Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2733/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına yaşayış yeri ünvanına qeydiyyata alınmaq vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Kor-47, ev 350 evində qeydiyyatsız yaşayır. Həmçinin Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Kor-47, ev 350 ünvanında yerləşən fərdi yaşayış evi uzun müddətdir ki, onun mülkiyyətindədir. Hal-hazırda yuxarıda qeyd etdiyi ünvana qeydiyyata düşmək istəyir. Bunun üçün müvafiq sənədləri toplayıb Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət edib. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 27.08.2021-ci il tarixli, 059-31328Q-3221 saylı imtina məktubu ilə bildirilmişdir ki, yaşadıqları və qeydiyyata düşmək istədikləri evin heç bir hüquqi sənədi yoxdur. Odur ki, həmin ünvana qeydiyyata alınma üçün “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin tələblərinə ziddir. Həmin qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan sənədləri Binəqədi RPİ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə təqdim etdikdən sonra müraciət müsbət həll olunacaqdar. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədləri cavabdehə təqdim edilmişdir.
3. Binəqədi rayon polis idarəsinin iddiaçıya ünvanlanan 27.08.2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 5-ci maddəsinin tələblərinə əsasən ünvan 5 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.
5. Cavabdeh Bakı şəhəri Binəqədi rayon rayon polis idarəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə iddiaya yazılı etiraz təqdim edilmədən işə cavabdeh qurumun iştirakı olmadan baxılması xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
9. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 27.08.2021-ci il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
10. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
11. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13.10.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Kor-47, ev 350 ünvanının qeydiyyata alınması haqqında məlumat aşkar edilməmişdir.
12. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Kor-47, ev 350 ünvanında 21.09.1962-ci il təvəllüdlü X2 və 06.08.1989-cu il təvəllüdlü X5 yaşayış yeri üzrə qeydiyyatdadırlar.
13. X1 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki (iddiaçı bildirir ki, X4 onun anasıdır), o, qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Kor-47, ev 350 ünvanında pasport qeydiyyatındadır və səlahiyyətli orqanlara təqdim olunması üçün imzaladığı ərizəyə əsasən İddiaçı həmin ünvana qeydiyyata alınmasına etiraz etməmişdir.
14. X5 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki (iddiaçı bildirir ki, X5 onun bacısıdır), o, qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Kor-47, ev 350 ünvanında pasport qeydiyyatındadır və səlahiyyətli orqanlara təqdim olunması üçün imzaladığı ərizəyə əsasən İddiaçı həmin ünvana qeydiyyata alınmasına etiraz etməmişdir.
15. CMS-AZEMİS məlumat-axtarış sistemindən çıxarışa əsasən, iddiaçı ünvan 6 ünvanı üzrə qeydiyyatdadır.
16. "xxxx" ASC tərəfindən abonent X4 və ünvan ünvan 7u təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” 19.08.2019cu il tarixli müqaviləyə əsasən **********500 abonent kodu verilmişdir.
17. "xxxx" ASC tərəfindən abonent X4 və ünvan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Kor-47, ev 350 göstərilməklə **********70350 abonent kodu verilmiş və həmin ünvanda sayğac hələ 2007-ci ildə quraşdırılmışdır.
18. Kommunikasiya xidmətlərinin göstərilməsi üçün “Rabitə operatoru” ilə “Abunəçi” arasında bağlanmış 10.03.2016-cı il tarixli müqaviləyə əsasən, abonent X4 ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, Kor-47, ev 350 ünvanında telefon xəttinin çəkilişinə dair müqavilə bağlanmışdır.
19. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, Səhmdar Cəmiyyətin elektron bazasında qeyd olunan ünvan üzrə (abunə kodu: **********70350) X1 abonent olaraq qeydiyyata alınması barədə məlumat vardır.
20. Cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı və həmin ünvanda faktiki olaraq yaşayış yeri üzrə qeydiyyatda olan X4 və X3 bir ailənin üzvüdürlər və yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri evdə birlikdə faktiki olaraq yaşayırlar, həmin evin ünvanı mövcuddur və həmin yaşadıqları evdə digər ailə üzvləri X4 və X5 pasport qeydiyyatındadır.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.
25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı qeyd edilən mənzildə uzun illərdir ki (10 ildən çox) yaşayırlar və kommunal xidmətlərdən istifadə edirlər və həmin mənzildə pasport qeydiyyatına alınmış şəxslər onun həmin mənzildə qeydə alınmaqla yaşayı sahəsi vermək niyyətini ifadə etmişdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetəri və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hesab oluna bilər.
28. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
29. Qeyd edilən yanaşma X11 məhkəməsinin təcrübəsinə də əsaslanır. X11 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X11 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia 18.11.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar 25.09.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın 11.01.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, 24.11.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın 08.02.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).
30. Digər tərəfdən həmin evdə yaşayan şəxslə müqayisədə fərqli yanaşma iddiaçılara münasibətdə ayrı-seçkilik və X11 Konvensiyasının 8-ci maddəsi ilə qorunan mənzilinə hörmət hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçılara münasibətdə fərqli rəftarın X11 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətsizliyi həmin evdə yaşayan şəxslər arasındakı ailə bağları nəzərə alınaraq X11 Konvensiyasının 8-ci maddəsi ilə qorunan ailə həyatına hörmət hüququ və mənzilinə hörmət hüququnun tətbiq dairəsinə düşür. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçıların fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçılara münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X11 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə 07.02.2013-cü il tarixli qərar [Böyük Palata]; X6rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, 08.12.2009-cu il tarixli qərar). Odur ki, iddiaçıların fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı ünvan 9 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva