Məhkəmə qərarları › İş №2-1(112)-273/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-273/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-273/2023 12.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəsissəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamına və həmin sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti İşlər İdarəsinin X2 xx.xx.2003cü il tarixli, 28 saylı əmrinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozunda ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərənacamına əsasən iddiaçıya Buzovna qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozunda 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əsasən Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinə əsasən Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokolunu nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən iddiaçıya 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmış və torpaq sahəsinin cizgi sxemi verilmişdir. Artıq 22 ildir ki iddiaçı torpaq sahəsindən fasiləsiz, etirazsız istifadə edir. Torpaq sahəsini daş hasara almış, dəmir darvaza qoymuşdur. Halhazırda iddiaçı həmin torpaq sahəsinə dair çıxarış almaq istəyir. Bununla bağlı o, qeyd olunan sənədləri cavabdehə təqdim edərək adına çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh əsassız olaraq onun müraciətini təmin etməkdən imtina etmişdir. İmtinada qeyd edilir ki, guya ki, ona məxsus torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından 400 metr aralıda yerləşir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, torpaq sahəsi ona sərəncama və cizgi sxeminə uyğun yerdə ayrılmışdır. Qeyd olunanolara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, tərəvəzçiliksüdçülük sovxozunda ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı İdarəyə xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından 400.0 metr kənarda yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qevdiyyatına alınmasında imtina edilməsi barədə **********38 nömrəli, xx.xx.2020-ci il tarixli bildiriş və **********75 nömrəli, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs hər hansı səbəb bildirmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxıllmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2020-ci il tarixli, **********38 saylı məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 3-1367 saylı sahədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından 400.0 metr kənarda yerləşdiyi bildirilərək, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 28 nömrəli, 21 may 2003cü il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Pərezidenti İşlər İdarəsinin X5) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolunu nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. -Abşeron rayon İcra Hakimiyyəti üzrə 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamdan çıxarışda aşağıdakılar qeyd edilmişdir: 1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçiliksüdçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınsın. 2. Vətəndaş İddiaçı 0,10 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın. 3. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron RİH Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamının arxiv çıxarışından görünür ki, Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan, Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanının olmamasını, uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika Prezidentinin işlər müdiri A.Muradverdiyevin 5 yanvar 1999-cu il tarixli 22/6 saylı məktubu nəzərə alınaraq bu məqsəd üçün Maştağa-Buzovna yolunun şimalından, BAİB-nə gedən asfaltın qərbindən, BAİB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondunun ayrılması, həmin torpağın Respublika Prezidenti İşlər idarəsinin nəzdində olan tərəvəzçilik-südçülük sovxozunun direktorunun əmri ilə torpaq qanunvericiliyi əldə rəhbər tutulmaqla, növbəlik əsasında verilməsi, torpaq sahəsinin paylanmamışdan əvvəl sifarişçi tərəfindən sahənin baş planın tərtib edilməsi, torpaqların baş plana uyğun verilməsi müəyyən edilmiş, nəzarət sovxozun direktoruna tapşırılmışdır. Arxivin qeydi: Sərəncama adlı siyahı və cizgi daxil edilməmişdir. -Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 tərəfindən iddiaçıya verilmiş 16 sentyabr 2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən X5 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesabı ilə 3-1367 kodlu torpaq sahəsi ayrılmışdır. 3-1367 kodlu torpaq sahəsinin ölçüsü uyğundur. Məhkəmə mübahisəsi yoxdur. Arayışa X5 tərəfindən tərtib edilmiş iddiaçıya ayrılmış həyətyanı torpaq sahəsinin sxemi əlavə edilmişdir. -Məhkəmənin iddiaçıya torpaq sahəsi ayrılmasına dair sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə sorğusuna Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına ARPİİ-nin X5 tərəfindən verilmiş 21 may 2003-cü il 28 nömrəli əmrdən çıxarışa əsasən 3-1367 kodlu torpaq sahəsi ayrılmışdır. AR Prezidentinin 30 oktyabr 2015ci il tarixli Fərmanına uyğun olaraq iddiaçının müraciəti əsasında xx.xx.2020-ci il tarixli arayış Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir. Arayış bir nüsxədən tərtib olunaraq vətəndaşa təqdim olunmuşdur. Bu səbəbdən sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi mümkünsüzdür. -Abşeron rayon Dövlət Arxiv İdarəsinin 05 aprel 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Buzovna tərəvəzçilik-südçülük sovxozunun sənədləri mühafizə edilməsi məqsədilə Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, AR Prezidenti İşlər İdarəsinin müraciəti nəzərə alınaraq İdarənin nəzdində olan Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə Maştağa-Buzovna yolunun şimalından, BAİB-nə gedən asfaltın qərbindən, BAİB-nın yaşayış evinin cənubundan hər ailə üçün 0,10 ha hektar hesabı ilə 50 ailəyə həyətyanı torpaq fondu ayrılmışdır. Həmin sərəncama əsasən iddiaçıya AR Prezidenti İşlər İdarəsinin X4 xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmri ilə fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən 0,10 ha 3-3167 kodlu torpaq sahəsi ayrılmış, torpaq sahəsinin sxemi tərtib edilmişdir. İddiaçı hazırda qeyd olunan sənədlərə istinad edərək ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından 400.0 metr kənarda yerləşdiyini bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırkı tələbi ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinanın qanunsuz olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: Həmin Sərəncamın 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X5) rəhbərinin (direktor və s.) əmri. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Göründüyü kimi, qüvvədə olan əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunu qüvvəyə minənədək olan dövrdə yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X2 əmrini bu əsaslardan biri kimi nəzərdə tutur. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə araşdırma aparmışdır. Belə ki, Məhkəmənin qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası "xxxx" MMC-nin mütəxəssisləri cəlb olunmaqla, eləcə də barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılmasının ekspertin öz səlahiyyətinə (sərəncamına) buraxılmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: 1.Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X5) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı Protokoluna əsasən İddiaçı adına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin koordinatları (sahə sərhədləri) müəyyən edilsin. 2.Hazırda iddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktında qeyd olunan ərazilərdən kənarda yerləşirmi, yerləşirsə ərazisi müəyyən edilsin (ölçüləri göstərilməklə).

3. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X5) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı Protokoluna əsasən İddiaçı adına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin koordinatları Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktında qeyd olunan ərazilərdən kənarda yerləşdiyi təqdirdə hansı quruma aid olan ərazilərə aiddir?

4. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsindən ibarət olan bağ sahəsinin naturada faktiki yeri müəyyən edildikdən sonra digər şəxsin torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi, digər şəxsin adına qeydiyyatdan keçibkeçmədiyi müəyyən edilsin.

5. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin koordinatları digər şəxsin adına hüquqlarının qeydə alındığı sahənin koordinatları ilə üst-üstə düşdüyü təqdirdə həmin şəxs müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1766 №li ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: 1.Göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0,10 h təşkill edir. Torpaq sahəsi daş hasaral iki hissəyə bölünüb. Faktiki olaraq göstərilən 0,10 ha torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatları yazılı formada əlavə olunmuşdur. 2.Vahid elektron kadastr bazasına əsasən göstərilən faktiki torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X2 ayrıc üzrə ərazisindən 500 metr kənarda yerləşir. 3.Vahid elektron kadastr bazasına əsasən göstərilən faktiki torpaq sahəsi AR Prezidenti İşlər İdarəsi X2 ayrıc üzrə ərazisindən kənarda yerləşməklə dövlət mülkiyyəti torpağıdır. 4.Vahid elektron kadastr bazasına əsaəsn göstərilən faktiki torpaq sahəsi Buzovna qəsəbəsində deyil, Şağan qəsəbəsinin ərazisində yerləşir. Sözügedən sahəyə dair digər iddiaçısının olub-olmaması barədə məlumat aşkar edilmədi. 5.Torpaq sahəsinin digər sahə ilə üst-üstə düşməsi barədə vahid elektron kadastr bazasında məlumat yoxdur. Göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsinin vahid elektron kadastr bazasındakı məlumatlarına əsasən mübahisələndirilən (naturada göstərilən) torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 ayrıc üzrə ərazisindən 500 metr kənarda yerləşərək dövlət mülkiyyəti torpağı olduğu ekspert rəyi ilə də təsdiq edilmişdir. Məhkəmə sözügedən ekspert rəyinin əsaslılığına şübhə yaradan hər hansı hal müəyyən etmədiyindən həmin rəyi mötəbər sübut kimi qəbul edərək iddiaçının mübahisəli torpaq sahəsinin qeyd olunan müəssisənin balansında olması ilə bağlı hər hansı bir sübut təqdim etmədiyini, əksinə, Məhkəmə Ekspertizası Mərkəzinin 10/1766 №li ekspert rəyinə əsasən vahid elektron baza məlumatlarına əsasən mübahisələndirilən (naturada göstərilən) torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin balansında olan ərazinin hüdudlarından kənarda yerləşdiyini nəzərə alaraq cavabdehin torpaq sahəsinin iddiaçının adına mülkiyyəti hüququ əsasında qeydiyyatdan keçirilməsindən imtina etməkdə haqlı olduğu qənaətinə gəlir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1766 №li ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İddia tələbi təmin edilmədiyindən qeyd olunan pul vəsaiti iddiaçıya aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) tutulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar