Məhkəmə qərarları › İş №2-1(112)-2732/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2732/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2732/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X19, X4, X14, X16 və X10) “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Hacınski küçəsi, 101 saylı evin 30 saylı mənzilinin iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Hacınski küçəsi, ev 101, 30 saylı mənzilin iddiaçı X3 adına dövlət qeydiyyatına alınması və həmin mənzilə dair mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin qoyulması” kimim dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırırılmışdır ki, iddiaçı 24 noyabr 1987-ci ildə 3 saylı ETK-də suvaqçı vəzifəsində bir nəfərlə mənzil uçotuna durmuş, sonradan 4 nəfər ailə tərkibi ilə qeydiyyata düşmüş, buna görə X1 Birliyinin 3 nömrəli Evtikmə Kombinatının xx.xx.2014-cü il tarixli protokolu ilə onun 1987-ci il tarixdəki, ev növbəsi nəzərə alınaraq Qaraçuxur Qəsəbəsi, 4067-ci məhəllə, Hacınski küçəsi, ev 101, giriş 2, mərtəbə 2, mənzil 30, sahəsi 40,21 kv.m olan üç otaqlı mənzillə təmin edilmiş, daha sonra SEİB 3 saylı Evtikmə Kombinatının rəhbərliyi tərəfindən xx.xx.2018-ci il tarixli, 01/10 saylı məktubu əsasında Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixli sərəncamının 3-cü bəndinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Qəsəbəsi, 4067-ci məhəllə Hacınski küçəsi, ev 101, giriş 2, mərtəbə 2, mənzil 30, sahəsi 40,21 kv.m olan mənzillə dair qeyd edilən protokol təsdiqlənməklə, kirayə müqaviləsi bağlanmışdır. Müvafiq çıxarışın verilməsi üçün aiddiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət reyetsterinə müraciət etsə də, ziddiyətli bir birini təkzib edən iki arqumentlə müvafiq çıxarışın verilməsindən imtina edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamış, qeyd edilən mənzildə məcburi köçkün ailəsi məskunlaşmışdır. Həmin mənzilə müvafiq texniki inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar iddiaçıya hər hansı bir məlumat verilməmiş, ümumiyyətlə orada texniki inventarlaşdırma işlərinin aparılması üçün orada hər hansı maneə olmamış, tərəfindən lazımı şərait yaradılmağına baxmayaraq, bu barədə cavabdehin arqumenti tam əsassızdır. Digər tərəfdən isə orada məcburi köçkünün məskunaşması həmin çıxarışın verilməsindən imtina üçün əsas deyildir və bu hal çıxarışın verilməsinə hər hansı bir maneə törətmir. Bundan əlavə isə göstərilmişdir ki, qeyd edilən mənzilə dair ərizəyə əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 306 saylı sərəncamı xx.xx.2018-ci il tarixdə verilmişdir. Yəni 2009-cu il tarixdən sonra verilmişdir. Hesab edir ki, həmin imtina əsasları tam qanunsuz olmaqla səhvdir. Belə ki, iddiaçının müvafiq mənzilə dair hüquqları 1987-ci il tarixdə yaranmaqla, həmin tarixdən mənzil növbəsində qeydiyyata alınmışdır. Qeyd edilən mənzilə dair növbə və hüququ həmin tarixdən yarandığından məhz həmin dövr qanunverciliyə uyğun olaraq qeyd edilən mənzil üzərində hüquqları tanınmalıdır. Hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət reyesteri haqqında qanuna istinad etsədə, həmin maddənin dispozisiyasında nəzərdə tutulan müddəaların ona hər hansı bir aiddiyəti yoxdur. Çünki, İddiaçı 24 noyabr 1987-ci ildə 3 saylı ETK-da suvaqçı vəzifsədində bir nəfərlə mənzil uçotuna götürülmüş və Kirov RİH-nin 11 saylı xx.xx.1987-ci il il 3 saylı ETK qərarı təsdiq edilmişdir. Bundan əlavə 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 fevral 2001-ci il tarixli qərarına əsasən Qaraçuxur qəsəbəsi, Hacınski küçəsi, 4067 məhəllə, 3 girişli, 9 mərtəbəli, 101 saylı bina SEİB-in balansına verilmişdir. Hesab edir ki, hazırkı mənzillə iddiaçının müvafiq olaraq yuxarıda sadalanan qanunverciliyin tələbləri baxımından və işin faktiki halları baxımdan mənzil mülkiyyət hüququnum mövcud olmuş və hazırda da həmin hüquqlar əsassız olaraq cavabdeh orqan tərəfindən imtina edilir.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Hacınski küçəsi, 101 saylı evin 30 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Hacınski küçəsi, 101 saylı evin 30 saylı mənzilinə dair Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 306 saylı, sərəncamı xx.xx.2018-ci il tarixdə verilmişdir. Həmçinin “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir.

5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Aparılan araşdırma zamanı İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı və qeyd olunan mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan mənzilə dair ərizəyə əlavə olunmuş Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 306 saylı sərəncamı xx.xx.2018-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.”

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 1199 saylı arayışına əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Özü İddiaçı (xx.xx.1968-ci il təvəllüdlü), arvadı X15 (xx.xx.1968-ci il təvəllüdlü), qızı X8 (xx.xx.1992-ci il təvəllüdlü), oğlu X11 (xx.xx.1994-cü il təvəllüdlü).

7. SEİB 3 saylı ETK-nın müdiriyyətinin və HİK-nin birgə iclasının 1 saylı xx.xx.2014-cü il tarixli protokolunda qeyd edilmişdir: 1 saylı yerli İqtisad Məhkəməsinin 14 fevral 2001-ci il tarixli Qərarına əsasən Qaraçuxur qəsəbəsi Hacınski küçəsi 4067-ci məhəllə 3 girişli 9 mərtəbəli 101 saylı bina SEİB-in balansına verilmişdir. İddiaçı 24 noyabr 1987-ci ildə 3 saylı ETK-da suvaqçı vəzifəsində bir nəfərlə mənzil uçotuna götürülmüşdür. Kirov RİH-nin 11 saylı xx.xx.1987-ci il 3 saylı ETK-nin qərarı təsdiq olunmuşdur. Sonradan ailə tərkibi 4 (dörd) nəfərlə Hövsan qəsəbəsi məh.14/15 ev 7, 19 saylı yataqxanada qeydiyyatdadır. Yuxarıdakıları nəzərə alaraq iclas QƏRARA ALDİ Binnətli X6 qəsəbəsi 4067-ci məhəllə Hacınski küç. ev 101 giriş 2, mərtəbə 2, mənzil 30,sahəsi 40,21 kv.m olan üç otaqlı mənzillə təmin edilsin. ORDERƏ YAZİLSİN - X12 -1964-cü il -özü - X15 -1968-ci il - həyat yoldaşı - X8 - 1992-ci il - qızı - X11 -1994-cü il- oğlu Binəqədi Rayon İcra Hakimiyyətindən xahiş edilsin ki, bu qərarı təsdiq etsin.

8. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 306 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamdan çıxarışına əsasən qərara alınmışdır Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllə, Hacınski küçəsində yerləşən 101 saylı yaşayış binasının 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, 3 otaqlı yaşayış 40,21 m2 olan 30-cu mənzilinin vətəndaş İddiaçı Envər oğluna ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı, qızı və oğlu) verilməsi barədə SEİB 3 saylı Evtikmə Kombinatının rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 1 saylı xx.xx.2014cü il tarixli protokolu təsdiq edilsin və vətəndaş İddiaçı ilə kirayə müqaviləsi bağlanmış hesab edilsin. Vətəndaş İddiaçı iş yeri üzrə mənzil növbəsindən çıxarılsın. Yuxarıda qeyd olunan ünvanda məskunlaşan məcburi köçkün ailəsi yaşayış sahəsi ilə təmin olunana qədər sözügedən mənzildən çıxarıla bilməz.

9. Məhkəmənin sorğusuna cavab olaraq Аzərbаycаn Rеspublikаsı Dövlət Arxivinin Bakı Filialı xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Binəqədi rayonu İH-nin arxiv fondu üzrə xx.xx.2018-ci il tarixli, 306 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin sərəncamın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir. Sərəncam ilə qərara alınmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllə, Hacınski küçəsində yerləşən 101 saylı yaşayış binasının 2-ci girişinin 2-ci mərtəbəsində yerləşən, 3 otaqlı yaşayış 40,21 m2 olan 30-cu mənzilinin vətəndaş İddiaçı Envər oğluna ailə tərkibi 4 nəfərlə (özü, həyat yoldaşı, qızı və oğlu) verilməsi barədə SEİB 3 saylı Evtikmə Kombinatının rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 1 saylı xx.xx.2014-cü il tarixli protokolu təsdiq edilsin və vətəndaş İddiaçı ilə kirayə müqaviləsi bağlanmış hesab edilsin.

10. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Hacınski küçəsi, ev 101, 30 saylı mənzilin qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanlarında qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Komitədə olan məlumata əsasən məktubda göstərilən Bakı şəhəri, ünvan 1 ünvanında adları qeyd edilmiş vətəndaşlar X19, X4, X14, X16 və X10 faktiki olaraq məskunlaşmışlar.

13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü X16 xx.xx.2018-ci il tarixdən, xx.xx.1999-cu il təvəllüdlü X14 xx.xx.2015-ci il tarixdən, xx.xx.2006-cı il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdən, xx.xx.1976-cı il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdən, xx.xx.1971-ci il təvəllüdlü X19 xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatdadırlar.

14. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin arxivində 2019-2024cü illəri əhatə edən dövr üzrə sənədlər mövcuddur və 2019-cu ildən əvvəlki illəri əhatə edən dövrə aid sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verilmişdir. Qeyd olunanların nəzərə alınması məhkəmədən xahiş olunur.

15. İddiaçının ailə üzvləri – arvadı X15, qızı X8, oğlu X11 tərəfindən notariat qaydasında təsdiq olunmuş ərizələrə əsasən Bakı ş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Hacınski küçəsi, ev 101, yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 3 otaqlı yaşayış sahəsi 40.21 kv.m olan 30 saylı mənzilin İddiaçı Envər oğlunun adına özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

19. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

20. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmənin mövqeyi

22. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının 4 nəfər ailə tərkibi ilə birlikdə SEİB 3 saylı ETK-nın və HİK-nin birgə iclasının xx.xx.2014-cü il tarixli protokolu əsasında Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllə, Hacınski küç. ev 101 giriş 2, mərtəbə 2, mənzil 30 ünvanında sahəsi 40,21 kv.m olan üç otaqlı mənzillə təmin edilməsi qərara alınmış, həmin protokol Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 306 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamı ilə təsdiq edilərək İddiaçı ilə kirayə müqaviləsi bağlanmış hesab edilmişdir. xx.xx.2014-cü il tarixli protokolda vurğulanmışdır ki, iddiaçı 24 noyabr 1987-ci ildə 3 saylı ETK-da suvaqçı vəzifəsində mənzil uçotuna götürülmüşdür. Kirov RİH tərəfindən 11 saylı xx.xx.1987-ci il 3 saylı ETK-nin qərarı təsdiq olunmuşdur. Beləliklə, həmin qərar iddiaçının işlədiyi zaman yaşayış sahəsi ilə təmin olunması məqsədi ilə 3 saylı ETK tərəfindən xx.xx.1987-ci il tarixdə verilmişdir. Mənzillə bağlı hər hansı mübahisə yoxdur. Protokolda mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur.

23. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.

24. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4067-ci məhəllə, M.Hacınski küçəsi, ev 101, giriş 2, mərtəbə 2 ünvanında sahəsi 40.21 kv.m olan, 3 otaqlı 30 saylı mənzil İddiaçı adına müvafiq icra hakimiyyəti ilə kirayə müqaviləsi bağlanmış hesab edilsə da, kirayəçi ilə birlikdə faktiki yaşayan və qeydiyyatda olan X15, X8 və X11 mübahisə predmetini təşkil edən əmlakın iddiaçının mülkiyyətinə keçməsində razılığının olduğunu müvafiq ərizələr ilə təsdiq etdiklərindən, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir.

26. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 306 saylı, sərəncamı xx.xx.2018-ci il tarixə aid olmasını göstərmişdir.

27. Eyni zamanda, cavabdeh etirazında mənzil sahəsinə hüququ saxlanılan şəxslərin razılıq ərizələri iddiaçı tərəfindən tədqim edilmədiyini göstərsə də, ərizələrin mövcudluğu iş materialları ilə təsdiq olunmuşdur.

28. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

30. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

31. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

33. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir.

34. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

35. Məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisəli mənzil dövlət və ya ictimai mənzil fonduna aid mənzil deyil, hüquqi şəxsin – X1 Birliyinin 3 nömrəli X23 balansında olmaqla xüsusi mənzil fonduna aid mənzil olmuşdur. Məhz SEİB 3 saylı ETK-nın müdiriyyətinin və HİK-nin birgə iclasının 1 saylı xx.xx.2014-cü il tarixli protokolu ilə sözügedən mənzilin iddiaçıya verilməsi qərara alınmışdır.

36. Mənzil Məcəlləsinin 17-ci maddəsinə görə, mülkiyyət formasından asılı olaraq mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusundan ibarət xüsusi mənzil fondundan, mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət dövlət mənzil fondundan və mülkiyyət hüququ əsasında bələdiyyələrə məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət bələdiyyə mənzil fondundan ibarətdir. Bu mənada iddiaçıya ayrılmış mənzil istinad olunan norma baxımından hüquqi şəxsin – X1 Birliyinin 3 nömrəli X27 xüsusi mənzil fondunun mənzili olaraq qəbul edilməlidir.

37. Məhkəmənin bu qənaəti həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 306 nömrəli xx.xx.2028-ci il tarixli sərəncamı ilə də təsdiq olunur. Belə ki, həmin sərəncama əsasən, Azərbaycan Respublikasının 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə yuxarıda qeyd olunmuş yaşayış binası 3 saylı Evtikmə Kombinatının balansına verilmişdir. Sözügedən yaşayış binasının Bakı şəhərinin Suraxanı rayonunda yerləşdiyini nəzərə alaraq, Binbəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sənədləşmə işlərinin hansı formada tənzimlənməsi və sözügedən yaşayış binasının 398/6476-30 saylı xx.xx.2001-ci il tarixli məhkəmə qərarına əsasən balansdaşıyıcısının 3 saylı X5 halda mənzillərin sənədləşmə işlərininin aparılmasının mümkünlüyü barədə müvafiq izahatın verilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinə müraciət olunmuş və müraciətə xx.xx.2018-ci il tarixli 3/1273-04 saylı məktubla cavab olaraq, Binəqədi rayonunda yerləşən X2 Birliyinin əmək kollektivinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərinin adına sözügedən mənzillərin rəsmiləşdirilməsinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparılmasının məqsədə müvafiq hesab olunduğu bildirilmişdir. Yəni qeyd olunan sənədlərin məzmunundan da sözügedən mənzilin iddiaçıya ayrıldığı dövrdə 3 saylı X23 balansında olduğu və dövlət mənzil fonduna aid olmadığı görünür.

38. Belə olan halda məhkəmə hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 306 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamı il “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır.

39. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz.

40. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.

41. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, ailə üzvlərinin (arvadı X15, qızı X8, oğlu X11) razılıq ərizələrinə əsasən mənzilə dair iddiaçının adına özəlləşdirilməsinə və çıxarış verilməsinə razılıq ifadə olunmuşdur, etirazları yoxdur.

42. Cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinasına digər hal ondan ibarət olmuşdur ki, qeyd olunan mənzildə məcburi köçkün ailəsinin məskunlaşmışdır.

43. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin məlumatına əsasən Bakı şəhəri, ünvan 1 ünvanında adları qeyd edilmiş vətəndaşlar X19, X4, X14, X16 və X10 faktiki olaraq məskunlaşmışlar.

44. Məhkəmə mənzildə yuxarıda adı çəkilən məcburi köçkün ailəsinin məskunlaşması ilə bağlı qeyd edir ki, həmin hal iddiaçının mənzilə dair mülkiyyət hüququnun tanınmasından imtina üçün əsas ola bilməz. Belə ki, sözügedən şəxslər hazırda müvəqqəti olaraq Bakı şəhəri, ünvan 1 ünvanında yaşasalar da, Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə bildirilir ki, həmin binada məskunlaşaraq yaşayan məcburi köçkün ailələri digər yaşayış sahəsi ilə təmin olunana qədər sözügedən mənzildən çıxarıla bilməzlər. Hazırda həmin ünvanda qeydiyyatda olan şəxslər yoxdur. Göründüyü kimi, cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün müəyyən olunmuş əsaslardan heç birinə əsaslanmadan formal mülahizələrə istinad etməklə müraciətin təmin edilməsindən imtina etmişdir.

45. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.

46. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4067, M.Hacınski küçəsi, ev 101, 30 saylı mənzilin iddiaçı X3 adına dövlət qeydiyyatına alınması və həmin mənzilə dair mülkiyyət hüququ üzrə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar