Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2741/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının ödənişsiz təhsil almasının təmin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı «imtinaların qanunsuz sayılması, iddiaçının pulsuz təhsil almasının təmin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyin rəhbərliyinə müraciət etmişdir. Nazirliyin qanunvericiliklə icrasına nəzarət etdiyi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edən, təhsilin ayrı-ayrı pilləri üzrə müvafiq anun və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayan «Təhsil haqqında» AR Qanununa, müvafiq beynəlxalq konvensiyalara əsaslanaraq təhsil aldığı Cavabdeh əlavə, distant, qiyabi təhsil mərkəzində qiyabi olaraq iqtisadiyyat ixtisası üzrə ödənişli əlavə təhsilin təhsil haqqı ödənişi ilə əlaqədar 21 iyul 2020-ci il tarixdə rəsmi kağız daşıyıcılarda, 31 iyul 2020-ci il tarixdə isə, Təhsil Nazirliyinin rəsmi saytından onlayn elektron qaydada müraciət etmişdir. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli fəaliyyət sahəsidir. Təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetləri əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. 30 iyul 2020-ci il tarixli elektron müraciətinə 7 sentyabr 2020-ci il tarixdə verilən cavabdakı tövsiyəyə uyğun olaraq AR Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Cavabdeh rəhbərliyinə 21 iyul 2020-ci il tarixdə rəsmi müraciət etmişdir. Cavab məktubunda müəyyən qrup sosial imtiyazlı təbəqələr göstərilməklə müraciətə aidiyyəti üzrə cavab verilməmişdir və qanunsuz olaraq imtina edilmişdir. O, 13 sentyabr 2020-ci il tarixdə yenidən müraciət etmiş və müvafiq hüquqi aktların qanunvericiliyə uyğun tətbiq olunmasını istəmişdir. Qanuni tələbindən AR Nazirlər Kabunetinin qərarına istinadən qanunsuz olaraq imtina edilmişdir. Universitetin nizamnaməsinin 5-ci bəndində onun nizamnamə fondu, əmlakı və maliyyə vəziyyətinin əsasları göstərilmişdi, 5.2-ci bəndinə görə ödənişli təhsildən əldə olunan gəlir onun gəlir mənbələrindən biridir (Universitetin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, habelə ödənişli əldı olunan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən 12 xidmətdən əldə edilən digər daxilolmalardan, ianələrdən daxil olan vəsaitdən formalaşdırılır), 5.8-ci göstərilən maliyyə mənbələrinin içərisində AR Nazirlər Kabinetinin qərarı olmadığından verilmiş intina əsassızdır. Qeyd olunur ki, Siz təhsil haqqını ödəməsəniz müəllimlər əmək haqqı ala bilməyəcəkdir, hansı ki, 5.3-cü bəndi bunu təkzib edir (Universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhslin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir). Universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40 faizi təhsilverənlərin sosial müdafiəsinə (əmək haqqına əlavələrə və digər stimullaşdırıcı ödənişlərə yönəldilir) və demək olar ki, təhsil haqqının maksimum 50 faizi təhsilverənin əmək haqqına yönəldilir, yerdə qalanı isə maddi-texniki bazaya və təhsilalanların sosial müdafiəsinə və inkişafına yönəldilirsə, təhsilalanın inkişafı üçün müəyyən məbləğdən imtina edilməli idi. Çünki, nizamnamənin 5.10-cu bəndində bildirilir ki, Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. «Təhsil haqqında» AR Qanununa uyğun olaraq maliyyələşdirməyə nəzarəti Təhsil Nazirliyi həyata keçirdiyi üçün bilavasitə daşıdığı hallda qanunsuz olaraq imtina vermiş olur. Bundan əlavə öz Əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərməkdən qoyun qaçıraraq məsuliyyəti Universitetin üzərinə ataraq süründürməçiliyə yol açır ki, bu da gələcəkdə təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən etmək əvəzinə vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsini aks istiqamətə aparmağa çalışır. Azərbaycan Respublikası təhsil qanunvericiliyinin heç bir normativ hüquqi aktında təhsil haqqı ödənişi, təhsilverən və təhsilalanın hüquqi vəzifələrində təsbit edilməmişdir. Demək ki, təhsil ödənişi dövlətin təhsil sahəsindəki əsas prioritet deyildir. Heç bir qanunvericilik aktında təhsil ödənişinə görə təhsildən azad olunma göstərilməmişdir. Qeyd olunanlara və «Təhsil haqqında» AR Qanununun 3, 5-ci maddələrinə əsaslanaraq, məhkəmədən Təhsil Nazirliyinin və Cavabdeh imtinasının qanunsuz sayılması, ilkin ali təhsili ödənişli olduğundan əlavə təhsilinin pulsuz təmin olunması xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edilir. Belə ki, o, «Təhsil haqqında» AR Qanununun 24.2.4-cü maddəsinə uyğun olaraq Cavabdeh Qiyabi və əlavə təhsil mərkəzində təkrar ali təhsil alır. Həmin Qanunun 32.3.14-cü maddıəsinə əsasən təhsilalanlar dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq hüququna malikdirlər. Respublikada ali təhsil dövlət sifarilşi əsasında və ödənişli əsaslarla aparılır. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulmuş hallarda təhsil haqqı güzəştinə malik vətəndaşlar var, lakin təkrar ali təhsil alarkən hər hansı güzəştlər nəzərdə tutulmamışdır. Təkrar ali təhsil alanlarla hüquqi münasibətlər AR Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiqlənmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası» ilə tənzimlənir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən təkrar ali təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının ödənişsiz təhsil almasının təmin edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasınmda iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Təhsil haqqında» AR Qanununun 1.0.17-ci maddəsinə görə əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsildir. Həmin Qanunun 1.0.53-cü maddəsinə görə universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta ixtisas və, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. Həmin Qanunun 14.8-ci maddəsinə görə təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, dövlət təhlükəsizliyi və digər) müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət hesabına həyata keçirilir. Həmin Qanunun 14.8-1-ci maddəsinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Həmin Qanunun 32.3.14-cü maddəsinə görə təhsilalanlar dövlət orta ixtisas təhsili pilləsində, peşə təhsili və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq hüququna malikdirlər. AR Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»nın 8.2-ci bəndinə görə əlavə təhsilin digər istiqamətləri (yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili) üzrə təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı müvafiq qaydalara uyğun müəyyənləşdirilir. Göründüyü kimi, təhsil qanunvericiliyi vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə müvafiq təhsil proqramları əsasında əlavə təhsil almaq imkanının təmin edilməsini nəzərdə tutur və digərlərindən fərqli olaraq əlavə təhsilin yalnız ödənişli əsaslarla həyata keçirilməsini birmənalı şəkildə müəyyən edir. Hazırkı işin hallarına görə də İddiaçı birinci ali təhsilinin də ödənişli əsaslarla həyata keçirildiyini dəlil kimi təqdim edərək, ödənişsiz şəkildə (dövlət hesabına) əlavə təhsil almasını iddia edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, o cümlədən AR Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»nın 8.2-ci bəndinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının əlavə təhsil aldığından, habelə ödənişli əsaslarla təhsil alması barədə onunla müvafiq təhsil müəssisəsi (cavabdeh) arasında müqavilə bağlandığından, bu təhsilinin ödənişsiz əsaslarla həyata keçirilməsi mümkün deyil. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı Cavabdeh onun ödənişsiz əsaslarla əlavə təhsil almasının təmin olunması ilə bağlı hərəkətləri (imtinası) qanuna zidd qiymətləndirilməməılidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının ödənişsiz təhsil almasının təmin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1, 58.7, 75, 81, 85-ci maddələrinə əsaslanaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının ödənişsiz təhsil almasının təmin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2741/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2741/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver