Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2735/2020 16.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Həmidova Fatimə Rövşən qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «keçmiş dövr üçün ödənilməmiş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixindək dayandırılmış pensiyasının bərpa edilməsi, ödənilməmiş 7 ayın pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona X3 qəyyumu kimi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əlilliyə görə müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinəqoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu X7 xx xxxx 2001-ci ildə Bakı şəhərində doğulmuşdur. Oğlu Qurban doğulduğu andan bugünə kimi daun sindromu xəstəliyindən əziyyət çəkir və artıq neçənci ildir ki, daun sindromu diaqnozu ilə müalicə alır və depakin qəbul edir. İddiaçının oğlunun əqli cəhətdən problemləri ilə yanaşı, sağlamlıqla bağlı spesifik problemləri də olur. Sonuncu müayinə aktında ona 13cü xromosomun trisomiyası, translokasiya, daun sindromu, əqli gerilik, qıcolma, tutmalar diaqnozu qoyulmuşdur. X7 ömürlük olaraq İ qrup əlildir və özünü idarə etmək iqtidarında deyil. Bu səbəbdən də onun daimi olaraq sosial müdafiəyə ehtiyacı vardır. İddiaçının oğlu məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir və 1-ci qrup əlildir. Hal-hazırda iddiaçı onun üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə ilkin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə göndərilmiş, həmin tərəfdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarı ilə Fondun Bakı şəhəri üzrə Nizami rayon xidmət nümayəndəliyi ləğv edildiyindən hazırlıq icraatının gedişində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, **********4 saylı etirazda bildirilmişdir ki, əlillər üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi “Sosial müavinətlər haqqında” Qanunun 9-cu maddəsinin 1.2-cı bəndinə əsasən müavinət almaq üçün müraciət edildikdə həmin müavinət əvvəlki dövr üçün 3 ildən çox olmamaqla onu almaq hüququ yaranan gündən əlillik müddətinə təyin olunur və ödənilir. Əlilliyin müddəti Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə müəyyən olunur. X6 1-ci qrup əlillik Tibbi Sosial Ekspert Komissiyasının elektron informasiya sistemindən alınan məlumatına əsasən xx.xx.2019cu il tarixdə verilmişdir. Vətəndaş xx.xx.2019-cu il tarixdə müavinət təyin olunması üçün şöbəyə müraciət etmiş və komissiyanın 2508 saylı qərarı ilə ona 08.10. 2019-cu il tarixdən müavinət təyin olunmuş və ödənilir. Sonda əsassız olduğu üçün iddianın təmin olunmaması və aidiyyətı üzrə Tibbi Sosial Ekspert Komissiyasına yönləndirilməsinin təmin olunması məhkəmədən xahiş edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi F.Məmmədova tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli etirazda qeyd edilmişdir ki, X6 əlillik dərəcəsinin verilməsi xx.xx.2019-cu ilə təsadüf edir, lakin onun qəyyumu İddiaçı DSMF-nin Nizami rayon şöbəsinə xx.xx.2019-cu ildə müraciət etmişdir. Qeyd edilməlidir ki, şəxs 2019-cu ilin mart ayına kimi əlillik üçün müəyyənləşdirilmiş müavinət almışdır. Müraciət edildiyi tarixdən etibarən Komissiyanın 2508 saylı qərarı əsasında ona xx.xx.2019-cu il tarixindən müavinət təyin edilmiş və ödənilmişdir. Eyni zamanda, bildirilmişdir ki, iddiaçıya münasibətdə TSEK-in xx.xx.2019cu il tarixli qərarında həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. İddiaçıya DSMF tərəfindən xx.xx.2019-cu il tarixdən növbəti müayinə tarixinə qədər sosial müavinət ödənilmişdir. İddiaçının əlillik səbəbindən müavinət almaq hüququnun yaranma anı TSEK tərəfindən verilmiş qərarla müəyyən edilir. Bu səbəbdən iddiaçıya dayandırılmış müavinət məbləğinin birdəfəlik ödənilməsi tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Sonda iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki: İş materiallarına əlavə edilmiş AZE seriyalı, 17131542 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X7 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən məhkəməyə daxil olmuş **********3 saylı, xx.xx.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, əlillik altsistemindən çıxarışa əsasən E.Əzizovun Bakı şəhəri 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2017-ci il tarixli 0120003AADE7 nömrəli göndərişi əsasında ilkin təyinat əsasında xx.xx.2017-ci il tarixində ümumi xəstəlik səbəbindən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Həmçinin, Agentliyin 25 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasından alınmış məlumata əsasən, xx.xx.2017-ci il tarixdən əvvəlki dövrə aid X4 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməmişdir. X6 aid müavinət işində olan sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, X6 əlilliyi xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş, ona birinci dərəcəli əlillik təyin edilmiş, sağlamlıq imkanlarının məhdudluğu müddətsiz olaraq müəyyən edilmiş, ağır dərəcəli əqli gerilik, qeyri-üzvi mənşəli enurez, kəskin nitq qüsuru, daun sindromu (trisomiya) diaqnozu qoyulmuş, DSMF-nin Nizami rayon şöbəsinin sosial müavinətin təyinatı üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə ona 1-ci qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən ömürlük müavinət təyin edilmiş, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 256 saylı, xx.xx.2019-cu il tarixli sərəncamına əsasən İddiaçı Xəzər rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlu, xx.xx.2001ci il təvəllüdlü X3 üzərinə qəyyum təyin olunmuşdur. İddiaçı 984770/2 nömrəli pensiya işində olan sənədlərdən məlum olur ki, DSMFnin Nizami rayon şöbəsinin sosial müavinətin təyinatı üzrə 2508 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən ömürlük olaraq 1-ci qrup əlilə (X6) qulluğa görə sosial müavinət təyin edilmişdir. Stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən edilir ki, X3 tibbi göndərişi xx.xx.2019-cu il tarixdə verilmişdir. Pasiyent xx.xx.2019-cu ildə xəstəxanaya daxil olmuş, xx.xx.2019-cu il tarixdə xəstəxanadan çıxmışdır. xx.xx.2019-cu il tarixdə ona ağır dərəcəli əqli gerilik, nəzərəçarpan davranış pozuntuları diaqnozu qoyulmuşdur. Xəstəliyin başlanma tarixi 2004-cü il kimi göstərilmişdir. İş materiallarından məlum olur ki, İddiaçı iddia ərizəsində qaldırdığı məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, məsələ ona münasibətdə müsbət həllini tapmamış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 saylı cavab məktubunda bildirilmişdir ki, oğlu X6 xx.xx.2019-cu il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara verilən müavinət təyin olunub və ödənilib. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə aktına əsasən oğluna xx.xx.2019-cu ildən 1-ci qrup əlillik təyin edildiyi üçün ona xx.xx.2019-cu il tarixdən 1-ci qrup əlillərə verilən müavinət və təqaüd təyin olunmuşdur. Məhkəmə aşağıdakı əsaslara görə cavabdehin dəlillərini əsaslı hesab etmir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. X2 Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (x xxxxxxx 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA xx/xx/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə AvropaMəhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətinhəyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Konvensiyanın 14-cü maddədəki "digər hər hansı əlamət" termini ərizəçinin uşağının əlilliyinə şamil olunurmu – ərizəçi ayrı-seçkiliyə məruz qalmasından şikayət etdi və bu ayrıseçkilik onun öz əlilliyi ilə deyil, uşağının əlilliyi ilə əlaqədar idi. Məhkəmənin presedent hüququnda "digər hər hansı əlamət" ifadəsinə geniş məna verilir və onun şərhi şəxsi xarakter daşıyan, yəni şəxsin özünə xas olan və ondan ayrılmaz olan xüsusiyyətlərlə məhdudlaşmır. Beləliklə, 14-cü maddə müəyyən şəxsin digər bir şəxsin hər hansı əlaməti əsasında daha əlverişsiz rəftara məruz qalması hallarına da şamil olunur, necə ki, bu, ərizəçinin işində baş vermişdir. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, dövlətlərin bu sahədə verdikləri qərarların əlil uşaqlara təsirini nəzərə alaraq xüsusilə diqqətli olmaları önəmlidir, belə ki, bu uşaqların xüsusilə həssas durumda olmaları nəzərə alınmaya bilməz. Müvafiq olaraq, Məhkəmə qərara aldı ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin X1 əlilliyinin ilkin və təkrar olaraq qiymətləndirildiyi tarixlərdə qüvvədə olmuş 4.0.1.4-cü və 4.0.1.3-cü maddələrinə görə müvafiq olaraq sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara ödənilən müavinət və əlilliyə görə müavinət sosial müavinətlərin növlərinə aid edilmişdir. Həmin Qanunun xx xxx 2020-ci il tarixdən qüvvəyə minmiş 4.0.1.3-cü maddəsinə görə 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə ödənilən müavinət sosial müavinətlərin növlərindən biridir. Həmin Qanunun 4-cü maddəsində sosial müavinətlərin aylıq və birdəfəlik olmaqla iki növü fərqləndirilir və yuxarıda adıçəkilən müavinətlər məhz aylıq müavinətlər kateqoriyasına aid edilir. Məhkəmə, həmçinin, qeyd edir ki, yuxarıda sadalanmış qanunvericilik normalarından göründüyü kimi qanunverici orqan 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxslərə və 18 yaşından yuxarıda sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxslərə ödənilən müavinətləri fərqləndirmişdir. Məzmunu yuxarıda göstərilmiş müddəalara əsasən məhkəmə hesab edir ki, X3 əlilliyi ilkin olaraq qiymətləndirilərkən növbəti müayinə tarixi kimi onun 18 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixinin göstərilməsi əlilliyə səbəb olan xəstəliyin sonradan aradan qalxıb-qalxmamasının müəyyən edilməsi, başqa sözlə, tibbi nöqteyi nəzərdən yox, hüquqi nöqteyi nəzərdən, yəni sağlamlıq imkanları məhdud olan 18 yaşınadək və 18 yaşından yuxarı şəxslərə ödənilən sosial müavinətin hüquqi əsaslarının fərqli olması baxımından yanaşılmalıdır. Qısacası, şəxsin sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşının tamam olacağı tarixdə yenidən yoxlanılması zərurəti məhz qanunvericilikdən irəli gələn hüquqi zərurətlə bağlıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Məhkəmə, göstərilənlərin hüquq normalarının tələblərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi F.Məmmədova tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli etirazda iddianın əsassız olması baxımından qeyd edilənlərlə razılaşmır. Əvvəla ona görə ki, X6 DSMF tərəfindən xx.xx.2019-cu il tarixdən növbəti müayinə tarixinə qədər deyil, ömürlük müavinət təyin edilmişdir və əlillik və sağlamlıq imkanlarının məhdudluğu müddətsiz olaraq müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, X3 əlillik səbəbindən müavinət almaq hüququnun yaranma anı TSEK tərəfindən verilmiş qərarla müəyyən edilsə də, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.5-ci maddəsində keçmiş müddət üçün alınmamış müavinətin ödənilməsi ilə əlaqədar münasibətləri tənzimləyən norma təsbit edilmiş, habelə, həmin normanın aylıq müavinətlərə aid edilən əlilliyə görə (18 yaşından yuxarı şəxslərə) müavinətlərə şamil edilməsini istisna edən xüsusi bir norma da adıçəkilən qanunda mövcud deyildir. Bu da belə bir hüquqi nəticəyə gəlməyə dəlalət edir ki, göstərilən norma əlilliyə görə (18 yaşından yuxarı şəxslərə) müavinətlərin keçmiş dövr üzrə ödənilməsi ilə əlaqədar münasibətlərə tətbiq edilə bilər. Həmin Qanunun 28.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq məhkəmə qeyd edir ki, ilk növbədə şəxsin əlillik statusu alması ilə, bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə əlaqədar qanunvericilik yalnız “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun özündən ibarət deyil, o, həmçinin, bütün digər başqa sahələrdə əlilliyi olan şəxslərin hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, əlilliyi olan şəxslər həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən, əsaslı olduğu halda, müavinətin hansı tarixdən ödənilməli olduğuna dair məsələyə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq, bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmənin qənaətinə görə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin əlillik statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarının qəbul edildiyi andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə əlillik statusunu əldə etdikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Məhkəmə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin işin faktiki halların tətbiqi baxımından qeyd etməyi zəruri hesab edir ki, həmin normanın hazırkı mübahisəyə tətbiq edilməsi yolverilməzdir, ona görə ki, müvafiq müddəanın tətbiqi şəxsə əlilliyə görə sosial müavinətin ilkin olaraq təyinatı ilə şərtlənir. Həm də, ona görə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi işin faktiki hallarına tətbiq edilsə, bu, X3 xx.xx.2019-cu il tarixədək aldığı sosial müavinətin təkrar ödənilməsi ilə nəticələnər ki, həmin hal da sosial təminat qanunvericiliyinin tələblərinə uyğun deyildir. Adıçəkilən Qanunun 10-1.5-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hazırkı işə münasibətdə hesab edir ki, əlilliyi qiymətləndirilmiş şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edilməsi tarixindən asılı olmayaraq, əgər əlilliyin meydana çıxmasına səbəb olan hallar qiymətləndirmə tarixindən əvvəl yaranmışsa və bu halların qiymətləndirmə tarixinə qədər aradan qalxması və ya mövcud olmaması sübuta yetirilmirsə, müvafiq məsələ əlilliyin faktiki olaraq mövcud olduğu dövr nəzərə alınmaqla məhz “Sosial müavinətlər haqqında” Qanunun 10-1.5-ci maddəsinə əsasən öz həllini tapmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, əlilliyə görə müavinət “Sosial müavinətlər haqqında” Qanunun tələbləri baxımında birdəfəlik deyil, aylıq müavinətlərə aid olduğundan həmin müavinətin əvvəlki dövr üçün ödənilməsi mümkündür. İş materialları ilə də öz təsdiqini tapır ki, X5 1-ci qrup əlilliyin yaranması ilə nəticələnmiş xəstəlik ən azı 2004-cü ildən etibarən meydana çıxmış, onun əlilliyi ilkin olaraq xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş, əlilliyi təkrar qiymətləndirildiyi xx.xx.2019-cu il tarixinədək, konkret olaraq qeyd edilsə, 2019-cu ilin 08 may tarixindən 08 iyun tarixinədək xəstəxanada stasionar müalicədə olmuş, xx.xx.2019-cu il tarixdə ona ağır dərəcəli əqli gerilik, nəzərəçarpan davranış pozuntuları diaqnozu qoyulmuşdur. Təsadüfi deyildir ki, iş materiallarında olan stasionar (ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışda göstərilmiş diaqnoz Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda da öz təsdiqini tapmış, pasiyentə ağır dərəcəli əqli gerilik, qeyri-üzvi mənşəli enurez, kəskin nitq qüsuru, daun sindromu (trisomiya) diaqnozu qoyulmuşdur. Məhkəmə, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək qabiliyyətinin itirilməsinin 3 növü (tam, qismən və müvəqqəti) göstərilmişdir. Belə ki, həmin Məcəllənin 74-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə əlillik dərəcəsi və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Göstərilən normanın təhlili belə nəticəyə gəlməyə əsas verir ki, əmək qabiliyyəti o vaxt itirilmiş hesab edilə bilər ki, o, itirilənədək mövcud olsun. İş materiallarında olan X3 əlilliyinin ilkin və təkrar qiymətləndirilməsinə dair sənədlərdə isə onun əmək qabiliyyətinin itirilməsi qrafalarında əmək qabiliyyətinin itirilməsinin dərəcəsi göstərilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, X3 əmək qabiliyyəti, ümumiyyətlə, daha konkret şəkildə qeyd edilsə, onun əlilliyinin ilkin və təkrar qiymətləndirildiyi tarixləri arasındakı müddətdə də mövcud olmamışdır. İş materiallarından isə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi müddətdə X3 əlilliyi faktiki olaraq mövcud olsa da, həmin dövr üzrə sosial müavinətin ödənilməsi ilə əlaqədar onun qəyyumunun müraciəti aidiyyəti orqan tərəfindən əsassız olaraq təmin edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1-ci qrup əlil X3 qəyyumu İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixə kimi əlilliyə görə müavinətin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 1-ci qrup əlil X3 qəyyumu İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi əlilliyə görə müavinətin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2735/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2735/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver