Məhkəmə qərarları › İş №2-1(112)-274/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-274/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-274/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı Talqatovnanın iştirakı ilə, İddiaçı Talqatovnanın cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Notariat İdarəsinə qarşı “notariusun qanunsuz hərəkətlərinə” dair işə məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Talqatovna cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Notariat İdarəsinə qarşı “notariusun qanunsuz hərəkətlərindən” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 08 sentyabr 2020-ci il tarixli Qərardadı əsasında iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2020-ci il tarixli 2- 1(103)-1848/2020 saylı Qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Məhkəmənin 08 sentyabr 2020-ci il tarixli Qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə daxil olduqdan sonra iddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar növbəti məhkəmə iclası 26 aprel 2022-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırlıq icraatı üzrə məhkəmə iclasında iddia tələblərinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aid olması müəyyən edilmədiyindən, bununla da, qoyulan iddia tələbləri üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2ci maddəsində nəzərdə tutulmuş iddia tələbləri ilə yekun məhkəmə aktı ilə hansı hüquq və vəzifələrin müəyyən edilməsinin ifadə edilməsini aydınlaşdırmaq mümkün olmadığından, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya məktub ünvanlayaraq, iddia ərizəsində iddiaçının tələbinin aydın olmadığından tələbin müvafiq qaydada dəqiqləşdirilməsi təklif edilmiş, o cümlədən iddia ərizənizdə cavabdeh olaraq qeyd olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Notariat İdarəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İnzibati orqanların Təsnifatı»nın təsdiq edilməsi haqqında 2007-ci il 28 avqust tarixli, 136 №-li Qərarında isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Notariat İdarəsi inzibati orqan kimi müəyyən edilmədi bildirilmişdir. Həmçinin 26 aprel 2022-ci il tarixli məhkəmə iclasında da iddia tələblərinin dəqiqləşdirilməklə irəli sürülən iddia tələblərinin mövcud vəziyyətdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunlaşdırılması, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırılması izah edilsə də, iddiaçı iddia tələbində hər hansı qüsura yol verilmədiyini bildirirək, iddia tələblərinə olduğu kimi baxılmasını israrla xahiş etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin məzmununun tərkib elementi kimi iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbinin göstərilməsi qəti hal kimi müəyyən edilmişdir ki, hazırkı iş üzrə də iddia tələbi konkret şəkildə ifadə edilmədiyindən ilk növbədə iddianın növünün müəyyənləşdirilməsi, habelə həmin haldan irəli gəlməklə iş üzrə növbəti “məqsədyönlü və lüzumlu olan” prosessual hərəkətlərin edilməsi və araşdırmaların aparılması qeyri-mümkün mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdehə qarşı konkret tələbi göstərilmədiyindən, iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddiaçının arzuladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış (iddiaçının hüquqlarının konstitusiyadan, ümumi (publik) yeni ərizə (iddia ərizəsi) təqdim etmədiyindən, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, 24 dekabr 2021-ci il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı Qərarının “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilməsi qərara alınmışdır: qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.” barədə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilmişdir. Plenum Qərarının sözügedən bəndində qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki hazırki tələb müvafiq notariat kontoruna qarşı yönəldilmiş olsa idi belə, o halda da iddiaçının irəli sürdüyü tələb inzibati məhkəmə icraatının predmeti ola bilməzdi. Belə ki, mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı ən mühüm şərt mübahisə üzrə publik əlamətinin mövcudluğu təşkil edir ki, hazırkı iş üzrə notariusun hərəkət və hərəkətsizliyində publik əlamət mövcud olmamış, əksinə münasibət mülki hüquq sahəsində yaranmışdır. Nəzərə alınmalıdır ki, notariat kontoru nəzəri baxımdan inzibati orqan kimi çıxış etsə də, hazırkı münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Beləliklə, mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar notariat hərəkətlərin aparılmasından imtina edilməsinə dair mübahisə üzrə yaranmış hüquq münasibəti publik əlamətlər daşımadığından, həmçinin hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı işlərin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Talqatovnanın cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Notariat İdarəsinə qarşı “notariusun qanunsuz hərəkətlərinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar