Məhkəmə qərarları › İş №2-1(112)-274/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-274/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-274/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə İddiaçı və cavabdehin nümayəndsi X6 iştirakları ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə onun 20 yanvar iştirakçısı olması yenidən hesab edilərək prezident təqaüdünün verilməsinin yenidən təmin olunması, əmək pensiyasını yenidən hesablanması və 20 yanvar iştirakçısı əliliyinin yenidən bərpasını təmin edərək, yenidən hesablamaya görə ödəniş etmək öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı ikinci qrup 20 yanvar iştirakçısı, əlilidir və buna görə pensiya prezident təqaüdü alıb. 7 iyul 2021 il tarixdə ona verilən əlilliklə bağlı Prezident təqaüdü əsassız olaraq dayandırılmışdır. Bundan əlavə bir neçə dəfə müraciət etsə də, noyabrın 1-də onu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əyani komitəsinə çağırdılar. Sonuncu 5 illik müayinə müddəti bitdiyi üçün indi ona ikinci qrup 20 yanvar əlili kimi Prezident təqaüdü artıq ömürlük təyin edilməli idi. Buna görə də o, qanuni əsaslara uyğun olaraq ilk növbədə öz ərazisində yerləşən 22 saylı poliklinkaya müayinə olunmaq üçün müraciət etmişdir. Yenidən müayinə olunması üçün aidiyyəti sənədlərin yığılması üçün müəyyən sağlamlıq mərkəzlərinə gedib müvafiq sənədləri yığsa da, heç bir əsas olmadan onun 20 yanvar Prezident təqaüdü kəsilmişdir. Bu günə qədər də heç bir təqaüd almamışdır. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilsə də, onun tamlıqla və dəqiqliklə 20 yanvar təqaüdü alması nəzərə alınmayıb. Cavabdeh imtinaedici aktını onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin qərarına görə tələb etdiyi məsələ onların səlahiyyətindən kənardadır. Cavabdeh məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, “X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Baş-beyinin travmatik xəstəliyi.Kəskin asteno-nevrotik sindrom. Bel-fəqərələrinin osteozu. H/X; Meyar 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Başın travması” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Xəzər Tibb İdarəsinin xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Baş-beyinin travmatik xəstəliyi.Bel fəqərələrinin osteoxondrozu.ÜİX gərginlik stenokardiyası fs lll.postinfarkt kardioskleroz.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş-beyinin travmatik xəstəliyi” səbəbi İlə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Baş-beyinin travmatik xəstəliyi.Bel fəqərələrinin osteoxondrozu.ÜİX gərginlik stenokardiyası fs lll.postinfarkt kardioskleroz.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş-beyinin travmatik xəstəliyi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar; X3: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın Diaqnozun mətni: Başbeyinin travmatik xəstəliyi.Bel fəqərələrinin osteoxondrozu.ÜİX gərginlik stenokardiyası fs lll.postinfarkt kardioskleroz.; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Baş-beyinin travmatik xəstəliyi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “X3: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, . Keçirilmiş kəllə beyin travmasının nəticəsi.Nevrasteniya, . Qabarıq asteno- nevrotik sindrom.İ25 Ürəyin xroniki işemik xəstəliyi, .ÜİX.İnsulindən asılı şəkərli diabet, . Şəkərli diabet tip 2 insulin tələbli; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Göndərişin natamam doldurulması barədə qərar verilir.Səbəb və əlaqə düzgün seçilməyib” səbəbi ilə imtina verilmişdir. Bakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasının nəticəsi.Stenokardiyanın digər formaları, . Gərginlik stenokardiyası.İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet tip 2 insulin tələbli.Ürəyin xroniki işemik xəstəliyi, .ÜİX; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101-109,111.0,113-113.2,120-125,...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyariarı”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Hal-hazırda iddiaçı “1990-cı il yanvar hadisələri ilə əlaqədar” əlilliyinin bərpa edilməsi və yenidən hesablanması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir, lakin cavabdeh tərəfindən hesab edilir ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı 1990-cı il yanvar hadisələri ilə əlaqədar əlilliyi olan zaman onun göndərişi “Başbeyinin travmatik xəstəliyi. Bel fəqərələrinin osteoxondrozu. ÜİX gərginlik stenokardiyası fs lll. postinfarkt kardioskleroz” diaqnozu ilə qiymətləndirilmiş, lakin iddiaçının sonuncu göndərişi “Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasının nəticəsi, Stenokardiyanın digər formaları, Gərginlik stenokardiyası, İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet tip 2 insulin tələbli. Ürəyin xroniki işemik xəstəliyi, .ÜİX” diaqnozu ilə Agentlikdə qiymətləndirilmiş və ümumi xəstəliklə müddətsiz İİ qrup əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi iddiaçının sonuncu göndərişində olan diaqnoz “ümumi xəstəlik” ilə əlillik dərəcəsi verilməsi üçün əsas olmuşdur. Odur ki, iddiaçı “1990-cı il yanvar hadisələri ilə əlaqədar” əlillik dərəcəsi almaq istəyəcəyi təqdirdə, yenidən “1990-cı il yanvar hadisələri ilə əlaqədar” təyin edilə biləcək diaqnoz ilə yeni göndərişlə müraciət etməsi məsləhət görülür. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1268/2023 nömrəli qərardadı ilə iddia “İddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək, əlilliyin “1990-ci ilin yanvar hadisələri ilə əlaqədar” təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İş materiallarında olan: SSRİ X11 Heyətinin Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi barədə 19 yanvar 1990-cı il tarixli fərmanını icra edərkən qoşun hissələrinin hərəkətləri nəticəsində baş vermiş bədbəxt hadisə haqqında 560 nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı, məşğuliyyəti mexanikdir, işlədiyi və yaxud təhsil aldığı müəssisə AzTUdur, bədbəxt hadisə 19 yanvar 1990-cı ildə 23:20-də baş verib. Bakı şəhərinə hərbi qoşunlar daxil olduğu zaman 19dan 20nə keçən gecə yanvar ayında saat 23:20-də atəşə tutulmuş, döyülərək bel fəqərəsində (13) sınıq və kəllə beyin travması almışdır. Travmatologiya İnstitutunda kəskin travma şöbəsində müalicə almışdır. Müalicədəndir kəskin baş ağrıları, əsəb pozğunluğu və bel ağrılarından əziyyət çəkir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2017-ci il çap tarixli sənəddən görünür ki, İddiaçı sağlamlıq vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş, ona xx.xx.2021-ci ilə qədər ikinci dərəcə əlillik təyin edilmişdir (diaqnoz: Baş-beyinin travmatik xəstəliyi. Bel fəqərələrinin osteoxondrozu. ÜlX, gərginlik stenokardiyası fs lll.postinfarkt kardioskleroz). Əlillik səbəbi 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar əlillik olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2021-ci il çap tarixli sənəddən görünür ki, İddiaçı sağlamlıq vəziyyəti xx.xx.2021-cı il tarixdə qiymətləndirilmiş, ona xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (diaqnoz: Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə beyin travmasının nəticəsi. Stenokardiyanın digər formaları. Gərginlik stenokardıyası. İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet tip 2 insulin tələbli. Ürəyin xroniki ifemik xəstəliyi, ÜİX). Əlillik səbəbi ümumi xəstəlik qeyd olunmuşdur. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2011-ci il tarixdə baxılmış və ona səbəbi 1990-cı il yanvar hadisələri ilə əlaqədar ilkin təyinat olaraq bir il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2014-cü il tarixdə baxılmış və səbəbi 1990-cı il yanvar hadisələri ilə əlaqədar bir il müddətinə ikinci əlillik dərəcəsi, xx.xx.2015-ci il tarixdə baxılmaqla isə səbəbi 1990-cı il yanvar hadisələri ilə əlaqədar olmaqla bir il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə baxılmış və səbəbi 1990-cı il yanvar hadisələri ilə əlaqədar 5 il müddəyinə ikinci dərəcə lillik təyin edilmişdir. Lakin iddiaçının sonuncu əlillik təyinatı aparılarkən onun əlillik vəziyyəti xx.xx.2021ci il tarixdə müayinə edilməklə, iddiaçıya müddətsiz ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh ümumi səbəbdən əlilliyin təyin edilməsini iddiaçıya münasibətdə tərtib edilmiş göndərişdə göstərilmiş xəstəliklərin xarakteri ilə əlaqələndirmişdir. Halbu ki, iddiaçıya münasibətdə əlilliyin təyin edilməsi barədə qərarda xəstəliklərin beynəlxalq təxsinatı və diaqnozun mətni qrafalarında İX sinif - qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - ürəyin işemik xəstəlikləri => İ25 - ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - əvvəllər keçirilən miokard infarktı, kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasının nəticəsi, stenokardiyanın digər formaları, gərginlik stenokardiyası, insulindən asılı şəkərli diabet, şəkərli diabet tip 2 insulin tələbli, ürəyin xroniki işemik xəstəliyi, ÜİX kimi xəstəliklər barədə məlumatlar öz əksini tapmışdır. Bununla yanaşı, iddiaçıya münasibətdə Bakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən tərtib edilmiş və əlilliyin təyin edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli göndərişdə xəstəliyin başlanma tarixli olaraq xx.xx.1990-cı il, xəstəliyin gedişatı olaraq xroniki qeyd olunmuşdur. Diaqnoz olaraq aşağıdakılar qeyd edilmişdir: Yanaşı xəstəliklər - l20.8 Stenokardiyanın digər formaları, Gərginlik stenokardiyası; Əsas diaqnoz - T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının nəticəsi; Ağırlaşma - F48.0 Nevrasteniya, Qabarıq asteno-nevrotik sindrom; Yanaşı xəstəliklər - E10 İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet tip 2 insulin tələbli; Yanaşı xəstəliklər - İ25 Ürəyin xroniki işemik xəstəliyi, ÜİX; Yanaşı xəstəliklər - H52.4 Presbiopiya, OU-Presbiopiya; Yanaşı xəstəliklər - G63.2* Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), DPN; Yanaşı xəstəliklər - İ67.4 Hipertenziv ensefalopatiya; Ağırlaşma - M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, zədələnmə; Ağırlaşma - G83.1 Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi; Yanaşı xəstəliklər - MS1.2 Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi; Yanaşı xəstəliklər - 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9194/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin T 135/2023 nömrəli Ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı adına TSEK-də tərtib edilmiş xx.xx.2021-ci il tarixli əlilliyin təyini ilə əlaqədar qiymətləndirmə vərəqəsində X2 “İX Sinif-Qan dövranı sistemi xəstəlikləri” qeyd edilsə də, diaqnozun mətnində əsas xəstəlik kimi kəllədaxili travmaların nəticələri, ağırlaşmalarda isə xəstəliklər göstərilmişdir ki, bu da öz növbəsində ziddiyyət təşkil edir. Belə ki, əsas xəstəlik kimi də X2 göstərilən “İX Sinif-Qan dövranı sistemi xəstəlikləri” göstərilməli idi. Onu da əlavə etmək lazımdır ki, xəstəliyin səbəb əlaqəsi Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq hərbi həkim komissiyası tərəfindən təyin edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1268/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı mövcud olan xəstəliklərin ona əlillik təyin edilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması, ümumiyyətlə iddiaçıda olan xəstəliklərin ona hansı qrup əlilliyin təyininə əsas verməsi, eləcə də əlilliyin səbəbli əlaqəsinin müəyyən edilməsi ilə bağlı iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 gün müddət təyin edilmişdir. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-7015/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əiaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0076003AABVN nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2021-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə qərardada uyğun olaraq vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində xüsusi səbəbdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 01 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1594/2024 nömrəli qərarında qeyd edilmişdir ki, Dövlət Tibbi- Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 25 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. 3. Bakı şəhər sakini xx.xx.1953-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dairƏsasnamə”nin 2.2.1. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS: **********0). Vətəndaş 3-17-4/1-48230/2023 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-1268/2023 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı 20 yanvar hadisələri ilə bağlı hüquqi əsaslı sənəd təqdim etməmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X1 xx.xx.2021-ci il tarixli “ÜİX. Stabil gərginlik stenokardivası, İİİ f.s. Arterial hipertoniva. İİ dərəcə. Şəkərli diabet İİ tip. İnfarktdan sonrakı kardioskleroz. Xroniki ürək çatışmazlığı. İİİ f.s. AF-39%” diaqnozlu Tibbi Rəyi təqdim edilmişdir” kimi qeyd olunmuş, ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, başgicəllənmədən, yaddaş zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 20 yanvar hadisələri zamanı baş nahiyəsində yaralanması olduğunu, miokard infarktı keçirdiyini, yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini qeyd etmişdir. Müayinə zamanı kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, aşağı ətraf əzələləri simmetrik müşahidə edilmiş, parez, atrofiya, iflic, hipotrofiya izlənilməmiş, Romberq vəziyyətində dayanıqlı olmuş, burun barmaq sınağını düzgün icra etmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2021-ci il tarixli 5510 nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik ensefalopativa. Baş beynin atrofiyası, Kəskin astenonevrotik vəziyyət” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2021-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Şiddətli beyin atrofivası. Periverıtrikulvar aq maddədə isemik anqiopatik dəyişikliklər qeyd olunur.” kimi qeyd olunmuşdur. X7 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Qapalı kəllə-beyin travmasının qalığ əlamətləri. Bel fəqərələrinin spondilvozu. Davamlı ağrı sindromu, deməsinə görə travma 20 yanvar 1990-cı ildə alıb” kimi qeyd olunmuşdur. DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Aorta sərtləşib. Sol qulaqcıq cüzi genişlənib (4.2sm). Septumun S-vari hipertrofiyası (1.4sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, sistolik həcm artıb, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunur, septumun apikalı, apeks akinetikdir, sistolik funksiya azalıb (LVEF=45% Simpson). Aortal və Mitral qapaqlar fibrotikdir. 1 Mitral Requrgitasiya. 1 Aortal Requrgitasiya. Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu, qrade 3 anqiopativa. Sağ a.tibialis anterior-da okkluziya, sağ və sol dorsalis pedisdə monofazik axımlar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Əlillik təyinatına əsas verən endokrin xəstəliyinin ağırlaşmalarının xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş. Ümumi xəstəlik ilə əlaqədar xx.xx.2021-ci il tarixli müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, işin göstərilən faktiki hallarına aşağıda göstərilən normaların tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Hazırda və iddiaçının əlilliyin səbəbi ilə əlaqədar mübahisələndirdiyi cavabdehin qərarının qəbul edildiyi zaman qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 1.5.2. xüsusi səbəblərdən: ... 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir... 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh əlilliyin təyin edilməsi zamanı səbəbli əlaqənin ümumi xəstəlikdən göstərməsinin səbəbini əlilliyin təyin edilməsinə əsas olmuş diaqnozun xüsusi səbəbdən olmaması ilə əsaslandırmışdır. Halbu ki, iddiaçıya münasibətdə xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar əlillik təyin edilmiş, sonuncu dəfə əlilliyin təyin edilməsi zamanı eyni diaqnozların onda mövcud olmasına, tibb müəssisəsinin göndərişlərində və əlilliyin təyin edilməsi barədə qərarda həmin diaqnozların öz əksini tapmasına baxmayaraq, ona əlillik təyin edilməsi zamanı qan dövranı sistemi xəstəlikləri ilə əlaqədar ümumi səbəbdən əlillik təyin edilmişdir. Yəni, cavabdeh ağırlaşmaların və onların səbəbli əlaqəsinin təsdiq edilməsi üçün əlavə müayinə aparmalı olduğu halda birbaşa olaraq ümumi səbəbdən digər xəstəlik ilə əlaqədar əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Xəstəlik və onun ağırlaşmalarının iddiaçıda davam etməkdə olmasına baxmayaraq yeni diaqnozla əlilliyin təyin edilməsinə əsas olmuş xəstəliyin ortaya çıxma səbəbinin əvvəllər mövcud olmuş digər xəstəliklərlə səbəbli əlaqəsinin və bir-birinin ağırlaşması olub-olmamasının araşdırılması həyata keçirilməmişdir. Göndərişdə diaqnozun ağırlaşmalarının düzgün göstərilmədiyi və ya natamam qeyd edilməklə dəqiqləşdirilməli olduğu qəbul edildikdə, həmin göndərişə münasibətdə cavabdeh tərəfindən Qaydanın 2.4-cü bəndinin hansı səbəblərdən tətbiq olunmadığı məlum deyil. Həmin bəndin tələbinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Əsasnamənin 2.9-cu bəndinə əsasən isə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). Digər tərəfdən iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli əlilliyin qiymətləndirmə vərəqəsində göstərilmiş əsas xəstəlik ilə tibb müəssisəsinin vermiş olduğu göndərişdə qeyd edilmiş əsas xəstəlik və ağırlaşmaları arasında ziddiyyətlər vardır.. İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, cavabdehin üzərinə xx.xx.1953-cü il tarixdə doğulmuş İddiaçı aid xx.xx.2021-ci il tarixli 0076003AABVN nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalıdır. Belə ki, hazırkı vəziyyətdə iddiaçıya münasibətdə əlilliyin səbəbinin dəyişdirilməsi birbaşa olaraq ona münasibətdə əlilliyin təyin edilməsinə əsas olmuş diaqnoz və onun ağırlaşmalarından, həmçinin onda yaranmış yeni xəstəliklərin xarakteri və onların əvvəllər mövcud olan xəstəliklərin ağrırlaşması və ya yan təsirlərindən müydana gəlibgəlməməsinin araşdırılmasından asılırdır. Cavabdeh tərəfindən müvafiq göndərişə yenidən baxılması zamanı nəzərə alınmalıdır ki, iddiaçıya münasibətdə tərtib edilmiş göndərişdə xəstəliyin başlanma tarixi xx.xx.1990-cı il göstərilmişdir, iddiaçı hərbi qulluqçu deyildir və 1990-cı ilin 20 yanvar hadisələrinin baş verdiyi zaman hərbi qulluçu olmamışdır. Odur ki, ona münasibətdə müvafiq hərbi həkim komissiyasının rəyinin mövcud olması istisna edilir. Eyni zamanda iddiaçı tərəfindən travmanın xarakteri barədə müvafiq arayış və akt məhkəməyə təqdim edilmişdir ki, göstərilən məlumatlar tibb müəssisəsinin müvafiq göndərişində qeyd edilən məlumatlarla birlikdə cavabdeh tərəfindən göndərişə yenidən baxılması zamanı inzibati icraat çərçivəsində qiymətləndirilməlidir. Həmçinin iddiaçının əlilliyinin qiymətləndirilməsinə əvvəllər təyin edilmiş əlilliyin səbəbli əlaqəsi baxımından da qiymət verilməklə araşdırma aparılmalıdır. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə xx.xx.1953-cü il təvəllüdlü İddiaçı aid xx.xx.2021-ci il tarixli 0076003AABVN nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxmaq öhdəliyi qoyulur. Qərardan apellyasiya şikayəti verə bilməz. X10.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar