Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2741/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 6 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi və vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçıya pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia qaldıraraq iddiaçıya pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci il tarixdə Qubadlı rayonu, Muğanlı kəndində anadan olub, 1988-1922-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. Müharibə veteranıdır. 05.08.1992-ci ildən 31.12.2003-cü il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət keçmişdir. 31.12.2003-cü il tarixində xidmətdən xaric edildiyi zaman 20 il 5 ay 16 gün iş stajı olmuşdur. Xidmətdən xaric olunduqdan sonra şifahi formada dəfələrlə pensiya təyin edilməsi üçün müraciətlər etsədə ona imtina edilmişdir, bu səbəbdən də pensiya təyin edilməsi üçün müvafiq olaraq 2021-ci ildə rəsmi şəkildə müraciət etmişdir. 25.08.2021-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edərək pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinə göndərilməsini xahiş etmiş, lakin ona 14.09.2021-ci il tarixli, 022/26-58295 m-3221 saylı məktubla bundan imtina edilmişdir. İddiaçının əmək kitabçasında və həmçinin Daxili İşlər Nazirliyinin verdiyi imtina məktubunda da əmək stajının 20 il, 5 ay, 16 gün təşkil etdiyi açıq şəkildə görünməkdədir. Lakin cavabdeh təşkilat əsassız və qanunsuz olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina edərək müvafiq “məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinə göndərilməsindən imtina edir. Əsas kimi isə Azərbaycan Respublikasının 21.06.2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X3 xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə istinad edirlər. Halbuki, həmin dövrdə X3 çalışan şəxslərin pensiya hüquq “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənirdi. “Normativ hüquqi Aktlar haqqında” Qanuna əsasən isə Qanun hansısa əsasnamədən daha üstün hüquqi qüvvəyə malikdir. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin Əsasnamənin 144-cü maddəsini əsas gətirməklə vətəndaşa pensiya təyin edilməsi üçün göndərməli olduğu müvafiq məlumat vərəqəsinin göndərilməsindən imtina etməsi qanunsuzdur. Çünki Konstitusiya Məhkəməsi həmin dövrdə Daxili İşlər orqanları əməkdaşlarının pensiya təminatnın “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla təmin edildiyini müəyyən etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı 1967-ci ildə anadan olmuş, 1992-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirmiş, 1985-1987-ci illərdə Silahlı Qüvvələrdə, 05.08.1992-ci ildən 31.12.2003-cü il tarixədək X3 xidmət etmişdir. İddiaçı X3 xidmətdən xaric edilərkən onun xidmət müddəti təqvimi hesablama ilə - 13 il, 04 ay, 16 gün imtiyazlı hesablama ilə - 20 il, 05 ay, 16 gün təşkil etmişdir. İddiaçı X3n xaric olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X3 xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malik idilər. İddiaçı X3 imtiyazlı xidmət müddəti cəmi 20 il, 05 ay, 16 gün təşkil etdiyindən onun əmək pensiyası hüququ yaranmamışdır. İddiaçı barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamalıdır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair cavabdehin etirazının məzmununa uyğun məzmunda izahat edərək iddia tələbinin təmin edilməməsi barədə xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində ******** nömrəli şəxsiyyət vəsiqəsinin, ******* nömrəli əmək kitabçasının, 856891 nömrəli Azərbaycan Dövlət Pedaqoji İnstitutun diplomun, 006986 nömrəli Müharibə veteranı vəsiqənin, iddiaçının Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və cavabdehə ünvanlanmış ərizələrin surətləri və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin 022/26-58295M-3221 nömrəli, 14.09.2021-ci il tarixli məktubu məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.3 maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9-cü maddəsinin 9.5.1.-ci bəndinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin faktiki hallarına əsasən iddiaçı X3 xidmət etdiyi üçün hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olduğunu nəzərə alaraq müvafiq məlumatların (məlumat vərəqinin) DSMF-yə göndərilməsini cavabdehdən tələb edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 3-cü bəndinə görə hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Qeyd edilmiş Qaydalardan göründüyü kimi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi həmin nazirliyin vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. İddiaçının xaric olunduğu 31.12.2003-cü il tarixinə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular malikdirlər. İddiaçıya məxsus əmək kitabçasında və cavabdeh Daxili İşlər Nazirliyinin verdiyi imtina məktubunda iddiaçının hərbi qulluqçu kimi xidmət illərin imtiyazlı hesablama ilə 20 il, 05 ay, 16 gün təşkil etməsi öz əksini tapmışdır. Belə olan halda iddiaçı hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malikdir, bu səbəbdən də müvafiq məlumatların DSMF-yə göndərilməsini cavabdehdən tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri də icra etməmiş, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edərək iddiaçının müraciətini əsassız olaraq təmin etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin etirazında göstərilən əsaslarla iddiaçının tələbindən imtina edilməsi qanunvericiliyə və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 27 mart 2014-cü il tarixli Qərarında bildirilmiş hüquqi mövqeyinə ziddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-2741/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2741/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver