Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2736/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Üçüncü şəxsin nümayəndəsi Namizəd Kərimovun iştirakı ilə İddiaçı Müzəffər oğlunun cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı üçüncü şəxs "xxxx" MTK “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Müzəffər oğlu cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı üçüncü şəxs "xxxx" MTK olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin mövcud yaşayış və qeyri-yaşayış sahələrini sökərək, yerində yüksəkmərtəbəli yaşayış binaları tikmək üçün "xxxx" MTK-ya verdiyi 161 saylı 15 aprel 2014-cü il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, hal-hazırda yaşadığı və mülkiyyətçisi olduğu mənzilin "xxxx" MTK tərəfindən sökülməsinin ona hədə-qorxu ilə dövlət sifarişi (Pilot Layihə) əsasında deyil, Bakı Şəhər İcra Hakiminin xx.xx.2014-cü il tarixli 161 saylı sərəncamı ilə mövcud yaşayış və qeyri-yaşayış sahələrini sökərək, yerində yüksəkmərtəbəli yaşayış binaları tikmək üçün icarəyə verildiyi barədə məlumatı bir neçə gün bundan öncə qonşu binada aparılan qanunsuz söküntü işlərindən şikayət edən vətəndaşın xəbər saytlarına etdiyi şikayətin məzmunundan əldə etmişdir. Tikinti şirkətinin söküntü-tikinti işlərinin mövcud qanunvericiliyə uyğun aparmadığını, iddiaçıya məxsus olan mənzilin dəyərini ödəməkdən imtina etməsini və hədə-qorxu yolu ilə razılaşmağa məcbur etmək cəhdlərini, hec bir hüquqi sənəd olmadan mənzilinin qəzalı şəraitdə olması iddiasını bir vətəndaş olaraq haqqının taptalanması kimi qiymətləndirərək, hüquqi dövlətin vətəndaşı olaraq mövcud qanunvericiliklə ona verilən hüquqlara əsaslanaraq mənzilinin söküntüsü ilə razılaşmır və Bakı Şəhər İcra Hakiminin xx.xx.2014-cü il tarixli 161 saylı sərəncamının aşağıda qeyd olunan əsaslara görə ləğv edilməli olduğunu bildirir. Sərəncam mənzil və şəhərsalma qanunvericiliyinin tələblərini nəzərə almadan çıxarılmış, şəhərin arxitektura normalarına ziddir, iddiaçının və ailə üzvlərinin konstitusion hüquq olan sağlamlıq və ətraf mühitdə yaşamaq, əmlak, mülkiyyət hüquqlarını pozur. Ərazidə çoxmərtəbəli binaların tikintisi havanın təbii axınının qarşısını alır, həyətə günəş işığının düşməsini məhdudlaşdırır, uşaqların oyun meydançalarını dağıdır və digər qonşuların sahibliyində olan əmlakların sökülməsi çoxsaylı şam ağaclarının məhv olmasına səbəb olur. Yaşadığı mənzilin yaxınlığında 6 ildir ki, davam edən söküntü tikinti işlərinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 7,8,9.1 və 10.1 maddələrini kobud şəkildə pozularaq edilir və son günlərədək dövlət sifarişi (Pilot Layihə) olması kimi səhv məlumatlandırılması Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 13cü maddəsinə ziddir. Məcəllənin 76.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur, mənzilinin tam yaxınlığında yerləşən binanın söküntüsü həyat və sağlamlığına təhlükə törədəcək tərzdə aparıldığı üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və söküntü işlərinə müvafiq icazələrinin olmaması səbəbindən işlər dayandırılmışdır. Dövlət qurumlarının gecə saatlarında nəzarət edə bilməyəcəyindən sui-istifadə etmək fikri ilə söküntü işlərini məhz gecə saatlarında (00:00-05:00) aparmış, lakin 102 Qaynar Xətt Xidmətinə çoxsaylı zəngləri nəticəsində dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq ictaatına başlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi yazılı vəsatətdə göstərilənlərə uygun olaraq izahat verib bildirdi ki, Bakı şəhərinin baş planına əsasən paytaxtı daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində çoxmənzilli çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK-ya verilmişdir. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi, vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK-ya tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 saylı qərarına əsasən Bakı şəhərində mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. "xxxx" MTK Bakı Şəhər İcra Hakimiyyətinin qeyd edilən sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 Dekabr 2019-cu il tarixli 482 saylı qərarına uyğun olaraq ünvan 1 ünvanda mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirib və həyata keçirir. Bu günə kimi qeyd olunan ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan binalar sökülərək, onların yerində müasir yaşayış tələblərinə cavab verən 4 ədəd yeni yaşayış binası tikilib sakinlərin istifadəsinə verilib, 2 bina isə tikilir. Sakinlərin çoxu yeni tikilən mənzillərində yaşayırlar, onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məxsus, ünvan 2 ünvandakı iki mərtəbəli 12 mənzilli binadakı 46,31 kv.m sahəsi olan ikiotaqlı 8 saylı mənzil də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə "xxxx" MTK”-ya ayrılmış torpaq sahəsində yerləşir. Bundan başqa iddiaçının Bəkir Çobanzadə küçəsi 7 ünvanda qanunsuz tikilisi də mövcuddur. 7 saylı yaşayış binası 20-ci əsrin 50-ci illərində tikilib, köhnə və istifadəyə yararsızdır. Bir sıra dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirlyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətli nümayəndəsinin də tərtib etdiyi 11 fevral 2016-cı il tarixli akta əsasən 7 saylı yaşayış binasının istismar müddəti bitib, qəzalı vəziyyətdədir, binanın divarlarının bəzi hissələrində çatlar var, şəhərsalma və tikinti normalarına cavab vermir. Binanın bir çox sakinləri ilə qəzalı vəziyyətdə olan evdən köçürülmələri barədə razılığa gəlinib, sakinlər öz əşyalarını çıxarıb, mənzilləri boşaldıb, "xxxx" MTK ilə yeni tikiləcək binada daha böyük sahəsi olan, abad, təmirli mənzil tikintisi ilə bağlı müqavilələr bağlayıblar. "xxxx" MTK həmin ailələrin hər birinə qarşılıqlı razılaşma əsasında yeni binada mənzilləri tikilib hazır olanadək kirayə haqqı ödəyir. Lakin iddiaçı əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edir. "xxxx" MTK iddiaçıya da ikiotaqlı mənzilinin əvəzinə həmin ünvanda yeni tikilən binada 30 kv.m. artıq sahəsi olan ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. İddiaçı isə əsassız varlanmaq məqsədilə, 46,31 kv.m sahəsi olan mənzilinin əvəzinə bir ədəd 115,19 kv.m sahəsi olan təmirli, üçotaqlı və bir ədəd 47,0 kv.m sahəsi olan birotaqlı təmirli mənzillər tələb edir. Nəticədə tikinti işlərini yubanır. Bu da mənzil tikintisi üçün "xxxx" MTK ilə müqavilələr bağlamış ailələrin haqlı etiraz və narazılığına səbəb olub. 2014-cü ildən tikinti işlərinin başlanması və iddiaçılarla danışıqlar aparılması faktı onların qeyd olunan sərəncamdan həmin vaxtdan məlumatlı olduqlarını göstərir. Yuxarıda qeyd edilənləri və mübahisə ilə baglı çoxsaylı qüvvədə olan məhkəmə aktlarının olmasını, yəni iddiaçının müddəti ötürməklə iddia verdiyini nəzərə alaraq iddianın mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və Nəsimi küçələrinin kəsişməsindəki 2532-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK-ya verilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə hazırki iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli 161 saylı sərəncamını mübahisələndirir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yaşadığı mənzilin yaxınlığında 6 ildir ki, davam edən söküntü tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 7,8,9.1 və 10.1 maddələrini kobud şəkildə pozularaq edilir və son günlərədək dövlət sifarişi (pilot layihə) olması kimi səhv məlumatlandırılması Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü maddəsinə ziddir. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 161 saylı sərəncamı 15 aprel 2014-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 7 il müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İcraat zamanı 3-cü şəxsin nümayəndəsi mübahisələndirilən sərəncam əsasında tikinti işlərinin sərəncamın verildiyi vaxtdan başlanıldığını bildirmiş və bununla əlaqədar hələ 2014-cü ildən mülkiyyətçilərlə danışıqlar aparıldığını, mənzillərin alındıgını və sakinlərin köçürülərək kirayə pullarını ödəməklə yeni binada mənzil almalarını gözləməsini bildirmişdir. İşdən görünür ki, iddiaçı mübahisə edilən inzibati aktın mövcudluğu barədə nə vaxtdan məlumatlı olması ilə bağlı konkret mövqe göstərməmiş, lakin iddia ərizəsindən də göründüyü kimi yaşadığı mənzilin yaxınlığında 6 ildir ki, davam edən söküntü tikinti işlərindən məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 7 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmiş, iş materiallarına əsasən iddia müddətinin buraxılması 1 ildən artıq oldugundan İnzibati Prossessual Məcəlləsinin 24.4-cü maddəsinə, həmçinin də prosessual qənaət prinsipinə əsaslanaraq məhkəmə müddətin üzrlü hesab edilməsi üçün iddiaçiya ərizə verilməsi təklifini irəli sürməyi məqsədəmüvafiq hesab etməmişdir. İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4KİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2736/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2736/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver