Məhkəmə qərarları › İş №2-1(112)-2738/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2738/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2738/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı kameral vergi yoxlaması ilə hesablanmış 2019-cu ilin 4-cü rübü sadələşdirilmiş vergi bəyannaməsi üzrə 652.03 manat, 2020-ci il 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə 885.24 manat, 2021-ci il 1-ci rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə 716.19 manat, cəmi 2253.46 manat əlavə vergi məbləği ilə bağlı müvafiq olaraq 08.01.2021-ci il tarixli, **********167600 nömrəli, 25.05.2021-ci il tarixli, **********816700 nömrəli və 01.06.2021-ci il tarixli, **********8486400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə 12.04.2019-cu il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alğısatqı” müqaviləsi ilə rəsmiləşən müqavilə ilə, satıcı İddiaçı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə özünə məxsus hissəsini (0,12 ha) alıcı X2 mülkiyyətinə vermişdir. 12.04.2019-cu il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsi” 4-cü bəndinə görə, satıcı daşınmaz əmlakı 500.000 (beş yüz min) manata satmış, alıcı isə həmin qiymətə almışdır. 14.09.2019-cu il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsi 3-cü bəndində göstərilmişdir ki, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 11.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmuşdur. 2021-ci ilin iyul-avqust aylarında şəxsi hesab vərəqəsində borc məbləğinin yaranması aşkar edilmişdir. Bununla bağlı, tərəflərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə müraciət edilmişdir. Həmin İdarənin tərəflərindən 26 avqust 2021-ci il tarixdə alınmış 18.08.2021-ci il tarixli, **********85300 saylı müraciətə baxılmasının nəticələri barədə məktubunda bildirilmişdir ki, “2019-cu il ərzində tərəfinizdən 32601,31 manat, 2020-ci il ərzində 88524,21 manat, 2021-ci ildə isə 99481,01 manat dəyərində mal, iş və xidmətlər əldə edilməsinə baxmayaraq müvafiq dövrlər üzrə bəyannamələrin təqdim edilməməsi və ya göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar barədə onlara 24.12.2020-ci il tarixli **********982200 nömrəli, 06.05.2021-ci il tarixli, **********094500 nömrəli və 01.06.2021-ci il tarixli **********389500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmiş və kənarlaşmalar aradan qaldırılmaqla müvafiq hesab dövrü üçün zəruri və ya dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2019-cu ilin 4-cü rübü sadələşdirilmiş vergi bəyannaməsi üzrə 652,03 manat, 2020-ci il 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə 885,24 manat, 2021-ci il 1-ci rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə 716,19 manat əlavə vergi məbləği hesablanmış, bu barədə sizə 08.01.2021-ci il tarixli **********167600 nömrəli, 25.05.2021-ci il tarixli **********816700 nömrəli və 01.06.2021-ci il tarixli **********8486400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Göründüyü kimi, tərəflərindən torpaq sahəsi 12.04.2019-cu il tarixdə alıcının mülkiyyətinə verilsə də, ondan sonrakı dövr üçün sadələşdirilmiş verginin tərəflərində ödənilməməsi və kənarlaşmaların olması müəyyən edilmişdir. Yəni, 12.04.2019-cu il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsi” hesablanmış vergidən əvvəl baş vermişdir. 12.04.2019-cu il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsindən görünür ki, həmin tarixdən etibarən torpaq sahəsinin mülkiyyətçisi X3r ki, belə olan halda, cavabdeh orqan tərəfindən qərarla müəyyən edilmiş vergilərin hesablanması əsassızdır. Bundan əlavə, borcun olub-olmaması barədə cavabdeh orqana ünvanlamış olduqları məktuba sonuncunun 18.08.2021-ci il tarixli, **********912000 saylı məktubunda göstərilmişdir ki, şəxsi hesab vərəqəsi üzrə məlumatlara əsasən İddiaçı 2861,46 manat borcu vardır. Lakin cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarında göstərilən vergi borcu məbləğinin cəmi 2253,46 manat təşkil edir ki, borcun olubolmması barədə cavab məktubunda 2861,46 manat borcun olması anlaşılan deyildir. Eyni zamanda nəzərə çatdırır ki, qeyd edilən qərarlar hazırkı dövrə qədər tərəflərindən əldə edilməmişdir. Həmin qərarlardan Vergi orqanına müraciət etdikdən sonra məlumatlı olmuşlar. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı vergi ödəyicisinin əvvəlki ilin sonuna mal qalığının olmamasına, idxal əməliyyatları və elektron qaimə-faktura məlumatlarına əsasən 2019-cu il ərzində 32601,29 manat, 2020-ci il ərzində 88524,20 manat, 2021 -ci ilin 1-ci rübü ərzində 35809,57 manat dəyərində xərclərin çəkilməsinə baxmayaraq, qeyd olunan dövrlər üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi və ya göstəricilərinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 24.12.2020-ci il tarixli **********982200 nömrəli, 20.04.2021-ci il tarixli **********375700 nömrəli və 06.05.2021-ci il tarixli, **********094500 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və 2019-cu ilin 4-cü, 2020-ci ilin 4-cü və 2021-ci ilin 1-ci rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2019-cu ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi üzrə 652,03 manat (32601,29x4%), 2020-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi üzrə 885,24 manat (88524,20x1%), 2021-ci ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi üzrə 716,19 manat (35809,57x2%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 08.01.2021-ci il tarixli **********167600 nömrəli, 25.05.2021-ci il tarixli **********816700 nömrəli və 01.06.2021-ci il tarixli, **********486400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları göndərilmişdir. X4 20.04.2011-ci il tarixdə qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək, “Sənədlərin elektron formada mübadiləsinə dair müqavilə" bağlamışdır. Eyni zamanda 21.06.2021-ci il tarixində yenidən “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında Ərizə" ilə müraciət edərək, istifadəçi kodu, parol və şifrəsi əldə etmişdir. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”na uyğun olaraq tərtib edilmişdir. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bildirmək istəyirlər ki, 08.01.2021-ci il tarixli **********167600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar 08.01.2021-ci il tarixdə saat 18:04:29-da elektron qaydada iddiaçının e-qutusuna göndərilmiş və 24.06.2021-ci il tarixdə saat 9:56:09-da; 25.05.2021-ci il tarixli **********816700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar 25.05.2021-ci il tarixdə saat 14:12:50-də elektron qaydada iddiaçının e-qutusuna göndərilmiş və 24.06.2021-ci il tarixdə saat 9:58:53-də; 01.06.2021-ci il tarixli **********486400 "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar 02.06.2021-ci il tarixdə saat 12:02:57-də elektron qaydada iddiaçının equtusuna göndərilmiş və 24.06.2021-ci il tarixdə saat 9:58:48-də onun tərəfindən oxunmuşdur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1.) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; (70.2-1.2.) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; (70.2-1.3.) elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (70.2-2.) Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1 -ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Bundan başqa, “İnzibati icraat haqqında" Qanunun 62-ci maddəsinin tələbi baxımından inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi Məcəllənin 70.3-cü maddəsinə əssasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənədlər etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda sadalanan hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki: - iddiaçı ilə cavabdeh arasında 20 aprel 2011-ci il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. - 08.01.2021-ci il tarixli, **********167600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar 08.01.2021-ci il tarixdə, saat 18:04:29-da elektron qaydada iddiaçının e-qutusuna göndərilmiş və 24.06.2021-ci il tarixdə, saat 9:56:09da; 25.05.2021-ci il tarixli, **********816700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar 25.05.2021-ci il tarixdə, saat 14:12:50-də elektron qaydada iddiaçının e-qutusuna göndərilmiş və 24.06.2021-ci il tarixdə, saat 9:58:53də; 01.06.2021-ci il tarixli, **********486400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar 02.06.2021-ci il tarixdə, saat 12:02:57-də elektron qaydada iddiaçının e-qutusuna göndərilmiş və 24.06.2021-ci il tarixdə, saat 9:58:48də iddiaçı tərəfindən oxunmuşdur. İşdə olan iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18.08.2021-ci il tarixli, **********815300 nömrəli “müraciətə baxılması barədə” məktubdan görünür ki, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış borc məbləğinin yaranma səbəbi ilə bağlı müraciətinə (AVİS qeydiyyatı: 16.08.2021-ci il tarixli, **********863700 nömrəli) Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsində baxılaraq bildirilmişdir ki, 2019-cu il ərzində tərəflərindən 32601.331 manat, 2020-ci il ərzində 88524.21 manat, 2021-ci ildə isə 99481,01 manat dəyərində mal, iş və xidmətlər əldə edilməsinə baxmayaraq müvafiq dövrlər üzrə bəyannamələrin təqdim edilməməsi ə ya göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar barədə ona 24.12.2020-ci il tarixli, **********982200 nömrəli, 06.05.2021-ci il tarixli, **********094500 nömrəli və 01.06.2021-ci il tarixli, **********389500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmişdir və kənarlaşmalar aradan qaldırılmaqla müvafiq hesabat dövrü üçü cari və ya dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yxoalaması ilə 2019-cu il 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə 652.03 manat, 2020-ci il 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə 885.24 manat, 2021-ci il 1–ci rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə is 716.19 əlavə vergi məbləği hesablanmış bu barədə ona 08.01.2021-ci il tarixli, **********167600 nömrəli, 25.05.2021-ci il tarixli, **********816700 nömrəli və 01.06.2021-ci il tarixli, **********486400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, mübahisəli vergi qərarları iddiaçının equtusuna göndərilmiş, iddiaçı mübahisəli vergi qərarlarını müvafiq olaraq e-qutudan 24.06.2021-ci il tarixdə, saat 9:56:09-da; 24.06.2021-ci il tarixdə, saat 9:58:53-də və 24.06.2021-ci il tarixdə, saat 9:58:48-də oxumuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar iddiaçının e-qutusuna göndərilməklə, iddiaçı tərəfindən oxunmuş, həmin inzibati aktlar iddiaçıya elan olunmuşdur. Lakin, bütün bunlara baxmayaraq iddiaçının məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan qərar ilə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar