Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2740/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10.08.2016-cı il tarixli **********746600 nömrəli qərarının və tələbin icraya yönəldilməsi haqqında 18.12.2019-cu il tarixli **********897800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 vəsatət verərək bildirdi ki, iddia tələbi mümkünsüz hesab edilməlidir. Belə ki, Baş İdarənin “Tələbin icraya yönəldilməsi haqqında” 18.12.2019-cu il tarixli **********897800 saylı qərarı 18.12.2019-cu il tarixdə iddiaçıya elektron qaydada təqdim edilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən mübahiəsləndirilən digər qərar, yəni “Vergilərin hesablanması barədə” 10.08.2016-cı il tarixli **********746600 saylı qərar da **********897800 saylı qərarın göndəriməsinə dair məktubla iddiaçıya elektron qaydada göndərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən hər iki qərarı mübahisələndirmək üçün İnzibati Prosessual Məcəllə ilə təsbit edilmiş prosessual müddət ötürülmüşdür. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2.1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Vergi Məcəlləsinin yuxarıda istinad olunan maddəsi Məcəlləyə 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Vergi Məcəlləsinin qeyd olunan maddəsindən aydın olduğu kimi mubahisələndirilən qərarlar iddiaçıya elektron üsulla təqdim edilmişdir. Həmin qərarların iddiaçı tərəfindən oxunmaması iddia müddətinin ötürülməməsi üçün əsas deyildir. Belə ki, qeyd olunan qərarlar iddiaçıya elektron üsulla onun elektron kabinetinə göndərildikdən 3 iş günü keçdikdən sonra ona lazımi qaydada çatdırılmış hesab edilir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 dekabr 2019-cu il tarixli, **********897800 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərarına əsasən, onun tərəfindən 3.291,94 manat əsas, 665,29 manat faiz, 0,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 3.957,23 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10.08.2016-cı il tarixli **********746600 nömrəli qərarları 18.12.2019-cu il tarixindən icraya yönəldilmişdir. O, həm 10.08.2016-cı il tarixli **********746600 nömrəli qərarları, həm də tələbin icraya yönəldilməsi haqqında 18.12.2019-cu il tarixli **********897800 nömrəli qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, onun uzun illərdir hər hansı gəliri olmadığına görə vergi borcu yarana bilməzdi. Ona əsasız olaraq, heç bir sübut olmadan 3.957,23 manat vergi, faiz və maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə qeyd olunan qərarlar ona rəsmi qaydada göndərilməmişdir. Tələbin icraya yönəldilməsi haqqında 18.12.2019-cu il tarixli **********897800 nömrəli qərar barədə onun barəsində axtarış elan olunduqdan sonra xəbər tutmuşdur. O, 17.11.2020-ci il tarixində icra məmurundan qərarın surətini almışdır. Cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul olunmuş qərarlar tamamilə qanunsuz və əsassızdır. Ümumiyyətlə həmin qərarlar barədə ona məlumat verilməmişdir. Onun tərəfindən prosessual müddət buraxılmamışdır, ona görə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməyə ehtiyac yoxdur. Hesab edir ki, iddia tələbi mümkün sayılmalı, iddiasına baxılmalı və iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir; 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı onun barəsində tərtib edilmiş Vergilərin hesablanması barədə 10.08.2016-cı il tarixli **********746600 nömrəli qərarın və Tələbin icraya yönəldilməsi haqqında 18.12.2019-cu il tarixli **********897800 nömrəli qərarın ləğv edilməsini xahiş edir. İddiaçı məhkəməyə hazırki iddia tələbi ilə 18.11.2020-ci ildə müraciət etmişdir. Qeyd olunan birinci qərarın qəbul edilməsi tarixindən 4 ildən artıq müddət, ikinci qərarın qəbul edilməsi tarixindən 11 aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət edilməsinə baxmayaraq, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddiaçıya buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermək hüququnun izah edilməsinə və bununla əlaqədar təklif verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak edən iddiaçı onun tərəfindən prosessual müddətin buraxılmadığını, ona görə də belə bir ərizə ilə məhkəməyə müraciət etməyə ehtiyac olmadığını bildirdi. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2740/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2740/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver