Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2730/2020 20.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı İsayev Əli Alışan oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı, “xxxx” ASC-də işləyir), cavabdehin nümayəndəsi Əhmədli Sevin Vahid qızının (Bakı şəhərində qeydiyyatdadr, ixtisası hüquqşünas, məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İsayev Əli Alışan oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə qarşı “əmək haqqından hesablanmış məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi sığorta hesabına işlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı İsayev Əli Alışan oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi müddətdə əldə edilmiş, sosial sığorta məbləğinin şəxsi sığorta hesabına daxil edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, işlədiyi “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsində iddiaçıya aid əmək haqqından hesablanmış və Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 9800 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi sığorta hesabına işlənib nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı İsayev Əli Alışan oğlu öz tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər 1 il 1 ay 23 gün “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsində işləmişdir, ləğvetmə komissiyasında aparıcı mütəxəssis işlədiyi müddətdə iddiaçıya 33600 manat əmək haqqı olmaqla və 5600 manat mükafat olmaqla cəmi 39200 manat hesablanmışdır. Hesablanmış əmək haqqı və mükafat məbləğindən DSMF-yə hesablanmış 8624+1176 =9800 manat ayırmalar fondun hesabına tam ödənilmiş və müvafiq hesabatlar təqdim edilmişdir. Sonradan məlum olmuşdur ki, hesablanıb ödənilmiş sosial sığorta məbləği ilə bağlı ümumi hesabatlar təqdim edilmiş, lakin işçilər üzrə fərdi qaydada hesabat təqdim edilməmişdir.Belə hesabat səhvinə düzəliş edilməsi məsələsi cavabdehə aiddir.Buna görə 9800 manat məbləğində vəsait iddiaçının şəxsi sığorta hesabına işlənilib gələcək pensiya məbləğinin təyinində nəzərə alınmalıdır.İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsi tərəfindən 2010-2011-ci illər üzrə “Məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) hesabatları təqdim olunmadığı üçün “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi” nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunan İsayev Əli Alşan oğlunun məlumatları öz əksini tapmamışdır.”xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsi tərəfindən 2010-2011-ci illər üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) hesabatlarının “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sisteminə işlənməsi üçün sığortaedənə funksionallıq verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi S.Əhmədli iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı başqa iş yerləri ilə yanaşı həm də xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsinin ləğvetmə komissiyasında işləmişdir. “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsinin xx.xx.2011-ci il tarixli arayışının kserosurətinə əsasən iddiaçı xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər işləmiş və 33600 manat əmək haqqı və 5600 manat mükafat ona hesablanmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “xxxx” BM tərəfindən 2010-2011-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) hesabatları təqdim olunmadığı üçün “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunan İsayev Əli Alşan oğlunun məlumatları öz əksini tapmamışdır, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, onun müraciətinə xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir. Cavabdehin təqdim etdiyi: “Sığortaolunanın hesabı” adlı sənədə əsasən iddiaçı haqqında 2010-2011-ci illər üzrə məlumatlar “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində əks olunmamışdır; Hesabatların idarə olunması sənədinə əsasən “xxxx” BM üzrə 2006-2009-cu illərdə B3 hesabatı təqdim edilməmişdir; İddiaçıya aid sığortaolunanın hesabına əsasən iddiaçı üzrə “xxxx” BM tərəfindən 2010-2011-ci illərdə sığorta haqları ödənilməmişdir; Məhkəmənin sorğusuna cavab olaraq Neftçala rayon İcra Hakimiyyəti Neftçala rayon Dövlət Arxivinin 18 №li, xx.xx.2020-ci il tarixli məktubuna əsasən İddiaçı məcburi sosial sığortası ilə bağlı Neftçala rayon Dövlət Arxivinə “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsi tərəfindən məcburi sosial sığorta ilə bağlı heç bir il üzrə sənəd təhvil verilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, əmək kitabçasına və “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsinin xx.xx.2011-ci il tarixli arayışının kserosurətinə əsasən iddiaçı xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər həmin müəssisədə işləmişdir, hazırda iddiaçı həmin dövrdə aldığı əmək haqlarından və mükafatdan 9800 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının tutulduğunu bildirərək həmin məbləğin iddiaçının fərdi şəxsi sığorta hesabına işlənib nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Lakin işin faktiki hallarına əsasən təqdim edilmiş əmək kitabçasında və əmək haqqı barədə arayışda iddiaçının “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsində 2010-2011ci illərdə işləməsi təsdiq olunsa da onun tərəfindən həmin müəssisədə işləyərək aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sübuta yetirilməmişdir.Belə ki, cavabdehin təqdim etdiyi sənədlərə əsasən “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsi tərəfindən 2010-2011-ci illər üzrə “Məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) hesabatları təqdim olunmadığı üçün “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə həmin illərdə qeyd edilən müəssisə üzrə sığortaolunan İsayev Əli Alşan oğlunun məlumatları öz əksini tapmamışdır ki, belə olan halda iddiaçının iddiasının hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İsayev Əli Alışan oğlunun cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə qarşı işlədiyi müddətdə əldə edilmiş sosial sığorta məbləğinin şəxsi sığorta hesabına daxil edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, işlədiyi “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsində iddiaçıya aid əmək haqqından hesablanmış və Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 9800 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi sığorta hesabına işlənib nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İsayev Əli Alışan oğlunun cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə qarşı işlədiyi müddətdə əldə edilmiş sosial sığorta məbləğinin şəxsi sığorta hesabına daxil edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, işlədiyi “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsində iddiaçıya aid əmək haqqından hesablanmış və Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 9800 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi sığorta hesabına işlənib nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2730/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2730/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver