Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-273/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X8, X14, X9, X16 və X15 “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X8, X14, X9, X16 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 aprel 2025-c il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005ci il tarixli 33101 №-li müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 190 saylı Sərəncamı əsasında İddiaçı Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 4205a №-li bağ sahəsi istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “...elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin müraciətləri mövcuddur. Həmçinin, müvafiq torpaq sahəsinə dair digər fiziki şəxsin “torpaq sahəsinə dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1306/2023 saylı inzibati işi üzrə məhkəmə bildirişi daxil olmuş, lakin yekun məhkəmə aktı barədə məlumat aşkar olunmamışdır. Eyni zamanda, göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir və yaxınlığından yeraltı qaz xətti keçir. Qeyd olunanlarla yanaşı, xx.xx.2022-ci il tarixli müraciətini zamanı tərəfinizdən fərqli ərazi göstərilmişdir (torpaq sahəsi istifadənizdə deyil). İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və ümumi 0,12 hektar torpaq sahəsi olan 4205a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və bununla bağlı onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, müvafiq bağ sahəsi təyinatına uyğun olaraq tərəfindən mühahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər vaxtlı-vaxtında dənilir və həmin bağ sahəsi onun faktiki mülkiyyətindədir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, müvafiq bağ sahəsi ona ayrılan zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz məktubunda bildirilmişdir ki, ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin (X8, X14, X9, X16, X17, X15) müraciətləri mövcuddur. Həmçinin müvafiq torpaq sahəsinə dair digər fiziki şəxsin (X15) “torpaq sahəsinə dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1306/2023 saylı inzibati işi üzrə məhkəmə bildirişi daxil olmuş, lakin yekun məhkəmə aktı barədə məlumat aşkar olunmamışdır. Eyni zamanda, göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir və yaxınlığından yeraltı qaz xətti keçir. Qeyd olunanlarla yanaşı, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti zamanı iddiaçı tərəfindən fərqli ərazi göstərilmişdir (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Bundan başqa 232 saylı X1 nəzdində “4205A” saylı bağ sahəsi X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 33101 №-li müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 190 saylı Sərəncamı əsasında iddiaçıya Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 4205a №-li bağ sahəsi istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 33101 №-li müqaviləni təqdim edir. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədə malik olmasını mübahisələndirmir. Cavabdehin imtinası və etirazının dəlilləri torpaq sahəsinin naturada yerləşməsi ilə bağlıdır. Belə ki, cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir; 2) Göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin (X8, X14, X9, X16, X17, X15) müraciətləri mövcuddur; 3) 232 saylı X1 nəzdində “4205A” saylı bağ sahəsi X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4) Müvafiq torpaq sahəsinə dair digər fiziki şəxsin (X15) “torpaq sahəsinə dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1306/2023 saylı inzibati işi üzrə məhkəmə bildirişi daxil olmuş, lakin yekun məhkəmə aktı barədə məlumat aşkar olunmamışdır; 5) İddiaçının xx.xx.2022-ci il tarixli müraciəti zamanı iddiaçı tərəfindən fərqli ərazi göstərilmişdir (torpaq sahəsi iddiaçının istifadəsində deyil); 6) Eyni zamanda, göstərilən torpaq sahəsi ümumi hasar daxilində yerləşir və yaxınlığından yeraltı qaz xətti keçir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Məhkəmə cavabdehin imtinasının və etirazının dəlillərini araşdırmaq məqsədi ilə iş üzrə sübutların cəlb edilməsi xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmiş və qərardadda aşağıdakı sualların cavablandırılması ilə bağlı mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur:
1. X4 iddia etdiyi (və ya şərti olaraq göstərdiyi) “4080б” saylı torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. Həmin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəsinə uyğundurmu? Uyğunsuzluq varsa nədən ibarətdir?
2. X6 iddia etdiyi (və ya şərti olaraq göstərdiyi) “4080A” saylı torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. Həmin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəsinə uyğundurmu? Uyğunsuzluq varsa nədən ibarətdir?
3. X4 iddia etdiyi (və ya şərti olaraq göstərdiyi) torpaq sahəsi ilə X6 iddia etdiyi (və ya şərti olaraq göstərdiyi) torpaq sahəsi eyni, yaxud ayrı-ayrı torpaq sahələridir?
4. İddiaçı iddia etdiyi (və ya şərti olaraq göstərdiyi) “4205A” saylı torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. Həmin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəsinə uyğundurmu? Uyğunsuzluq varsa nədən ibarətdir?
5. İddiaçı iddia etdiyi (və ya şərti olaraq göstərdiyi) “4205A” saylı torpaq sahəsi X13 mülkiyyət hüququ ilə qeydə alınmış “4205A” saylı bağ sahəsi ilə (reyestr nömrəsi **********37) eyni yaxud ayrı-ayrı torpaq sahələridir?
6. X3 iddia etdiyi (və ya şərti olaraq göstərdiyi) “4205A” saylı torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. Həmin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəsinə uyğundurmu? Uyğunsuzluq varsa nədən ibarətdir?
7. X5 iddia etdiyi (və ya şərti olaraq göstərdiyi) “3952V” saylı torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. Həmin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəsinə uyğundurmu? Uyğunsuzluq varsa nədən ibarətdir?
8. X11 iddia etdiyi (və ya şərti olaraq göstərdiyi) Nardaran qəsəbəsi, Ləhiş bağ massivi dalan 14 ünvanında yerləşən torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. Həmin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəsinə uyğundurmu? Uyğunsuzluq varsa nədən ibarətdir?
8. X12 iddia etdiyi (və ya şərti olaraq göstərdiyi) Nardaran qəsəbəsi, Ləhiş bağ massivi dalan 13 ünvanında yerləşən torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. Həmin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəsinə uyğundurmu? Uyğunsuzluq varsa nədən ibarətdir?
9. Yuxarıda qeyd edilən şəxslərin iddia etdiyi və ya şərti olaraq göstərdiyi “4080A”, “4080b”, “3952v” və “4205a” saylı torpaq sahələrindən üst-üstə düşən torpaq varmı? Varsa hansı şəxslərin iddia etdiyi, hansı torpaq sahələri üst-üstə düşür?
10. Qeyd edilən bağ sahələri hansı BTK-nın ərazisində yerləşir (172, 93 və ya başqa BTK)? (hər bir bağa ayrı-ayrılıqda münasibət bildirilsin).
11. Torpaq sahələrinin yaxınlığından yeraltı qaz xətti keçirmi? Keçirsə hansı məsafədə? Göstərilən torpaqlardan hansı qaz xəttinin mühafizə zolağına düşür? Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, X8 xx.xx.2025-ci il tarixdə keçirilən yerli baxışda iştirak etmədi. Telefon danışığı zamanı şifahi olaraq bildirildi ki, 4080b saylı bağ sahəsi kimi ümumi sahənin əvvəl göstərdiyi hissəsinə iddia edir. Həmin 1200.0 kv.m sahənin koordinatları rəyə əlavə olunan izahlı sxemdə əks olunmuş Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən sahə 4080b saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Sahə təqribən 40.0x30.0 m olmaqla perimetrik ölçü fərqi var (25x48 olmalı idi).X15 xx.xx.2025-ci il tarixdə keçirilən yerli baxışda iştirak etmədi. Belə ki, telefon nömrəsinə zəng çatmadı, digər telefon nömrəsi Rəşad adlı şəxsə məxsusdur. Həmin 4080a saylı bağ kimi ümumi sahənin şərq hissəsi olduğunu bildirdi (Rəşad adlı şəxs əvvəllər Nəriman adlı şəxsdən həmin sahəni aldığını, lakin sonradan Nərimanın etibarnaməni bir tərəfli qaydada ləğv edildiyi bildirildi). Həmin 1200.0 kv.m sahənin koordinatları rəyə əlavə olunan izahlı sxemdə əks olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bağların bölgüsünə dair sxematik xəritəyə və qonşu özəl bağ sahələrinin nömrə ardıcıllığına uyğun gəlir. Belə olan halda X4 4080b saylı bağ sahəsi kimi iddia etdiyi sahə ilə X6 4080b saylı bağ sahəsi kimi iddia etdiyi sahə ümumi hasar daxilində ayrı-ayrı sahələr olur. İddiaçı nümayəndəsi yerli baxışda iştirak etdi. Əvvəlki müraciətdə həmin vətəndaş 4205a saylı sahə kimi ümumi sahəni göstərdi. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Nümayəndə tərəfindən 4205a saylı bağ sahəsi kimi faktiki iddia edilən 1200.0 kv.m sahənin koordinatları rəyə əlavə olunan izahlı sxemdə əks olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sahə digər bağ sahəsinin ərazisidir. İddiaçı iddia etdiyi 4205a saylı bağ sahəsi ilə X13 **********37 reyestr nömrəsi ilə mülkiyyət hüququ qeydə alınmış 4205A saylı bağ sahələri ayrı-ayrı torpaq sahələridir. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərqli sahələrdir (üst-üstə düşmə yoxdur). X14 xx.xx.2025-ci il tarixdə keçirilən yerli baxışda iştirak etmədi. Telefon əlaqəsi zamanı bildirildi ki, həmin əraziyə heç bir iddiası və aidiyyəti yoxdur. X9 xx.xx.2025-ci il tarixdə keçirilən yerli baxışda iştirak etmədi. Telefon danışığı zamanı şifahi olaraq bildirildi ki, 3952v saylı bağ sahəsi kimi ümumi sahənin əvvəl göstərdiyi hissəni iddia edir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmin 1200.0 kv.m sahənin koordinatları rəyə əlavə olunan izahlı sxemdə əks olunmuşdur. Yerli baxışda iştirak edən Səməd Tağıyev adlı şəxs bildirdi ki, ümumi 5000.0 kv.m (2500.0 kv.m + 2500.0 kv.m) sahəyə mərhum qardaşı Sənan Tağıyevlə birlikdə bələdiyyə sənədləri var. Sahədəki hasarlar özləri tərəfindən inşa edilib və iki ədəd darvaza qoyulub. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Ləhiş bağlar massivi olmaqla dövlət torpaqlarıdır. Torpaq sahəsinə dair hər hansı cizgi təqdim edilməyib. Təkrar yerli baxış zamanı və yerli baxışda iştirak etməyən vətəndaşların əvvəlki və təkrar məlumatlarına əsasən məlum oldu ki, ümumi sahədən X6 4080a saylı bağ sahəsi kimi iddia etdiyi sahə ilə X5 3952v saylı bağ sahəsi kimi iddia etdiyi sahənin bir hissəsi üst-üstə (520.0 kv.m) düşür. Ümumi sahədə digər iddia edilən sahələrin (göstərilən) koordinatlarını əks etdirən izahlı sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan ümumi hasar daxilindəki 5396.0 kv.m sahədə 4080a, 4080, 4080b və 4080v saylı bağ sahələri yerləşməlidir. Əraziyə və ərazinin ayrı-ayrı hissələrinə Qərardadda qeyd olunanlardan əlavə olaraq Ramazanov Əmrah oğlunun, "xxxx" MMC-nin müraciətləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yer quruluşlu planının hazırlanması barədə müraciəti mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan BTK-ların ayrıc aktı olmur. Ümumi sahə Kürdəxanı-Bilgəh yolunda 11.0-17.5 metr kənarda yerləşir. Göstərilən sahənin şimal hissəsində küncündə 3952v saylı bağ sahəsi kimi iddia edilən sahənin 2.5 metr məsafəsində 2.0 metr uzunluğunda 325.0 mm-lik yeraltı qaz xətti (vintili) bir hissədə görünür (sxemdə əks olunur). Cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə iddiaçının iddia etdiyi 4205 saylı torpaq sahəsinin və digər şəxslərin iddia etdiyi torpaq sahələrinin yerləşməsini müəyyən etməyə imkan verən bölgü sxem əlavə edilmişdir. Həmin bölgü sxemə iddia edilən torpaq sahələrinin koordinatları əlavə edilmişdir. Qeyd edilən sxemdən müəyyən edilir ki, hazırkı iş üzrə İddiaçı iddia etdiyi torpaq torpaq sahəsinin faktiki ölçüsü 1072 kv.metr olmaqla digər torpaq sahələri ilə üst-üstə düşmür və qaz xəttinin mühafizə zolağnda yerləşmir. Odur ki, cavabdehin imtina əsasları aradan qalxmışdır və iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas deyildir. Məhkəmə iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi barədə dəlilinə qiymət verərəık qeyd edir ki, bu uyğunsuzluğu aradan qaldırmaq cavabdehin vəzifəsidir. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə mütəxəssis rəyində qeyd edilmiş iddia olunan ümumi hasar daxilindəki 5396.0 kv.m sahədə 4080a, 4080, 4080b və 4080v saylı bağ sahələrinin yerləşməli olmasında dair qeyd edilənlərə qiymət verərək bildirir ki, iş materiallarına əlavə edilmiş 93 nömrəlim BTK-ya dair bağların bölgü sxemindən görünür ki, 4204, 4205 və həmin bağlarımn ardıcıllığı ilə 4080, 4081... saylı bağlar eyni yerdə yerləşir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki ölçüsü 1072 kv.metr olması müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və ümumi 1072 kvadrat metr torpaq sahəsi olan 4205a saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov