Məhkəmə qərarları › İş №2-1(112)-2731/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2731/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2731/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1992-ci ilin iyun ayından sentyabr ayınadək döyüş əməliyyatlarında iştirak etməyi, döyüş əməliyyatları zamanı yaralanmağı və müharibə veteranı adının verilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1990-cı illərdə Erməni Silahlı birləşmələri tərəfindən ölkə ərazi bütövlüyü pozularaq torpaqların işğal olunması, dinc insanların qətlə yetirilməsi, ölkənin Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində olan rayonlara silahlı basqınları davam edirdi. O da ölkənin ərazi bütövlüyünü qorumaq, torpaqların düşmənin işğalından azad etmək məqsədi ilə yaşadığı Qazax rayonunda yaradılmış Müdafiə Nazirliyinin tabeçiliyində olan N saylı özünümüdafiə batalyonuna könüllü olaraq yazılmışdır və bütün növ təminatlara daxil edilmişdir. Həmin günü yəni, xx.xx.1992-ci ildən torpaqları düşməndən müdafiə etmək üçün Qazax rayonunun Ermənistanla həmsərhəd kəndləri olan Fərəhli, Qızıl-Hacıllı kəndlərinə ezam edilmişlər. xx.xx.1992-ci il tarixində düşmən tərəfindən rayonunun həmsərhəd kəndi olan Qızıl-Hacıllı kəndinin müdafiəsi zamanı döyüş əməliyyatında düşmən tərəfindən atılan ağır mərmi partlaması nəticəsində ağır yaralanmışdır. Onu döyüş mövqeyindən döyüşçü yoldaşları çıxararaq Qazax Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Xəstəxanada 10-12 gün stasionar müalicə aldıqdan sonra ambulator müalicə üçün evə yazılmış və bir neçə gündən sonra yenidən xidmətini davam etirmişdir. Lakin uzun illərdi aldığı hərbi travmadan müayinə və müalicələrim davam etdiyindən və bəzi səbəblərdən xidməti barədə heç bir sənəd almamışdır. Bununla bərabər Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə dəfələrlə etdiyi müraciətlərdə xidməti ilə əlaqədar arxiv arayışının verilməsinə köməklik edilməsi barədə müraciət etsə də ona verilmiş arayışda N nömrəli hərbi hissə komandirinin 1991-ci il üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Lakin onun həqiqətən Qazax rayonunda yaradılmış N saylı hərbi hissədə xidmət etdiyi barədə faktın sübut edilməsi məqsədi üçün onunla eyni hərbi hissədə xidmətdə olan X2 və X3 tərəfindən şahid ifadəsi vermiş, həmin şəxslərin ifadələri Qazax rayon hərbi komissarlığı tərəfindən təsdiqlənmişdir və verilən şahid ifadələrində onun həqiqətən N saylı hərbi hissədə həm xidmət etdiyi, eyni zamanda döyüş əməliyyatında yaralanmağı öz imzaları ilə təsdiq etmişlər. Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli xəstəlik haqqında verilmiş arayışda onun döyüş əməliyyatı zamanı aldığı xəsarətlər göstərilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olmadığından mümkün sayıla bilməz. Belə ki, İddiaçı veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın rəyini almadan məhkəməyə müraciət etmişdir. X1 səlahiyyətlərini daşımır ki, onun cavabı imtina kimi qəbul olunsun. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarına əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi müvafiq komissiyanın rəyinə əsasən verilir.” Qeyd edilən hüquq normalarının mənasından da görünür ki, qanunverici müvafiq veteran adının və buna uyğun vəsiqənin verilməsini müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid etmişdir. Həmçinin, müharibə veteranı adının verilməsi müvafiq icra hakimiyyəti orqanının müvafiq komissiyasının rəyinin olması ilə şərtləndirilmişdir. Həmçinin iddia tələbinin bir hissəsi hüquqi əhəmiyyətli faktın tanınması barədə olduğundan inzibati məhkəmələrdə baxıla bilməz. Ona görə də iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar