Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2738/2021 01.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbini irəli sürmüşdür. . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (xx xxxxxx 1971-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur, ailəlidir, 1 övladı var, ali təhsillidir, əvvəllər məhkum olunmuşdur) 1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə könüllü olaraq Lənkəran özünümüdafiə batalyonunda və 1993cü ilin avqustundan N saylı hərbi hissənin tərkibində döyüş bölgəsinə ezam olunmuşdur. Öz tağımı ilə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən müharibə iştirakçısı hesab olunur. O, bununla bağlı AR Müdafiə Nazirliyinə müraciət etmişdir və Arxiv İdarəsindən ona natamam faktiki məlumatlar verilmişdir. Axırıncı tapılan onun döyüş bölgəsinə ezamiyyəti veteran olmasını təsdiq edir və o, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Lakin onun müraciətinə laqeyd yanaşılmış, döyüş bölgəsində düşmənlə səngərdə mübarizə apardığı nəzərə alınmamış və qaldırdığı məsələnin həlli üzrə müsbət qərar çıxarılmamışdır. İmtinaya səbəb kimi onun ehtiyata buraxılması barədə arxiv məlumatının olmaması göstərilmişdir. Məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. O, hərbi biletini 1994-cü ildə itirmişdir. Onun hansı çağırış üzrə çağırılması və indi də ehtiyata buraxılması ilə maraqlanmaq sual doğurur. Ərizəsi ilə işə qəbul olunmuşdur və əmrlə ailə vəziyyəti ilə əlaqədar 1993-cü ilin sonunda işdən azad olunmuşdur. Hansı səbəbdən faktiki natamam sənəd verilir və sonra vətəndaşın hüquqları niyə pozulur, veteran adı və vəsiqəsi almağına problem yaradılır? . . . Cavabdeg kimi Müdafiə Nazirliyi nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyadan iddia olunur ki, natamam faktiki məlumatların tamamlanmamasına görə düzgün müəyyənləşdirilməmiş və qiymətləndirilməmişdir. Göstərilənləri nəzərə alaraq iddia olunur ki, müharibə veterannı adı və vəsiqəsinin verilməsi barədə ədalətli qərar çıxarılsın. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. Qeyd olunmalıdır ki, İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəmə iddia ərizəsinin məzmununu nəzərə alaraq, ərizənin tərtibində yol verilən çatışlamzlıqları formal xəta kimi qiymətləndirmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyini iş üzrə cavabdeh inzibati orqan qismində qəbul etmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı analoji tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)-3155/2020 saylı iş üzrə x xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçının eyni tələblə eyni cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etməsi yolverilməz olduğundan, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3155/2020 saylı iş üzrə x xxxxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. AR Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.6-cı bəndində vurğulanır ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göründüyü kimi, İddiaçı eyni cavabdehə qarşı hazırkı tələbi irəli sürməklə qaldırdığı iddia müvafiq məhkəmə qərarı (qərarın qanuni qüvvəyə minməməsi ilə bağlı xüsusat müəyyən edilmir) ilə iddia rədd edildiyi halda, o, təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2738/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2738/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver