Məhkəmə qərarları › İş №2-1(112)-2734/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2734/2023

03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2734/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X4 nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçı X4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X11, X5, X6 və X8 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X11, X5, X6 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mülkiyyətindədədir. X11, X5, X6, X8, bu günə qədər həmin evdə pasport qediyyatında qalmaqdadır. İddiaçı qeyd olunan şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina edərək məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11, X5, X6 və X8 iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İPM-in 13-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək İddiaçının əsl iddiaçı X10 ilə əvəz edilməsi təklif edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının əsl iddiaçı X10 ilə əvəz edilməsinə etiraz etməmişdir. Ərizə təmin edilərək iş üzrə iddiaçı əsl iddiaçı X10 ilə əvəz edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. İddiaçı tərəf xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək X11, X5, X6 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır. Üçüncü şəxslərlə qohumluq münasibətləri yoxdur, həmin şəxslər onlara məxsus mənzildə yaşamırlar, onları tanımırlar. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis idarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli məktubdan görünür ki, X1, X5, X6 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları barədə iddiaçının nümayəndəsinin müraciətinə baxılmış və ona müvafiq tələblə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 2 ünvanda yerləşən 6 nömrəli mənzil X4 adına tam mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışın surətindən görünür ki, X11, X5, X6 və X8 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Binəqədi rayon Mənzil-Kommunal Departamenti Binəqədi rayon MKTB-nin 107 saylı MKİS tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X10, İddiaçı, X11, X5, X6, X8 ünvan 1 ünvanda qeydiyyatdadırlar. - Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin ünvan 1 ünvanına dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu əsasında X11, X5 və X2 fərdi uçot kartoçkasının surəti məhkəməyə göndərilmişdir. X3 fərdi uçot kartoçkasının təqdim olunmasının imkan xaricində olduğu bildirilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda X11 xx.xx.2009-cu il tarixdən, X5 xx.xx.2005-ci il tarixdən, X6 xx.xx.2011-ci il tarixdən, X8 xx.xx.2014-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilən xx.xx.2012-ci il tarixli 4 Ə-833 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ona əlavə edilmiş sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlər aşağıdakılardır: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 2 ünvanda yerləşən 6 №li mənzil X9 adına tam mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. - Kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə satıcı X14 və alıcı ipoteka qoyan X10 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 297 №li üçtərəfli qarışıq ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 2 ünvanda yerləşən 6 saylı mənzil alıcı-ipoteka qoyan X4 mülkiyyətinə verilmişdir. - X11, X5, X6, X8 tərəfindən ayrı-ayrılıqda verilmiş xx.xx.2012-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, qeyd olunan şəxslər Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 2 ünvanında yerləşən 6 saylı mənzilin satılmasına və "xxxx" ASC-də ipotekaya qoyulmasına etiraz etməmişlər. - Elektron məhkəmə informasiya sisteminin qohumluq məlumatları bölməsindən müəyyən edilir ki, iddiaçı X10 iş üzrə cəlb edilmiş üçüncü şəxslərlə qohumluq münasibətlərində deyil. Məhkəmə gəldiyi qənəati əsaslandırmaq üçün aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərlərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı iddia üzrə iş materialları ilə müəyyən edildi ki, iddiaçı ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyətçisidir. İddiaçı qeyd olunan mənzili 2012-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında əldə etmiş və həmin mənzil sözügedən müqavilə əsasında "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Üçüncü şəxslər də notarial qaydada təsdiq edilmiş ərizə ilə mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etməmişlər. Bununla yanaşı, üçüncü şəxslərin iddiaçının ailə üzvü və digər qohumu olmaları, habelə onların həmin ünvanda faktiki olaraq yaşamaları təsdiqini tapmamış, daşınmaz əmlakın dövlət reyestrində onların iddiaçıya məxsus mənzilə dair istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə həmçinin vurğulayır ki, mənzilin ipoteka ilə yüklü olması iddiaçının hazırkı mübahisə üzrə mülkiyyətçi kimi hüquqlarının həyat keçirilməsinə maneə hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək ipoteka qoyanın hüquqlarından, 25.3.2-ci maddəsinə əsasən isə ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək vəzifələrindən biri kimi təsbit edilmişdir. Həmin Qanunun 30.1-ci maddəsinə əsəsən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında bildirilmişdir ki, “İpoteka haqqında” Qanunun 30.1 və 31-ci maddələrində isə qanunverici məhz əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın - kreditorun əmlak mənafeyinin qorunması baxımından ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız olmasını müəyyən etmişdir. Belə ki, ipoteka əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq kreditorun əmlak mənafeyinin qorunması baxımından mühüm funksiyanı yerinə yetirir. Gələcəkdə əsas öhdəlik üzrə tələbi yerinə yetirilməyəcəyi təqidirdə məhz ipoteka predmeti hesabına mənfəətinin qarşılanacağından əmin olan kreditor qarşı tərəflə müqavilə münasibətlərinə daxil olur ki, nəticədə hər bir tərəf üçün əmlak mənfəəti əldə etmək üçün şərait yaranmış olur. Odur ki, əsas öhdəliyin icrası ilə bağlı kreditorun mənafeyi üçün yarana biləcək təhlükələrin qarşısını almaq məqsədilə qanunverici ipoteka qoyanın əsas öhdəliyin icrasının təminatı olaraq çıxış edən ipoteka predmeti barədə sərəncam əqdi bağlayarkən ipoteka saxlayanın yazılı razılığını əldə etməli olduğunu təsbit etmişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, qanunvercilik ipoteka saxlayanın razılığını yalnız ipoteka predmetinin özgəninkiləşdirilməsi halı üçün məcburi şərt kimi müəyyən etmiş, digər məsələrdə mülkiyyətçi kimi öz mülahizəsinə uyğun hərəkət etmək sərbəstliyi vermişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia üzrə iddiaçı üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə iddiaçının bu istəyini yerinə yetirməkdən imtina etməsi sonuncunun hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması olar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxslər X11, X5, X6, X8, nın X7 məxsus ünvan 1 ünvanından qeydiyyatından çıxarılmaları vəzifəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən məhkəmə qərarı 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar