Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2722/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadam, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunsuz olaraq hesablanmış 9949.07 manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, “Bank ot Baku" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/08620/88/28 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən mənə 36 ay müddətinə, illik 24% olmaqla, 28.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq X5 və X7 ilə Bank arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit məbləği xx.xx.2022-ci il tarixli. MK/08620/88/28 saylı kredit sazişi üzrə istehlak məqsədi ilə verilmişdir. Nağd pul krediti - xx.xx.2022-ci il tarixli. MK/08620/88/28 saylı kredit müqaviləsinin 1.1.19-ci bəndinə əsasən - müqavilə ilə yerinə yetirilən şərtlər yerinə yetirildikdən və rəsmiləşdirmələr başa çatdıqdan sonra müştərinin hər hansı sifarişi olmadan tam məbləğdə onun cari (kart) hesabına köçürülən vəsaitdir. Bank tərəfindən iddiaçıya verilən kredit məbləği səhvən sahibkarlıq məqsədi üçün verildiyindən hazırki vəziyyətdə qanunsuz şəkildə vergi orqanı məndən vergi öhdəliklərinin yerinə yetirmədiyi üçün dövlət büdcəsinə (vergilər üzrə 7283.36 manat, faizlər üzrə 1755.29 manat) olmaqla ümumilikdə 9038.65 manat pul tələb edir. İddiaçı hesab edir ki, verilən kredit məbləği istehlak məqsədi üçün verildiyindən cavabdeh orqanın iddiaçının adına hesabladığı dövlət büdcəsinə vergi borcu əsassız və qanunsuzdur, borcun silinməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, e-2(007)-1525/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X2 və X3 müştərək qaydada 24736,86 manat əsas borc, 4257 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 29043,86 manat borc və 181 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5060/2024 saylı qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsi təmin edilmiş, xx xxxxxx 1990-cı il tarixdə Neftçala rayonu. Xıllı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddia ərizəsində göstərilmiş xüsusatlarla bağlı cavabdeh orqan tərəfindən aparılmış qanunsuz əməliyyatlarla bağlı məhkəmə araşdırılması aparılmalı, işə hüquqi qiymət verilməklə ziddiyyətli halların aradan qaldırılması barədə qərar qəbul edilməli, cavabdeh orqan tərəfindən tələb olunan məbləğin silinməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd olunmuşdur ki, iddia tələbi mümkünsüz hesab edilməlidir. Cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 46.2.1-ci maddəsinin tələblərinə düzgün əməl olunmamışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması ilə şəxsi vərəqəyə işlənmiş 9949,07 manat vergi borcunun əsassız olmasını iddia etməsinə baxmayaraq, mübahsələndirdiyi borc məbləğinin hesablanmasına əsas olmuş qərarı qeyd etməmiş və bununla bağlı tələbini əsaslandırmamışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral yoxlamasını keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Bildirilir ki, kameral vergi yoxlamasının nəticəsi üzrə vergi orqanı tərəfindən qəbul edilən qərarlar da “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə görə inzibati akt hesab olunur. Eyni zamanda həmin qərarlardan şikayət etmək hüququnun olduğu da vergi ödəyicisinə izah olunur. İddiaçı (VÖEN: **********) 9949,07 manat vergi borcu 2022-ci ilin gəlir vergisinə kameral qaydada hesablanmış vergilərdən və ona hesablanmış faizlərdən ibarətdir. Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-ci il tarixli, **********4073600 saylı qərarı elə həmin tarixdə iddiaçı "İddiaçı elektron qutusuna göndərilmişdir (vəsatətə əlavə olunur). Buna baxmayaraq iddiaçı borcun silinməsi tələbi ilə bağlı xx.xx.2023-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyasının "xxxx" MMC -nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 2-1 (102)-722/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarında vergi orqanı tərəfindən vergi ödəyicilərinin elektron qutusuna göndərilmiş qərarların vergi ödəyicisnə təqdim edilmiş hesab edilməsi məsələsinə aydınlıq gətirilmişdir. Belə ki, qərarda qeyd olunur: "Kollegiya bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin əvvəlki 70.2-ci maddəsində vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənədin adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməli olması, sənədlərin vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılması barədə müddəalar vergi ödəyicisinin hüquqlarını və vergi orqanının vəzifələrini müəyyən etmişdir ki, bu hüquq və vəzifələr tərəflərin xx.xx.2015-ci il tarixdə bağladığı Elektron sənəd mübadiləsi haqqında müqavilə ilə könüllü olaraq yenidən tənzimlənmişdir. Belə ki, həmin müqavilənin: 2.1.1-ci bəndinə əsasən Müqavilə vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin)elektron qaydada göndərilməsini və sair məsələləri müəyyən edir; 2.5-ci bəndinə görə tərəflər müəyyən edilmiş formada tərtib edilən və göndərilən elektron sənədin kağız ( və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər; 2.7-ci bəndinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır; 4.1.6-cı bəndinə görə elektron sənədlərin mübadiləsindən imtina etdikdə vergi orqanına ərizə vermək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi, Müqavilə ilə iddiaçı (vergi ödəyicisi) ona göndərilən elektron sənədin kağız sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul etmiş, elektron qutusuna daxil olmuş sənədin ona təqdim edilmiş sayılması ilə razılaşmışdır. Bununla bağlı kollegiya xüsusilə qeyd etməyi zəruri hesab edir ki, sənədin maraqlı şəxsə təqdim olunmasından qanunvericinin əsl məqsədi şəxsin onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir. Qeyd olunan şərtlərə əməl olunaraq, üstəlik özünün seçdiyi üsulla ona təqdim edilən inzibati akt hər bir halda qanunla qorunan bu tələblərə cavab vermiş sayılmalıdır. Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Bundan əlavə, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə işində elektron üsulla vergi ödəyicisinə göndərilmiş qərarların oxunması ilə bağlı mövcud olmuş mübahisə üzrə inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı X6 cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-60/2023 nömrəli qərarında məhkəmə kollegiyasının oxunma ilə bağlı məsələyə dair hüquqi mövqeyini qeyd edilməsi zəruri hesab edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-60/2023 nömrəli qərarında qeyd olunur: “Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.” Bundan əlavə qərarda qeyd olunur ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1 -ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxlarkən diqqət yetirilməsi xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli qərarında aydın şəkildə göstərilmişdir. Qeyd olunan qərarda 2.3-cü bəndində məhkəmələrin mümkünlüklə bağlı yoxlamalı olduğu hallar sadalanarkən göstərilir ki, həmçinin məhkəmələr İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.idrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə -iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1 -ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarından göründüyü kimi işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməlidirlər.
4. “Vergilərin, sosia sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********073600 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Gəlir vergisi Bəyannamə və hesabat dövrü: 2022-ci il Bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 7.283,36 manat
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan “məlumatların təqdim edilməsi barədə” xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN **********) xx.xx.2022xx.xx.2022-ci il ərzində bank hesablarına sahibkarlıq fəaliyyəti təyinatlı 37160.00 manat dəyərində pul vəsaiti daxil olduğu müəyyən edilmişdir.Qeyd olunan kənarlaşmalarla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********994300 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və yaranmış kənarlaşma aradan qaldırılmaqla bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə 7283.36 manat vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********073600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Həmçinin bildirilir ki, Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Qeyd edilənlərlə əlaqədar olaraq hesablama aparılarkən mikrosahibkarlar üçün nəzərdə tutulmuş 75% güzəşt nəzərə alınmamışdır.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli vəsatətdə qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qanunsuz olaraq hesablanmış 9949,07 manat vergi borcunun silinməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı "iddia tələbinin dəqiqləşdirilməsinə dair” məhkəməyə ərizə təqdim edərək, xx.xx.2023-ci il tarixli **********4073600 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərar ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bildirilir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-ci il tarixli **********4073600 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərar ləğv olunduğundan, yəni mübahisələndirilən iddia predmeti mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21- 2-3/2-174892/2025 saylı "Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarı ilə X1 2022-ci ilin gəlir bəyannaməsi üzrə hesablanmış 9.949,07 manat vergi məbləği azaldılmış və X10 müvafiq düzəlişlər olunmuşdur. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi "Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2023-ci il tarixli, **********4073600 saylı nömrəli Qərar ləğv olunmuşdur. AR İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
7. İddiaçı (VÖEN: **********) məxsus X12 iş materiallarına əlavə olunmuşdur.
8. “Vergilərin, sosia sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025ci il tarixli, 3-21-2-3/2-174892/2025 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Gəlir vergisi Bəyannamə və hesabat dövrü: 2022-ci il Bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat Qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik – 9.949,07
9. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
10. Məhkəmə qeyd edir ki, ““Vergilərin, sosia sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-174892/2025 nömrəli Qərara əsasən İddiaçı münasibətdə 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə hesablanmış 9.949,07 manat vergi məbləği azaldılmış və iddiaçının vergi borcu 0,00 manat müəyyən edilmişdir. Eyni zamanda İddiaçı məxsus X10 vergi borcu 0,00 manat qeyd olunmuşdur. İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
11. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva