Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2734/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi Rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Binəqədi Rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin 11/61-08 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması öhdəliyinin həmin bələdiyyəyə həvalə olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 11/61-08 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 578.70 manat məbləğində borcun 10 gün müddətində Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərar iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Aşağıdakılara əsasən iddiaçı hesab edir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin bu qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, hələ sözügedən borc məbləğinin ödənilməsilə bağlı qərar qəbul olunmamışdan əvvəl həmin borcun bələdiyyə büdcəsinə ödənilməsi ilə əlaqədar iddiaçıya ünvanlanmış vəonun tərəfindənverilən cavab məktublarında “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 14-cü maddəsinin, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin borcun yaranma mənbəyini özündə əks etdirən sənədlərin təqdim olunması, bələdiyyə tərəfindən son 3 ildə yığılan vergilərin xərclənməsi istiqamətləri və bələdiyyə tərəfindən görülmüş işlərə dair zəruri sənədlərin bizə təqdim edilməsilə əlaqədar göndərdiyimiz müraciətlər təmin olunmamışdır.İddiaçı qeyd etmişdir ki, sıravi vətəndaş olaraq o, həmişə qanunvericiliyə hörmət və riayət edən şəxs olmuşdur və mütəmadi olaraq vergi ödənişlərini ödəməyə çalışmış və ödəmişdir. Əlbəttə, Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına hörmət etmək hər bir fiziki və hüquqi şəxslərin müqəddəs vəzifəsidir. İdiaçı hesab edir ki, yaşadığı ərazi üzrə bələdiyyənin sədri və ümumiyyətlə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi olaraq Sizin qurum da öz vəzifə və öhdəliklərini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğun formada həyata keçirməlidir. Həmçinin, Sizin qurum öz fəaliyyətində “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən üzərinə düşən öhdəlik və vəzifələri vaxtında və tam həcmdə yerinə yetirməli, sakinlərin haqlı narazılıqlarının, onları narahat edən problemlərinin həllində yardımçı olmalı, vətəndaşların normal yaşayışının təmin olunması üçün məhz həmin Qanundan irəli gələn sosial müdafiə və sosial inkişaf proqramlarını vaxtlı-vaxtında həyata keçirməlidir. O, cümlədən bələdiyyə büdcəsinə ödəniləcək borcla əlaqədar, həmin borcun yaranma mənbəyi barədə sakinləri öncədən məlumatlandırmalıdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, bələdiyyə yollarının tikilməsi və saxlanılması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, media subyektlərinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına, gənclərin sosial hüquqi müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər. Lakin iddiaçının əmlakının yerləşdiyi ərazidə son 10 il ərzində bələdiyyə tərəfindən heç bir iş görülməmişdir. Ümumiyyətlə bələdiyyənin mövcud olması və fəaliyyəti gözə çarpmır. İddiaçı bələdiyyə barəsində yalnız torpaq satan bir qurum olaraq eşitmişdir. Bələdiyyələr ərazidə yaşayan sakinlərdən vergi tələb etdiyi kimi, sakinlərin də bələdiyyələrdən bu pulların hara xərcləmələri barəsində məlumat almaq hüququ vardır. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi 11/61-08 saylı. xx.xx.2023-cü il tarixli qərar qəbul edərkən “Yerli (bələdiyyə) vergiləri və ödənişləri” haqqqında Azərbaycan Respublikası Qanununun 12.3-cii maddəsinin tələblərin də pozmuşdur. Belə ki. “Yerli (bələdiyyə) vergiləri və ödənişləri” haqqqında Azərbaycan Respublikası Qanununun 12.3cii maddəsinin tələbinə görə bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməli və bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər. Göründüyü kimi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi qərar qəbul etməmişdən əvvəl bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında nəinki mütəmadi, ümumiyyətlə bir dəfə də olsun hesabat verməmiş, hər hansı bülleten buraxmamış və bu günədək illik hesabatlarına dair bələdiyyə binası qarşısında xüsusi lövlər asaraq sakinləri məlumatlandırmamışdır. Belə olan halda da iddiaçı hesab edir ki, . bələdiyyə tərəfindən həmin maddədə göstərilən qəbul olunmuş bu qərar da tam qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2734/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə “Bakı şəhər Cavabdeh 11/61-08 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2024cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11/61-08 nömrəli qərarı ilə vətəndaş İddiaçı (xx.xx.1964, İmişli rayonu, şəxsiyyət vəsiqəsi seriya AZE № 17547500, FİN 3V588W) ünvan 2 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 578,70 (beş yüz yetmiş səkkiz manat, 70 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə borclu İddiaçı barəsində torpaq və əmlak vergi borcunun ödənilməsinə dair qəbul edilmiş 11/61-08 saylı, xx.xx.2023-cü il tarixli qərarın (inzibati akt), həmçinin qərarın qəbul edilməsinə əsas olan ənədlərin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq bildrilmişdir ki, ünvan 1 ünvanında yerləşən və sizə məxsus olan daşınmaz əmlaka görə bələdiyyənin “Yerli vergilər və ödənişlər şöbəsi”ndə adınıza yeni yerli vergi ödəyici kodu açılmış və hesablamalar aparılmışdır. Lakin hesablanmış torpaq və əmlak vergi məbləği vaxtında tərəfinizdən bələdiyyənin büdcəsinə tam olaraq ödənilmədiyindən, bələdiyyəyə 2021- 2022-ci illərə görə 489.44 (dörd yüz səksən doqquz manat, 44 qəpik) manat vergi borcunuz yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 59.1 -ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə bələdiyyə büdcəsinə ödənilmədiyindən, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz hesablanmışdır. Hesablanmış faizin məbləği 89.26 (səksən doqquz manat, 26 qəpik) manat təşkil edir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusyasının 73.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.Buna baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olduğunuz torpağa və əmlaka görə hesablanmış vergini ödəməkdən yayınmışsınız. Yuxarıda qeyd olunanlara əsasən M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq Sizdən tələb edirik ki, qanunvericiliklə üzərinizə qoyulmuş öhdəliyi yerinə yetirməklə əmlak,torpaq vergisi və faiz üzrə 2021-2022-ci illərə görə yaranmış 578.70 (beş yüz yetmiş səkkiz manat, 70 qəpik) manat borcunuzu 10 gün ərzində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin edəsiniz. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüququ əsasında sizə məxsus fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə görə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə yaranmış vergi borcunun ödətdirilməsinə dair “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2 və 87-ci maddələrinə əsasən bələdiyyə tərəfindən barənizdə №11/61-08, xx.xx.2023-cü il tarixli inzibati akt (qərar) qəbul olunmuşdur. "İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən bələdiyyənin sözügedən qərarı məlumat üçün sizə göndərilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, iş materiallarında öz əksini tapmış poçt qəbzindən görünür ki, mübahisələndirilən qərarın surətini iddiaçı xx.xx.2023-cü il tarixdə almışdır. İddiaçı isə hazırkı iddia tələbi ilə bağlı məhkəmədə xx.xx.2023-cü il tarixdə iddia qaldırmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətə əməl edilmişdir. Belə ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş cavabdehin hüquqi ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin 11/61-08 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı ünvan 2 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 578,70 (beş yüz yetmiş səkkiz manat, 70 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışır. İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin 11/61-08 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 4.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: - 4.1.1. dövlət vergiləri; - 4.1.2. muxtar respublika vergiləri; - 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5.0-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). - 8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. - 8.2-ci maddəsinə əsasən yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. - 32.2-ci maddəsinə əsasən vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. - 151.1. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər. - 152.2. Bələdiyyələrin mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə, digər müəssisələr isə dövlət büdcəsinə ödəyir. Fiziki şəxslər gəlir vergisini dövlət büdcəsinə ödəyirlər. 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: - 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə:
Fiziki şəxsin xüsusi mülkiyyətində olan Yaşayış məntəqələri yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 Gəncə, Sumqayıt şəhərləri və Abşeron 0,3 rayonu Digər şəhərlər (rayon tabeliyində olan 0,2 şəhərlər istisna olmaqla), rayon mərkəzləri Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron 0,1 rayonunun qəsəbə və kəndləri istisna olmaqla)
- 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. - 204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı metodiki Vəsait”ə əsasən bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə isə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; 36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. - 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. - 58.1.İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 16. Bələdiyyənin iclası - 16. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. - 43.3. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Göründüyü kimi, vergi və ödənişlərlə bağlı məsələlər kollegial qaydada üçdə iki səs çoxluğu ilə qəbul edilir. Mübahisə predmeti olan 11/61-08 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan da müəyyən olunur ki, həmin inzibati akt kollegial olaraq qəbul edilməmişdir. Belə ki, həmin qərardan da, qeyd edilən inzibati aktın kollegial qaydada bələdiyyə iclasında qəbul edildiyi və buna dair hər hansı sənədə istinad olunduğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. - 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.- 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. - 70.1-ci İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh 11/61-08 saylı, xx.xx.2023-ci il tarixli inzibati aktı (qərarı) qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 56-cı maddəsinin və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanunun 16-cı və 43.3-cü maddələrinin tələblərinə əməl etməyərək, kollegial qaydada qəbul edilməmiş və kollegial inzibati orqanın iclası haqqında protokolu və həmin protokolda iclasın sədri və üzvləri haqqında məlumatın əks olunması və iclas protokolu iclasın katibi tərəfindən imzalandığına dair sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdeh yazılı formada təsbit olunmuş inzibati aktı yazılı şəkildə əsaslandırılmamış, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir edir ki, iddia təmin edilməli cavabdeh Bakı Şəhər Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 11/61-08 saylı, xx.xx.2023-ci il tarixli qərarı ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı Şəhər Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 11/61-08 saylı, xx.xx.2023-ci il tarixli qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev