Məhkəmə qərarları › İş №2-1(112)-2724/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2724/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2724/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı müavinətin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı 2006-cı ildən 2015-ci ilə qədər müalicə ilə əlaqədar ona verilməsi 2 (iki) aylıq əməkhaqqı həcmində birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05.10.2000-ci ildən 30.11.2015-ci ilə kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində xidmət etmişdir. Xidməti qüsursuz və ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun tələblərinə uyğun olmuşdur. 8 saylı şəhər poliklinikasının çıxarışına əsasən, 10.08.2007-ci il tarixdən şəkərli diabet tip-2, orta ağırlıqda diaqnozu ilə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Poliklinikasında dispanser qeydiyyatına götürülmüşdür. 26.05.2006-cı ildə qəbul edilmiş Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanunun 23.2-ci maddəsinə əsasən, müalicə olunması ilə əlaqədar ildə bir dəfə 2 (iki) aylıq əmək haqqı həcmində birdəfəlik müavinət almalı idi. Xidmətdə olduğu müddətdə o, müayinə və müalicə almaq üçün müavinəti almasına görə hər il müəssisə rəislərinə raportla müraciət etməsinə baxmayaraq, ya raportları Penitensiar Xidmətə göndərməyib və yaxud Penitensiar Xidmətdən ona müavinəti verməyiblər. 2011-ci il aprel ayından Penitensiar Xidmətə göndərilən sənədlərə dekabr ayına kimi müsbət cavab verilməyib. Dekabr ayında müəssisənin digər əməkdaşları müavinəti alandan sonra müəssisənin baş mühasibi ona bildirmişdir ki, Penitensiar Xidmətin mühasibatlığından bildirirlər ki, əgər o, müavinəti Rejim-Nəzarət Şöbəsinin nəzarətçisi, ədliyyə baş çavuşu X3 ilə (telefon: (070) 664 25 23) bölsə, veriləcəkdir. Dekabr ayının sonunda ona verilən 1360 (bir min üç yüz altmış manat) məbləğində müavinəti alıb, tam yarısını - yəni 680 (altı yüz səksən manat) məbləğini Nərimanov metrosunun yanında X2 vermişdir. 2012-ci ildə isə Penitensiar Xidmətdən bildiriblər ki, guya 2012-ci ildə Penitensiar Xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün ayrılmış vəsait təyinatı üzrə tam xərcləndiyinə görə, ödəyə bilmirlər. Xidmət etdiyi müəssisənin rəislərinin və Penitensiar Xidmətin rəhbərliyinin ona qərəzli münasibət göstərmələrinin səbəbi Penitensiar Xidmətdə qulluq keçən qardaşı X1 2005-ci ildə həbs olunub, 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum edilməsi olub. Müəssisə rəislərinin, Penitensiar Xidmət rəhbərliyinin ona qarşı qərəzli, birtərəfli münasibətinə görə, qanunla ona düşən müavinətləri 10 (on) il ala bilməmişdir. 2015-ci ildə məcbur olub təqaüdə çıxmaq üçün raportla müraciət etmişdir. Penitensiar Xidmətin rəhbərliyi ona qarşı qərəzli hərəkətləri ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinin tələblərini kobudcasına pozmuşlar. Qeyd olunan hüquq pozuntuları haqqında tələbini 2020-ci ilin əvvəlindən Penitensiar Xidmətin yeni rəhbərliyinə dəfələrlə ünvanlandırmış və xahiş etmişdir ki, onun 2006-2015- ci illərədək pozulmuş hüquqlarını bərpa edib, ona, o illərdə almadığı birdəfəlik iki əməkhaqqı həcmində müavinətin verilməsini təmin etsinlər. Dəfələrlə müraciətinə baxmayaraq, sonuncu müraciətinə 27.10.2020-ci il tarixdə cavabdeh orqan Penitensiar Xidmətdən eyni məzmunlu cavab yazmışlar. Beləliklə, cavabdeh orqan müraciətini və tələbinin predmetini başqa səmtə yönəldərək, tələbindən qanunsuz imtina etmişdir. Mübahisənin predmeti xidmət illərində almadığı müavinət olduğu halda, onlar əsas tələbdən yayınaraq müavinətin verilməsindən imtina etmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, qulluq keçdiyi müddətdə ona cavabdeh orqan tərəfindən yalnız 2011-ci ildə müalicə olunması üçün birdəfəlik müavinətin yarısı verilmişdir. Bildirir ki, cavabdeh orqan ona imtina cavabı verərkən qanunun tələblərinə formal yanaşmış, işin bütün hallarını araşdırmamış, nəticədə tamamilə əsassız imtina cavabı vermişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı 05.10.2000-ci il tarixdən 30.11.2015-ci il tarixədək Penitensiar xidmətdə qulluqda olmuşdur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Həmin maddənin ikinçi cümləsinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Əlavə olaraq bildirirlər ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydalan”nın 1.3-cü bəndinə əsasən işçinin hətda sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1 -ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. İddiaçı qulluq müddətində 2011-ci ildə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmişdir, 2012-ci ildə müraciət etmiş, lakin vəsait çatmadığına görə ödənilməmiş, digər illərdə müraciət etmədiyinə görə verilməmişdir. Müvafiq xərc maddəsinə mailiyə vəsaiti ayrılacağı təqdirdə cari ilin sonuna qədər 2012-ci il üzrə müalicə olunması ilə əlaqədar müavinətin ödənilməsi məsələsinə baxılacaqdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iddia ərizəsini və iş materillarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəisinə ünvanlanmış 20.11.2012-ci il tarixli məktubdan görünür ki, Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları: Qeydiyyat bölməsinin rəisi ədliyyə mayoru X6, Tərbiyə işinin təşkili şöbəsinin rəisi ədliyyə mayoru X4, həmin şöbənin böyük inspektoru (dəstə rəisi) ədliyə mayoru İddiaçı və nəzarətçi ədliyyə baş çavuşu X2 müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət verilməsinə diar sənədlərə baxılmışdır. 2012-ci ildə Penitensiar Xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün ayrılmış vəsait təyinatı üzrə tam xərcləndiyi üçün müraciətlərin təmini imkan xaricində olmuşdur. İşdə olan Ədliyə Nazirliyi Tibb Baş İdarəsini Poliklinikası tərəfindən verilmiş, 22 fevral 2013-cü il tarixli və 10.08.2015-ci il tarixli arayışlardan müəyyən olunur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinin böyük inspektoru ədliyyə mayoru İddiaçı həqiqətən Tibb Baş İdarəsinin Poliklinikasında “Şəkərli Diabet” diaqnozu ilə dispanser qeydiyyatındadır. Tibb Baş İdarəsinin Poliklinikasında tibbi müayinədən keçmiş və aşkar olunmuş xəstəliklərlə bağlı ambulator müalicə almışdır. İşdə olan Ədliyə Nazirliyi Tibb Baş İdarəsinin Poliklinikası tərəfindən verilmiş 681 nömrəli, 10 iyun 2020-ci il tarixli tibbi arayışdan görünür ki, 1966-cı il təvəllüdlü İddiaçı adına 2001-ci ildə Ədliyyə Nazirliyinin Tibb Baş İddarəsinin poliklinikasında tibbi kitabça açılmışdır. İddiaçı təqdim etdiyi 8 saylı şəhər poliklinikasının çıxarışına əsasən, o, 10.08.2007-ci il tarixdən “Şəkərli diabet tip – 2, orta ağırlıqda” diaqnozu ilə TBİ-nin Poliklinikasında dispanser qeydiyyata götürülmüşdür. Sonrakı dövrdə ona 2015-ci ilə kimi müraciətləri əsasında tibbi yardımlar göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 27.10.2020-ci il tarixli, 17/7-13392-C-4/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və digər hüquq-mühafizə orqanlarına ünvanladıqları eyni məzmunlu təkrar müraciətlərinə Penitensiar Xidmətdə baxılmışdır. Müraciətlərində qeyd etdiyi məsələ ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq ona müvafiq cavablar verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən iddiaçının eyni məzmunlu müraciətlərinə cavab olaraq verilmiş 12.06.2020-ci il tarixli, 06.07.2020-ci il tarixli və 01.10.2020-ci il tarixli məktublardan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Penitensiar Xidmətin Kadrlar İdarəsinin təqdim etdiyi arayışa əsasən 05.10.2000-ci il tarixdən 30.11.2015-ci il tarixdək Penitensiar Xidmətdə qulluqda olduğu müddət ərzində 2011-ci ildə müalicə olunması ilə əlaqədar birdəflik müavinət verilmiş, 2012-ci ildə vəsait çatmadığına görə müavinət ödənilməmiş, digər illərdə isə yazılı olaraq müraicəti olmadığı üçün birdəfəlik müavinət almamışdır. Maliyyə Nazirliyi tərəfindən müvafiq xərc maddəsinə maliyyə vəsaiti ayrılacağı təqdirdə cari ilin sonuna qədər 2012-ci il üzrə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi məsələsinə baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək qeyd edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Öhdəliyin icrası barədə iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş xüsusi mümkünlük şərti məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir ki, hazırki iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizələr ilə inzibati orqana müraciətlər edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı tələbi 2006-cı ildən 2015-ci ilə qədər müalicə ilə əlaqədar ona verilməli olan 2 (iki) aylıq əmək haqqı məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Kontitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyəti müstəqil struktur qurumudur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən Ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilən tələblərində ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Lakin, hazırki iş üzrə iddiaçıya bu hal 2012-ci il üzrə tətbiq edilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə məüssisəsinin rəisinə ünvanlanmış 20.12.2012-ci il tarixli məktub, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12.06.2020-ci il tarixli, 06.07.2020-ci il tarixli və 01.10.2020-ci il tarixli məktublar və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda göstərilən hal öz təsdiqini tapmışdır. Bu səbəbdən də, iddiaçıya 2012-ci il üzrə ödənilməmiş 2 (iki) aylıq əmək haqqı məbləğində müavinət ödənilməlidir. Digər tərəfdən məhkəmə iddiaçının digər illər üzrə (2012-ci il istisna edilməklə) müalicə olunması ilə əlaqədar ona ödənilməmiş 2 (iki) aylıq əmək haqqı məbləğində birdəfəlik müavinətin ödənilməsi ilə bağlı tələbini əsassız hesab edərək qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin (Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir) icrasınının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin 28.04.2008-ci il tarixli, 7- T nömrəli əmri ilə “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəflik müavinətin verilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaları 1.2-ci bəndinə əsasən müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən müraciət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Həmin Qaydaların 2.2-ci bəndinə müavinət verilməsi üçün müraciətə əlavə edilməli sənədlər sadalanmışdır. Hazırda iş materialları ilə müəyyən olunur ki, 2011-ci il üzrə iddiaçının müraciəti əsasında ona 2 (iki) aylıq əmək haqqı məbləğində birdəfəlik müavinətin ödənilmiş, digər illər üzrə isə (2011-2012-ci illər istisna edilməklə) sözügedən müavinətin ödənilməsi ilə bağlı ümumiyyətlə iddiaçı tərəfindən həmin müavinətin verilməsi üçün əsas olan sənədlər əlavə edilməklə cavabdeh inzibati orqana müraciət etməsi müəyyən edilmir. Bu səbəbdən də, həmin illər üzrə iddiaçıya müavinətin ödənilməsi ilə bağlı tələbi əsassızdır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2006, 2007, 2008, 2009, 2010, 2014-cü illərdə müalicədə olmasını təsdiq edən hər-hansı tibbi sənədi məhkəməyə təqdim etmədiyindən onun müalicə alması iş materialları ilə təsdiq edilmir, həmin sənədləri təqdim etsə idi belə (2013-2015-ci illər üzrə müalicə olması ilə bağlı iş materiallarında arayış mövcuddur) həmin sübutlar yenə də, iddianın əsaslı olmasına dəlalət etməyəcəkdi. Belə ki, iddiaçı müalicə ilə əlaqədar müavinətin ödənilməsi ilə bağlı müraciəti yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən xidmətdə olduğu dövr ərzində deyil, xidmətdən xaric edildikdən sonra etmişdir ki, bu da, öz növbəsində müavinətin ödənilməməsi üçün əsasdır. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 2012-ci ildə istifadə etmədiyi müalicə olunması ilə əlaqədar birdəfəlik müavinətin hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar