Məhkəmə qərarları › İş №2-1(112)-2736/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2736/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2736/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 26.05.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 26.05.2021-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1979-cu il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin, təhsil və hərbi müddəti nəzərə alındıqda, onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda, həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun ümumi iş stajının olmaması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 01 yanvar 2006-cı ilədək ümumi iş stajı 25 ildən (24 il 04 ay 25 gün) təşkil edir. İddiaçının qeyd etdiyi Kürdəmir rayonu Karrar kəndində yerləşən “R.Axundov” adına kolxozda işlədiyi illərin iş stajı kimi nəzərə alınmaması barədə iddiası isə tamamilə əsassızdır. Belə ki, iddiaçıya təqdim olunmuş pensiya təyinatından imtina haqqında məktubda onun ümumi iş stajı kimi nəzərə alınmış dövlərlər qeyd edilmişdir ki, əmək kitabçasının surətində onun 1983-1986-cı illərdə kolxoz üzvü qeyd olunduğundan, həmin illər hesablama zamanı nəzərə alınmışdır. Lakin iddia ərizəsində qeyd olunmuş 1979-1983-cu illər arasındaki dövr ərzində kolxozda işlədiyi dövr barədə iddiaçıya dair kolxozçunun əmək kitabçasında hər hanqı qeydin olmaması səbəbindən həmin dövrün onun ümumi iş stajına daxil edilməsi mümkün sayılmır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:

1. 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması; Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1964-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı 01.07.2017-ci il tarixədək toplanmalıdır . İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) 01.01.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil və hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 01.09.1980-ci ildə “Heyvanlarla baytar işləmələri, binaların dizenfektor operator” ixtisası üzrə 115 №-li texniki peşə məktəbinə (Kürdəmir Peşə liseyi) daxil olmuş və 20.04.1983-cü ildə həmin peşə məktəbini bitirmişdir. Göründüyü kimi, iddiaçının təhsil illəri 02 il 07 ay 20 gün təşkil edir. Məhkəmə “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçının 02 il 07 ay 20 gün təşkil edən təhsil müddəti ümumi staja daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Məhkəmə icraatı zamanı təqdim olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 18.10.1983-ci il tarixdən 15.11.1985-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 02 il 28 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətindən görünür ki, iddiaçı: -01.04.1983-cü il tarixdən 15.04.1986-cı il tarixədək kolxozçu; -22.04.1986-cı il tarixdən 01.01.1996-cı il tarixədək operator peşəsində, 01.01.1996-cı il tarixdən 31.07.2019-cu il tarixədək quyuların əsaslı təmiri üzrə 4-cü dərəcə qazmaçı köməkçisi və 5-ci dərəcə qazmaçı peşəsində işləmişdir. (31.07.2019-cu il tarixədək 33 il 03 ay 10 gün; 01.01.2006-cı il tarixədək – 19 il 08 ay 10 gün) Məhkəmə bildirir ki, hərbi, təhsil və əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (19 il 08 ay 10 gün + 02 il 07 ay 20 gün + 02 il 28 gün = 24 il 04 ay 29 gün) olması müəyyən olunur. Təkzib olunmaz haldır ki, sözügedən stajı nəzərə aldıqda iddiaçının ümumi iş stajı ilə bağlı şərt ödənilməmiş olur. Lakin, nəzərə alınmalıdır ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlərdən biri, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, təqdim olunmuş əmək kitabçasında iddiaçının kolxozda işləməsi barədə məlumat əks olunmasa da, həmin dövr mövcud olan arxiv arayışında və əmək haqqı cədvəllərində öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-c maddəsinə nəzər yetirdikdə məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kürdəmir rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arayışdan və əlavə olunmuş əmək haqqı cədvəlləri əsasında müəyyən olunur ki, iddiaçı 1979-1983-cü illəri əhatə edən dövrlərdə Kürdəmir rayonu Karrar kəndi “R.Axundov” adına kolxozda işləmişdir. Nəzərə alınmalıdır ki,vətəndaşın kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Kürdəmir rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması 1979- 1983-cü illərdə 180 olmuşdur. Buna qarşılıq iddiaçı 1979-cu ildə 135 gün, 1980-cı ildə 202 gün, 1981-ci ildə 191 gün, 1982-ci ildə 182 gün, 1983-cü ildə 88 gün işləmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının 1980-1983-cü illərdə kolxozda işlədiyi müddətə münasibətdə isə qeyd olunur ki, həmin müddət iddiaçının təhsil müddəti aldığı illərə təsadüf etdiyindən, “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinin tələbləri əsasında iddiaçının razılığı ilə kolxozda işlədiyi 1980-1983 dövr sığorta stajına daxil edilmir. İddiaçının 1979-cu ildə kolxozda işlədiyi müddətə münasibətdə isə müəyyən olunur ki, iddiaçı 1979-cu ildə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir –135x12=1620/180= 09 ay. Məhkəmə diqqətə çəkir ki, cavabdeh etiraz ərizəsində iddiaçının 1983-1986-cı illərdə kolxozda işlədiyi müddəti nəzərə aldığını bildirsə də, Məhkəmə həmin müddətin 1983-1985-ci illərini nəzərə almır. Çünki, həmin müddət iddiaçının hərbi xidmətdə olduğu dövrə təsadüf edir. Məhkəmə qeyd edir ki, bu hissədə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Çünki, məhkəmə iclasında iddiaçı ilə müddətlərin üst-üstə düşdüyünə dair müzakirələr aparılmış, iddiaçı həmin dövrü nəzərə alınmamasını, hərbi xidmətdə olduğu dövrün nəzərə almasını xahiş etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının kolxzoda işlədiyi həmin müddətinin ümumi sığorta stajına nəzərə alınmaması iddiaçıya pensiya təyini zamanı ziyan etmir. Belə ki, həmin dövrün əvəzi olaraq iddiaçının hərbi müddətdə olduğu illər nəzərə alınır. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur, iddiaçının 01.01.2006-cı il tarixədək hərbi xidmət, təhsil, kolxozda və əmək kitabçasında göstərilən iş yerlərində işlədiyi müddət nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox (24 il 04 ay 29 gün + 09 ay =25 il 01 29 gün) ümumi iş stajı mövcuddur. Məhkəmə bildirir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılarkən güzəştli iş stajı mübahisələndirilməmişdir. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının əmək kitabçasında olan qeydləri təqdim olunmuş güzəştli arayış ilə birgə təhlil etdikdə müəyyən edir ki, güzəştli arayışda iddiaçının 22.04.1986-cı il tarixdən 01.01.1996-cı il tarixədək operator, 01.01.1996-cı il ildən 01.01.2006-cı il tarixədək qazmaçı (qazmaçı köməkçisi) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 10-cu bölməsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” 10.2-ci yarımbölməsinin a) hissəsində nəzərdə tutulmuş quyuların əsaslı təmirinin qazmaçıları və quyuların yeraltı təmiri üzrə operatorlar peşələrinə uyğundur. Bundan başqa, həmin peşələrin müvafiq siyahı üzrə araşdırılması zamanı məhkəmə müəyyən etmişdir ki, qeyd olunan peşələr həmçinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində quyuların əsaslı təmirinin qazmaçıları (2130200a—11292) və quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar (2130200a—15866) kod altında nəzərdə tutulmuşdur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən təqdim olunmuş arayı hər hansı şübhə doğurmamış, həmçinin cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün işlədiyi operator, qazmaçı köməkçisi və qazmaçı peşələri həm əmək kitabçasında, həmçinin, də “X1” MMC tərəfindən verilmiş arayışında öz əksini tapmışdır. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının 01.01.2006-cı il tarixə güzəştli iş stajının 12 il 06 aydan (22.04.1986-01.01.2006 = 19 il 08 ay 10 gün) çox olmasını müəyyən edir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Məhkəmə bir məqama da toxunmaq istəyir ki, ümumiyyətlə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının (65.416,84 manat) təşkil etməsi iddiaçıya münasibətdə güzəşrli şərtlərlə yaşa görə pensiyasının təyini zamanı əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda nəzərdə tutulan ümumi və güzəştli iş stajları toplanıldığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman, məhz həmin qanunvericiliyin normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, iddiaçının ümumi və güzəşti staj ilə bağlı şərtlər ödənildiyindən, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı asılı olmayaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 26 may 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 11.06.2021-ci il tarixdə (imtina məktubunda göstərilən ilkin tarix) cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil də, məhz onun pensiya hüququ yarandığı tarixdən, yəni 26.05.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 26.05.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar