Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-274/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6, 3-cü şəxs X1, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “RX seriyalı ******* saylı çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri-yaşayış sahəsinin X2 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına dair RX seriyalı ******* №- il 31.08.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2-1(112)-274/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə hazırlıq icraatının iclası 20 may 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iddianın mümkünlük məsələsinin baxılmasını zəruri hesab etmişdir. 20 may 2020-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Əliyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, hazırki iddia tələbinə baxılması inzibati məhkəmənin səlahiyyətindədir. Belə ki, X1 adına verilmiş RX seriyalı ******* №-li 31.08.2018-ci il tarixli çıxarışın əsasında alqı-satqı müqaviləsi durur. Həmin alqı-satqı müqaviləsi əsassız olaraq, həmin sahə söküldükdən sonra bağlanmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi V.Ağazadə izahat verərək qeyd etmişdir ki, iddiaçının hazırki iddia tələbi çıxarışın ləğv edilməsi ilə bağlıdır. X4 çıxarışın verilməsi əsasını məhz alqı-satqı müqaviləsi təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin çıcarışın verilməsi zamanı hər hansı bir qanunazidd hərəkəti olmamışdır. İddiaçı ilkin olaraq çıxarışın verilməsində əsas olan alqı-satqı müqaviləsini mülki qaydada mübahisələndirməlidir. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddia tələbinin mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs qismində iştirak edən Q.Səfərov iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi N.Salayev iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının icarəsinə yaşayış və qeyri-yaşayış sahələri deyil, yalnız torpaq sahəsi verilmişdir və həmin müqavilə iddiçının yaşayış binasındaki qeyri-yaşayış sahələri üzərində hər hansı hüququnu yaratmamışdır. Qüvvədə olan qanunvericilik aktlarına əsasən, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri üzərində dövlətin adından sərəncam vermə hüququ yalnız Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. İddiaçı müvafiq qeyriyaşayış sahəsinin özəlləşdirilməsinin qanuniliyini mübahisələndirməyə subyektiv hüquqa da malik deyildir. Bundan əlavə, iddiaçının nümayəndəsi tərəfindən 13.03.2020-ci il tarixində keçirilmiş məhkəmə iclasında qeyri-yaşayış sahəsi özəlləşdirilərkən artıq onun söküldüyünü bildirmişdir. Halbuki, iş materiallarında bunu təsdiq edən heç bir sübut mövcud deyildir. Qeyd edilənlərə əsasən, 3-cü şəxsin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan sənədlərə əsasən: Müəssisənin (obyektin) alqı-satqısı barədə 08.08.2018-ci il tarixli №4090 saylı müqavilinin surətindən görünür ki, həmin müqavilənin predmetini “Alıcı” X1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 07.08.2018-ci il tarixdə keçirilən hərracda 29/01 №-li protokola əsasən satın aldığı 47,8 kv.m qeyri-yaşayış sahəsi təşkil edir. “Satıcı” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə ünvan 2 ünvanında yerləşən 47,8 kv.m qeyri-yaşayış sahəsini hərracdan satış qiyməti ilə 15.000- on beş min manata alır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 üzərində X1 xüsusi mülkiyyət hüququ 31.08.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakiiyyəti Başçısının 30 avqust 2017-ci il tarixli, 230 saylı sərəncamı ilə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1325 saylı, 24.07.2017-ci il tarixli məktubu ilə razılaşdırılmış, Azadlıq prospekti, A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin kəsişməsindəki məhəllə şimal-şərq hissəsində yerləşən, qəzalı vəziyyətdə olan 4 mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış binalarının sökülərək yerində İddiaçı MMC tərəfindən yaşayış binalarının tikintisi nəzərə alınaraq Azadlıq prospekti, .A.A.Bakıxanov, Ə.Qasımzadə və M.Qaşqay küçələrinin planlaşdırma sənədləri təsdiq olunmuşdur. İşin faktiki hallarından görünür ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsini 3-cü şəxs X5 alqı-satqı əsasında əldə etmiş və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququ qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə ilk öncə qeyd etmək isəyir ki, qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış o vaxt mübahisələndirilə bilər ki, ona əsas verən ilkin hüquqmüəyyənedici sənədlər ləğv və ya məhkəmə qaydasında etibarsız hesab edilsin. İşin faktiki halllarından da göründüyü kimi, mübahisənin kökündə mülki hüquq münasibəti (alqı-satqı) durur. Mübahisələndirilən çıxarış alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsi isə tərəflər arasında bağlanmış mülki əqddir. Alqı-satqı müqaviləsi inzibati akt deyil, mülk əqd olduğundan, həmin əqdin etibarsızlığı ilə məsələ qaldırıldıqda, həmin məsələnin həlli Mülki Məcəllənin tələbləri ilə tənzimlənir. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. AR Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında”AR Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülkihüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa, iddiaçı öz izahatında X4 verilmiş seriyalı ******* №-li 31.08.2018-ci il tarixli çıxarış əsasında 3-cü şəxsə ayrılmış ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 47,8 kv.m olan qeyri-yaşayış sahəsini həmin ərazidə söküntü işləri aparıldıqdan sonra alqı-satqı yolu ilə aldığını və bu səbəbdən də həmin alqı-satqı müqaviləsinin əsassız olduğunu bildirsə də iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə isə, həmin qeyri-yaşayış sahəsinin 3-cü şəxsin mülkiyyətinə verilməsinə əsas olan alqı-satqı müqaviləsi mübahisələndirilməmiş və hazırki günədək qüvvədədir. Alqı-satqı müqaviləsinin etibarsız olub-olmamasını müəyyən etmək isə umumi məhkəmənin səlahiyyətindədir. Odur ki, qeyd edilən mübahisəyə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəməni nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Hazırki vəziyyətdə iddiaçıya izah edilir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı mübahisələndirildikdən sonra, o, çıxarışın ləğv edilməsi barədə məhkəmələrdə iddia qaldırmaq hüququndan istifadə edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 35-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “RX seriyalı ******* saylı çıxarışın ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-274/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-274/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver