tərəfindən aşağıdakı tarixlərdə iddiaçıya Müdafiə Nazirliyinin Feldyeger Poçt Rabitəsi, axırıncı 3 məktub isə mülki poçt rabitəsi vasitəsi ilə 05.11.2019-cu il; 12.12.2019-cu il; 31.01.2020-ci il, 17.03.2020-ci il, 10.06.2021-ci il və 17.03.2021-ci il tarixlərdə göndərilmişdir. İddiaçı 1995-2000-ci illərdə N nömrəli hərbi hissədə və 2001-2005-ci illərdə N nömrəli hərbi hissədə xidmət etdiyi dövrlərdə onun rütbə və vəzifə maaşlarının fərqli ödənilməsi barədə iddiası ilə əlaqədar 01.01.1999-cu il tarixədək N nömrəli hərbi hissənin tabeliyində olan bir sıra hərbi hissələr, o cümlədən N nömrəli hərbi hissə alay kimi təşkil edilmişdir. 01.01.1999-cu il tarixdən isə onlar briqada kimi yenidən təşkil edilib. Hərbi qulluqçuların vəzifə maaşları təyin edilərkən hərbi hissələrin statusu nəzərə alınır. Bu səbəbdən 01.01.1999-cu il tarixədək olan vəzifə maaşları sonra olan vəzifə maaşlarından fərqlənir. "Hərbi qulluqçuların statusu haqqında" 1991-ci il 25 dekabr tarixli Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün aldıqları pul təminatı qatlar tətbiq edilməklə ödənilir (01.06.1998-ci il tarixədək 3 qat, həmin tarixdən 01.12.2020-ci il tarixədək isə 2 qat). Hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak müddəti hərbi hissə komandiinin hər ay üçün verilən əmrləri ilə müəyyən edilir. Qeyd edilən şəraitdə olmayan hərbi qulluqçuların pul təminatına qatlar ödənilmir. Eyni zamanda qeyd edirlər ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ərzaq payı əvəzinə pul kompensasiyası ödənilmir. Burada xidmət edən hərbi qulluqçular qazan təminatına qoyulmaqla yeməklə təmin olunurlar. N və N nömrəli hərbi hissələr döyüş şəraitində olduğu dövrlərdə İddiaçı qazan təminatına qoyularaq yeməklə təmin olunmuşdur. Bu hərbi hissələr döyüş şəraitindən çıxarıldığı vaxtlarda isə İddiaçı ərzaq payı əvəzinə pul kompensasiyası ümumi əsaslarla ödənilmişdir.Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1962-ci ildə Lənkəran şəhəri, Nərimanabad kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən verilmiş 01.05.2017-ci il tarixli arayışdan müəyyən olunur ki, 1962-ci il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən 02.08.1980-ci il tarixdən 22.06.1985-ci il tarixinədək Ryazan Ali Hərbi Avtomobil Mühəndislər Məktəbində kursant kimi, 01.08.1985-ci il tarixdən 19.09.1992-ci il tarixinədək Sovet Ordusunda zabit kimi, 19.09.1992-ci il tarixdə 04.08.2011-ci il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 04.08.2011-ci il tarixli 0360 nömrəli əmri və “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsini “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublika; Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 05.10.2012-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Bakı şəhər Nəsimi rayon idarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 06.05.2019-cu il tarixli 12/1415 №-li məktubunda qeyd olunmuşdur ki, o, Rusiya Federasiyası Müdafiə nazirinin 0573 nömrəli əmrinə uyğun olaraq 19.09.1992-ci il tarixdən ştatların ixtisarı ilə bağlı ehtiyata buraxılmış və qeydiyyata durmaq üçün Lənkəran rayon hərbi komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 25.05.1993-cü il tarixli əmrinə əsasən ehtiyatdan hərbi xidmətə çağırılmış və Müdafiə nazirinin müvafiq əmrinə uyğun olaraq 31.08.2011-ci il tarixdən ehtiyata buraxılmışdır. Şəxsi işində olan N nömrəli hərbi hissə komandirinin arayışdan göründüyü kimi, 19 09.1992-ci il tarixdən 25.05.1993-cü il tarixədək sərəncamda olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2017-ci il tarixli 217 nömrəli qərarının 1-ci bəndinə uyğun olaraq kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün hərbi qulluqçunun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarında da həmin qayda qeyd olunub. Müdafiə nazirinin 25.11.2012-ci il tarixli 304 nömrəli əmrinə uyğun olaraq 12.06.2010-cu il tarixdən 30.09.2012-ci il tarixədək ehtiyata buraxılan hərbi qulluqçulara istifadə etmədikləri növbəti məzuniyyət əvəzinə pul kompensasiyası Müdafiə Nazirliyində yaradılmış müvafiq komissiya tərəfindən hesablanır. Kompensasiyanın hesablanması üçün komissiya tərəfindən hərbi qulluqçunun əvvəlki xidmət yerlərinə və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğular göndərilərək hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri əsasında onun istifadə etdiyi məzuniyyət günləri haqqında məlumatlar alınır. Bütün məlumatlar toplandıqdan sonra komissiya tərəfindən ödəniş üçün protokol tərtib edilir. Ödəniş sənədlərinin hazırlanması üçün əsas olan həmin arayışlar protokola əlavə edilir. Şikayət ərizəsində qeyd etdiyi məsələlərin araşdırılması məqsədilə hərbi xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə kompensasiyanın hesablanması üçün tərtib edilmiş protokol və ona əlavə edilən sənədlər tərəflərindən araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, onun hərbi xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət 312 gün təşkil etmişdir. Tərtib edilmiş protokola əlavə edilmiş sənədlərdən göründüyü kimi, kompensasiyanın hesablanması üçün, aldığı pul təminatı maaşları (hərbi rütbə üzrə 130,0 manat, vəzifə üzrə 365,0 manat, xidmət illərinə görə əlavə 198 manat olmaqla, cəmi 693 manat) 30,4-ə bölünməklə bir günlük kompensasiya məbləği (22.80) tapılmış və həmin məbləğ istifadə etmədiyi məzuniyyət günlərinə vurularaq 7.113,60 manat kompensasiya məbləği müəyyən edilmişdir. Onun ilk müraciəti 2013-cü ilin yanvar ayında olduğundan kompensasiyanın hesablanması üçün həmin vaxt mövcud olmuş vəzifə maaşı (365,0 manat) əsas götürülmüşdür ki, bu da yuxarıda qeyd edilən qərarların tələblərinə uyğundur. Eyni zamanda, ona 5500,86 manat məbləğində öncə hesablanmış məzuniyyət əvəzi pul kompensasiyası 30.12.2016-cı il tarixdə Müdafiə Nazirliyinin İşlər İdarəsinin maliyyə bölməsi tərəfindən təqdim etdiyi bank hesabına köçürülmüşdür. Həmin protokol tərtib edilərkən Müdafiə nazirinin əmrinə uyğun olaraq 1992-1993-cü illərdə istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə kompensasiyanın 1994-cü ildə ödənildiyini nəzərə alaraq həmin dövrdə istifadə etmədiyi məzuniyyət günləri nəzərə alınmamışdır. Məhkəmə qərarına uyğun olaraq qeyd edilən dövr də nəzərə alınmaqla, yenidən hesablama aparılmış və 1612,74 manat məbləğində fərq 12.04.2019-cu ildə hesabına köçürülmüşdür. Bundan əlavə, 17.05.2017-ci il tarixli məktubula Müdafiə Nazirliyinə göndərdiyi hesablamaya tərəflərindən baxılmışdır. Həmin hesablamalar mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, onun Azərbaycan Ordusunda hərbi xidməti 19.09.1992ci ildə başlamışdır. Bu səbəbdən həmin il üçün məzuniyyət xidmət etdiyi tam aylara uyğun olaraq proporsional hesablanmalıdır. Digər illərdə istifadə etmədiyi məzuniyyət günlərində isə fərq vardır. Nəticədə təqdim etdiyi hesablamalarda 104 gün artıq göstərilmişdir. Vəzifə maaşı ilə əlaqədar məsələni isə yuxarıda qeyd ediblər. Qeyd edilənləri nəzərə alaraq bildirilmişdir ki, hərbi xidmət dövründə istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyası düzgün hesablanmışdır. Ona həmin vəsaitdən artıq ödəmənin aparılması qanunauyğun deyildir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı aid xidmət kitabından (siyahı) çıxarışdan müəyyən olunur ki, sonuncu Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 25.05.1993-cü il tarixli əmrinə əsasən ehtiyatdan hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 25.05.1993-25.05.1995-ci il tarixlərdə N nömrəli hərbi hissədə, 25.05.1995-18.08.2000-ci ilil tarixlərdə N nömrəli hərbi hissədə, 18.08.2000-03.08.2005-ci ilil tarixlərdə N nömrəli hərbi hissədə və 03.08.2005- 04.08.2011-ci il tarixlərdə N nömrəli hərbi hissədə xidmət keçmişdir. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə hərbi xidmətdə olduğu 19.09.1992- 03.08.2005-ci il dövrlər ərzində müvafiq aylar üzrə ona verilməmiş əmək haqqının, aylıq pul təminatından qanunsuz tutulmuş, vəzifə maaşına üstəlik verilməli olan əlavələrin, ezamiyyət pullarının və s. digər təminat təminat xərclərinin ödənilməyən hissəsinin hesablanaraq ona qaytarılması vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş edir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası öhdəliyin icrası haqqında iddialara aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi 1992-2005-ci illərdə ödənilməyin son haqq hesab və ona verilməyən digər ödənişlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011 -ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ödənilməyin son haqq hesab və ona verilməyən digər ödənişlərin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pul kompensasiyası tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2722/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2722/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver