Məhkəmə qərarları › İş №2-1(112)-2733/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2733/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2733/2023 06.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, Birgə iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. Birgə iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin hərəkətlərinin qanunsuz sayılması, İddiaçı3, İddiaçı2, İddiaçı1 ünvan 1 ünvanına qeydiyyata alınma öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, daimi olaraq ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Onlar rəsmi olaraq bir müddət öncə Cavabdeh inzibati binasında-ünvan 3 ünvanındaqeydiyyatda idilər. Daha sonra onlar həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. Hazırda isə faktiki olaraq rəsmi qeydiyyat yerləri yoxdur. Hazırda ünvan 2 ünvanında fərdi yaşayış ünvanında yaşayırlar. Onlar faktiki olaraq həmin ünvanda yaşadığımızdan qeydiyyata düşmək üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət ediblər. Belə ki, yaşayış yeri üzrə qeydiyyata alına bilmədiyiklərindən bir çox hüquqları pozulur. Bu səbəbdən də onlar Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək faktiki olaraq yaşadıqları fərdi yaşayış evinə qeydiyyata alınmalarını xahiş etmişdilər. Lakin cavabdeh cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, yuxarıda göstərilən ünvana pasport qeydiyyatına alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiq hesab edilir. Hesab edilir ki, qeyd olunan əsaslarla cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, qanuni əsas olmadan onun daimi olaraq yaşadıqları evə pasport qeydiyyatına alınmağından imtina edilməsi nəticəsində, onların yaşayış yeri üzrə uçota alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Onlar daimi olaraq həmin fərdi yaşayış evində yaşayırlar. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, onlar faktiki olaraq yaşadıqları ünvana pasport qeydiyyatına alınmalıdırlar.

3. Sabunçu RPİ-nin xx.xx.2022-ci il tarixli imtinasında qeyd edilmişdir ki, qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər) təqdim olunması vacibdir.

4. Məhkəmə iclasında tərəflər iştirak etmirlər.

II. İddianın mümkünlüyü

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

6. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, iddia tələbində şəxslərin qeydiyyata alınmalarını tələb etdikləri fərdi yaşayış evinin ünvanı yoxdur (qeyd edilməmişdir).

7. İddia ərizəsindən və təqdim edilmiş sənədlərdən qeyd edilən evin etibarlı ünvanını və hüquqmüəyyənedici sənədlərini müəyyən etmək mümkün olmadığından məhkəmə iddiaçılara hüquqi yardım göstərilməsini mümkün hesab etmir.

8. CMS-AZEMİS məlumat axtarış sistemindən görünür ki, iddiaçılar ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Odur ki, iddianın mümkün sayılmaması iddiaçılar üçün əlverişsiz nəticələr yaratmır.

9. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar