Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2728/2022 21.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı texniki pasportun və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi, 97 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli sərəncamı ilə M.Qaşqay küçəsi 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsi təqdim olunmuş layihəyə uyğun olaraq onun adına sənədləşdirilməsinə icazə verilmiş, mövcud qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi ona tövsiyyə olunmuşdur. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli qərarı ilə tikinti obyektinin istismarına icazə verilmişdir. Ərizəyə 2018-ci il tarixli eskiz layihəsini, baş planı, o cümlədən qeyri-yaşayış sahəsinin plan sxemini əlavə edir. Qanuni mülkiyyət hüququ əsasında sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdehə müvafiq ərizə ilə müraciət olunmuş, lakin cavab olaraq göstərilmişdir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam və obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmiş, həmçinin qeyri-yaşayış binasının layihəsi və istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Hesab edir ki, İdarənin bu imtinası tam ədalətsiz, qanunsuzdur. Belə ki, göründüyü kimi ona aid olan bütün hüquq müəyyənedici sənədlər lazımı qaydada cavabdeh inzibati orqana təqdim olunmuş, qeyri-yaşayış binasının layihəsi və istismarına icazə sənədinin isə iddiaçıdan tələb olunması qanunun tələbinə ziddir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası tərəflərindən etirazla qarşılanır. İddiaçının müvafiq tələblə bağlı müraciəti xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam və obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir. Həmçinin qeyriyaşayış binasının layihəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamış və istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bu barədə vətəndaşa **********36 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsədə, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim etdiyi sənədlər toplusuna əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə doğulmuşdur. - Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 282 №-li “Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında” sərancamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Buzovna qəs., Xətai küçəsi, döngə 9, 1 №-li evdə yaşayan vətəndaş İddiaçı ərizə ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilməsini xahiş edir. Ərizəyə əlavə olunmuş sənədlərdən (RMKTB-nin xx.xx.2018-ci il tarixli, 109 №-li arayışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki, M.Qaşqay küçəsi 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən uzun müddətdir ki, vətəndaş İddiaçı istifadə edir. Göstərilənlərə istinad edərək M.Qaşqay küçəsi 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilməsi, vətəndaş İddiaçı qeyri-yaşayış sahəsinin ətraf ərazisinin sanitarıya vəziyyətinə nəzarəti təmin etməsinin tapşırılması, sözügedən mövcud qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsinin vətəndaş İddiaçı tövsiyə olunması qərara alınmışdır. - Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 19 nömrəli, 12 iyul 2017-ci il tarixli tikinti obyektinin istismarına icazənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tikiniti obyektinin ümumi sahəsi 20,1 kvm., ümumi torpaq sahəsi 28,8 kvm., mərtəbə sayı 1, ümumi tikinti həcmi 72,0 kvm.-dir. Təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 16 iyul 2017-ci il tarixdən Mirəli Qaşqay küçəsi 97 ünvanda yerləşən qeyri-yaşayış sahələrinin istismarına icazə verilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi, 97 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 2018-ci il tarixli eskiz layihəsinin surətindən görünür ki, tikintinin sahəsi 28,8 kvm., ümumi sahəsi 20,1 kvm., torpaq sahəsi 0.00288 kvm.-dən ibarətdir. Eskiz layihə Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. - Bakı şəhəri Nərimanov rayonu MKTB 53 saylı MKİS ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 53/109 №-li istismar yığımı müqaviləsinin surətindən görünür ki, tərəflər arasında ünvan 2 ünvanında yerləşən 4 kvm. sahəyə görə istismar yığımı ilə bağlı (İstismar yığımı 4,0 kvm. x 0.60=2,48 manat) müqavilə bağlanmışdır. - Bakı şəhəri Nərimanov rayonu MKTB 53 saylı MKİS ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 109 №-li istismar yığımı müqaviləsinin surətindən görünür ki, tərəflər arasında ünvan 2 ünvanında yerləşən 24,0 kvm. sahəyə görə istismar yığımı ilə bağlı (İstismar yığımı 24,0 kvm. x 0.60=14.40 manat) müqavilə bağlanmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu MKTB 53 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 53/52 nömrəli arayışdan görünür ki, M.Qaşqay 97-də yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2009-cu il tarixli, 53/109 saylı müqaviləyə əsasən vətəndaş İddiaçı istifadəsindədir. Qanuni sahibidir və 53 saylı MKİS-in balansındadır. Qeyri-yaşayış sahəsilə bağlı bütün kommunal xidmətləri İddiaçı ödəyir. Nərimanov rayon İcra Hakimiyyətinin 282 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilib. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********18 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/177 №-li məktubdan görünür ki, İddiaçı istifadəsində olan sahə Birliyin balansında olan 1981-ci ildə inşa edilmiş 9 mərtəbəli, 4 girişli, 72 mənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********36 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam və obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir. Həmçinin, qeyri-yaşayış binasının layihəsi və istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı istifadəsindədir. Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 282 №-li “Qeyri yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında” sərancamına əsasən M.Qaşqay küçəsi 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 19 nömrəli, 12 iyul 2017-ci il tarixli tikinti obyektinin istismarına icazəyə əsasən 16 iyul 2017-ci il tarixdən Mirəli Qaşqay küçəsi 97 ünvanda yerləşən ümumi sahəsi 20,1 kvm. olan qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin eskiz layihəsi Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İddiaçı qeyd olunan qeyiryaşayış sahəsi üzərinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinin ayrılması barədə sərəncamın və obyektin tikintisinə icazə sərəncamının təqdim edilməməsi, həmçinin qeyri-yaşayış binasının layihəsinin və istismarına icazə sənədinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.9-cı maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.10-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən inşa edilmiş ünvan 2 yerləşən qeyri-yaşayış sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9 və 8.0.10-ci maddələrində nəzərdə tutulmuş sənədlərdən hər hansı biri nə inzibati icraat, nə də məhkəmə icraatında təqdim edilməmiş, eləcə də belə sənədlərin mövcudluğu və məhkəmə icraatına təqdim edilməsi ilə bağlı hər hansı müvafiq vəsatət verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hüquqlarını qeydə alınması üçün əsas hesab etdiyi Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 282 №-li sərəncamı isə səlahiyyətli orqan tərəfindən verilmiş inzibati akt kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublıkası Prezidentının 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməsinin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səvıyyəlı binaların memarlıq layihəsi təsdıq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Həmin əsasnamənin əlavəsi olan rayon icra hakimiyyətı başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Bundan əlavə Bakı şəhəri Nərimanov rayonu MKTB 53 saylı MKİS ilə İddiaçı arasında bağlanmış bağlanmış müqavilələr isə “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzilkommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq mənzil fondunun saxlanılması üçün istismar yığımı barədədir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanınada yerləşən qeyriyaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olmadığından cavabdeh inzibati orqanın onun müraciətini təmin etməməsi qanuni və əsaslı olmaqla ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2728/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2728/2022
21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver