Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2728/2021 04.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək iddiaçının diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin tanınması barədə şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilərək iddiaçının diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin tanınması barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-2019-cu illərdə Ukraynanın "xxxx" Özəl Ali Təhsil Müəssisəsinin İqtisadiyyat və Menecment fakultəsində “müəssisənin iqtisadiyyatı” ixtisası üzrə ali təhsil alaraq universiteti müvəffəqiyyətlə bitirmişdir. Bu barədə iddiaçıya diplom və apostil verilmişdir. Həmin diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin tanınması barədə şəhadətnamənin verilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir və cavabdehdən bu barədə imtina almışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, universitetin təhsil normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mamkün olmuş, bundan əlavə, iddiaçı tərəfindən təqdim etdiyi diplom dövlət nümunəli olmamış, eləcə də, iddiaçının tədris dilinin bilmə səviyyəsi qənaətbəxş olmamışdır. İmtinanı təşkil edən hər 3 dəlil əsassızdır. İddiaçı ölkədə olma müddətinin qısa olması və bu müddətdə tədris yükünü yerinə yetirməyinin qeyri-mümkünlüyü barədə dəlillə razılaşmır. Belə ki, onun tədris yükünü mənimsəməyi orada qalma müddəti ilə deyil, imtahanlardan aldığı qiymətlərlə və bu barədə olan sənədlərlə müəyyən edilmişdir. Belə ki, Universitetin diploma əlavəsi olan qiymət cədvəlindən də görünür ki, bütün fənnlər üzrə qiymətləri “yaxşı” və “əla” olmuşdur və bu qiymət cədvəli Universitet rəhbərliyi tərəfindən təsdiq edilməklə iddiaçıya diplom verilmişdir. Həmin müddətin qısa olmasını qeyd edən cavabdeh guya onların firkincə tələb edilən həmin müddətin nə qədər olmasını öz imtinasında qeyd etməklə əsaslandırmamışdır. Bu halda isə bu barədə olan imtinanı qanuni və əsaslı hesab etmək olmaz. Çünki bu halda həmin müddətin həcmi barədə olan dəlili sübut etmək və əsaslandırmaq inzibati orqanın borcudur. Cavabdeh tərəfindən isə yalnız formal olaraq bu dəlili gətirməklə iddiaçıya diplom verməkdən imtina etməsi qanuni hesab edilə bilməz. İddiaçı diplomun dövlət nümunəli olmaması barədə dəlili ilə də razılaşmır. Belə ki, həmin diplom rəsmi qeydiyyatdan keçmiş Universitet tərəfindən verilmiş və apostillə təsdiq edilmişdir. Bu hal da həmin diplomun dövlət nümunəli olmasını tam təsdiq edir. Bu halda cavabdehin bu barədə dəlili də əsassız hesab edilməlidir. İddiaçı tədris dilini bilmə səviyyənin qənaətbəxş olmamaması barədə dəlili əsassız hesab edir. Çünki fənnlərdən yüksək qiymətlər həmin kifayət qədər mükəmməl bilməsinin göstəricisidir və cavabdehin bu barədə subyektiv fikri iddiaçıya imtina verilməsi üçün əsas hesab edilə bilməz. İddiaçı hesab edir ki, cavabdehin imtinası bu sahədə olan qanunverici tələblərinə də zidd olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia tələbi əsassızdır. İddiaçı məhkəməyə sübut qismində şəxsiyyət vəsiqəsinin surətini, 11.11.2020-ci il tarixli cavabdehin elektron imtina məktubunu, Ukraynanın "xxxx" Özəl Ali Təhsil Müəssisəsi tərəfindən verilmiş Дİ №008648 nömrəli bakalavr diplomunun notariat qaydada təsdiq olunmuş surətini (26.12.2019-cu il tarixdə apostil olunmuşdur), Ukraynanın "xxxx" Özəl Ali Təhsil Müəssisəsinin Дİ №008648 nömrəli diplomuna notariat qaydada təsdiq olunmuş əlavənin surətini (26.12.2019-cu il tarixdə apostil olunmuşdur) təqdim etmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məlumatlarına əsasən, iddiaçı 2015-ci ildə cəmi 181 gün, 2016-cı ildə - cəmi 27 gün, 2017-ci ildə - cəmi 11 gün, 2018-ci ildə - cəmi 13 gün, 2019-cu ildə cəmi 20 gün müddətində Gürcüstan istiqamətinə, 2019-cu ildə isə 3 gün müddətində (30.09.2019-03.10.2019) Ukrayna istiqamətinə getmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı "xxxx" Özəl Ali Təhsil Müəssisəsində təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplomu verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, Ukraynanın Avropa Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda cavabdeh tərəfindən Ukraynanın ENİC Mərkəzinə göndərilmiş sorğu ilə bağlı daxil olmuş cavab məktubunda Ukraynanın Avropa Universiteti tərəfindən iddiaçının adına verilmiş bakalavr diplomunun dövlət nümunəli olmadığı müəyyən edilmişdir. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.3-ci mаddəsinə əsаsən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. İşin faktiki hallarına əsasən iddiaçı Ukrayna Respublikası ərazisində İ il – 0 gün, İİ il – 0 gün, İİİ – il 0 gün, İV – il 3 gün olmuşdur, yəni təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 01 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndinə əsasən cavabdeh xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayaraq müddətdə Ukraynanın "xxxx" Özəl Ali Təhsil Müəssisəsində təhsil aldığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək iddiaçının diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin tanınması barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilərək iddiaçının diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin tanınması barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2728/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2728/2021
04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver