Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2738/2020 16.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlu, iddiaçı - İddiaçı cavabdeh -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 3-cü şəxslər - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsi qarşı “on bir min manat müavinətin ödənilməsi üçün siyahıya salınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçının mərhum həyat yoldaşı X3 hərbi xidmət dövründə xəsarət alaraq ölməsi ilə bağlı qanunla nəzərdə tutulmuş 11.000 (on bir min) manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsini bir vəzifə olaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin öhdəsinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, həmçinin iddiaçının “11.000 manat birdəfəlik ödəmənin həyata keçirilməsi üçün iddiaçının mərhum həyat yoldaşı X4 adının müvafiq siyahıya daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” na dair iddianın dəyişdirilməsi barədə ərizəsinin icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana əsasən kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı mərhum həyat yoldaşı 16 sentyabr 1962-ci il təvəllüdlü X6 Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır və 1994-cü ildən N saylı hərbi hissənin tərkibində baş leytenant kimi Tərtər rayonunda hərbi xidmətə başlamışdır. Həyat yoldaşı xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur. Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamədə də ölümün səbəbinin hərbi xidmət dövründə baş beynin əzilib dağılması kimi göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş arayışda onun ərazi bölövlüyü uğrunda hərbi əməliyyatlar zamanı həlak olması, həmçinin N saylı hərbi hissə komandirinin atası Sərkərov Firudinə xx.xx.1996-cı il tarixli bildirişində də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasının baş verməsi nəticəsində həlak olması qeyd edilmişdir. Hərbi qulluqçu olan mərhum ərinin hərbi xidmət dövründə həlak olması ilə bağlı dövlət icbari şəxsi sığorta məbləği ona ödənilməmişdir. Ona sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh tərəfə ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir və imtina cavabı verilmişdir. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, İPM-in bu müddəasının tələblərini və Koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq, icraat iştirakçılarına hazırkı məhkəmə bildirişini aldıqdan sonra 2020-ci il 12 may tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi İPM-in 16.2-ci maddəsinə əsasən məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasına etiraz etməmişdirlər. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, Bakı şəhər Binəqədi Rayonu Hərbi Komissarlığının 283 nömrəli xx.xx.1996-cı il tarixli Arayışına əsasən X6 Azərbaycan Respublikasının suverenliyi uğrunda Dağlıq Qarabağda gedən döyüşlərdə həlak olmuşdur. İş materiallarından görünür ki, N saylı hərbi hissə komandiri tərəfindən verilmiş 6617 nömrəli xx.xx.1994-cü il tarixli Arayışa əsasən leytenant X6 N saylı hərbi hissənin tərkibində torpaqların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarından görünür ki, 13 iyun 2019-cu il tarixli 016331 saylı Ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.1996-cı il tarixdə hərbi xidmət dövründə baş beynin əzilib dağılması səbəbilə həlak olmuşdur. İş materiallarından görünür ki, N saylı hərbi hissənin Binəqədi Rayonu Hərbi Komissarlığına ünvanlanmış Arayışına əsasən xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında baş verməsi nəticəsində həlak olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli 11/2130 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edib. İş materiallarından görünür ki,Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti xx.xx.2020-ci il tarixli 07-02-19 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İ.F.Sərkərovun varisinə (varislərinə) sığorta ödənişi verilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin xx.xx.2020-ci il tarixli 706 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, mərhum İ.F.Sərkərovun şəxsi işində ki, qeydlərə əsasən AR MN-nin 01235 saylı xx.xx.1994-cü il tarixli əmri ilə N saylı hərbi hissəyə maliyyə xidməti rəisi vəzifəsinə təyin olunmuşdur. AR MN-nin 0650 saylı xx.xx.1996-cı il tarixli əmri ilə xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.1996-cı ildə Tərtər rayonunda avtomobil qəzası nəticəsində həlak olduğuna görə AR Silahlı Qüvvələri zabit şəxsi heyəti siyahısından çıxarılıb. İş materiallarından görünür ki, xx.xx.1988-ci il tarixli 476834 saylı Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X1 Xuraman Bədir qızı ilə xx.xx.1988-ci il tarixdə nikah bağlamışlar. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli məkrubla bildirmişdir: “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş mərhum X6na dair müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11000 (on bir min) manat sığorta məbləği verilir. Belə ki, Xidmətin Binəqədi rayon idarəsinin müvafiq uçot sənədlərinə və Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş zabit və gizirlərin (miçmanların) siyahısı”na əsasən, İsrail Sərkərov xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən Tərtər rayonunda avtomobil qəzası ilə əlaqədar “baş beynin əzilib dağılması, beyin toxumalarına qan sızma, kəllə tacının əsası sümüklərinin sınması” nəticəsində həlak olmuşdur. Yuxarıda göstərilən qanunvericilikdə hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) şəxslərin adının müvafiq siyahıya daxil edilməsi nəzərdə tutulmadığı üçün, X3 adının həmin siyahıya əlavə edilməsi mümkün deyil. Əlavə olaraq, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Odur ki, müvafiq arayış olduğu halda müraciətdə qeyd olunan məsələyə yenidən baxıla bilər.” Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanında qeyd edilmişdir ki, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Qeyd edilən Fərman həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Göründüyü kimi Fərmanın qəbul edilməsində əsas 1997-ci il avqustun 2-də qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Fərmanın 1-ci bəndində qeyd edilmişdir ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra-birdəfəlik ödəmə) verilsin. Fərmanın 4-cü bəndinə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edir və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum əri İ.F.Sərkərovun zabit şəxsi heyətində həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların kateqoriyasında olması və xidməti vəzifəsini yerinə yetirərkən həlak olması işin mübahisələndirilməyən hallarına aiddir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı mərhum əri İ.F.Sərkərovun döyüş əməliyyatlarında iştirak etmiş N nömrəli hərbi hissənin tərkibində xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.1996-cı ildə Tərtər rayonunda avtomobil qəzası nəticəsində həlak olması, həmçinin İ.F.Sərkərovun varisinə (varislərinə) sığorta ödənişi verilməməsi iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11.000 manat birdəfəlik ödəmənin həyata keçirilməsi üçün İddiaçı mərhum həyat yoldaşı X3 adının müvafiq siyahıya daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. 11.000 manat birdəfəlik ödəmənin həyata keçirilməsi üçün İddiaçı mərhum həyat yoldaşı X3 adının müvafiq siyahıya daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2738/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2738/2020
16.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver