Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2728/2020 22.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə (hazırda X7 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə təyin edilmiş əmək pensiyasının əmək haqqına uyğun yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 2008-ci ildən 2004-2005-ci illərinin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası təyin edilməsini və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə ona 51 yaşında 3 uşaqlı ana olduğuna görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 30 manat, işlədiyinə görə isə 15 manat alırdı.57 yaşı 2008-ci il oktyabr ayının 10-da tamam olmuşdur. 2008-ci ildən 2009-cu ilə qədər “Şirvan OYL” şirkətində Geoloji şöbədə böyük geoloq vəzifəsində işləmişdir. 39 il iş stajı var. Onun 26 ilini təmiz Neft Sənayesində işləmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinə müraciət edərək, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanarq yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin orqan imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialının nümayəndəsi X8 etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçının İdarəyə təqdim etdiyi sənədlərin surətinə əsasən işlədiyi “geoloq və böyük geoloq” vəzifəsi siyahılarda nəzərdə tutulmamışdır. Bununla əlaqədar məhkəmə təcrübəsində vardır ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı peşələrin siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin X3 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: məhkəmə hesab edir ki, siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə yerin altında və üstündə habelə qısamüddətli və ya uzun müddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitindən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər. Göründüyü kimi, Azərbaycan respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrinin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Baxılan halda isə müvafiq vəzifə sözügedən siyahıda nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin nümayəndəsi X8 imtina məktubuna uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: Əli-Bayramlı ŞRPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1951-ci il təvəllüdlüdür, Əli-Bayramlı şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15, mənzil 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Əli-Bayramlı şöbəsinin 014910 nömrəli pensiyaçının uçot vərəqəsindən görünür ki, İddiaçı Mənsim qızına xx xxxxxxx 2002-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Socar Baş ofis Mərkəzi Arxivinin xx xxxxxxx 2019-cu il tarixli arxiv arayışından görünür ki, xx xxxxxxx 1951-ci il təvəllüdlü İddiaçı xx.xx.1983-cü ildə “Azneftgeofizika” trestinin X1 köçürmə yolu ilə “Şirvanneft” NQÇİ-nin ETİİS layların nəticələri və təhlili laboratoriyasına geoloq vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci ildə neft mədən laboratoriyasına mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci ildə ətraf mühitin mühafizəsi laboratoriyasına mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə ETİİS-yə 13-cü dərəcəli geoloq vəzifəsinə keçirilmişdir.xx.xx.1995-ci ildə aparatda 13-cü dərəcəli geoloq vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə geoloji şöbədə 13-cü dərəcəli geoloq vəzifəsinə keçirilmişdir. ARDNŞ-nin xx.xx.1997-ci il tarixli 158 nömrəli əmrinə əsasən “Şirvanneft” NQÇİ xx.xx.1997-ci il tarixindən ləğv olunmuş və onun bazasında “Şirvan Oyl” BMMM yaradılmışdır. xx.xx.1997-ci ildən “Şirvan Oyl” BMMM-də 13-cü dərəcəli geoloq vəzifəsində işini davam etdirmişdir. xx.xx.2006-cı ildə geoloji şöbədə böyük geoloq vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə uyğun olaraq öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi tərəfindən X2 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli **********58 saylı məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məblğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəi qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsində qazma bəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri, mədən-geofiziki partiyalarının rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim olunmuş xx xxxx 1970-ci il tarixli əmək kitabçasında xx.xx.1983-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇİnin neft mədən və ətraf mühitin mühafizəsi laboratoriyasında mühəndis, geoloji şöbədə geoloq və böyük geoloq vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi sahələr və vəzifələr yuxarıda qeyd olunan sahəyə və vəzifəyə uyğun deyil. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1951-ci il təvəllüdlüdür, 3 uşaqlı ana olduğuna görə ona 51 yaşından pensiya təyin edilmişdir. İddiaçı əmək kitabçasında qeyd edilən ayrı-ayrı dövrün güzəştli iş stajı nəzərə alınmaqla güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnun olduğunu bildirir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. İddiaçı iddia ərizəsində həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli Siyahı üzrə güzəştli peşədə işləməsini, yaşla bağlı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə edilən əlavənin tətbiq olunmasını vurğulayıb. Məhkəmə aşağıdakı əsaslara görə iddianın əsassız olmadığını hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. -1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; -2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə iddiaçının əmək kitabçasından, həmçinin SOCAR tərəfindən verilmiş arayışdan görünür ki, o, 1988-ci ildən 2009-cu ilədək şöbədə geoloq vəzifəsində çalışmışdır və iddiaçı iddia edir ki, həmin işlədiyi peşə zərərli peşə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsində qazma bəndində quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyalarının rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı burada qeyd edilən iş sahələrində və ya zərərli iş şəraitində işləməmişdir. Belə ki, istinad edilən siyahıda geoloqlar göstərilmişdir ki, iddiaçının əmək kitabçasında olan qeydə əsasən, o, quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin geoloqu kimi deyil, idarədə və laboratoriyada geoloq kimi işləmişdir. Qeyd edilən halda iddiaçının vəzifə səlahiyyətlərinin mahiyyəti araşdırmaqla müəyyən olunur ki, iddiaçının geoloq peşəsində işləməsi zərərli şəraitdə olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X6 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması”na dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2728/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2728/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver